(Elza Seyidcahanın “ədəbi yaradıcılığına” həsr olunur)
Böyük İspan yazıçısı Migel De Servantes ədəbiyyat tarixində daha çox “Lamançlı Don Kixot” əsərinin müəllifi kimi tanınır. Sözü gedən əsər bu gün də tənqidçilərin – ədəbiyyat bilicilərinin müzakirə mövzusu olaraq qalmaqdadır. Roman bu gün də incələnir: İspaniya Azərbaycanla; Don Kixot içimizdə olan tipik nümunələrlə; qəhrəmanın nökəri, həmkəndlisi Sanço Panso Məhəmmədhəsən əmi ilə; onun eşşəyi Məhəmmədhəsən əminin eşşəyi ilə… müqayisə edilir. Sonda hər kəs yekdilliklə bir fikri vurğulamadan keçə bilmir – Servantesin “Lamançlı Don Kixot”u o dövr ədəbiyyatına, daha doğrusu, cəngavərlik romanlarına vurulan tərs şapalaq idi…
Öncədən vurğulayım ki, fərqli bəstələrinə, fərqli ifasına görə Elza Seyidcahana xüsusi hörmətim, rəğbətim var. Yazdıqları isə… Bilirsiniz, bu xanım Azərbaycan ədəbiyyatı üçün bu ədəbiyyatın öndə gedən simalarından daha artığını etməyi bacardı. Bu xanım ədəbiyyata lələkli şlyapa qoymiş Don Kixot kimi gəldi. Azərbaycan ədəbiyyatına tərs şapalaq kimi dəydi Elza Seyidcahan. Sübut elədi ki, bu gün pulu, imkanı olan hər kəs bu məmləkətdə şair ola bilər. Nəinki, şair ola bilər, çağdaş ədəbiyyatın aparıcı simaları ilə birgə münsiflər heyətində bir stol arxasında əyləşə bilər. Kitab buraxdırmağa imkanı olmayan söz sahibləri isə birinci sinif şagirdləri kimi onun qarşısında şeir oxuya bilər… Bəlkə də, Elza xanıma qədər Azərbaycan ədəbiyyatı ölmüşdü, bəlkə də bir şapalağa bənd idi – deyə bilmərəm. Bircə şeyi dəqiq sadəcə dəqiq bilirəm, bu gün sözügedən ədəbiyyatın meyitini təpikləyən o qədər elzalar var ki…
Yazıya 423 dəfə baxılıb