“Kor olma! Göz önündəki gerçək günahı gör – tam çılpaqlığıyla ruhunu saran günahı! Qeybət cinayətdir!”
– Budur, o, indi ancaq mənim haqqımda düşünəcək. Həm də gecə-gündüz, dayanmadan, fasiləsiz – deyə, Aygün düşündü. Taksi şoferinin təsadüfən açdığı radioda çox gözəl, həzin bir eşq musiqisi səslənirdi. Sanki bu dəqiqə hər şey – özəlliklə musiqi Aygünün hislərinə həmdəm, şirin xəyallarına – film kimi göz önündə canlanan eşq dolu macəralarına bir “fon” idi. Bəli. Aygün indi çox duyqusaldı. Həm də heç vaxt olmadığı qədər. Özü də hiss etmədən başını dayadığı avtomobil pəncərəsinə sanki gur-gur yağan bir yağış təsiri bağışlayırdı gözlərindən axan yaşlar…
– Axı niyə getdi ki?! Məgər heç bir çıxış yolu yoxmuydu?! Yox. Əlbəttə vardı. “Vətən borcu” deyə, insan öz sevdiyini atıb gedərmi? Məncə, yox!… – bax beləcə dəli-dəli hislərin təsiriylə düşünürdü Aygün. Bəli. Sevdiyi, canından çox istədiyi oğlan – gələcək həyat yoldaşı Orxan fövqəladə hərbi çağırışla birlikdə cəbhəyə yollanmışdı. Aygününsə Orxanın hislərini, milli təfəkkürünü anlamağa hövsələsi çatmırdı. Bəlkə də anlamaq istəmirdi. Ola bilər məhz belə idi. Qəlbinin dərin qatlarına nüfuz etmiş bu böyük sevginin divanəsi olan Aygün artıq sağlam düşünə bilmirdi…
Son günlər televiziyada düşmənin aramsız sərhəd pozuntularından bəhs edirdilər. Ölkə başçısı və müdafiə nazirinin çıxışlarında isə ancaq eyni sözlər eşidilirdi: “tezliklə düşmən layiqli cəzasını alacaqdır!”.
– Ehh… Nə düşmən, nə layiqli cəza… – heç nə maraqlandırmır məni. Məni yarsız qoyan hər kəs, hər şey görüm elə lənətə gəlsin! – deyə, fikir dumanında boğulan Aygün qəfildən ona toxunan bir yad əlin təsirindən dik atıldı. Həmin istiqamətə döndüyü zaman əlin sahibinin taksi şoferi olduğu anladı. Yazıq kişinin çöhrəsində çarəsizlik və utancaqlıq ifadəsi vardı. Haçandan-haçana qız anladı ki, fikirdən-xəyaldan oyana bilməyən Aygünə şofer dəfələrlə səslənmiş, ancaq faydalı ola bilmədiyindən çarəsiz qalıb arxaya dönüb onu əliylə ayıltmaq istəmişdi.
Bəli. Maşın artıq deyilən ünvana gəlib çatmışdı. Aygün çox yubanmadan şoferin haqqını verib endi. Əvvəllər ona şirin bir xəyal dünyasının beşiyi kimi görünən bu “pənbə pancarlı” evi indi ona daha çox sıxıcı və qorxunc görünürdü. Bəlkə də Orxandan sonra yalnız qaldığı üçün belə hiss edirdimi, bilinməz, amma Aygünü indi daha çox can yoldaşının, sevgili ərinin nə zaman qayıdacağı düşündürürdü. Sıxıla-sıxıla qapıya yaxınlaşıb cibindən açarı çıxarıb açdı. Evə daxil olduğu zamansa daha çox sıxıldı və biranlıq hətta başının gicəlləndiyini də hiss etdi. Evliyinin üç aylığı olmasına baxmayaraq indi o daha çox illərlə bəraət almasını gözləyən bədbin bir məhbus kimi hiss edirdi özünü…
Düz üç ay əvvəl hər şey necə də gözəl idi. Aygünlə Orxanın toy mərasimində hər kəs vardı. Qohum-əqrəbanın, dost-tanışın sevincinin həddi-hüdudu olmasa da, onlar Aygünlə Orxan qədər sevinmiş olamazdılar yəqin ki…
Son bir ildə nə qədər yol keçmişdi bu iki divanə aşiq: Orxanın ali təhsilli, olduqca zəngin bir ailədən olması, tam əksinə Aygünün kasıb və təhsilsiz bir ailədən olması ailə başçılarının bu evliliyə razı olmasına mane olurdu. Çox get-gəl, mühasibə, isrardan sonra nəhayət ki, gənc aşiqlər valideynlərini hər şeyə rəğmən – “camaat nə deyər!” düşüncəsini yenərək razı sala bildilər…
Bəli. Bəzən biz topluma o qədər bağlı oluruq ki, (həm də mənasızca) özümüz hiss etmədən bir müddətdən sonra “camaatın” köləsi halına gəlirik. Bütün şəxsi istək və arzularımızın üzərindən “xətt çəkirik”. Həyat necə də zalım olur bəzən…
Toy təzəcə olmuşdu ki, Orxanın işi və arzularına görə cütlük ölkə xaricinə – qonşu və qardaş məmləkət Türkiyəyə getməli oldu. Ancaq o zaman Aygün hələ Azərbaycan Türkü olan ərinin Türkiyə vətəndaşı olduğunu bilmirdi. Bilmir nədəndir, amma şəxsiyyət vəsiqəsinə bir dəfə də olsun baxmamışdı ki. Yəqin Orxanın eşqi romantik roman və filmlərdə deyildiyi kimi “kor etmişdi onu”. Bəli sırf bu məsələ cəmi üç aydan sonra onların cənnət həzzi timsalı gözəl həyatını bitirdi…
– Ancaq o, mənə gizli hərbi kəşfiyyatçı olduğunu deməmişdi ki. Mən onun sadəcə Müdafiə Nazirliyində katib olduğunu bilirdim. – deyə, öz-özünə deyinərək kefsiz halda mətbəxdə qəhvə hazırlayırdı Aygün. Həm də məşhur “Türk qəhvəsi”.
Bəli. Deyəsən bunu buralara təzə gəldikləri zaman qonşu Simgə “abladan” öyrənmişdi. Ancaq indi onun da bir mənası yoxdu ki. Son üç ayda fikirdən bir neçə kilo arıqlamış, hər zamanki ay çöhrəsindən əsər-əlamət qalmamışdı. Ancaq yaxşı ki, qonşu Simgə “abla” vardı da, Aygünü darıxmağa, haldan düşməyə qoymurdu. Hətta “niyə evdə oturursan, ev adamı çökdürür!” deyə, onu necə deyərlər “qaza gətirmiş” və yaxın məhəllələrin birində gözəllik salonunda işləməyə razı salmışdı.
Ancaq bütün bu olanlar, yeniliklər Aygünə yaxşı təsir etmirdi. Birincisi ona görə ki, nə edirsə etsin üç ayda bircə dəfə də olsun nə məktub yazan, nə telefon zəngi edən Orxanı unuda bilmirdi. Əslində Orxan tərəfdən buna imkan olmadığı üçün, Aygün tərəfdənsə “neynir məni, yəqin yad eldə birini tapıb” kimi mənasız emosional düşüncələr idi hər şeyi edən. İkincisi də ki, məlum “camaat”…
Görüm lənətə gəlsin onlar, “camaat” adlanan idbar toplum nə qədər evlər yıxmış, nə qədər canlar almış bu vaxta qədər, həm də ən sadə və olduqca təhlükəli üsulla – dedi-qodu ilə…
Bəli. Hər şey belə başladı: Aygünün bir tanışı bir həftə sonra ona Türkiyədə işlərinin olduğu və mümkünsə onunla bir neçə günlük qala biləcəyini xahiş etdi. Ondan sonra yazıq qızcığaz “camaatın” dilinə bir düşdü, həm də nə düşdü. İş o yerə gəlib çatdı ki, elə başda güvəndiyi, dərdini, sirrini bölüşdüyü Simgə “abla” da qınamağa başladı bu yazıq qızı…
İki həftə sonra… Gün hər zamankindən daha solğun görünürdü. Yazın sonları olmasına baxmayaraq hava nisbətən tutqun idi. Orxan kimsədən xəbərsiz xaricdən dönmüşdü və Aygünə gözəl bir sürpriz etmək məqsədilə evlərinə doğru yol aldı. Ancaq ayağını məhəlləyə qoyar-qoymaz peşman oldu. Aygün üçün aldığı hədiyyəsini də unudub əsəblə qapılarına gəldi…
“Camaat” deyə idbar cəmiyyət fərdi insan xoşbəxtliyinin düşmənidir…
Evə qədər hansı obyektin önündən keçirdisə Orxanın sevinci kədərə, Aygünü görmək istəyi əzablı bir sona çevrilirdi. Və nəhayət bir çoxları kimi o da “camaatın” qurbanı oldu…
Rayon polis şöbəsinə təcili bir xəbər gəldi. Cinayət işinin hərbi kəşfiyyatla bağlı olduğu bilindikdən sonra (Orxanın kəşfiyyatçı olması səbəbiylə) Təhlükəsizlik Orqanı işi öz üzərinə götürdü və hələ yeni-yeni işə öyrəşən, aldığı tapşırıqları həvəslə yerinə yetirən gənc məmur Mete Aydın hövlanak hadisə yerinə yollandı…
Mənzərə olduqca ürəkağrıdıcı, əzabverici idi. Gənc Aygün vanna otağının qapısında, Orxan dəhlizlə yataq otağının arasında, Aygünün gənc qonağı isə düz pəncərənin ağzında vurulmuşdu…
İş bir həftə sonra dərin araşdırmadan sonra çözüldü. Və məmur Mete Aydın öyrəndiyi acı həqiqətlər qarşısında heyrətə gəlmiş və “camaata” olan nifrəti birə min artmışdı. Amma olan olmuşdu. Zalım “qeybət” daha bir gənc ailəni məhv etmişdi. Həm də əsasız, sadəcə…
Məsələ orasındaydı ki, nədi-nədi Aygün bu məhlədə yeni olduğundan və gələn qonağı haqda kimsəyə danışmadığından (məcbur idi) “camaat” araşdırmadan, insafsızsa öz “işinə” başlamış, və qəddar “qatil” qeybət “az, görürsən bu yeni gəlini, əri bir həftə deyil getdiyi, amma dinc durmur, həmən özünə aşna düzəldib” və s. kimi iyrənc, idbar, murdar kəlmələrlə yazıq qızcığazı və onun qonağını şübhə altında qoymuşdu. Bir də məsələ vardı ki, bunu elə sərrast və gizlin edirdilər ki, heç Aygünün xəbəri olmurdu ki, bir önləm alsın, kimsəyə nəsə anlatsın və s…
Gənc məmur Mete Aydın bu barədə qəzetlərin birində “cinayət hekayələri” kateqoriyası altına yazdı və hər şeyi olduğu kimi qeyd edərək və öz fikirlərini də qeyd etdi: “nə murdar insanlardır qeybət edənlər!”…
Artıq hər şey aydın idi. Gələn qonaq öz ölkəsində əsgərlikdən (müəyyən şəxsi səbəblər üzündən) yubanırdı. Ona görə çarəni Aygünün yanına gəlməkdə görmüşdü (ailəsi ilə məsləhət edəndən sonra). Aygün də biri eşidər gedib konsulluğa filan xəbər verər deyə kimsəyə onun kimliyi və niyə gəldiyi haqqında danışmırdı. O, isə zalım “camaatın” damğaladığı kimi nə qızın yeni məşuqu, nə köhnə sevgilisi, nə də başqa biri deyildi. Sadəcə Aygünün özündən iki yaş balaca qardaşı idi. Bəli. Nəticə necə də ağlasığmaz və tükürpərdicidir elə deyilmi?!…
Qısqanc ər Orxansa hərbi işin stressindən və məhəllədə eşitdiyi iyrənc ittihamlardan sanki bihuş olmuş, necə deyərlər “basaratı bağlanmışdı”. O da araşdırmadan, həqiqətə varmadan qapıya yaxınlaşan kimi silahını çıxarıb içəri daldı. Qapının açıq, qızın duşda olması beynini yeyən şübhə “parazitlərinin” çoxalmasına, arxasını çevirib çölə baxan Aygünün gənc qardaşı Teymurun yad bir kimsə olduğuna inanmasına və hər şeyin bir neçə saniyədə bitməsinə gətirib çıxardı. Artıq Teymurun mağazadan yeni gəldiyi üçün qapını unudub açıq qoyduğu və Aygünün də istirahət günü olduğunu fürsət bilib çimməsinin bir mənası qalmamışdı…
Gənc məmur Mete Aydınınsa olayı necə və kimlər vasitəsilə çözdüyü isə naməlum idi. Deyəsən sonsuzadək də elə qalacaqdı…
Deyilənə görə, Aygün can verərkən peşmançılıqdan özünü də vuran əri Orxanın gözlərinə son dəfə sevgi və böyük istəklə baxıbmış. Ona görədir ki, bəlkə də, mərhumun gözləri Orxan istiqamətində açıq qalmışdı. Ürəyinin istiliyi və yaşam nişanəsi isə çoxdan yox olmuşdu. Həm də əbədilik…
Yazar qeydi: Qeybət cinayətdir, qeybət edən hər kəs də qatı cinayətkar. Heyif ki, zamanımızda qeybətə iş düşmür. Yoxsa mən hakim olsaydım, hər kəsin arxasınca mənasızca, iyrənc-iyrənc danışıb insanları narahat edən kəslərə ömürlük həbs cəzası verərdim!
Yazıya 476 dəfə baxılıb