İyirmi bir il bundan qabaq onun cəmi dörd yaşı var idi. Hər şeyi – qırmızı donu, ipisti evləri, ata-anası, şıltaqlığı, istəkləri elə o gecədə qaldı. Sonra o, anasının təpik zərbəsi ilə yerə yıxıldığını, qırmızı donunu param-parça edərək üstünə şığıyan, onu “döyən” ağrıdan, incidən, ayaqlarını qana batıran o saqqallı kişini, hamıdan güclü sandığı atasının iniltisini də xatırlamayacaqdı. Elə hər şey o gecədə qalacaqdı. Böyüməyəcəkdi o…
Onda o, bilmirdi ki, bayram tonqalından başqa bir tonqal da var – adam tonqalı. Onda o bilmirdi ki, bələkdəki qardaşı o saqqallı kişinin əlindəki avtomatın süngüsündə göyə qalxacaq və tonqala atılacaq. Amma bir həqiqəti bilirdi, bilirdi ki, qardaşı tonqal olandan sonra anasının döşləri daha lazım olmayacaq. Elə ona görə onu ağrıdan kişi anasının döşlərini kəsmişdi…
O onu da bilmirdi ki, qonşularında onu çox sevən, əzizləyən, ona tez-tez noğul gətirən, gəlincik alan, xoşbəxt, atası, anası, özündən başqa on beş və doqquz yaşlı bacıları olan o qız ondan çox yaşayacaq… Xocalıda kül olan evlərində, ahı göyə çıxan, sinəsində söndürülən papiros dənələrinin dağ-dağ etdiyi anasının bədənində, hələ gəncliyə qədəm qoymadan zorlanan bacısının fəryadında, gəlinciyi qucağındaca “qadın” olan kiçik bacısının “ata, kömək elə” hayqırtısında, namusu-isməti olan qızlarının gözləri qarşısında ləkələnməsini seyr edən, heç vaxt ağlamayan atasının göz yaşlarında “yaşayacaq”….
Bu gün dünya bilir Xocalı faciəsində baş verənləri. Dünya bilir ki, o gecə böyük bir şəhər tonqala döndü, o tonqalda yananlar isə məhz azərbaycanlılar idi. Dünya həm də onu bilir ki, o gecədən bu günə gələnlər fiziki işgəncələrdən qurtulsalar da mənəvi yaralardan əziyyət çəkəcəklər, sağalmayacaqlar. Hətta yenidən yurdlarına getsələr də, bir nəfər yaxın əvəzində on nəfər düşmən qanı tökülsə də, əsirlikdəki qız-gəlinlərimiz geri dönsələr də xocalılıarın yarası sağalmayacaq. Onlar o gecəni unutmayacaqlar. Birinin bədənində, birinin namusunda, birinin ruhunda, birinin gözlərində… o dəhşətli gecə daim yaşayacaq!…
Dünya bir həqiqəti də bilir. Bilir ki, Xocalı qətliamı rusların 366-cı motoatıcı alayının və bir sıra erməni əsilli varların əliylə törədildi. Dünya onu da bilir ki, burada nə sadə erməni xalqının, nə də Azərbaycan xalqının əli qana batmayıb. Burada bir cani var – Siyasət!
Bunları dünya bilir. Mənsə onu bilirəm ki, mənim düşmənim erməni deyil! Erməni türkə düşmən olmaqüçün çox kiçikdir. Türk kiçik olanla davaya başlamaz, Türk kiçik olana kiçiklik həddini anladar.
Xalqları bir-birinə düşmən edən siyasət elə bir iblisdir ki, illər ötsə, sivilizasiya pik nöqtəsində dursa belə, yenə də içindəki o iblis – siyasət məhv olmayacaq! Torpaq uğrunda, pul üstündə sadə xalqlar həmişə talanacaq, qurban gedəcək. Lakin çox fərqli şəkildə. Elə fərqli ki, o fərq Xocalı faciəsi kimi gecələrdə bilinəcək. Onda bilinəcək ki, Ordusunun gücüylə vəhşiliyə imza atan rusdan fərqli olaraq, insanlıq adına ləkə olan, içində daim iyrənc erməni xisləti yaşadan (Xocalı qətliamı gecəsində olanlar – qocaların, uşaqların müxtəlif işgəncələrlə qətlə yetirilməsi, yaralıların diri-diri yandırılması, körpə qız uşaqlarının, ana-bacılarının ataları, qardaşları, ərlərinin gözləri qarşısında iyrənc şəkildə zorlanması, hətta itlə əlaqəyə məcbur edilməsi…) erməni var… Lakin bir həqiqət də göz önündədir: hətta ermənin belə anası övladının qan tökməsinə, qanının tökülməsinə razı olmaz!
Hərdən mənə elə gəlir ki, gün gələcək dünyadakı bütün analar bir yerə yığışacaq, orda türk, erməni, rus, alman, ingilis… anaları başlarındakı yaylığı dünya kişilərinin, siyasətin ayaqları altına sərərək yalvaracaq, yalvaracaq ki, balalarımızın qətlinə son qoyun! Dünyanı rahat buraxın! İçimizdəki köz-köz bala dərdinin yerindən sızan göz yaşlarımıza qıymayın!
Bəlkə də bu yalvarışlar bir gün üsyana çevriləcək. O üsyana ki, kişilər də, siyasət də üsyan qarşısında tab gətirməyəcək, məhv olacaq! Bax, onda elə dünyanın özü də məhv olacaq!…
…Bir zamanlar 23 fevralı bayram edirdik. Kişilərimizi təbrik edir, sovet Ordusuyla fəxr edirdik! Amma çoxları bu günün özəlliyini bilməsə də, yenə kişilərin bayramı deyə ərlərini, sevgililərini, qardaşlarını… təbrik edirlər. Qarşı çıxmıram bütün bunlara. Olsun! Bir zamanlar rus ordusunda bizim oğullarımız xidmət etmirdimi. Hətta Böyük Vətən Müharibəsi zamanı Zaqafqaziyada ən çox əsgər yola salan, döyüşdə qəhrəmanlıqlar göstərən, oğul itirən, maddi zərər çəkən biz deyildikmi…
O ənənəni bu gün də geri qaytarmaq arzusundayam – kişilərimizi təbrik etmək istəyirəm. Onlara – kişilərə üzümü tuturam (siyasətdən iyrənərək): Qaytarın mənə Qarabağımı! Qaytarın qız-gəlinlərin ismətini! Qaytarın körpələrin gülüşünü! Qaytarın şəhid məzarları üstündə saçları küləyin əliylə sığallanan anaların göz yaşlarını! Qaytarın körpəsi, qızı, arvadı, anası düşmən ayaqlarının altında, düşmən kişilərinin “ağuşunda”, dizləri yerdə, hayqırtıları içində boğulan gəlinlərin ərlərinin qeyrətini! Qaytarın ismətimi, adımı! Xocalımı qaytarın! Qaytarın!!!
Qaytara biləcəksinizmi?..
…İyirmi bir il bundan qabaq onun cəmi dörd yaşı var idi. Hər şeyi – qırmızı donu, ipisti evləri, ata-anası, şıltaqlığı, istəkləri elə o gecədə qaldı. Sonra o, anasının təpik zərbəsi ilə yerə yıxıldığını, qırmızı donunu param-parça edərək üstünə şığıyan, onu “döyən” ağrıdan, incidən, ayaqlarını qana batıran o saqqallı kişini, hamıdan güclü sandığı atasının iniltisini də xatırlamayacaqdı. Elə hər şey o gecədə qalacaqdı. Böyüməyəcəkdi o…
Yazıya 801 dəfə baxılıb