Hikmət Məlikzadə
İndi nə elçi daşı var…
Zülmətə açılan qapılardan
bəzən səhər yelləri də əsir.
Bəzən günəşin
Yorğun buludlara verdiyi çalarlar
qüruba enən axşamın
zülmət acılarına sığal çəkdikcə,
yatmaq qorxuları azalır adamın.
…Sən, ey gecə sevdalarına asi qız,
dəli baxışlarını
könül hıçqırıqlarına çəpər eləmə,
indi nə elçi daşı var,
nə elçilik sevdası…
…Bir vaxtlar sinəmdi yastığın…
Kölgəyə aldanıb
dəli rüzgarlara tuş olanda,
fırtınadan qurtulmaq gec olur.
Sən də, payızda ağacdan ilk qopan
yarpaq sürətilə düşürsən yadıma.
Nədən səni sevmək,
xəyallarına köç qoşmaq qədər çətindi?
Gözlərimi alışdıra bilmədim
sevda qorxularına.
…Bir vaxtlar sinəmdi yastığın,
İndi dizlərindi.
…Eh, kasıbçılığın da üzü qara olsun!
Adam kasıb olunca,
Bir elçi daşı ola heç olmasa,
bilər, kiminsə işinə yarıyır.
Əllərim duadan pörtüb…
Əllərim duadan pörtüb,
Dualar baxtı yubadır…
Saatım əhvaldan düşüb,
Əqrəblər vaxtı yubadır…
Nə vaxtdı küsülüyəm, bax,
Nə vaxtdı özümə yadam…
Hanı qaraçuxan, qadın?
Kimsən, zülmətdəki adam?
Pərilər göz-gözə durub,
Sanma ki, Allaha xoşdu…
Birinin qucağı dolu,
Birinin beşiyi boşdu…
Susuram, Tanrı da susur,
Deyən, su basacaq yeri.
Vəd verdim, yalana çıxdı,
Nə üzlə qayıdım geri?!
Səni məndən ayırmağa gələn yox…
Bəsdi o daş tanrıları daşladıq…
Şeytan adam, bu adam da cindi de.
…Məndən mənə çatanadək gün ötdü,
Səndən sənə qayıdımmı, indi, de…
Nə tez döndün həyat adlı ölümdən?
Yükün çoxdur, kürəyində şələn yox.
Məni səndən ayırdılar, bilirəm,
Səni məndən ayırmağa gələn yox.
Duman tutub baxmadığım yolları,
Ağ talelər tora düşüb qarada…
Sən də lalsan, mən də lalam elə bil,
Təklik adlı bir qatar var arada…
Çox durursan ağ duvağın önündə,
Məni zülmün qarmağına keçirtmə.
Demirəm ki, o üzüyü yana qoy,
Demirəm ki, barmağına keçirtmə…
Qızlar bir-bir düşür, qoynum üşüyür…
Ruhum vəcdə gəlir lal sevda kimi,
Cismimin altında təpə oynayır.
Sən elə süzürsən, elə bil ki, qız,
Suların qoynunda ləpə oynayır.
Kölgəmin tabutu elə cür durub,
Elə bil torpağa düz xətt qoyublar.
Sənə vermədiyim vədin altından,
İmza əvəzinə yüz xətt qoyublar.
Eşqdən kim yorulub, biz də yorulaq,
Deyəsən, gün keçir, boynum üşüyür.
Sanki xəzan vurmuş quru yarpaqdı,
Qızlar bir-bir düşür, qoynum üşüyür.
Həsrət də adama güc verir bəzən…
Kamına yetirik kal yuxuların,
Quru çöl kimidi, balınca su at…
Həsrət də adama güc verir bəzən,
Qorxma, baxışının dalınca su at.
Bir dəfə baxarlar geriyə, nazlım,
Cahan bir anlığa taxtın olmur ki…
Demə nə vaxt gedər uzağa bu köç,
Bilirəm, sənin də vaxtın olmur ki.
Çox da naz eləmə, iştahın artar,
Yetən bu nisgili təzə bilər, qız.
Ürək qapı deyil, on kərə açma,
Kimsə eşq bağında gəzə bilər, qız.
Kimdi ki, əzrayıl, kimdi?
İçimin odu qurtarır,
Güc ver da, Xudam, arada.
Bəzən örtük ola bilmir
başıma bu dam, arada.
Kimdi ki, əzrayıl, kimdi?
Nola, əlimə düşə tək…
Güddüyüm alagöz qızın,
Baxışı sınır şüşətək.
Allah da zülümün kəsmir,
Ömür də dada gəlmir ki…
Gedirəm, kölgəm arxamca,
Ya gəlir, ya da gəlmir ki…
Adam olmaqdan bezmişəm,
Çiynimdə heybə, gedirəm.
Soruşma, yolun haradır?
Mən artıq qeybə gedirəm…
Tale, bilmədin ki, alın xətti…
Hopma gözlərimə gün işığıtək,
Gecdir, yuxu sıxır, yatacam, əl çək.
Sənə xərclədiyim ömrün oduyla,
Birtəhər başımı qatacam, əl çək.
Hərə min günahnan böyüyür onsuz,
Hərə bir əzabın qalın xəttidir.
Sən ömrü iylətdin yaş corab kimi,
Tale, bilmədin ki, alın xəttidir.
Yaxşı, mən gedirəm, salavat çevir,
Qıyma bu əhvalda təndir axtarım.
Gəlmək istəməsən, bir namə yolla,
Mən də künc-bucaqdan kəndir axtarım.
Yazıya 665 dəfə baxılıb