Əjdər Ağayev — Heç bir sivil ölkədə belə təcrübə yoxdur

iMİLLİ MƏCLİSİN SƏDRİ OQTAY ƏSƏDOV CƏNABLARINA

Dekabrın 4-də Milli Məclisdə müzakirəyə çıxarılacaq Qanun layihəsini tamamilə dəstəkləyirəm. Lakin İnzibati Xətalar Məcəlləsində 1 ay müddətində 1 həftə dərsə davam etməyən məktəblilərin və ya məktəblinin valideyninə 100 manat məbləğındə cərimə nəzərdə tutulması maddəsini məqsədəuyğun hesab etmirəm.
Əvvələn, təhsilin hüquqi əsasını təşkil edən sənədlərdə – Təhsil Haqqında Qanunda, Ümimi Təhsil Məktəbinin Əsasnaməsində və hər bir Ümumtəhsil Məktəbinin Nizamnaməsində belə cəza maddəsinə imkan verən şərt yoxdur.
İkincisi, yaxşı olardı ki, bu maddəyə bütün ümumtəhsil məktəbi prizmasından yox, məqsədəuyğun müəyyən hal prizmasından yanaşılaydı.
Üçüncüsü, müəyyən psixoloji məqamlar nəzərə alınmalıdır:
– Zorla məktəbə gətirilən uşaqda qəddarlıq, yalan, kələk, formalizm formalaşar. Bundan da anti-mövqe yaranar. Belə də uşaq dərsdə oturar, amma müəllimə, məktəbə nifrətli olar. Deməli, necə deyərlər, “qaş qayıran yerdə göz çıxarmış olarıq.”
Dördüncüsü, valideynin cərimələnməsindən yaranan ailə ziddiyyəti yeniyetməni evdən getməyə (qaçmağa) sövq edər, hətta cinayət də törədə bilər.
Beşincisi, valideynlərə cərimə tətbiqi bəzi məktəb rəhbərləri ilə valideynlər arasındakı neqativ sövdələşmə hallarına qanunilik “donu” geydirə bilər.
QEYD: Heç bir sivil ölkədə belə təcrübə yoxdur.
İrəlidə qeyd etdiklərimi nəzərə alaraq, valideynin cərimə maddəsinin İnzibati Xətalar Məcəlləsinə daxil edilməməsini xahiş edirəm.
Şagirdin məktəbə davamiyyəti problemi zorən yox, anladılmaqla, təhsilin əhəmiyyəti başa salınmaqla, məktəbdə tədris və tərbiyəvi işləri təsirli qurmaqla, şagirdə sevgi hislərini aşılamaqla həll edilə bilər. Bunun üçün məlum pedaqoji təsir vasitələrindən istifadə edilməlidir.
Əjdər Ağayev, Təhsil Şurasının sədri.
03.12.2015-ci il

Yazıya 508 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.