Keçən kərə bir türk verilişində baş verənlər diqqətimi çəkdi. Müasir informasiya dövründə, elmin, texnologiyanın özünün yüksək inkişaf erasını yaşadığı zamanda tamaşaçı ilə din alimi belə bir məsələni həll etməyə çalışırdılar:
“ Kosmosda kosmonavtlar dəstəmazı necə almalıdır?”
Bu duruma izah verməkdə acizəm.
Sonra düşünəndə gördüm ki, yox, heç də onlardan uzaq deyilik. Elə bizim ədəbiyyat kimi. Nobel həsrətiylə gözünə yuxu getməyən bizim yazarların ən ümdə məsələsi həmin din alimindən, bəyənmədikləri, “geriqalmış” adı verdiyi o sadə dindarla eynilik təşkil edir: “Yazıçı sırğa, üzük taxmalıdırmı?”, “ Şair qızla necə görüşməlidir”, “Yazıçı neçə bakal içə bilər” .
Belə mövzular hər gün saysız-hesabsızdır və ciddi mətnləri az qala yüzqat üstələyir.
İnanın ki, mahiyyət eynidir. Ya hər şey tükənib, ya olan potensialımız bu düşüncələr qədər bəsitdir, ya da bundan imtina edənlər durub bir açıqlama verməlidir ki, filan sifariş, filan qadağa buna məcbur edib.
Bu ya mətnsizlikdən irəli gəlir, ya da məqsəd Azərbaycan ədəbiyyatını öldürməkdir.
Və bundan sonra yazıq oxucu hələ də ciddi, beynəlxalq ədəbi mükafat gözləsin… Hələ çox gözləyər.
Sırf hansısa sayta toxunmaq fikrindən uzağam, sadəcə ani olaraq qarşıma çıxanlardan danışmaq istədim. Durumun nə qədər acınacaqlı olduğunun fərqindəyəm.
Malik olduğu inzibati resursa, vəzifəyə görə, qərbin “podval” (lap olsun normal) nəşriyyatlarında məhdud tirajla kitabı dərc olunan yazıçının “məni dünya tanıyır”, “Azərbaycanı dünya ədəbiyyatına çıxartmışam” tipli açıqlamalarına sürəkli alqışlarla tost deyin, həftənin ədəbiyyat əlavələrində ürəyinizi auksiona çıxarın, sonra da niyə dünya sizi oxumur deyə günahı özgəsində axtarın.
Fikir vermisinizsə, xaricdə keçirilən kitab təqdimatlarımız belə hansısa universitetdə məhdud tələbə sayıyla və onlara könüllü paylanmış kitablarımızla keçirilir. Heç nə, bir az xaricdə gəzmək, otel xərcləri, əcnəbi ədəbiyyatşünasları dolandırmaq, qurumun adıyla pul silmək və gəldikdə, az qala, qəhrəman kimi qarşılanma ssenarilərini cızmaq. Və siz bu tip insanlardan ciddi ədəbiyyat mükafatı, hətta Nobel gözləyirsiniz. Yaxşı, əsəbləşməyin, gülmürəm, vallah….
Bu qədər xərc əvəzinə, heç olmasa, pulla mükafat alsaydılar, yenə adama belə təsir etməzdi.
Sənin adi sayt, qəzet, jurnal və yaxud müdirinin bir hekayəsi dərc olunsun. Sonra da həftəyə biri olmaqla işçin o hekayənin bir abzası haqqında elmi araşdırma, köşələr yazsın. Oxucular bundan sonra sizi niyə ciddiyə almalıdır və yaxud sən oxucudan niyə şikayətlənirsən ki? Axı, hamı kor deyil. Başa düşmürsünüz ki, bunu edən işçilərinizi sizin yazınız deyil, o yazıyla evə aparacağı bala sevgisi düşündürür?
Mən hələ çap olunmamış əsərlər haqqında qabaqcadan yazılan resenziyalar, az qala, roman boyda həsr olunmuş yazılardan danışmıram.
Sən yazıçı, şairə alkaş obrazı yapışdır, işin-gücün araq rumkalarıyla poz vermək olsun, sonra niyə səni qeyri-sağlam düşüncəli saymaqlarından, adın gələn kimi mətndən çox yadlarına yeyib-içmək düşməyindən narahat olursan?!
Sən bir araq qonaqlığına əqidəni, dostlarını, sata bildiyin hər şeyi sat, bayağı bir əsər sağlığına ciyərlərini müftə içkiylə doldur, sonra əksəriyyət səni niyə ciddiyə almır deyə qəmli statuslar yaz…
Sən filan yazıçı “yaxşıdır” sözündə “yaxşını” belə onun ciblərinə dikilmiş gözlərinlə ölç. Bundan sonra sənə niyə tamada obrazıyla yanaşmamalarını istəyirsən?
Ədəbiyyat saytları yox kimidir, yaxud bağlanır. Istənilən halda acınacaqlıdır. Sözüm bunda deyil. Bəlkə də günah bu sahəyə pul ayıranlardadır. Amma ədəbiyyat adamları dediklərimiz belə ucuza satılanda, bir-birini satanda, təbii ki, o boyda xərclər ayırıb heyət saxlamağı artıq biləcəklər. Axşam bazarı varkən, o boyda xərc niyə lazım olsun ki…
Dostbazlıq, saytbazlıq, işbazlıq və sonda sən də digər “bazlıq”lara göz yummağa məhkumsan.
Bir neçə QHT və “çörəkpulu” təşkilatlarından A4 ölçüsündə diplomlar almağı uğur bilirsənsə, sözüm sənə deyil.
Yazar dostum, sən niyə axı hərşeyşünas olmağa çalışırsan? Hardasa həkim, seçkilərdə seçki mütəxəssisi, debatlarda siyasətçi… Hərşeyşünas olmaq istərkən heçnələrə sahib oluruq.
Kreslo ümidiylə susduğun, yaşadığın illər, arzular, ümidlər bilirsənmi, səndən necə mətnləri oğurladı?
Sənin yazıçılar ittifaqında səndən itlərə məxsus sədaqətlik istənilsin. Sən buna döz, sonra da gileylən ki, niyə cəmiyyət sənə o yazıq heyvanın hörmətini qoyur, amma insan hörməti yox? Axı, sən də insan olmalısan, qarşına atılan yala görə şərə xidmət etməli deyilsən.
Ya da uğur qazanmaq, irəli getmək istəyirsənsə, 5-10 min xərci var, get cinsini dəyişdir, sonra da AYB-nin qapısını döy.
Sənin AYB katibin yanından yel ötən kimi dövlətin bütün resusrlarından istifadə etsin. Bütün pullu imkanlar, mükafatlar, ölü ştat maaşları qohumbazlığa, regionallığa əsaslansın, amma gənc yazarın iş istəməsinə, halal zəhmətlə dolanmasına pis baxırsan və buna göz yumursansa, inan, əziz dostum, sən də onun kimi Azərbaycan ədəbiyyatının qatilisən!
xeber365.com
Yazıya 721 dəfə baxılıb