Ən gözəl qadınlar gündüzlər gülüb,
Gecələr gözləri yaşla dolurmuş.
Ən gözəl qadınlar sevgidən məhrum,
Ən gözəl qadınlar tənha olurmuş.
Taleyi əzəldən qara gətirir,
Ömrünün cavanlıq çağın itirir.
Həyatın ən gözəl bahar çağında
Qəlbində qəm əkir, kədər bitirir.
Ən gözəl qadınlar ən gözəl sevər,
Amma ki, sevilməz sevdiyi qədər.
Xəyanət acısı sızladar qəlbin,
Bu nəcür yazıdı, bu nəcür qədər!?
Ən gözəl qadını tanrı qısqanar,
Ən gözəl qadını tanrı sevməzmiş.
Ən gözəl qadına sahib olan kəs,
Heyif ki, qədrini heç vaxt bilməzmiş.
Ən gözəl qadınlar gündüzlər gülüb,
Gecələr gözləri yaşla dolurmuş.
Ən gözəl qadınlar sevgidən məhrum,
Ən gözəl qadınlar tənha olurmuş.
***
“Unutmuşam”
Mən dünyanın ən gözəl,
Adını unutmuşam.
Unutmaram dediyim,
Qadını unutmuşam..
Unutdum əllərini,
Gözlərini unutdum.
Qəlbimi əsir edən,
Sözlərini unutdum..
Mən ana laylasının,
Dilini unutmuşam.
Mən dünyanın ən gözəl
Gülünü unutmuşam..
Dadmadım öpüşünü,
Tutanmadım əlini.
Unutdum hərşeyini,
O məxməri telini..
Mən onu unutmazdım,
Unutdurdu özünü.
Unut məni demişdi,
Axır tutdum sözünü.
Ağrılarım can verir,
Dözümü unutmuşam.
Onu unudan gündən
Özümü unutmuşam..
Əgər unutmuşamsa,
Niyə ondan yazıram?!…
***
Mən səni payızda sevməzdim gərək,
Çiçəklər açanda yazda sevəydim.
Bir susqun baxışda sevməzdim gərək,
Min işvə-ədada, nazda sevəydim.
Mən səni payızda sevməzdim gərək,
Payız sevgiləri nakammış demə.
Mənim payız eşqim bilməzdim dönər,
Qəlbimdə ağrıya, gözümdə nəmə.
Mən səni payızda sevməzdim gərək,
Ağaclar bezərmiş öz yarpağından.
Mən də bu payızda asdım özümü,
Sınmış ümidlərin qol budağından.
Mən səni payızda sevməzdim gərək,
Biraz da səbr edib, qışda sevəydim.
Bu payız ömrümü geri döndərib,
Mən səni on yeddi yaşda sevəydim.
Mən səni payızda sevməzdim gərək,
Payızda intihar edərmiş təbiət.
İlahi eşqləri büküb xəzana,
Özüylə götürüb gedərmiş təbiət.
Biz gərək payızda tanışmayaqdıq,
Mən payız adamdım, sən payız qadın.
Payıztək soldurduq bu məhəbbəti,
Çıxara bilmədik bu eşqin dadın.
Yaxşı ki, payızda sevmişəm səni,
Yay eşqi, yaz eşqi eşitdinmi heç!?
Sevgiyə ağlayıb yağışın altda,
Sən də mənim kimi üşütdünmü heç!?
***
“Darıxarsan sevgimə”
Yadındamı de gəlişim, su olub
Yollarında durulmağım, axmağım!?
Milyon-milyon xatirələr içində,
Yada düşər gözlərinə baxmağım…
Darıxanda oxuyarsan şeirimi,
Sətir-sətir, heca-heca sevdiyim.
Tək qalanda otağında kimsəsiz,
Yada düşər səni necə sevdiyim.
Nakam qalan məhəbbətə üzülmə,
Əsil sevgi nakam qalar, birdənəm.
Bəlkə də bu bir qanundur əzəldən,
Sevən ürək vaxtsız solar, birdənəm.
Yığılanda, üşüyəndə əllərin,
Qoy cibinə görən olar əzizim.
Əlimdən də tutmadın ki, bir zaman,
Əllərini isidəydi əl izim.
Bilməliydim insan belə sevməzmiş,
Sevginin də qədəri var, həddi var.
Bir qadını Allahdan çox sevəndə,
Allahın da bu sevgiyə qəsdi var…
***
Sevmə məni gözəl qadın,
Düşündüyün kəs deyiləm.
Yuxularda gördüyün üz,
Eşitdiyin səs deyiləm.
Sevmə məni odlanarsan,
Pərvanətək şəm odunda.
Dəli qadın adlanarsan,
Bucür nakam eşq sonunda.
Sevmə məntək qəlbi daşı,
Daş ürəkdə sevgi olmur.
Eşq yolunda məntək naşı,
Kor gözlərdən güzgü olmur.
Sevmə məni, mən küləyəm,
Küləklərdə vəfa olmur.
Əsib darar yad saçını,
Öz yarına şəfa olmur.
Sevmə məni gözəl qadın,
Düşündüyün kəs deyiləm.
Yuxularda gördüyün üz,
Eşitdiyin səs deyiləm.
***
“Elə bil deyiləm mən bu dünyadan”
Elə bil deyiləm mən bu dünyadan,
Birazca qəribəm, biraz özgəyəm.
Ömrüm çilik-çilik səpələnibdi,
Sınıq bir şüşəyəm, sınıq güzgüyəm.
Bir yetim görürəm, sevgidən yetim,
Baxanda əksimə aynada hərdən.
İz salıb üzümə vaxtsız qırışlar,
Hürkürəm üzümdən yağan kədərdən.
Gözlərim saatda, bitirdi həyat,
Qəflət yuxusundan heç oyanmadan.
Əqrəblər ömrümdən ötən illərdi,
Qovurlar bir-birin hey dayanmadan.
Hərşeyin dönüşü olur, bilirəm.
Qaytarar ömrümü aparan saat.
Bir qadın sevgisi gətirər müjdə
Onun qollarında doğular həyat.
***
“Payız ömrü”
Hər payızın gözü yaşlı günü var,
Yarpaqları damcı-damcı tökülər.
Ayrılığın dəmi yaman tünd olar,
Ayılanda gözlər yola dikilər.
Gedən gəlməz, payız həsrət rəmzidi,
Səadətlər qaranquştək köç edər.
Doqquz ayın sevgi dolu ömrünü
Payız gələr bir gecədə heç edər.
Unudulmaz payız ömrü insanın,
Hər sağlığın son badəsi payızdı.
Nakam qalmış məhəbbətin, sevginin,
Hırçın-hırçın ifadəsi payızdı.
Bizdə düşdük kəməndinə fələyin,
Tora saldı bizi payız gecəsi.
Payız sehri ovsunladı sevgini,
Bədbəxt oldu beləliklə neçəsi.
Daha mənə doğma gəlir hər payız,
Hər payızda səni anıb içirəm.
Bu payızın soyuq keçir günləri,
Yarpaq-yarpaq bu dünyadan köçürəm…
***
Mən payız fəsliyəm, saralmış, solmuş
Məndə yaz ətrini axtarma gülüm.
Yarımçıq yazılmış sevgi şerində,
Xöşbəxtlik sətrini axtarma gülüm.
Axtarma hərarət buz əlllərimdə,
Sənidə dondurar bircə toxunuş.
Nakam taleyimdən söz açar mənim,
Hər kövrək musiqi, qəmli oxunuş.
Nə sevdir özünü, nə də məni sev,
Uzaq dur bu miskin, bədbəxt adamdan.
Kimsəsiz adayam, tərk edilmiş ev,
Heç bayquş səsi də gəlməz bu damdan.
Axtar xöşbəxtliyi, axtar özgədə,
Sil məni bir yolluq sən yaddaşından.
Adını saxlaram min il keçsə də,
Toyuq dimdiyində dən yaddaşımda.
***
“Gedirəm indi”
Keçmiş günlərini unutman üçün,
Gözündən yaşları qurutman üçün,
Qəlbini sevgimlə ovutman üçün,
Gəlmişdim ömrünə, gedirəm indi.
Sənə xoş xatirə yaşatmaq üçün,
Qəlbində bir ümid işartmaq üçün,
Özüm öz gözümü yaşartmaq üçün,
Gəlmişdim ömrünə, gedirəm indi.
Mən sənə sevgini tanıtmaq üçün,
Mən səni bir ömür yarıtmaq üçün,
Mən sənin yaranı sarımaq üçün,
Gəlmişdim ömrünə, gedirəm indi.
Mən səni qəlbi daş bilməzdim gülüm,
Bilsəydim ömrünə gəlməzdim gülüm,
Mən sənin ömründən getməzdim gülüm,
Sən məni ömründən qovursan indi…
Yazıya 9603 dəfə baxılıb