Zülmətdə yol gəzən bu kor dünyanın,
İNSAN, sakinisən sən gor dünyanın…
Oğulsan bu məyus, dilxor dünyanın,
Könlünü al, kefi yoxdu…
Arzunun sonuna çatsan – dünyadı,
Göyə çıxsan, yerə batsan – dünyadı,
Bu dünyada hara getsən dünyadı,
Bu dünyanın dibi yoxdu…
Başımda qaldı ki, ağıl?… danışım,
Bir şirin söz deyim, noğul danışım,
Gəl sənə bir gerçək nağıl danışım,
Bu nağılın divi yoxdu…
… qalxar səmalara, itər dərində,
“Alar qadasını” xeyrin, şərin də,
Yatıb gecələyər öz şeirində –
Şairlərin evi yoxdu…
***
Başdaşı…
Tale üzə gülmür ömrün qışında,
Həyat balıq kimi əldən sürüşür.
İnsan şəkilləri qəbir daşında,
Nədənsə həmişə qəribə düşür…
Üstə doğum ili, ölüm ili var,
Bir bəndlik şeir də gor nəğməsidi.
Məni qınamayın, başdaşı sanki,
Ölənin “şəxsiyyət vəsiqəsidi”…
Min illik sualın cavabı varmı?
Ruhum candan çıxdı, ağlım da başdan.
Görəsən bir zərrə savabı varmı,
Ölənin başına bu boyda daşdan?
O kimin yaşıdı, çatsın yaşına,
Yönünün yöndəmi, təhəri yoxdu.
“Allahlıq edirsən” sinə daşına,
Allahın heç səndən xəbəri yoxdu…
… Sanma özüm boyda dağam, qüruram,
Sənin daş qürurun ruhumu əzir.
Vallah, ayaq üstə güclə dururam,
Mənim başdaşılıq halım nə gəzir?…
Yazıya 482 dəfə baxılıb