Adətən, iki gözəllik bir yerə düşmür. Ayda xanımdan isə Tanrı lütfünü əsirgəməmiş, onu həm gözəl, həm də ağıllı yaratmışdı. Şöbənin kişi bölümü ona heyran qalır, qadın qismi həsəd aparırdı. Bu iki silahdan hansı daha qabarıq görünürdü? Qərar vermək çətindi. O, susanda gözəlliyi, danışanda biliyi, ağlı, zəkası önə çıxırdı. Qadınların çoxu üzdə özlərini ikinci sırada gördüyünü etiraf etmir. Amma bu şöbədə işləyən hər bir qadının qəlbinin dərinliyindən gizli bir arzu keçirdi: “Kaş Aydanın yerində mən olaydım”. Yaşından asılı olmayaraq hər bir kişinin də ürəyinin dərinliyindən bu arzunun əks tərəfi keçirdi: “Kaş Ayda xanım mənim olaydı”.
Ayda xanım xasiyyətcə nikbin adam idi. O, ətrafdakılara da xoş əhval-ruhiyyə aşılamağı bacarırdı. Ona olunan sorğuları cavabsız buraxmır, gərəkli məsləhətlərini əsirgəmirdi.
O, mütaliəni sevirdi. Daim elmi yükünün qayğısına qalırdı. Maraqlı məqalələrlə qəzet və jurnal səhifələrində görünür, televiziya kanalları vaxtaşırı onu verilişlərinə dəvət edirdi. Şöbə müdiri elmi məqalələrini, edəcəyi məruzələri ona oxutdurur, qeydlərini nəzərə alırdı. Özünün də elmi dərəcəsi vardı – halaldan halal.
Gözlənilmədən kadr dəyişikliyi baş verdi. Günlərin birində şöbədən bir nəfər getdi, onun yerinə başqa bir nəfər işə qəbul olundu.
Bu, başqa bir nəfər subaylıq-sultanlıq bölümünün yuxarı qatını yaşayan Cabir adlı bir oğlan idi. Şöbə əsgəri xidmətə çağırılanların həkim komissiyasını andırırdı. “Həkimlərin” sınayıcı nəzərlərindən keçmək çox vaxt aparmadı. Rəy müsbət oldu. Cabir boy-buxununa, sağlamlığına, elmi potensialına, tapşırıqları yerinə yetirmək bacarığına görə xidmətə yararlı sayıldı.
Cabir vəzifəsini də bildi, alacağı maaşı da. Lakin gözlənilmədən dəli bir hiss, buna “sevda” deyirlər, onun çiyinlərinə qazancı əzab olan bir vəzifə də qoydu. O, sanki nağıl dünyasından gəlmiş kimi görünən Ayda xanıma bir könüldən min könülə aşiq oldu.
Bu sevgi Cabirə nə vəd edirdi? Ailə həyatı, yoxsa, sadəcə, aşiq-məşuqluq? Kəsdirə bilmirdi. Sevgi dumanı içində yolunu itirmişdi. Bircə onu bilirdi ki, Ayda xanımla bir yerdə olmaq istəyirdi.
Ayda xanım da ki, ya heç nəyi görmürdü, ya da hər şeyi görürdü. Ancaq o, əvvəlki təmkinini pozmur, şahanə qadınlıq qürurunu qoruyurdu.
Cabir bunu başa düşürdü. Sevgi savaşını əksərən kişilər başlayır. Deməli, gec-tez sərhəd pozulacaq və Cabir bu cəsarətli addımı atacaqdı. Könül fəthi onun adına yazılacaqdı.
Cabir cəsarətlənəndə guya onu görmür, başqa qadınlara tərifi bol komplimentlər yağdırırdı. Təzə, cavan işçinin diqqətini, mədəniyyətini yüksək qiymətləndirən xanımlar qarşı tərəfə təşəkkürlərini bildirir, həzz duyğusu səmasında qanad çalırdılar. Belə hallarda kompliment ustası gözünün ucu ilə də olsun, atəşindən yandığı məxluqa sarı baxmırdı: “Məni yandıranı cavabsız qoymayacağam. Mən də onu “rəqiblərini” qaldırmaqla yandıracağam. Yazığam axı, qapını açıq saxlasın, qoy mən də addım atım”.
Ayda xanım Cabir tərəfdən yağdırılan bu xoşniyyətli atmacalara əhəmiyyət vermirdi.
Bir dəfə tərif yağışından sonra (qadınlar tərif yağışından qorunmaq üçün çətirə ehtiyac duymurlar) Ayda xanımın yanından keçən Cabir pıçıltı ilə dedi:
– Narahat olmayın, dediklərimin heç biri sizə aid deyil.
Ayda başını qaldırıb cavan oğlanın sözləri müqabilində heç nə demədi, sadəcə, mehribancasına gülümsündü. Bu dilsiz təbəssümün bircə mənası vardı: “Yalan danışıb özünü yorma, bilirəm, deyilənlərin hamısı mənə aiddir”.
Cabir məqam düşəndə Ayda xanımı bir an içində süzür və bu an qadın bədəninin cazibəsi, uyarlı biçimi onu tilsimə salırdı. Dodaqlarına şirə axtaran arı acgözlüyü ilə baxırdı: “İlahi, bu bal pətəyinin tamına baxmaq mənə nəsib olacaqmı?”. Qadın hissiyyatının gücünə bax… Həmin anda Ayda xanım dodaqlarını tərpədirdi.
Pozalar insan gözəlliyinin sərgisidir. Ayda xanım oturanda gözəl görünürdü. Ayaq üstə duranda gözəlliyi bir az da artırdı. Yeriyəndə dolu qıçları tamam başqa cür gözəl görünürdü. Bir dəfə Cabir eyhamla nəyisə anlatmaq istədi:
– Məndə güclü görücülük qabiliyyəti var. Divarın bu tərəfindən baxanda o tərəfini görə bilirəm.
– Eləmi?! – bu bir kəlmə Ayda xanımın deyilənə reaksiyası idi. Sonra daxili düşüncə müəmmanın açımı ilə məşğul oldu: “O, paltarımın üstündən baxsa da, çılpaq bədənimin necəliyini gördüyünü nəzərimə çatdırır. O, addım-addım irəliləyir. Təhlükə yaxınlaşır. Onu sındırmadan durdurmaq lazımdır. Birdən məni də öz alovuna yandırar, kələfin dolaşığını açmaq mümkün olmaz”.
Cabir hiss edirdi ki, onun Ayda xanıma münasibəti birtərəflidir. Ancaq iş yoldaşına olan sevgisini sakitləşdirə bilmirdi. Həm də ona elə gəlirdi ki, yüksək keyfiyyətlərə malik olan bu gözəl xanım onun dəyərini dəqiq verən bir bəylə ömürdaş olmalıdır. Bu məsələlər olub keçmiş, hər şey arxada qalmışdı. Yəqin, incə zövqlü xanım ömür sevdasında səhvə yol verməmiş, özünə layiq yar seçmişdi. Cabir cəhd etsə də, reallığı qəbul edə bilmirdi. Gülməli də olsa, Aydanın ailəli olması fikri ilə barışmırdı. Halbuki, hamı bilirdi ki, Ayda xanımın Vasif adlı əri, iki övladı vardı. Qadın seçimindən, həyatından o qədər razı idi ki, bu xoşbəxtlik, vaxtın onu yaşlı göstərməsinə “icazə” vermirdi. Cabir bu halda da Aydanı qız kimi təsəvvür edir, bütün üstün cəhətlərinə görə onu ancaq özünə yaraşdırırdı. O, Aydanın xoşbəxt ailəsi ilə bağlı söhbətlərdən yayınır, dərhal otağı tərk edib bayıra çıxırdı. Beynindəki fikir külək sürətilə vıyıldayırdı: “Mən yalanlara inanmıram, sən subaysan. İlk dəfə sənin qapının zəngini mənim elçilərim səsləndirəcək. Kim nə deyir-desin, onlar “hə” cavabı ilə geri qayıdacaqlar. Bunu mənə sənin baxışların deyir”.
Cabir dözmədi, bir toy mərasimində bunu Aydaya açıqca dedi. İş yoldaşlarından birinin övladının toy məclisi idi. Şöbə üzvlərinin hamısı ailəlikcə mərasimdə iştirak edirdi. Çalıb-oynayır, şənlənirdilər. Tamada qoşa sağlıqları bir-birinin ardınca düzürdü. Vasif müəllimlə Ayda xanımın şərəfinə deyilən sağlıq daha təmtəraqlı səsləndi. Xoşbəxt cütlük rəqsə dəvət edildi. İş yoldaşları da onlara qoşuldu. Çətinliklə də olsa, Cabir də rəqs edən dəstəyə qarışdı. İçkili idi. Yarımsərxoşluğu sözünü deməyə ona kömək edəcəkdi. Fürsətləyib elə rəqs zamanı, elə o gurultuda ürəyindən keçəni Ayda xanıma dedi:
– Özünüzə böhtan atmayın. Siz ailəli deyilsiniz. Siz hələ ərə getməmisiniz. Heç dünyaya uşaq da gətirməmisiniz. Siz Məryəm kimi bakirəsiniz. Sizin taleyiniz mənimlə bağlıdır. Heç kim sizə mənim qədər dürüst qiymət verə bilməz. Fikrinizi bilmək istəyirəm.
Cabiri şərab danışdırırdı, yoxsa Ayda xanıma bəslədiyi dəli sevda?! Cəsarətə bax!.. Bu sözləri dilinə gətirməklə o, sanki göydə Günəşi danırdı. Ayda xanım bu məcnunluğu necə yoluna qoyacaqdı? Çox çəkməz bilinər.
Ayda xanım oynaya-oynaya vurğununa dedi:
– Hamı oynayır. Siz də yaxşı oynayırsınız…
Musiqi ara verdi. Rəqs edənlər dayandılar. Ayda xanım sakitlikdən istifadə edib Cabiri ərinə təqdim etdi. Xanımından xeyli yaşlı görünən Vasif müəllim bu tanışlıqdan məmnun olduğunu bildirdi:
– Tanışlığımıza şadam. Ayda xanım sizin yaxşı işçi olduğunuz barədə mənə ürək dolusu danışıb. Mən ona inandığım üçün sizi özüm üçün tərtib etdiyim yaxşı insanlar siyahısına daxil edirəm. Subay olduğunuzdan da xəbərim var. Evlənmək fikrinə düşsəniz, Ayda xanımla birlikdə sizin üçün elçi getməyə hazırıq.
Özünə gələn Cabir qayğısına qaldığı üçün Vasif müəllimə təşəkkürünü bildirib cəld onlardan ayrıldı.
Ayda qələbəsini qeydiyyatdan keçirdən qadınlardan deyildi. Onu istəyənlər də, gizlincə qısqanclıq hissinə qapılanlar da Ayda xanımın kiçik kollektivə qəlbləri oxşayan, qaranlıqları qaçıran enerjisindən faydalanırdılar. O, şöbənin təmənnasız işıq saçan günəşi idi. Çox çəkmədi bu günəşin üzünü tez-tez qara buludlar almağa başladı. Ayda xanım dərdini paylaşmağı sevmirdi. O, bacardıqca bu ağır yükün altına tək girmək istəyirdi. Ancaq ailədə qəflətən baş verənlər onun dözümünü sınağa çəkməyə başladı. Artıq onun çəmənzara bənzəyən sifətinə qəm qırovu yağırdı. Bu yağımda qara da çevrilmək, buza da dönmək gümanı vardı. Bu dəyişmə hamının gözləri qarşısında baş verirdi. Baş verən dəyişikliyə etinasız qala bilmirdilər. Cabirin sevən qəlbi isə bir həyəcan pilləsindən digər həyəcan pilləsinə atlanırdı.
Ayda xanım daha sirrin qorunmasını faydasız sandı, ailənin üzləşdiyi xoşagəlməz hal haqqında məlumat sızdırdı. Əri Vasif müəllim ürək xəstəliyinə mübtəla olmuşdu. Həkimlərin yekdil rəyinə görə, o, mütləq cərrahiyyə əməliyyatından keçməliydi.
Cabir dondan-dona girməyi bacarmırdı. O, aralıq sayılacaq bir mövqe tutmuşdu. Nə kədərlənən kimi kədərlənə, nə sevinən kimi sevinə bilirdi. Maneənin aradan qalxmağı onda məqsədinə asan çatmaq ümidi yaradırdı. O, gəlməkdə olan ölümün üstündən Ayda xanıma doğru əl uzadırdı. Məhəbbəti, vüsala çatmaq arzusu onu insanlığın dar dalanına doğru itələyirdi. Bu dalanın pəncərələri olmadığı üçün, işığı da yox idi. Cabir hiss edirdi ki, bu, insani yol deyil. Əsl aşiqlər bu yolun yolçusu olmurlar. Hamı rəqibi ilə, Cabir isə özü ilə güləşirdi. Əbəs yerə özünə qalib gəlməyi ən böyük qələbə saymırlar. O bunu bacaracaqdımı?
Yerli həkimlər Vasif müəllimin ürəyində cərrahiyyə əməliyyatı apardılar. Əməliyyat uğurla nəticələndi. Ayda xanımın gözəlliyi yenidən özünə qayıtdı. İş yoldaşları dəstələrə bölünüb xəstəyə baş çəkməyə getdilər. Cabirin təklənib dəstələri tərk etməyi yoldaşlarda şübhə oyadardı. Bu şübhə olmasın deyə o, var gücünü toplayıb Vasif müəllimi yoluxmağa gedən dəstələrdən birinə qoşuldu. Hiss etdi ki, Ayda xanım da onun hərəkətindən razı qalıb. Vasif müəllim də onu görüb sevindi. Hətta əvvəlki vədini yada saldı:
– Bir subayınız var, onu evləndirməyin qayğısına qalmırsınız. Ayağa duran kimi Ayda xanımı da yanıma alıb elçilik missiyamıza başlayacağıq. Belə olmaz axı…
Arzulananlar, dualar həkimlərin zəhmətinə söykək verirdi. Tanrının da fikri xoşniyyətli olduğu üçün getdikcə Vasif müəllimin vəziyyəti yaxşılaşırdı. Həkimlərin dediklərinə görə, daha bir ay keçəcək, Vasif müəllim iş yerinə qayıdıb vəzifəsini uğurla davam etdirəcək.
Birdən şöbədə gözlənilməz bir hadisə baş verdi. Hərə öz işi ilə məşğul ikən Ayda xanımın kömək uman nəzərləri bir-bir iş yoldaşlarının üzlərində gəzdi. Həmin gün kiçik kollektivin kefi kök idi. Maaşları ünvanlara köçürülmüşdü. İşdən çıxan kimi bankomatdan pullarını ala biləcəkdilər. Ayda xanım yoldaşlarının maaşla bağlı sevinclərinə qoşula bilməmişdi. O, əlində nəsə tutmuşdu. Nigaranlığını o saat hiss etdilər. Kimsə qabağa düşüb üzüntünün səbəbini soruşdu:
– Ayda xanım, itkiyə məruz qalmış adama oxşayırsınız. Yoxsa, xoşaglməz bir hadisə baş verib?
– Hə, baş verib, – deyə Ayda xanım sağ əlini irəli uzatdı, bükülü ovcunu açdı. Orada ikiyə bölünmüş maaş kartı göründü.
– Niyə kartı bu hala salıbsınız?
Ayda xanım baş verəni olduğu kimi dilə gətirdi:
– Əyilib Vasifin ayaqqabılarının bağını bağlayırdım. Bir də gördüm bir şey “xırt” elədi. Yadıma düşdü. Maaş kartımı xalatımın cibinə qoymuşdum. Əlimi atıb götürdüm. Gördüm ki, əyiləndə kart təzyiqə dözməyib yarı bölünüb. İndi necə olacaq? Hansı bank onu yeniləşdirəcək? Doğrusu, bunu bilmirəm. Pula ehtiyacımız var. Sıradan çıxan kart işini kim tezliklə yoluna qoya bilər?
Kollektivin ən cavan işçisi Cabir idi. Qeyri-ixtiyari olaraq hamı Cabirin üzünə baxdı. Cabir buna hazır kimi dilləndi. Bu dilləntidə qarşı tərəfin gözlədiyi mətləbdən – kart dəyişilməsindən heç bir əsər-əlamət yox idi:
– Siz Vasif müəllimin qarşısında əyilmişdiniz?
Çoxbilmiş Ayda xanım Cabirin sözlərini nəyisə aydınlaşdıracaq adi sual kimi qəbul etdi:
– Hə, mən onun ayaqqabılarını bağlamaq üçün…
Cabir özünü ələ ala bilmədi, kobudluğa yol verib Ayda xanımın sözünü kəsdi:
– Lap elə olsun ayaqqabı bağlamaq üçün. Mən buna texniki məsələ deyərdim. Sizin kimi yüksəkdə qərar tutan bir qadın… – sözünün gerisini zorla saxladı. O, Ayda xanıma çatdırmaq istəyirdi ki: “hamı qarşınızda əyilməli ikən, siz bir ayaqqabıdan ötrü necə olur ki, ayaqlara qədər enir, əyilirsiniz? Buna heç kim, heç bir vəchlə razı olmamalıdır”. Bax bunları deyə bilmədi hələ də aşiqliyindən əl çəkə bilməyən Cabir.
Ayda xanım sakit ahənglə sevən coşqu dolu qəlbin havasını almağa çalışdı:
– Əvvəla, xəstə ərimin qulluğunda dayanmaq hər bir həyat yoldaşı kimi mənim vəzifə borcumdan çox, vəfa borcumdur. O, uşaqlarımın atası, mənimsə başımın tacıdır. Bu tacidar bütün mənalarda məni heç vaxt əyilməyə qoymayıb. Bu gün ağır vəziyyətində onun xidmətində durmaqdan – əyilib, ayaqqabılarını bağlamaqdan şərəf duyuram. Mənə əyilməyə imkan verməyənin qarşısında əyilmək nə qədər də xoşdur! Zənnimcə, özünə dəyər verən hər bir ailəli qadın mənim mövqeyimi paylaşar.
Bəs kart məsələsi necə olsun? Qırılmış kart mənəviyyat dərsini keçib işini başa vurmuşdu. İndi qalırdı texniki cəhətdən onu əvəzləmək. Bunu hamı Cabirdən umurdu. Sevgi rinqində məğlub olmuş Cabiri sınmış kartdan çox, sınmış özü düşündürürdü: “Şamın pərvanəsi çox olur. Onlardan biri də mən. Deməli, Ayda xanımı məndən (bizdən) də çox sevən, yüksək tutan varmış. Ona görə də o, Vasif müəllimi heç kimə dəyişmir”. O, ayağa durub irəli addım atdı və səsləndi:
– Otağın havası çox ağırdır. Mən təmiz havaya çıxıram. Kartı da mənə verin görək nə edirik.
Gəncə, 15-18 iyun 2018
Mənbə: “Ədəbiyyat qəzeti”
Yazıya 524 dəfə baxılıb