Qəbrimi anamın əlində qazın

xeyale1Kultur.az Xəyalə Sevilin şeirlərini təqdim edir.

Biz azad doğulmamışıq

 

Sən də istəyirsən,

“ Mən də”

Deməyə utanıram.

Əllərin isti bir əlcək

Geyməyə utanıram.

 

Eh! Yalan söhbətdi azadlıq, filan,

Biz azad doğulmamışıq.

Alnımızın yazısından

Bir dəfə yıxılmamışıq.

 

Yıxılmaq istəyir adam,

Önümüzə qoyulan bu həyatdan

Çıxılmaq istəyir adam.

 

Bir azca gecikən bu məhəbbətin

Öpüm üz-gözündən,

Öpüm, yeri get.

Məni sevdiyini heç kim bilməsin,

Bilməsin, bilməsin,

Kiri, kiri get.

 

 

İyirmi iki

 

Mən sənin gedişindən

Sonra inandım taleyə.

Ayaqlarımı uşaq kimi

Çəkib yollarından

Danladım,

Qayıtdım geriyə.

Sən mənim yaddaşımda

İyirmi iki yaşda qaldın,

Böyümədin, qocalmadın.

Biz qışda ayrılmışdıq,

Elə həmin qışda qaldın.

Bu gün, yenə ad günündü,

İyirmi iki yaşın mübarək.

Bağrıma nə daşdı basdın?

Bağrımda daşın mübarək.

Hardasan eeeeh, allah bilir,

Orda otuz iki yaşın,

Burda iyirmi ikin sevilir.

Həsrətin qocalıb sözlərimdə,

Offf!

Yenə payız dolaşır gözlərimdə.

 

 

Mən birinci dəfə idi…

 

Mən birinci dəfə idi,

Belə xoşbəxt olurdum.

Yaz gəlmişdi baxışıma,

Kəpənəklər uçurdu.

Gülüşün toxunurdu üzümə,

Yanağımda

Qırmızı gülüşlər açırdı.

Məsələn, daha qorxmurdum

Gecənin qaranlığından,

Gözlərimdə sən varıydın.

Hər gün bir yeni şeirdə

Səslənirdi adın,

Sözlərimdə sən varıydın.

Ürəyim alınmayan qala qapısı,

Çoxdan açılmışdı üzünə…

Və günlərin bir günü,

Altını üstünə gətirdin bu sevginin.

Sən, cəsarətsiz oldun,

Sən, sonunu düşündün,

Mən sonuna kimi yaşamağı.

 

 

Ay da bükübdü boynunu

Yenə xatirələr yadıma düşüb,

Yuxum da gəlmir ki , yatım tərs kimi.

Hər nə yaşadıqsa sənlə,

Bir azı mənə təsəlli,

Bir azı mənə dərs kimi…

Başımın üstündə yanan ulduzlar

Mənim dərdimə yanıb.

Ay da bükübdü boynunu,

Anam kimi dayanıb.

Axıdımmı gözlərimin yaşını,

Həsrəti diri gətirim.

Ya üfürüm ulduzları şam kimi,

Gedim səhəri gətirim?

 

 

Anladım ki uzaqsan

 

Və günlərin bir günü,

Nə yaxşı ki gec olmamış,

Anladım ki uzaqsan…

Arxamızca əl eyləyən

Yarpaqlar  da töküldü.

Küçələr də boşaldı,

Pərdələr də çəkildi.

Başımızın üstündə

Yanıb-sönən ulduz da

Söndü, daha yanmadı.

Gözlərimin yaşına

Qoşulub qaçdı həsrət,

Qaçdı və dayanmadı.

Anladım ki uzaqsan.

Uzaqlıq

Tək məsafəylə deyil ki…

 

 

 

 

 

Anamın əlləri

 

Anamın əlləri qocalır yaman,

Əllərinə cavan qırışlar düşür.

Aybaay, günbəgün ,saatbasaat

Cavanlığı barmağından sürüşür.

 

Anamın əlləri qocalır yaman,

Əllərinə illər ağrısı çökür.

Bizim qayğımızı, zəhmətimizi,

İndi də qocalmış əlləri çəkir.

 

Bu qocalmış əllər cavan əllərin

Beşik yürgələyən xatirəsidi.

Anamın əlinə düşən qırışlar

Onun taleyinin xəritəsidi.

 

Anamın əlləri qocalır yaman,

Ömrümü bu qoca əllərə yazın.

Ölsəm, ruhumu da yaşadar mənim,

Qəbrimi anamın əlində qazın.

 

 

Daş

 

Yanağım yenə susadı,

Gözümdən yaşlar daşacaq.

Mən öləndə daş olacam,

Böyüyəcəm dərdim kimi,

Qəbrimdən daşlar daşacaq.

 

Anam, məni çağırma.

Boylanıb arxamca

Yüyürən səsə,

Tövşəyə – tövşəyə,

Nəfəs – nəfəsə.

Dığarlana – dığarlana,

Əyri – üyrü küçələrin

Tozunda , torpağında,

Sığallana – sığallana

Qaçacağam sənə sarı,

Ürəyində daş olacam.

Onda baxıb deyəcəyəm:

“Anam, qara sal daşam mən,

Başına bağladığın

Qara şal daşam mən.

Çınqıl – çınqıl daşlarıydım,

İllər boyu yığılmışam,

Böyümüşəm,

Axır gəlib ürəyinə dağılmışam.

Daşlı-daşlı dərd vermişəm sənə, anam.

Dərdinə daş atmamışam ,

Parçalansın milyon yerə.

Qorxmuşam, anam, qorxmuşam.

Hər ana bir pay götürər

Çiliklənmiş dərdlərindən,

Saçlarında bəyaz – bəyaz

Hörüklənmiş dərdlərindən.

Anam, məni dərd götürər ,

Yanağımı pərt götürər.

Ərk etmişəm,

Hər dərdi sənə yıxmışam,

Dərdlərimi bərk etmişəm.

Dərdlərim qəmgin duruşun,

Dərdlərim qəpik – quruşun.

 

Mən bir azca cəsarəsiz ,

Mən bir azca zəif qızın.

Düşmüşdüm daşlar əlinə,

Daşdan –  daşa dəyib qızın.

 

Ürəyimi ucuz satdım,

Məni yer aldı, yer aldı.

Yadımdan çıxdı, anam,

Dərdlərim səndə qaldı”

 

 

Göyün üzü göy divardı

 

Axşam düşür.

Qaranlıq pərdə kimi

Çəkilir pəncərəmə,

Qaralır evimin rəngi

Və tənhalıq başlayır…

Tavanı çökmüş evdi gözüm,

Damır, damır yanağıma.

Üzü sənə sarı

Yol da uzanıb,

Böyüyüb ayağıma.

Eeeh! Bircə bacarasan ölməyi,

Gözlərini sulu çəkəsən

Sənsiz, quru dunyadan.

Heyif…

Göyün üzü göy divardı,

Çıxmaq olmur bu dünyadan.

 

Payız

 

Üşüyər,üşüdər pəncərəmi də,

Gəlməz içəriyə, yadındı payız.

Sarı saçlarını töküb çiyninə,

İlahi, nə gözəl qadındı payız.

 

Həmişə gözündə yaş saxlayanım,

Sənə oxşayıram,gözüm bir əsim.

Çağır,çağır gəlim buludun olum,

Mənə göylərində yer ver tələsim.

 

Üzünu , gözünü yuyum yolların,

Üstünün, başının tozunu alım.

Geriyə qaytara bilmədim onu,

Barı ayağının izini alım.

 

 

Pəncərədən boylanıram

 

Pəncərədən boylanıram,

Ay güzgümdə aylanıram.

Yer üzü qadın qapısı,

Gecə yarı döymək olmur.

Göy üzü yadın qapısı,

Dəymək olmur,

Dəymək olmur…

 

Həmin yol, həmin küçədi,

Qarayanız bir gecədi.

Bu azalan adamların arasında

Bir sən yoxsan,

Bir mən yoxam.

İki oldu bu yoxluq.

Böyüdü, boyumdan da

Yekə oldu bu yoxluq.

Heç kim ilə bölünməyən

Tikə oldu bu yoxluq.

Ömrümdən sənsiz illərim

Meyvə kimi dəyib düşür,

Gözlərimi döyüb düşür.

Və beləcə…

Və beləcə

Ölüm məndən duyuq düşür.

Torpağın qara canına

Mənim boyda oyuq düşür.

Yazıya 674 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.