FİKRƏT SADIQ – ÖMÜR XALISI…

fikret s30 may   şair, publisist, ssenari müəllifi, kino redaktoru,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi , Azərbaycan Dövlət mükafatı laureatı, mənəvi sərvətimiz Fikrət Sadığın doğum günüdür. Bu gün münasibətilə xalqımızı təbrik edirik! 

Dünəndən Sabaha gedir, Bugünlər.
Bizim ömrümüzə düşüb bu günlər
Ömrümüz toxunur, gün-gün beləcə,
İlmə-İlmə üstdən artır dügünlər.

***
«Dördlük» nədir, iki qoşa beytdi.
Bəlkə, oxum daşa dəyib qayıtdı.
Yüz demirəm, qoy on adam oxusun,
Bəlkə ondan birini söz ayıltdı.

***

Tənbəl kipriyilə közü-götürmür.
Özgəni işlədir, özü-götürmür.
Özü yaza bilmir, durub kənarda,
Başqası yazanda gözü götürmür.
***
Nadan tənəsindən yanıb kül oldum.
Gil idim, yenə də dönüb, gil oldum.
Onlar gül içində tikan oldular,
Mən tikan içində bitib, gül oldum.
***
Şairi çox olsa — xəyalat artar.
Xəbisi çox olsa — xəyanət artar.
İnsan ömrü boyu oxusun, gərək
Cahili çox olsa-cəhalət artar.
***
İnsanın insanlıq qədri-azalıb.
Otların, güllərin ətri-azalıb.
Ölmədim bunu da gördüm, a qardaş!
Suni-çoxalıbdır, fitri-azalıb.
***
Bu qədər az qohum, çox yad içində.
Bu qədər ah-nalə, fəryad içində.
Bu insan-bilmirəm, necə yaşayır,
Bu sərxoş, fırfıra həyat içində.
***
Kimsə salıb qiymətləri hamara.
Bazarın da azarı var tumara.
«Damarına baxıb, qan al» – demişlər,
Bu qan alıb, sonra baxıb, damara.
***
Sənə kimdən deyim – böyük Hippokrat,
Həkimlik edəndə içməmişdi and.
Amma, sən and içib, rüşvət alırsan,
Xəstəni həkim yox, sağaldır manat.

***

Əvvəl, zavod vardı, fiti də vardı,
Səhər bizi işə – fit çağırardı.
İndi zavod yoxdur, fit qalıb ancaq,
Fiti fəhlə çalır, çünki bekardı.
***
Neçin susub, Bülbül — dilli Qarabağ,
Neçin solub, xarı-güllü Qarabağ
Başımıza ələnən kül tökülməz,
Hürr almasa əgər külli-Qarabağ.
***
Göydən nida gəldi, «İnsan, çək dərdi!»
Yoxsa, insan dərdi necə çəkərdi?
Mən aciz, öləri insandım – dözdüm,
Dağa çəkilsəydi bu dağ, — çökərdi.
***
Tanrının gözündə kim nə qədərsə,
O qədər, bəxt verir həmin o, kəsə.
Lap cüzi olsa da əlindən alar,
Əgər, həmin adam qədir bilməsə.
***
Babam, doğrudan da Xankişi idi.
Rəhmdarlıq onun bir işi idi.
Bir qərib ustaya öz həyətində
Yer ayırıb, ev də tikdirmiş idi.
***
Dünya susur, boşalsa da, dolsa da,
Dərd eləmir gül açsa da, solsa da,
Dünya eynən hind kinosu kimidir,
Rəqs eləyir günü qara olsa da.
***
Olduğu tək, deyildir hər görükən,
Üzü gülür, gözü qan-yaş tökürkən.
Tanrı, özü belə görüb Dünyanı
Bir daşı ağ, biri qara hörürkən.
***
İnsan var, insandır – qılığı yoxdur.
Dənizdir – içində balığı yoxdur.
Yaralı barmağa məlhəm əsirgər,
Dərzidir – iynəsi, qıyığı yoxdur.
***
Sürücülər çox sürətlə sürürlər.
Hörücülər çox sürətlə hörürlər.
Çox sürətli tələsməyin sonunu,
Görücülər çox sürətlə görürlər.
***
Çavuş öyrədir ki, mənim kimi ol!
«Sabah asan olar sənə çətin yol»
Amma, zaman keçir, baxıb görürsən
Çavuş özü bilmir, hardadır sağ-sol.
***
Biri vardı, biri yoxdu – nağıldı.
Biri vardı, biri yoxdu – ağıldı.
Ağıl gəldi özüylə, dərd gətirdi,
Biri vardı, biri yoxdu dağıldı.
***
Yığışır başıma axşam nəvələr,
Sağ yanımda Zaur, solumda Ülkər,
Kamran, Sevil, Toğrul – evdə qaçışır,
Bir günüm-bütöv bir ömürə dəyər.
***
Nədən, nadan olduğunu bilmir nadan?
Çünki, nadan ömür boyu qorxub nədən.
Əgər, cavab tapsaydı o nədənlərə,
Aqil olub kam alardı zəmanədən.
***
Haqq yolunda əzaba döz, zülüm çək!
Haqqı sevən, haqdan kömək görəcək.
Görmədinmi, haqq üçün haqq neylədi,
Peyğəmbəri xilas etdi hörümçək.
***
Gün axır, Ay axır, axır, il axır
Axan vaxt, dayanan vaxt deyil, axı?!
İnsan körpəlikdən axına düşür,
Axır, axır, axırda, və ilaxır…
***
—Daha nə var, nə yox həyatımızda?
—Yeniyə qarışıb boyatımız da!
Hələ də sınmayıb rusun tilsimi,
Hələ də «ov» qalıb soyadımızda.
***
Yarpaqlar üçünmüş payız yağışı.
Yarpaqlar payızda köçə yığışır,
Xəzələ dönməzdən əvvəl yuyunur,
Sonra xışıltıyla yerə axışır.
***
Gedir misra misranın əlindən tuta-tuta,
İlmə ilmənin üstdə, buta yanında buta,
Birləşib bir olublar, bütöv olan şeirimin,
Ayağı yerə bağlı, başı dəyir buluda.
***
Zəmanənin üzü yaman dönübdü,
Məhək daşı itib, meyyar sönübdü.
Şərqi-Qərbi heyran qoyan şeirimiz,
Füzulidən meyxanaya enibdi.
***
Öz qəsdinə duran dövrana bax bir!
Gör, hara gətirib bizi çək-çevir.
Oğulların başı kefə qarışıb,
Dolub analarla qocalar evi.
***
Dərd gəlib – dərdi yardı – qəlbimdə.
Gör, necə bəxtiyardı – qəlbimdə.
Bir qarış yer vermədi Sevincə,
Halbu ki, boş yer vardı – qəlbimdə.
***
Mən elə bilirdim gənc paxıl olar.
Demə, müsibətmiş qoca paxıllar.
Gəncin paxıllığı yaz yağışıdır,
Qocada qocaman kin-kudurət var.

***
Dünyanın beli bükülsə, iki qatlansa xəritə,
Yerdə hər yer hamar olar dağlar dərələri örtər.
Dərələr örtülər bəlkə, dərdlər bütöv qalar, amma,
Lap dörd qat da olsa belə azalmaz dünyadan dərdlər.
***
Çoxalıb şəhərdə yalançı ağac
Alminium yarpaqlı, gödək, qıvrımsaç.
Bəs, yaşıl ucaboy ağaclar hanı?
Hanı, Eldar şamı, hanı Qarağac?
***
Gəl, işıq saç, göz qamaşdır, cilvə at!
Sənin bir cilvənə, dəyməz bu həyat!
Baxışından ürəyimə od düşür
Yandır, yansın-nədir, bunca ehtiyat?
***
Qədim qapı zəngi imiş «Daqqulbab»
Taqqa-taqqa yalnız edər qapı tab.
Qapı əgər döyülməsə açılmaz,
Mütiliyi eləyibdi intixab.
***
Hamam hamam içində, xəlbirsaman içində,
Kəsirlər tam içində, tam da zaman içində.
Söz de, bişmiş adama, qanan adama söz de!
Söz demə, xam içində, dinmə avam içində.
***
Kimdir arif, kimdir dəli, bilinmədi.
Kimə «xeyir», kimə «bəli», bilinmədi.
Hay-küy düşdü, əl üstə əl qalaqlandı
Əl üstündə kimin əli, bilinmədi.
***
Bu adam rüşvəti hədiyyə bilmir.
Bu da «yox» yerinə, «hə» deyə bilmir.
Bu adam qaz vurur qazan doldurur,
Bu adam qaz pulu ödəyə bilmir.
***
Söz yazanda, söz deyəndə geri dön, yan-yörəsinə, bax!
Sözü sındır, içinə bax, ötəsinə-bərisinə bax!
Kərəsinə, kürəsinə, baxıb, sonala sözü sözdən,
Mənasına, nədəninə, niyəsinə, görəsinə, bax!
***
Köhnə yaradan qan axır, cunanın günahı nədir?
Kür çayı Sonadan küsüb, Sonanın günahı nədir?
Yandıranın günahı var, yananın günahı nədir?
Qanmayan qanmır qanmasın, qananın günahı nədir?
***
Göz yaşım ürəkdən süzülüb, keçib.
Hər damla əyilib qandan su içib.
Ondan, – göz yaşımın qabığı sudur,
Amma, hər damlanın al qandır içi.
***
Köhnə fikir, təzə libas geysə – cəhalət!
Köhnə fikir, köhnə libas geysə – ətalət!
Təzə fikir, köhnə libas geysə – əsarət!
Təzə fikir, təzə libas geysə – cəsarət!
***

Sən yanğınsan, yandır muğam, yan muğam!
Yan, oynasın damarımda qan muğam!
Günəş kimi Şərqdən doğan sehrsən,
Xaqan muğam, Sultan muğam, Xan muğam!

Yazıya 505 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.