Arvadının doğum gününü milli bayram elan edən “kommunist kral”

causesku

Xarici borcu ödəyə bilmək üçün daraqlarına kimi satdılar

 

 

İtini xüsusi mühafizəçilər gəzdirir, vətəndaşlarının ağlına belə gətirmədiyi yeməkləri sevimli köpəyi yeyirdi. İclaslarda bu itə insandan yüksək önəm verilirdi.

Iştahı o qədər artmışdı ki, vətəndaşların yatağına kimi burnunu soxurdu. Məşhur futbolçuları özünün agentinə çevirmişdi.

Otuz il öncə Rumıniya söyləmək Çauşeskunun tarlası demək idi.

Rumıniya Kommunist Partiyasının baş katibi, qısacası, dövlət başçısı Nikolay Çauşesku və sevimli arvadı, eyni zamanda prezidentin köməkçisi və daha onlarla vəzifənin sahibi Elena Çauşesku. Ölkəni tarlası kimi idarə edən cütlüyün divar dibində güllələnməsiylə pərdənin enməsindən 20 ildən çox vaxt keçib. Amma adları hələ də eşidəni hürkütməyə davam edir.

Şərqi Avropanın ən uzunmüddətli diktatorlarından biri kimi 24 il hakimiyyətdə olmuş, devrilməsi sürətlə çökən SSRİ-ni belə sürətiylə kölgədə qoymuşdu. Kommunist rejimlər çökərkən devrilən dövlət başçıları arasında öldürülən tək lider o olacaqdı. Bu da gizli mətləblərdən xəbər verir.  Yaxşı, Avropanın ən “absurd diktatorunun” və arvadının hekayəti nə idi?

Gəncliyində qanunsuz Kommunist Partiyasına üzv olduğuna görə dəfələrlə həbsə düşmüşdü. Hətta bir dəfə o qədər çox döyülmüşdü ki, ömrü boyu davam edəcək pəltəkliyi yaranmışdı. Etirazlara çıxmasına baxmayaraq özünə qapalı və səssiz biri idi. Ölümündən bir müddət sonra “Newsweek” dərgisinə danışan bir həbsxana yoldaşı  “döyüləndə ağzını açmaz, gülmək lazım olan yerdə dodaqlarını tərpətməzdi. Zəif, çəlimsiz biriydi” cümləsiylə onu xatırlayacaqdı.

 

Çauşesku kommunist ideallarıyla yeni bir dünya qurmağı xəyal edən milyonlarla inqilab heyranından biri idi. Onlardan fərqi isə dəfələrlə girib çıxdığı həbsxanada Rumıniyanın II Dünya Müharibəsindən sonra ilk kommunist prezidenti olacaq Gheorghe Gheorghiu Dejlə tanışlığı idi. Ilk gündən etibarən onun himayəsində oldu. 1965-ci ildə dövlət başçısı idi.

Hakimiyyətə gələndə 47 yaşı var idi. Şərq Blokunda olsa da, böyük ağaları Kremllə aradakı məsafəni qorudu. Kommunist blokundan kənardakı ölkələrlə ticarət əlaqəsinə isti baxırdı. Onun bu baxışı Amerika tərəfindən “qazanıla biləcək müttəfiq” kimi görünməsini və ölkəsinin ticarətdə xüsusi status almasını təmin edəcəkdi.

 


 

Millətçiliyi gücləndirən kommunist lider

 

Çauşeskunun 1965-ci ildə partiya daxilində rəqiblərini zərərsizləşdirərək hakimiyyətə gəlməsindən sonra rumınlar liberallaşma dövrünü yaşadılar. Bu vaxtlar kommunizmin əleyhinə olsa da, millətçiliyin güclü olduğu dövrlər idi. Çauşesku digər kommunist liderlərin əksinə olaraq, ABŞ prezidentləri Riçard Nikson və Gerald Fordu Buxarestdə qəbul edəcək qədər Kremldən azad bir “qırmızı lider” idi. Belə ki, Niksonun 1972-ci ildə tarixi Çin açılımının arxasındakı imza da o idi. Qarşılığında Vaşinqtonda Karterin rəğbətini qazanmışdı. 1967-ci il müharibəsindən sonra İsraillə əlaqələrini kəsməyən tək Şərq Bloku lideri idi. Rumıniyalı yəhudilərin İsrailə köçməsinə izn vermişdi. Amma illər sonra bunun qarşılığında çek aldığı ortaya çıxacaqdı. Bu dövlətlərarası populyarlığı yaxın şərqdəki sülh prosesində daha da artmışdı. Uzun sözün qısası, praqmatik şəxsiyyət idi. Varşava paktının 1968-ci ildə Çexoslavakiyanı işğal etməsinə qoşulmaqdan imtina etmiş, üstəlik eyni şeyin Rumıniyaya tətbiq edilməsi halında mübarizə aparacaqlarını bildirmişdi. Bu da bəs etməmiş, SSRİ-nin 1979-cu ildə Əfqanistanı işğal etməsini qınamışdı. Torpaqlarına sovet hərbi bazalarını buraxmamışdı. Bu Şərq Bloku lideri üçün “şəxsiyyətli” bir iş idi. Rumınların özünə olan inamını artırmış, bahar havası əsdirmişdi. Millətçi şairlər də kommunist liderə rəğbət dolu misralar həsr etmək üçün növbəyə durmuşdular. Rumın lider bu xalq dəstəyini sona kimi davam etdirməyə qərarlı idi.

 

Rumın qəhrəmanları özünə qalxan etdi

 

Çauşesku millətçiliyin gücünü kəşf edən ilk kommunist lider idi. Kommunizm digər formada millətçiliyin anti-zəhəri idi. Amma rumın lider anti-zəhərlə zəhəri eyni damarda bir-birinə qarışdırmadan axıtmağı bacarmışdı. Hakimiyyətinin ilk illərində SSRİ-yə qarşı baş qaldıraraq canlandırdığı “rumın olmaq çoşqusu” Böyük Stefan (Ştefan cel Mare), Cəsur Mihail kimi rumın qəhrəmanlarını nəhəng tədbirlərlə yad etdi. “Onlar türklərə, ruslara və macarlara qarşı necəydisə, o da eynisini edirdi…”

 

“Rol almadığım heç bir stadion nümayişi olmadı. Onun doğum günü, arvadının ad günü. 23 avqust, 1 may əmək bayramı, 2 may gənclik bayramı, 1 iyun uşaqlar günü… Bu nümayişlərdən hər ay mütləq biri olurdu. Bütün uşaqlığım belə keçdi.”

 

Andrei Duban rumıniyali aktyor

 

Stadion nümayişləriylə “birlik” həyacanı yaşadı

 

Çauşeskunun rəhbərlik etdiyi Rumıniya böyük bir teatr idi. Bəzən 22 milyon aktyor, bir nəfər tamaşaçı olur, bəzən də tam tərsi-  bir nəfər aktyor olur, 22 milyon izləyib alqışlayırdı. Digər diktatorlar kimi sağa-sola heykəllərini qoydurub şəkillərini asdırmasa da, Çauşeskunun zəif yeri stadion nümayişləri idi. Xüsusilə, hakimiyyətinin ilk illərində qazandığı xalq dəstəyini bu şəkildə görmək onu həyacanlandırırdı. Möhtəşəm stadion nümayişlərinin yaratdığı “çoşqulu birlik və bərabərlik”dən yararlanmaq istəyirdi.  Hər fürsətdə xüsusi gün və hətta gecələrdə gənclər kütlələr halında stadiona axışır, təlimatlar alır, bədənlərini ya da əllərindəki rəngli portretlərdən istifadə edərək nəhəng Çauşesku şüarları yaradırdılar. Dövrün ideoloq şairlərindən Dan Zimferescu “bu bizə “var olduğumuz” duyğusunu verirdi. Böyük bir bütünün parçası olduğumuzu hiss edirdik. O, bizlərə biriləri olduğumuzu, SSRİ-nin köləsi olmadığımızı göstərdi” deyərək ruh halını danışırdı.

 

Lakin bahar havası çox çəkmədi. Rejim qısa zamanda stalinist üzünü göstərməyə başladı. Ziyalı həyatın üzərindəki zəncirlər daha da bərkidildi. Az da olsa, başını qaldıran yaradıcı fikirlərin fatihəsi oxundu. Çauşesku konstitusiyaya dəyişikliklər edərək dövlət rəhbərliyindəki yerini betonladıqdan sonra cığırından çıxdı. Mediaya görə Çauşesku yaradıcı kommunizm teoremi və fikirləriylə ölkədəki hər uğurun memarı idi. Stalin və Mao kimi liderlərin onun yanında neçə qəpiklik dəyəri vardı ki?

Dövlət başçısı olduğu ilk illərə baxanda digər bənzər rejimlərdə olduğu kimi özü haqqında ölçüsüz tərif mexanizmini başlatdı. Doğru-düzgün təhsilinin olub-olmadığı  bilinməyən lider mediada “ölkənin müstəqilliyi və inkişafının qarantı”, “ölkənin gələcəyinin memarı” və başqa adlarla tanıdılırdı. Diktator rejimlərinin də üzü bu idi. Öncə zorla yazdığınız şeylərə bir müddət sonra özünüz də inanırdınız və rejim bu şəkildə özünü qoruyurdu…

 

Hər nə ad varsa, sənə yaraşır

 

Səksəninci illərin əvvəlində Çauşesku ölkədə nə varsa, hamısının rəhbəri idi. Üstəlik bu iştahı özüylə sərhədli deyildi. Rejimin nəzarətindəki media “dünyadakı qadınların ən bənzərsizi” olaraq təsvir etdiyi arvadı Elena da artıq protokolları aşırdı. Baş nazirin köməkçisi olaraq əcnəbi təmsilçilərlə görüşlərə qatılır, digər kommunist partiyalarla əlaqələr saxlayırdı. Təhsil və elm qurumlarının rəhbəri idi. Partiya daxilindəki təyinatlardan da cavabdeh idi. 1980-ci illərin ortalarına gələndə isə doğum günləri dövlət bayramı olaraq qeyd edilirdi.

Elenanın 80-ci illərin sonuna doğru məxfi polis daxilində qurduğu ittifaqlarla ərindən sonra rəhbərliyə ən güclü namizəd olduğu ortaya çıxacaqdı. Oğulları Nicu partiya daxilində önəmli yerə çatmış, Çauşeskunun iki qardaşı da orduda və məxfi polisdə vəzifə tutmuşdular. Devriləcəyi 1989-cu ildə Çauşeskunun 27 yaxın qohumu dövlətin müxtəlif vəzifələrində at oynadırdı.

 

Özünə əminlik yoldan çıxarır…

 

Indi də gəlin, Çauşeskunun ağla gəlməyən sərəncamlarından danışaq. 1978 il idi. Buxarestdə yeni bir metro stansiyası inşa edilirdi. 12 min kub.m torpaq çıxardılaraq stansiyanın girişi açılmışdı. Cavabdeh mühəndis evə getdi. Səhər gələndə nəhəng çuxurun yerində yel əsirdi. Çuxurun olması lazım olan yerdə əməlli başlı park var idi. Bunun səbəbi qısa zamanda bilinəcəkdi. Çauşesku o gün orada xalqa xitab edəcəkdi və metro girişi səhərə kimi davam edən işlə doldurularaq kütlənin toplaşacağı park formasına salınmışdı. Çuxurun olduğu yerdə yüksələn ağaclar şəhərin başqa yerindən çıxarılaraq gətirilmiş, otlar da parkın digər yerlərindən gətirilərək əkilmişdi. Diktator olanda siz çıxış edəcəyiniz yeri dəyişdirmirsiniz, amma çıxış edəcəyiniz yer sizin kefinizə görə dəyişdirilirdi…

 

Popesku da Çauşeskuya agentlik etmişdi

 

Qalatasarayın əfsanəvi futbolçularından rumın Georgi Popesku da Securitatenin casuslarından biri idi. Popesku “Universitatea Craiova” komandasında forma geyindiyi dövrdə komanda yoldaşları və digər səlahiyyətlilər haqqında 4 dəfə raport verdiyini açıqlamışdı. Popesku 1985-ci ilə kimi “Dövlətin mənfəətlərini qorumaq” sənədinə sadiq qalacağını sübut etmək üçün imza atdığını bildirmişdi.  Bu işləri kommunist rejimin hakimiyyətdə olduğu vaxtda etdiyini vurğulayaraq özünü müdafiə etmişdi.

 

Çauşeskunun gözləri: Securitate

 

Kommunist rejimlər dünyanın bir çox yerlərində məxfi xidmətlər vasitəsilə özünü qorumağa çalışıb. Bunun Rumıniyadakı üzü Securitate-ə aid idi ( Dövlət Təhlükəsizlik Xidməti). 1948-ci ildə SSRİ məxfi servisi NKVD tərəfindən təməlləri atılmış, Çauşeskuyla birlikdə tarixə qarışmışdı. Çox canlar aldı. Işgəncədə sərhəd tanımadı. Dövlətin qorunmasından da əsas Çuşeskunun və rejiminin qorunması idi. Onun hakimiyyəti illərində 11 min sahə agenti və yarım milyon casusu var idi. Ölkənin əhalisi isə 22 milyon idi. Hər kəsin hər addımı izlənildi. Danışıqlar qeydə alındı. Xüsusilə, Şərq Blokunun digər məxfi servislərində nə pis əməl var idisə, Securitate onlardan geri qalmırdı. Tətilə başlayan mədən fəhlələrinin liderlərinə beş dəqiqə ərzində sinə rentgeni etməklə xərçəngə yoluxdurmaq, ya da həkim qılığına girməklə abort etdirmək istəyən qadınları təsbit etmək kimi yaradıcı fikirləri də var idi. Rumıniya 2007-ci ildən bu yana Avropa İttifaqının üzvüdür. Securitatenin 12 km-ə çatan sənədləri hələ də Buxarestdəki arxivlərdə saxlanır.

 

Sərhədsiz paranoya

 

Hər diktator kimi Çauşesku da qorxunun əsiri olmuşdu. Əcnəbilərin paltarlarına zəhər sürtərək onu öldürə biləcəyini düşündüyü üçün paltar şkafına da mühafizəçi qoymuşdu. Digər ehtiyat etdiyi isə əllə görüşmək idi. Mümkün olduğu qədər az salamlaşır, mümkünsə də dərhal əlini spirtlə yuyardı. Kraliça Yelizaveta belə istisna olmamışdı. Belə ki, Çauşesku Buckingham sarayında ziyarətdə olarkən istifadə etdiyi yataq dəstlərini də Rumıniyadan gətirtmişdi.

Rumın lider, bütün ağlasığmaz icralarına baxmayaraq Qərbdən alqış aldı, başı tumarlandı. SSRİ ilə məsafə saxlayırdı. Özbaşına hərəkət edir və bu da Qərb qarşısındakı ən böyük silahı idi. Kraliça Yelizaveta belə ona cəngavər (diktatorun edamından bir neçə saat öncə ləğv edildi) statusu verməkdən çəkinməmişdi.

 

“Yoldaş Korbi” limuzinlə gəzir

 

Tez-tez qərb liderlərindən hədiyyələr alırdı. Ingilis Liberal Partiyasının lideri David Steel Çauşeskuya Labrador cinsindən ağ it hədiyyə etmişdi. Diktator, Korbi adını verdiyi itini o qədər əzizləyirdi ki, bir müddət sonra rumınlar onu “yoldaş Korbi” deyə çağırmağa başlamışdılar. Korbi zamanla Çauşeskunun xəyal dünyasının ayrılmaz hissəsinə çevrilmişdi.  It, ona ayrılan limuzinlə Buxarest küçələrindən gəzirdi, üstəlik, onunçün mühafizəçilər də ayrılmışdı. Gecələr diktatorun qoynunda yatan heyvan gündüzlər ona ayrılan balaca, amma lüks bir evdə qalırdı. Londondakı Rumıniya səfirinin həftəlik vəzifələrindən biri məşhur marketlərdən olan “Sainsbury”dən ən yaxşı it yeməklərini alıb diplomatik karqoyla Buxarestə göndərmək idi.

Çap makinasına sahibi olmağın belə ağır şərtlərə çevrildiyi ölkədə bu bəlkə də normal idi. Insanların özünü ifadə etməsinin tək yolu intihar idi. Diktator Sosialist  Zəfər Bulvarını tikdirmək üçün Buxarestin keçmiş məhəllələrindən birini dağıdanda evləri sökülən insanların bəzisi küçələrə atılmış, bəziləri çarəsizliyə görə intihar etmişdi.

 

Əhali artmalıdır!

 

Rumın lider çoxuşaqlılığın önəmli olduğuna inanırdı. Buna görə də ölkə əhalisini artırmaq həvəsinə düşmüşdü. Rumın xalqına etdiyi ən böyük pisliklərdən biri də bu idi. Sosializm gənc nəsillər üzərində yüksəlməliydi. O halda nə qədər çox uşaq olarsa, o qədər yaxşı olar deyə düşünürdü. 2000-ci ildə 23 milyon olan əhalinin 30 milyon olmasını hədəfləmişdi. “Uşaq sahibi olmaqdan qaçanlar dövlət qanunlarını heçə sayan qaçaqlardır” deyirdi.

1966-cı ildə abortu qadağan edərək nəhəng cəmiyyət hesablamarına başladı. Bunları edərkən səhiyyənin vəziyyətini nəzərə almamışdı. Nəticədə əhali artdı. Amma yüz minlərlə yetim və kimsəsiz uşaqlarla yanaşı abort üçün başqa ölkələrə qaçarkən öldürülən qadınların dramı yarandı. Pis qidalanma və səhiyyə problemləri ucbatından minlərlə körpə xəstəxanalarda öldü. Rejim devrildi, amma ölkə hələ də bu “milyonluq yetimlər” travmasını sağaltmağa çalışır.

Vətəndaşların yataq otaqlarına kimi əlini uzadan diktator məktəblərdə cinsəl təhsili də qadağan etmişdi. Ölkədəki hamiləliklərin 60%-nin qanundan kənar abort edildiyi təxmin edilirdi. Hökumətin qanunu qədər onu qoruması da bərbad idi. Yaşları 45-dən az olan qadınlar müəyyən fasilələrlə xəstəxanalara aparılıb hamiləlik testindən keçirilir, hamilə olanlar zamanı gələndə təkrar yoxlanılırdı. Uşaqları doğmamış olanlarsa istintaqa aparılırdı…

 

Xarici borcu ödəyə bilmək üçün daraqlarına kimi satdılar

 

Hakimiyyətin ilk illərində ağır sənayeni inkişaf etdirməyi hədəfləyən plansız, proqramsız fabriklər, şəhərləşmə adıyla tikilən nəhəng binalar və məntiqsiz kapital qoyuluşları nəticəsində Rumıniyanın xarici borcu 21 milyard dollara çatmışdı. Borcun igidin qamçısı olduğuna inanmayan rumın lider borcu ödəmək məcburiyyətində qaldı. 1982-ci ildən etibarən ölkədə nə varsa, faizə görə xaricə satılmağa başlandı. Vitrinlər boşalmış, benzin və ərzaq məhsulları şamla axtarılırdı. Rumın xalqı ətin nə olduğunu unutmuşdu. Elektrik də tez-tez kəsilirdi. Amma bunun da bir yararı var idi. Səhərdən axşama kimi fasiləsiz Çauşesku təbliğatını davam etdirən dövlət televiziyasının yayım saatları azalmışdı. Idarəçilik isə bu çılpaq gerçəkliyə rəğmən xəyal dünyasında yaşamağa davam edirdi. 1987-ci ildə ərzaq nazirliyindən verilən açıqlamaya görə hər şey güllük-gülüstan idi, ərzaq növbələri isə yaxşı bir hal kimi dəyərləndərilirdi. Üstəlik rəqəmlərə görə ərzaq istehsalında artım da var idi.

 

Hakimiyyətinin sonlarına yaxın Çauşesku yolunu tam azmışdı. Sağda-solda baş verən etiraz aksiyalarına rəğmən keyfini pozmur, bir açılışdan digərinə qaçırdı. Bununla birlikdə kölgəsindən də qorxmağa başlamışdı. Aralarında Rumıniya Kəşfiyyat Birliyindən Dimitru Burlanın (sonradan xatirələrini “Dublyor danışır” başlığıyla qələmə alacaqdı) daxil olduğu bir neçə dublyoru bəzən onun yerinə xalqı salamlayırdı.

“Bəlli qanunlar var idi. Çauşeskunu sol profildən çəkməyimiz qadağan idi. Əgər yanlış etsəydik, qaraciyərləri ağır vəziyyətdə olan birinin ləkəli sifətini görəcəkdik. Mərkəzi Komitənin üzvləriylə danışarkən göstərməyimiz də qadağan idi. Sadəcə gülərkən, ya da alqışlanarkən göstərə bilərdik.  Və təbii ki, hər efirdə  ona çiçəklər verən uşaqların da olduğu bir epizod mütləq idi…”

George Militaru

Rumın rəsmi kanalının canlı yayım direktoru

 

Saxta meyvə-tərəvəz yetişdirdən zavallı

 

Xaricə satılan kənd təsərrüfatı məhsullarına görə ölkədə qıtlıq başlamışdı. Amma bu liderin vecinə də deyildi. Bu iddiaların yalan olduğunu sübut etmək üçün saxta meyvələrlə bəzədilmiş ərzaq mağazalarında əlinə bu meyvələri alıb qoxlayır və bütün bunlar TV-dən canlı yayımlanırdı. Çauşesku 80-ci illərin sonlarında SSRİ lideri Qorbaçovun başlatdığı islahatları  görməməzliyən vurmuş, ölkəni tamamən qapatdırmışdı. Zatən xaricdəki heç bir siyasi analitik də ( şah olayından dərslərini alan amerikalılar xaric olmaqla) məxfi polis xidməti Securitate-yə arxasını söykəyən Çauşeskunun asanlıqla ipləri buraxacağına inanmırdı. Lakin qısa zamanda yanıldıqlarını anlayacaqdılar.

Daha öncə liderlərinə ciddi şəkildə etiraz etməyən rumın xalqı Çauşeskunun 17 dekabr 1989-cu ildə Temeşvarda nümayiş keçirən xalqa atəş açdırmasıyla ayağa qaldı. Bir anda anbarın divarını yıxan, sel suları kimi coşub daşan kütlənin başlatdığı üsyan dalğası ölkənin hər yanına yayıldı. Bir ay öncəyə kimi minlərlə fəhlə əllərində portret və bayraqlarla 71 yaşlı liderin yenidən Kommunist Partiyasının baş katibi seçilməsini qeyd edən marşlar söyləyirdi.  Amma bir anda dövran dəyişmiş, silah və təzyiq gücüylə marşlar söylədilən fəhlələr, nəhayət, öz azadlıqlarını hayqırmağa başlamışdılar. Təəccüblənən diktator 21 dekabrda bir daha xalqa səsləndi. Ilk dəfə onu fitə basan kütləni görəndə yaşadığı təəccüb dünya mediasına düşən ən unudulmaz görüntülərdən biri olacaqdı.

 

 

Üzərinə adyal örtülən dramatik bir həyat

 

 

Başlanğıcda xalqa atəş açan ordunun bir anda yön dəyişdirməsiylə Securitate agentləri və Çauşesku cütlüyü ortalıqda qalmışdı. Kiçik müqavimətdən sonra Securitate də məğlub oldu. Çauşesku və arvadı qaçmağa çalışarkən yaxalandılar. Elena “Mən sizin ananızam!” deyib yalvarmasına baxmayaraq inqilabçı əsgərlər 25 dekabr 1989-cu ildə cütlüyü divar dibində güllələdi. Qurduqları “xəyal imperatorluğu” başlarına yıxılmış, qanlı cəsədlərinin üzərinə yaşadıqları dəbdəbəli həyatlarıyla təzad təşkil edən adyal örtülmüşdü. Keçmiş Rumıniya o adyalların altında qalmışdı. Sonsuzadək…

 

Ölümü sevdiyi komandirin əlindən oldu

 

Çauşeskuların cəlladı ən sevdikləri komandirlərin arasından çıxmışdı: General Victor Stanculescu. Elena Çauşeskunun  “ingilis centelmeni” adlandırdığı Stanculescu eyni zamanda Temeşvardakı etirazları yatırtmaq üçün xalqa atəş açan dəstənin komandiri idi. Inqilabın gedişatı ilə fikrini dəyişdirmiş və liderin ölüm əmrini özü vermişdi. Onun əmriylə cütlüyün hər birinə 60 güllə vurulmuşdu.(xeber365.com)

 

Hazırladı Emin Piri

Yazıya 656 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.