…2018-ci il noyabrın 11-də Mingəçevir şəhərinin 70-illik yubiley şənliklərinə uzun illər bu şəhərdə məsul vəzifələrdə çalışmış və şəhərin inkişafında əməyi olan bir şəxs kimi məni də dəvət etmişdilər. Bayram şənliyinin qaynar nöqtəsi-mərkəzi, şəhərin 5 küçəsinin kəsişdiyi Dram teatrının qarşısındakı meydan müəyyənləşdirilmişdi.
Burada bir-birindən maraqlı sərgilər, təqdimatlar, nümayişlər təşkil olunmuşdu. Şəhər rəhbərliyi və qonaqlar bir-bir bu təqdimatlarla tanış olur, tədbirdən zövq alırdılar. Təqdimatın sonuna yaxın birdən gözüm yazı masasının üzərində sərgilənən kitablara sataşdı. Masanın arxasında İsmayıl İmanzadə, ondan bir az aralıda isə mənim tanıdığım və tanımadığım bir neçə yaradıcı insan dayanmışdı. İsmayıl müəllimlə böyük ehtiramla görüşdük. O, masanın üzərindəki kitabları, onların müəlliflərini bir-bir təqdim edir və təqdim etdikcə sevinc və həyəcandan səsi titrəyirdi. Sanki böyük bir auditoriya qarşısında hesabat, imtahan verirdi. Elə bil İsmayıl müəllim öz məhsulunu, öz övladının uğurlarını təqdim edirdi.!
…Cəbrayıl rayonunun erməni quldurları tərəfindən işğalından sonra, 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşan İsmayıl müəllim uzun illər Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan “Səda” qəzetində baş redaktorun müavini, “İnam” qəzetinin təssisçisi və baş redaktoru vəzifələrində çalışmışdır. 1999-cu il oktyabr ayından Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədridir. Hazırda “Bənövşə” və “Mingəçevir leysanı” ədəbi-bədii dərgilərinin təsisçisi və baş redaktorudur.
İsmayıl İmanzadə təpədən dırnağacan ədəbiyyat adamıdır, vətənpərvər ədəbiyyat adamı. Zəhmətkeş, yaradıcı, kövrək qəlbli, saf bir şair timsalıdır. Onu 1993-cü ildən tanıyıram. Yaradıcılığını daim izləmişəm. Şeirlərindən nümunələr yaddaşıma həkk olunub. Bununla belə indiyədək onun yaradıcılığına niyə müraciət etməmişdim və buna görə bir az da özümü qınayırdım.
Tale məni hara atdı cücərdim,
Sinəm üstə tikan əkdi becərdim,
Bir hökmüylə od içindən keçərdim,
Sevinc verdi, qüssə verdi, daşıdım-
deyən İsmayıl İmanzadə ömür və yaradıcılıq yolunda çox enişlər, dolaylar, yoxuşlar gördü, çətinə düşdü, tale onu sınaqlara çəkdi, qəm-kədər gördü. Bunların hamısını yaşadı və içində daşıdı. Təbii ki, bir məqalə səviyyəsində onun bütöv yaradıcılığından söhbət açmaq mümkün deyil.Mən çalışacam ki, onun ötən ilin sonunda nəşr olunmuş iki cildlikdəki şeirlərin bəziləri barədə fikirərimi oxucularla bölüşüm.
Göydən enmiş mələksənmi,
Bir yüyənsiz küləksənmi?
Çərxi dönmüş fələksənmi –
Kimsən, ay qapımı döyən?
…
Bir bəlalı sevgisənmi,
Ruhsanmı, ya kölgəsənmi?
Doğmasanmı, özgəsənmi –
Kimsən, ay qapımı döyən?
Deyəsən mən oldum bu dəfə İsmayıl İmaznzadənin iç dünyasının, “poezia evi”nin qapısını döyən. Ancaq şairdən soruşmadan,icazə almadan, xəbəri olmadan qapını açıb sakitcə içəri girirəm…
Böyük filosof, görkəmli ədəbiyyat adamı, Yaşar Qarayev deyirdi:
“Ruh kimi poeziyada həmişə bizim hələ gəlib çatmadığımız yerdə olur…
Poeziya həm də qövsü-qüzehə, ilğıma da bənzəyir. Sən ona yaxınlaşdıqca, o səndən uzaqlaşır.
Sən şeirə çatanda, o artıq yeni mənzil başında olur”
İsmayıl İmanzadənin poeziyasının baş qəhrəmanı insandır.. Və bu insan obrazını İsmayıl İmanzadə “Əyrilər düzələn deyil” şeiri ilə ifadə etmişdir. Onun bu şeirində insanın içində yaxşı və pisin, xeyir və şərin mübarizəsi qələmə alınmışdır. Bu şeirdəki poetik ifadələr İsmayıl müəllimin yaradıcılığının leytmotivini təşkil edir. Şeir elə birinci bəndindən, birinci misrasından müəllifin təkcə duyğularını ifadə etmir həm də fəlsəfi mövqeyini əks etdirir.
Düzün düz qəlbi var, əyrinin əyri,
Yaxşılar tükənib azalan deyil.
Düzləri qoruyaq, əyilməsinlər,
Əyrilər onsuz da düzələn deyil.
Əyri adamlara nə var ki, axı,
Qəlbləri zirehli, sifətləri daş.
Saflar şüşə kimi tez sına bilir,
Yaxşı adamları qoruyaq, qardaş!
Mənə elə gəlir poeziya nümunələrinin (söhbət əsl poeziyadan gedir) əksəriyyəti bizim hələ başa düşmədiyimiz bir məqamın ifadəsidir. Bəlkə elə ona görə də, hər birimiz ixtiyarı bir şairin şeirini özümüz dərk etdiyimiz qədər başa düşür və o şeir haqqında başa düşdüyümüz qədər fikir söyləyə bilirik. Bəzən şair özü də elə məqama yetişir ki, o məqamda ifadə etdiyi, yaratdığı şeirləri poetik ifadələri özü də izah edə bilmir.
İsmayıl Mərcanlının poeziyasının dili sadə, ifadələri aydın, rədifləri axıcı, yadda qalandır. Onun şeirlərində nisgil, kədər, həsrət dolu nəğmələr, oxşamalar, bayatılar daha çox yer alıb. Kövrək notlar üstə bəstələnib İsmayıl İmanzadənin poeziyası.
İsmayıl İmanzadənin yaradıcılığını zaman etibarı ilə, elə həm də məzmun etibarı ilə 2 hissəyə ayırmaq olar: 1993-cü ilədək və ata-baba yurdu doğma Cəbrayılı tərk etdiyi vaxtdan sonrakı dövrlər.
İlk şeiri “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunanda onun 19 yaşı var idi. O illər hələ İsmayıl İmanzadə köçkünlük, qaçqınlıq və bunla əlaqədar sonralar rast gəldiyi, qarşılaşdığı hisslərlə hələ tanış deyil. Onda gənc şairin qəlbini narahat edən, ruhunu yerindən oynadan, onu şair edən başqa duyğulardır. Onun əsas qəhrəmanı insandır. Onu düşündürən insan münasibətləri, narahat edən laqeyidlikdir, insan baxışlarının soyuqluğudur.
Qoy hər yan buz bağlasın,
Donmaqdan qorxmuram, nə qəm.
Təkcə insan baxışlarının,
İnsan duyğularının,
Soyuqluğundan üşüyürəm.
İsmayıl İmanzadə hələ Vətən sevgisindən, doğma yurda heyranlığından və bağlılığından yazır. O, öz dünyasında- Cəbrayıllı dünyasındadır.
Ana yurdum, qoy dolanım başına,
Bu sevgimdən çətin dönəm, daşınam.
Hər addımda torpağına, daşına
Yamacına, yoxuşuna vuruldum.
***
Əfsunundan çətin qaçam, qorunam,
Ta düşmüşəm gözəlliyin “toru”na.
Tarlaların tükənməyən barına,
Çəmənlərin naxışına vuruldum.
Şair o illərdə “sözə vurula-vurula”, misra-misra sıralanır, axdıqca drulurdu və “Ömür muncuq düzümüdür” deyirdi…
Məhəbbətim qibləm, andım,
Onun alovunda yandım.
Misra-misra sıralandım
Sözə vurla-vurula.
Bir nəğməli dodaq oldum,
Yaşıl üzlü yarpaq oldum.
Qaynar gözlü bulaq oldum,
Axıb durula-durula.
İsmayıl İmanzadədə sanki, bir öncə görmə hissiyatı var imiş. Görünür doğma yurd-yuvasını, müqəddəs yerləri tərk edəcəyini hiss edirmiş. “Nigaranam” şeirini İsmayıl İmanzadə 1983-cü ildə qələmə alıb. Diqqət yetirək:
Neçə gizli mərəz tapıb hava, su,
Azalıbdır çiçəklərin qoxusu.
Harda isə qəfil güllə atılıb,
Çiliklənib körpələrin yuxusu –
Dünyam, səndən nigaranam, nigaran.
…
Xal düşübdür istəyimə arzuma,
Görən kimlər zəhər qatıb ruzuma?
Qorxuram ki, nər dizlərin ta sına-
Dünyam səndən nigaranam, nigaran.
Təsadüfi deyilmiş şairin bu nigarançılığı. Bu şeirin yaranma tarixindən heç on il keçmədi ki, şair yurd ünvanlı arzuları, çilik-çilik oldu. Və şairin həyatında yurd həsrətli, yurd nisgilli bir dövr başladı.
1993-cü ildə, məcburi köçkün kimi Mingəçevir şəhərinə pənah gətirdi. O vaxtlar İsmayıl müəllim elə bilirdi ki, Mingəçevirə müvəqqəti gəlib və tezliklə öz elinə, öz yurd-yuvasına, qayıdacaqdır. Çoxları kimi, o da gətirdiyi əşyaların, bağlamaların, barxanaların çoxunun heç bağını da açmamışdı. Uyuşmurdu İsmayıl müəllim bu geniş şəhərə, bu boyda şəhər ona qəfəs kimi gəlirdi, öz doğma yurduna-yuvasına can atırdı.
Kəndin ay-ulduzlu gecəsi-gecə,
Nurlu sabahları güc qatır gücə.
Döşümə yatmırsa burda yol, küçə-
Axı nə işim var mənim şəhərdə?!
***
Doğma el-obamdır zərim-qızılım,
Özgə kölgəsinə necə qısılım?!
Qəfəsə sığışmır enim-uzunum-
Axı, nə işim var mənim şəhərdə?!
Lakin sən saydığını say, gör fələk nə sayırmış. Və İsmayıl İmanzadənin şeirlərinin mövzusu da, məzmunu da, ruhu da, arzusu istəyi də dəyişdi. O gündən İsmayıl müəllimin baş mövzusu yurd nisgilli nəğmələr, bayatılar, ağılar oldu:
Görən niyə qurda-quşa dönmədik,
Nə cihada, nə savaşa dönmədik.
Məşhər günü düşmən üstə atılan,
Yumruq boyda qara daşa dönmədik.
Amma Yaşar Qarayevə demiş. “Harda şair varsa ora şeirin ərazisidir. Şairi ilhamı hara aparırsa o, oranın sakinidir.”
İsmayıl İmanzadə Mingəçevir şəhərinə gələnə qədər bu sosialist, kosmopolit şəhərdə, ədəbi mühitdən söhbət belə gedə bilməzdi. Sanki onun gəlişi ilə Mingəçevirə bir ab-hava, yaradıcılıq ab-havası, poeziya mehi, ədəbiyyat mühiti gəlmişdi. Böyük Yaşar Qarayevin dediyi kimi İsmayıl İmanzadəni “sakini etmək üçün ilhamı gətirib çıxarmışdı, bu şeir ərazisinə.”
İsmayıl İmanzadə Mingəçevirə (və həm də ətraf bölgəyə) təkcə özünün poeziyasını gətirmədi. O, həm də bu bölgəni “şeirin ərazisi” edə bildi. Mingəçevirdə bir ədəbi mühit yarada bildi.
Bir vaxt gördü ki, bu “şeirin ərazisinə” böyük bir dəstə yığılıb. Mingəçevirdən, ətraf rayonlardan, bu şəhərə pənah gətirmiş məcburi köçkünlərdən ibarət böyük zəhmətkeş və yaradıcı dəstə. O zaman bu “səf-səf” düzülmüş yaradıcılar dəstəsinə İsmayıl müəllim “komandan” təyin olundu. Və uzun illərdir ki, bu “komandanlığı” şərəflə və uğurla icra edir. Yeri gəlmişkən qeyd etməyi zəruri hesab edirəm ki, Mingəçevirdə ədəbi mühitin yaranmasında İsmayıl İmanzadə ilə yanaşı o vaxtlar Mingəçevirdə rəhbər vəzifədə işləmiş, təpədən-dırnağa qədər ziyalı, ədəbiyyata, poeziyaya qəlbən bağlı Məhəbbət Qarabağlının (indi haqq dünyasındadır), bir vaxtlar Mingəçevirdə yaşamış professor Rüstəm Kamalın, yazıçı-publisist Hacı Nərimanoğlunun əməyi və zəhməti az olmamışdır…
Bu illər ərzində Mingəçevir təkcə poeziyanın, “şeirin ərazisi” olmadı, həm də məkanı oldu. İsmayıl müəllimin təşkilatçılığı ilə çoxsaylı ədəbi tədbirlər, görüşlər, yubileylər, kitab təqdimatları və s. keçirilir. Lakin İsmayıl müəllim nə qədər ədəbi məclislərin, ədəbi hadisələrin təşkilatçısı olsa da o, həm tarixdə, həm də yaddaşlarda şair kimi qalacaq. “Torpaqla səma arasındakı məkan-poeziyadır. Şairin diriykən ilhamı, ölərkən ruhu bu məkana can atır, tələsir” (Yaşar Qarayev). Böyük filosofun ruhu inciməsə bu kəlamları belə ifadə edərdim. Şairin dirikən ilhamı, ölərkən ruhu anadan olduğu, böyüyüb boya-başa çatdığı, balaca Vətənə, ordakı xatirələrə, milli-mənəvi dəyərlərə, müqəddəs varlıqlara can atır, tələsir.
İsmayıl İmanzadə şeirlərində dünya göz açdığı Cəbrayılı, Böyük Mərcanlını, Xan Arazı, Diri dağını, Aşıq Pərini, Dirili Qurbanıni, Cəbrayıldakı Xan Çinarı və s. “qiblə”, “ocaq”, “pir” adlandırır. Axı onun üçün bu yerlər ocaqdır , pirdir, qibləgahdır.O, şeirlərində bu adları bəlkə min dəfə çəksə də, yorulmur, əksinə İsmayıl İmanzadə poeziyasında müqəddəsləşir.
Kürü Araz bilir, Bozdağı Diri,
Qalıb Cəbrayılda qibləsi, piri…
Sızlaya-sızlaya nə vaxtdan bəri,
Bir şair yaşayır Mingəçevirdə..
Ələmdən, nisgildən gur ocaq çatır,
Şeiriylə ovunub, başını qatır.
Ağrı-acısına bürünüb yatır,
Bir şair yaşayır Mingəçevirdə.
İsmayıl İmanzadəni yandırıb yaxan o müqəddəs yerlərin əsrlikdə olmasıdır. Bəli, təkcə insan əsir olmur. Müqəddəs yerlər də əsir olur, doğma insanlar həmin doğma yerlərə gedə bilməyəndə, yadellilər, düşmənlər, o yerlərə yiyəlik eliyəndə əsir olur o, dogma yerlər. İndi əli çatmır, səsi-ünü yetmir o yerlərə:
Yollar üzümə bağlı
Nə çəkirəm bilən yox.
Leysana çevrilmişəm
Göz yaşımı silən yox.
-deyərək sızlaya-sızlaya, göynəyə-göynəyə yurd yerlərini yada salır, ancaq bu həsrətə əlac tapa bilmir.
İsmayıl İmanzadə həmin o doğma yerlərə xitabən yazdığı şeir-məktublarla ovudur özünü. Onun Araz Çayına məktub, Əmək qəhrəmanı, “Oktay Həziyevə məktub”, “Salam Cocuq Mərcanlı”, “Salam Çinar” və bu qəbilədən olan şeirlərini oxuduqca İsmayıl İmanzadənin sinəsini göynədən, nəfəsini daraldan ağrılarını, ürək döyüntülərini hiss edirsən. Bu şeirləri həyəcansız oxuya bilmirsən. Bu mənada onun “Araz çayına məktub” şeiri daha təsirlidir.
Salam, mənim Xan Arazım,
Sənsiz ömür nəyə lazım.
Qan ağlayır burda yazım, –
Dərd səni də didirmi heç?
***
Gəyən həsrətmi elata,
Xan Çinar üz verməz yada…
Daş köynəkli Tumasata –
Qaşlarını çatırmı heç?
***
Dərdim dərdlərin boyatı,
Neynirəm belə həyatı?!
Dilimdə ağı, bayatı –
Ünüm sənə yetirmi heç?..
İsmayıl İmanzadənin Vətən ünvanlı, yurd nisgilli silsilə şeirləri çox maraqlıdır. “Başın dik tut vətən”, “Vətən ana, torpaq, namus, sevgi, əmanət”, “Cəbrayılda qalan dünyam” və s. Ancaq onun “Haran ağrıyır Vətən” şeiri ürək göynədir:
Üzüm gəlmir deyəm sənə
Yaran var ki, ağrımasın?!
Əzilməyən, tapdanmayan
Haran var ki, ağrımasın?!
Məlhəmin yad əlindədir,
Sinəsi yaralı Vətən!
…
Axı, indi necə deyim,
Haran ağrıyır, ay Vətən?!
Canım sənə fəda olsun,
Bilirəm, zəfər soraqlı
Yaran ağrıyır, ay Vətən!..
Və ya:
“Cəbrayılda qalan dünyam” şeirini oxuduqca onun qəlb göynərtilərinin, yurd həsrətinin şahidi olursan.
Yada düşdü baxçam, bağım,
Şah vüqarlı Qala dağım.
Gəyənim, Teyim, Topçağım,
Cəbrayılda qalan dünyam.
Xudafərin alın yazım,
Bu hikməti necə yozum?
Tumasatam, Xan Arazım,
Cəbrayılda qalan dünyam.
İsmayıl İmanzadə yurd yerlərinə, təkcə yurd nisgilli şeirlər yazmır. O, folklor yaddaşından istifadə etməklə daha kövrək, daha yanıqlı, şeir formalarından istifadə edir, ağı deyir, bayatı çağırır: Onun Cəbrayıla, Cəbrayılın müqəddəs yerlərinə dediyi ağılar çox təsirlidir.
Bir ah çəksəm dərindən,
Ruhum oynar yerindən.
Kim soraq verər mənə,
Görən Xudafərindən?
***
Dirim uzaqda qaldı,
Qarda, sazaqda qaldı.
Bulaqlar dağ döşündə,
Quşlar budaqda qaldı.
İsmayıl İmanzadənin “Yurd yerlərindən perik düşən həmyerlilərinə” xitabən yazdığı “Tamaşa” poeması düşünürəm ki, hazırda yurd yerlərindən didərgin düşmüş müasirlərinə xitabən yazılmış dəyərli xəritə-yaddaş əsəridir. Bununla belə fikrimcə bu əsər daha çox Cəbrayılı, öz ata-baba yurdlarını görməmiş, köçkünlükdə dünyaya gəlmiş gənc nəslə xitabən yazılmış bir əsərdir. Poeziyamızda şeirlə “xəritə” çəkmək ənənəsi bir sıra müəlliflərin yaradıcılığında rast gəlinir. O, Cəbrayılı, Araz qırağını, Qarabağı qarış-qarış gəzir, yurd yerlərini, müqəddəs məkanlar, coğrafi adlar bir-bir sadalanmaqla onları yaddaşlarda, elə həm də tarixdə yaşatmaq üçün poemaya daxil edib,həm də nəzmlə xəritə çəkir.
Yeri gəlmişkən elə buradaca təklif edərdim ki, İsmayıl müəllimin “Tamaşa” poeması ən azı Cəbrayıl məktəbində sinifdən xaric ədəbiyyat kimi öyrənilməsi çox məqsədəuyğun olardı.
Cəbrayılda gözümü açdım dünyaya,
Gördüyüm hər şeyi tamaşa sandım.
Heyrətlə baxdıqca ulduza-aya,
Tanrıya tapınıb, haqqa inandım.
-bəndi ilə başlanan poemada Cəbrayıl sanki kino lenti kimi gözün qarşısından keçir. Hətta Cəbrayılı, poemada adı çəkilən o mənzərəni görməyən adam belə o yerləri tamaşaya dayanır.
Lakin poemanı oxuduqca mən daha çox böyük şairimiz Şəhriyarın “Heydər Babaya Salam” şeirini xatırladım.
Yuxuda “dərsəm” də çiçəyin, gülün,
Məni ovunduran, hələ “səsi”dir.
“Tamaşa” didərgin düşən bir elin
Bağrıma basdığım “xəritəsi”dir.
İsmayıl İmanzadə Şəhriyarsayağı yurd yerləri onların adları, adət ənənələri, mətbəxi, məhsulları, töhfələri, insanları barədə ətraflı və müfəssəl məlumat verir. Və poema çox maraqlı və ümidverici bir sonluqla bitir.
Cocuq Mərcanlıya çatanda əlim
“Lələ” də təzədən göz açdı gülüm.
Kaş, bir gün geriyə qayıda elim,
İsmayıl deyə bu növrağım tamaşa.
İsmayıl İmanzadənin şeirlərində o müqəddəs yerlərə Yurd yerlərinə qayıtmaq arzusu, istəyi, əzmi və inadı bir qırmızı xəttlə keçir.
Dediklərimə nümunə üçün onun Əmək Qəhrəmanı Oqtay Həziyevə yazdığı “məktubnu” oxumaq kifayət edir. Şeirdə zəfər ümidli nisgil havası keçir:
Salam, nə var-nə yox, başına dönüm,
Kaş, bir də yanına düşəydi yönüm.
Bilmirəm heç necə danışıb-dinim –
Elə bil kəsiblər dilimi, Oktay!
***
Bir dünyam var idi, aranlı-dağlı,
Gəzirəm hey onu əli çıraqlı…
Axşamım, sabahım zəfər soraqlı –
Haqqdan üzməmişəm əlimi, Oktay!
İsmayıl İmanzadənin yurd nisgilli şeirləri təkcə Cəbrayılla məhdudlaşmır. Qarabağ dərdi bütöv Azərbaycan, bütün azərbaycanlıların dərdi olduğu kimi, İsmayıl İmanzadə poeziyasının əsas mövzusudur,dərinə işləmiş, daim inildəyən yaralarıdır və hər zaman bu yaralar onu göynətməkələ qələmi ilə sapa düzülürək, şeirə, ağıya çevrilir.
Qan sızır yurdumun yaralarından,
Həkəri sızlayır, Araz ağlayır.
Murovdan o yana sökülməyir dan,
Ziyarat hönkürüb sinə dağlayır.
***
Zülmətə qərq olub Qubadlı, Laçın
Şuşanın qubarı kündə-kündədir
Yolur İstisuda şəlalə saçın
Ağdamın naləsi “Şur” üstündədir.
İsmayıl İmanzadənin Qarabağ ünvanlı şeirlərinin sayı bir deyil, beş deyil, saymaqla qurtarmaz və onun ən böyük arzusu da Qarabağa, Cəbrayıla, Böyük Mərcanlıya qayıtmaqdır. Bu ilin dekabrında İsmayıl müəllimin 75 yaşı tamam olur. Hesab edirəm ki, bu ərəfədə Cənab Ali Baş Komandan İlham Əliyevin cəsarəti və qətiyyəti, müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı və şücayəti nəticəsində İsmayıl müəllimin Vətəni Cəbrayılın Böyük Mərcanlının və digər torpaqlarımızın işğaldan azad edilməsi ona 75 yaşı üçün misilsiz hədiyyə oldu.
dekabr, 2020
RAMİZ GÖYÜŞOV,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ədəbiyyatşünas
Yazıya 986 dəfə baxılıb