Əbülfət Mədətoğlu – “Məni dəli edən “Dəli Külək”

sona vÜç gündür bir şeirin təsirindən çıxa bilmirəm… üç gündür mənə elə gəlir ki, elimdən, evimdən indi didərgin düşmüşəm… üç gündür mənə elə gəlir ki, Şuşa indi işğal olunub, Tuğ indi yandırılıb… Xocalının ah-naləsi göy üzünə indi bülənd olub… Və üç gündür ki, mən özümə yer tapa bilmədiyim məqamın içində o şeiri təkrar-təkrar oxuyuram. Çünki o şeirdəki bütün ovqat, bütün mənzərə, bütün təsvir və poetik yanaşma dupdurudu, canlıdı, danışır mənlə. Hətta yaxamdan tutub silkələyir, hətta ürəyimin üstündən basır. Və o caynaqlar sıxdıqca ürəyim təkcə göynəmir, hətta qanayır, həm də qan ağlayır…
 “Ədəbiyyat” qəzetinin son sayında Sona Vəliyevanın “Dəli külək” şeirini oxuyub yaşadığım ovqatın içindən çıxmaq üçün bircə yol tapdım. O da həmin o yaşantını sözə çevirmək, oxucu ilə bölüşmək idi. Mən də elə bu imkandan yararlanıb üzümü bilgisayara tutdum və…
 
 Bəri başdan deyim ki, dünyanın hər yerində, o cümlədən Bakıda da, hətta ruhum dolaşan Qarabağda da hər gün külək əsir. Hər gün də o külək ağacları qamçılayır, onların yarpaqlarını yolur. Hətta bəzən zərif qanadlarını qırıb atır yerə. Və biz də bunu görürük. Amma o gördüyümüzü, o əsən küləyi, o çırpılan budaqları, o yolunan yarpaqları bu şeirdəki kimi duymuruq, yaşamırıq. Sona xanım Vəliyeva isə bunu yaşayıb və yaşatdığını da mənə elə hopdurdu ki, mən də yaşayası oldum. Gördüm ki, külək dəlicəsinə yarpağı qoparır. Və sonra onu dəlicəsinə götürüb öz qanadlarında budağından, ağacından çox-çox uzaqlara aparıb atır. Yarpaq yad qapıda, yad ünvanda büzüşüb tapdalanır. Necə ki, bizi ocağımızdanqovdular, elsiz-obasız qaldıq, kökümüzdən uzaq düşdük, tanıyıb-tanımadığımız qapılara üz tutduq. Boynumuz büküldü, qəlbimiz sındı, ruhumuz ağladı. Çünki deyə bilmədik “dayan, ay namərd!”. Amma Sona Vəliyeva üzünü küləyə tutub dedi:
Dayan, dayan dəli külək,
ağacdan ayrılan kövrək,
ürkək yarpaqları hər tərəfə
qovma belə!
Dayan, dayan,
dəli külək…
Anasından, vətənindən,
elindən, obasından
ayırma,
körpə, tifil
yarpaqları…
 Bəli, bax bu mənzərə nə qədər bir-birini tamamlayan bir rəsm əsəridir. Ağac və ondan dəli küləyin alıb apardığı yarpaq… Həmin məqam həm də mənim kəndimdi və bir də ondan uzaq düşən… qovulan mən! Kimsə rəhm etmir nə tifilliymə, nə körpəliyimə, nə də varlığıma… Və mən bunu tale yazısı adlandırmağa cəhd etsəm də inandırıcı gəlmir. Axı öz kökünün üstündə, öz kölgəsinin altında o qədər xəzəl olan yarpaqlar var ki… Nədən mənim taleyimə bu acı düşməliydi?! Bu suala cavab tapmaq üçün yenə şeirə qayıdıram.
“Tale yazısıdır” – deyib,
payız ayrılığına
yarpaq “qırğınına”,
qürbətdə
ölümünə qıyma
bu yarpaqların.
 Amma kimdi buna qulaq asan, kimdi bunu şeirin müəllifi kimi duyan, anlayan? Varmı?! Təəssüf ki, doğmalarımın az qala bütün Azərbaycanda məzar yeri var – Bakıda, Lənkəranda, Beyləqanda, Sumqayıtda və s. Bax, bu məzarları ziyarət etmək də artıq problemdi. Onun üçün güc qalmayıbdı, özü də bütün mənalarda. Məhz buna görə də…
Arxasınca
qopardığın şüvənini, harayını
eşitdinmi ağac ananın.
Qaçqın, köçkün taleyini
yad ağac qapısında
urvatsız ölməyi,
doğmalarsız,
elsiz,
günsüz
dəfn olmağı qıyma bu yarapqlara,
Dəli külək.
Onsuz da dərdimiz, çoxdu,
dayan bir az,
toxta görək!
 Hə, bax elə məni də dəli edən bu məntiqdi, bu gerçəkdi, bu reallığın sözlə çəkilmiş rəsmidi. Və bir də düşünürəm ki, bu şeiri yazan şairin özü də elə o gerçəkliklərin içərisindəki sıxıntıdan qurtulmaq üçün məhz kağıza, qələmə üz tutub, onları şeirə çevirib, mənimlə, bizimlə bölüşüb, ağlayan ruhumuza təpər vermək istəyibdi!..
 Gözəl şeiridi, Sona xanım! Mən bu şeirin ruhuna və sizin qələminizə dərin təşəkkürümü çatdırmaq istəyirəm. Allah qorusun!
Adalet.az

 

Yazıya 462 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.