Şahnaz Kamal –Qadınlar üçün “hələ 40 yaşım var”la “artıq 40 yaşım var”ın fərqi

1528552_748066835221780_1522176359_n

 Dünyada bütün qadınlar xaraktercə bir-birilərinə oxşayırlar. Sadəcə, onlar fərqli toplumlarda doğulub yaşadıqları üçün, onlara münasibət, verilən tərbiyə, diqqət, gözlənti fərqli olur.

Xeyli vaxtdır Sankt-Peterburqda yaşayıram. Rusiyada yaşayan azərbaycanlı qadınların güzəranına, həyat tərzinə yaxından bələdəm. Yaşadıqlarım və eşidib gördüklərim məni hər yerdə, hamıya belə deməyə məcbur edir :Rusiyada yaşayacaq oğlana qız verməyin. Əgər qızınızın ali təhsili varsa, o zaman bu barədə ümumiyyətlə düşünməyin.

Mən belə deyəndə çox xanımlar “Guya biz Azərbaycanda qalmışıq, əlimiz balamı batıb?” deyərək, haqsız çıxartmağa çalışırlar. Ancaq yenə də fikrimdən dönmürəm. Çünki burada yaşayan və ya yaşamağa məhkum olunan azərbaycanlı xanımların tam əksəriyyəti onları gətirib buraya çıxaran talelərindən bərk şikayətçidirlər. Peterburqda mühit fərqlidir. Buraya gələn xanımların çoxunda ilk illər dil baryeri olur ki, bu da onların rus mühitinə yaxınlaşmasına ciddi maneə törədir. Burada yaşayan azərbaycanlıları bir şey maraqlandırır: birtəhər başını dolandırmaq və lazımı şəraiti düzəldib “uşaqları bir yana çıxardandan sonra” birdəfəlik çıxıb Azərbaycana getmək. Bu da bir ömür bahasına başa gəlir ( ya da heç gəlmir).

Elektron mətbuatda, sosial şəbəkələrdə Peterburqda yaşayan qadınların həyat tərzi haqqında bir neçə yazı, status yazmışam. Hər dəfə belə yazılardan sonra mütləq mənə yazıb dərdini bölüşən ən azı bir azərbaycanlı qadın tapılır: “Elə yazmısınız, sanki məni tanıyırdınız, həyatımdan xəbərdarsınız”. Bu həyatı özüm də bu və ya digər şəkildə yaşadığım üçün onları yaxşı anlayıram. Azərbaycanda qadın nə qədər hüquqsuz, gözüqıpıqdırsa, burada yaşayan azərbaycanlı qadın ondan betərdi. Sanki qadın yalnız nəsil artırmaq üçün doğub törəyən, uşağının və ərinin hər bir qayğısını çəkməli olan bir məxluqdur.

Peterburqda yaşayan azərbaycanlı xanımlardan birinin mənə yazdıqları:” Keçirdiyim həyat tərzi məni nevropotoloqun qəbuluna gətirdi. Həkim müayinə edib müalicə yazandan sonra məsləhət gördü ki, psixoterapevtə də müraciət edim. Bıçaq sümüyə dirənmişdi deyə hamıdan və hər şeydən kömək gözləyirdim. Psixoterapevtə getdim, həkim qadın idi. Mən ailə qurandan dərhal sonra Peterburqa gəlmişdim. O vaxtdan bu günə kimi başıma gələnlərin hamısını həkimə danışdım. Ailədə olan ən böyük problemlərimi dedim. Həkim mənə diqqətlə qulaq asıb soruşdu: “Nə etmək istəyirsiniz, gələcək planlarınız nədir?” Mənim gələcək üçün planım yox idi, heç bu barədə düşünməmişdim də. Həkim ikinci sualı verdi: “Valideynləriniz sağdırmı, onlar sizin durumunuzdan xəbərdardılarmı?”

Dedim: “Bəli, sağdırdırlar. Anam olanları bilir. Bilir ki, ali təhsilim olsa da, rus dilini bilsəm də, yoldaşım burada işləməyə icazə vermir. Kirayələrdə bir qarnı ac, bir qarnı tox yaşayırıq. Yoldaşım nə istəsə edə bilər və ona qarşı çıxmağa ixtiyarım yoxdur. Amma anam deyir, döz, yaxşı olacaq.”

Həkim titrəyən əllərimə, tökülən göz yaşlarıma baxıb heyrətlə pıçıldadı: “Nəyə döz, necə döz? Axı bu həyat insana bir dəfə verilir və sizin də onu belə gənc yaşınızdan bu qədər xəstəlik taparaq keçirməyiniz düzgün deyil”.

Susdum. Başa düşdüm ki, hər ikimiz qadın olsaq da, psixoloq xanım məni anlamayacaq. Çünki, o, rusdur. Onun təsəvvüründə “döz, birtəhər, yaxşı olacaq” kimi anlam yoxdur. Rus qadın dərk eləmir ki, bizdə ər evi gor evidir, boşanmış qadınlara “ikinci sort” kimi baxırlar.

Həkimə deyəndə ki, ərim mənə heç yerə getməyə icazə vermir, məsələn, mənim uşaqlarımla gəzməyə, konsertə, teatra getmək ixtiyarım yoxdur, o lap şoka düşdü. Həkimin: “Bunun üçün siz niyə ərinizdən icazə istəyirsiniz ki?”- dedi. Bax bu zaman ikitərəfli şok yaşandı. Mən təəccübləndim: “Necə ola bilər ki, ərdən icazə almamış harasa gedəsən?!””

Bir müddət öncə Facebookda elan yazdım ki, istəyirəm Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Peterburqda yaşayan azərbaycanlı xanımlarla onların balaları bir yerə yığışaq, həm tanış olaq, həm də bayramları qeyd edək. Xeyli xanım təklifimlə razılaşdı, dekabrın 28-i yığışacağıq. Xanımları bir yerə yığmaqda mənim daha bir məqsədim var. Onların çoxu bu və ya digər səbəblər üzündən işləmirlər. Biz qadınlar tanış olsaq bir-birimizə yardım edə bilərik. Məsələn, biri dadlı şirniyyat bişirə bilir, digəri dərzidir. Qalanlarımız da onlara sifariş verib pul qazanmaqlarına şərait yarada bilər. Bu realdır, mümkündür. Artıq bir neçə qadınımıza iş tapmaq mümkün olub. Qadının öz gəliri olanda daha inamlı, özgüvənli olur.

Bu elanı oxuyan xanımlarımızdan biri mənə şəxsi ismarıc yazıb soruşdu ki, toplaşacağımız kafe azərbaycanlınındımı? Dedim yox, rusundur. Xanımın niyə soruşduğunu yaxşı bilirəm. Əgər kafe azərbaycanlının olsa, sabah uşağı ilə şənliyə gələn xanımın ərinin əmisi oğlunun kirvəsi gəlib ərinə deyəcək ki, sənin arvadının filan kafedə nə işi vardı? Arvad hara, kafe hara? Bayramdır, “paytaxt” salatını hazırlasın, aşını bişirsin, yolkasını da bəzəyib balalarını başına yığsın, evində otursun.

Mənim gördüyüm rus qadınlarının azərbaycanlı qadınlardan fərqləndirən bir xüsusiyyəti var: onlar özünəinamlıdırlar. Bu, insan üçün, onun cəmiyyətdə layiq olduğu yerini tutması üçün çox önəmli məsələdir.

Rus ailəsində birinci qız uşağı doğulsa ata ikinci uşağının oğlan doğulması üçün dava salmaz, ana da bunu özünə dərd eləməz. Bax, rus qadınının böyüyəndə özünəinamlı olmasının kökündə bu durur. O, uşaqlıqdan hiss edir ki, oğlan uşaqları ilə eynihüquqludur. Valideynləri üçün də ikinci dərəcəli deyil.

Bizdə çox nadir ailələr bir qız uşaqlarının olması ilə kifayətlənirlər. Hətta bəzi ailələrdə iki və ya daha çox qız uşağı olanda, yenə də oğulsuz ailəni tam hesab etmirlər. Bunun nəticəsində də, selektiv abortlar baş alıb gedir.

Oğul istəyində olan ailələrdə böyüyən qız uşaqları özlərini ailədə, cəmiyyətdə ikinci dərəcəli hiss edirlər. Özünəinamsız olurlar. İstək və arzularını reallaşdıra biləcəklərinə ehtiyatla yanaşırlar. Çünki uşaqlıqdan onların alt şüurunda qardaşlarından fərqlənməsi, aşağı olması fikri kök salıb.

Uşaqlıqdan öz üzərində qardaşlarının, qohumlarında olan oğlan uşaqlarının hegemonluğunu hiss edən azərbaycanlı qız da böyüyəndə gözüqıpıq, ələbaxan, aciz olur.

Ancaq rus ailəsində belə deyil.

Çox qəribədir ki, ailəsində qızı yuxarıda dediyim kimi tərbiyə edən ata, müqayisədə rus qadınına üstünlük verir. Azərbaycanlı kişi öz yaratdığı, tərbiyə etdiyi qadını bəyənmir. Anacaq başqa cür olmasını da istəmir.

Bizim toplum “azadlıq”, “sərbəstlik” sözünü müxtəlif mənalarda qəbul edir. Bura özbaşınalıqdan tutmuş əxlaqsızlığa qədər hər şey başa düşülə bilər. Bizim babalar qızı yük, həm də ən ağır yük olan duz yükü hesab edib, qızı olan atalara gözaydınlığı əvəzinə “canın sağ olsun” deyiblər.

Qadınlar iqtisadi cəhətdən azad olmalıdırlar. Ancaq bir çox kişilər bundan qorxurlar, mümkün qədər iqtisadi azadlığa da mane olmağa çalışırlar. Mənə Azərbaycanda qadınların sərbəst çalışa bilməsini, bilik və bacarıqları hesabına irəli getmələrini misal göstərməyin. Düzdür, belələri var, ancaq kişi hegemonluğunun qurbanı olan qadınların sayı onlardan çoxdur, lap çoxdur.

Selektiv abortların kökündə də bu fakt durur: Azərbaycanlı kişi də, qadın da doğulacaq qızlarının xoşbəxt, azad ola biləcəyinə inanmırlar.

Bu yay Bakıda bir yazıçı ilə bir xanımın dialoqunun şahidi oldum:

- Sizcə, necə etmək lazımdır ki, xoşbəxt olaq?

- Azərbaycanda qız doğulub xoşbəxt olmaq mümkün deyil.

Bunu yazarımız, evində qız balasını böyüdən ata, bir xanımın güvəndiyi ər dedi.

Azərbaycanlı xanımlar bacarığı, işguzarlığı, sədaqəti, insanpərvərliyi… ilə nə rus xanımlardan, nə də digər xalqların xanımlarından geridə qalırlar. Onlarda bircə şey çatışmır – özgüvən.

Elə buna görə də, 40 yaşında olan rus xanım deyir: “Hələ 40 yaşım var”. Azərbaycanlı isə köks ötürür: “Artıq 40 yaşım var”.

    Yazıya (1089) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.