Tələbə yataqxanasının ikinci mərtəbəsi. Birinci kursda oxuyan dörd tələbənin yaşadığı otaqda gecədən xeyli keçsə də, işıq sönməmişdi…
Mahir əlindəki kitabı çarpayının üstünə qoyaraq dikəlib oturdu, gicgahlarını ovuşdura-ovuşdura hərəsi bir işlə məşğul olan yoldaşlarına baxıb:
– Görəsən sabah imtahandan neçə alacağıq? – deyə soruşdu.
Rəhim gözlərini oxuduğu səhifədən çəkmədən:
– Oxumusansa beş, oxumamısansa iki, – deyə cavabladı.
Əlindəki isti çaydanla mətbəxdən gələn Fərrux:
– Hələ gəlin adama bir çay içək, zehnimiz açılsın.
Kamil önündəki kitabı örtüb, stulunu arxaya çəkdi və ayağa qalxaraq yoldaşlarından:
– Ayə, necə yadımıza düşmür eee…
– Nolub Kamil? – deyə Fərrux çayları süzə-süzə soruşdu.
– Yadınızdamı, keçən imtahandan qabaq İlham cin çağırmışdı?
Rəhim laqeydcə:
– Hə, nə olsun ki?
Kamil:
– Necə nə olsun? Yadınızdadı da, necə çağırdığı, gəlin biz də çağıraq.
Fərrux:
– Dəli olmusan e sən, cin-zad nədi?
Kamil kömək istəyirmiş kimi Mahirə dönərək:
– Ə, Mahir, sən de bunlara, İlhamın dedikləri çıxdımı, çıxmadımı?
Fərrux sənə demişdi beş alacaqsan, Rəhimə dörd, Mahirinən mənə də üç alacaqsınız demişdi, onun dediyi qiymətləri aldıq ki.
Mahir:
– Kamil düz deyir, gəlin biz də cin çağıraq.
Fərrux istehza ilə:
– Birdən gəlməsə?
Rəhim oxuduğu kitabı qatlayaraq çarpayının üstünə qoydu, əlini uzadıb masanın üstündən fincanını götürdü, isti çaydan bir qurtum alaraq dodaqları yandığından sifətini buruşdurub:
– Gəlməsə Kamili pəncərədən göndərərik dalınca, – dedi.
Mahir:
– Hələ bir yoxlayaq, gəlməsə İlhamı çağırarıq, o gəlib çağırar.
Fərrux:
– Gedin işinizin dalınca, İlham da medium olub mənimçün.
Kamil onun sözünü ağzında qoydu:
– Medium, qeyri-medium, keçən dəfə kimin neçə alacağını dedimi?
Sənnənəm e, Fərrux, dedimi, demədimi?
– Hə, nə olsun ki?
– Dedikləri çıxdımı?
– Çıxdı, çıxdı da, elə-belə atdı, təsadüfən tutdu.
Kamil heç cür təslim olmaq istəmirdi:
– İlham cin çağırıb qiymətləri öyrənə bilirsə, biz nəyə görə bunu edə bilməyək? Gəlin biz də çağıraq, sabah kimin neçə alacağını öyrənsək, gedib istirahət eliyərik, öyrənə bilməsək, yenə də dərsimizi oxuyarıq.
Fərrux kinayə ilə gülümsünərək otaq yoldaşlarına:
– Qadası, oturub dərsinizi oxumaq əvəzinə, tənbəlliyinizdən bilmirsiniz neyləyəsiniz, cindən-şeytandan mədət umursunuz…
Rəhim:
– Gəlin mırta çağıraq, görək nə olur, həm də neçə gündür dərs oxumaqdan beynimiz keyidi, bir az əylənərik.
Mahir:
– Çayımızı içək, sonra çağırarıq.
Kamil:
– Yaxşı, al çayını, – deyib Mahirin fincanını masadan götürərək ona doğru uzatdı.
Fərrux:
– Mənim cinnən, şeytannan işim yoxdu, gedin işinizə.
Kamil:
– Sən gəlmirsən, gəlmə, uşaqlar, gəlin üçümüz çağıraq.
Çaylarını içdikdən sonra Kamil:
– Mahir, sən o qəzetləri mənə ver, Rəhim, sən də stulu, hərəniz də bir döşəkağı götürün.
Mahir oturduğu yerdən əlindəki fincanı pəncərəyə qoydu, qəzetləri götürüb Kamilə uzadıb:
– Al, – dedi və ayağa qalxıb gərnəşdi. Rəhim də çarpayısından qalxaraq otağın yeganə stulunu Kamilə tərəf itələdi:
– Götür görək, sonra Fərruxa göz vurub:
– Diqqətli olun, cinçi Kamilin cinçağırma seansı başlanır, – dedi.
Fərrux əlindəki boş fincanı masanın üstünə qoyaraq yoldaşlarını kinayə ilə süzüb gülümsədi, siz cininizi çağırın, mən həyətə düşürəm, – deyərək otaqdan çıxdı.
Kamil öncə beş-altı qat etdiyi qəzetləri lampanın ətrafında büküb iplə patronun yuxarısından bağladı, stuldan enib onu bir kənara qoydu və yoldaşlarına:
-Arxamda yan-yana dayanarsınız, mən də sizin önünüzdə, ortalıq dayanacağam ki, enerjimizi birləşdirə bilək. Seansa başlayanda başqa şeylər haqqında düşünməyin, hər kəs bütün diqqətini cini çağırmağa yönəltsin, – deyib sol dizüstə yerə çökdü, başına saldığı döşəkağının altında gözlərini yumub qaşıqla nəlbəkiyə vura-vura boğazından çıxardığı yoğun səslə:
– Eyyy cinnnn! Hardasan??? – deyə soruşdu. Dayanıb bir neçə saniyə gözlədi, sualına cavab ala bilmədiyindən təkrarladı:
– Eyyy cinnnn! Hardasan???
Digər yoldaşı da onunla eyni vaxtda dizləriüstə çöküb başlarına atdıqları döşəkağının altında bütün diqqətlərini toplamaq üçün gözlərini yumaraq qaşıqlarla nəlbəkilərin arxasınadöyür, onunla eyni vaxtda çağırırdılar:
– Eyyy cinnnn! Hardasan???
Üçüncü təkrardan sonra Kamil cinin gəlmiş ola biləcəyini düşündüyündən:
– Eyyy cinnn!! De görüm sabah Mahir imtahandan neçə alacaq? – deyə soruşdu.
O, cinə səsləndiyində digər yoldaşları səslərini kəsib hamısı bir ahəng içində qaşıqla nəlbəkini döyürdülər. Bu vaxt Kamil təkrar soruşdu:
– Ey cinnnn!!! Sabah Mahir imtahandan neçə alacaq?
Kamil və İlham da üçüncü dəfə soruşduqdan sonra cin cavablamışdı. Dəhlizdə qaçan adamın ayaq səsləri eşidildi, qapı zərblə vurularaq açıldı və işıq söndürüldü. Hər kəs bu dəfə cinin ruhu deyil, özü gəldi deyə qorxub döşəkağılarını başlarından götürdüklərində tüstünün içindən Fərruxun bağırtısı eşidildi:
– Otağı yandırdız e, ə!!!!
Kağızdan düzəltdikləri abajur alışıb yanırdı. Yanıq kağız qoxusu ilə lampanın əriməyə başlamış naqilindən çıxan boğucu tüstü bir-birinə qarışaraq otağı bürümüşdü…
Fərrux cəld pəncərəni açıb yoldaşlarına bağırdı:
– Allah evinizi tiksin, bu tüstünü də hiss eləmirsiz? Yaxşı ki, eşikdən alovu gördüm, az qalsın binanı yandıracaqdınız!
Mahir nəfəs ala bilmək üçün gəldiyi pəncərənin ağzında öskürərək:
– Hamısı bu Kamilin günahıdı, cin çağıran olub mənimçün.
Rəhim:
– Sən onu demə e, Mahir, cini çağıra bilməsə də, bizi necə transa soxdusa, otaq alışıb-yansa xəbərimiz olmayacaqdı…
Fərrux:
– Deyirəm, bu avara doluyub e, sizi… necə də.
Otaq yoldaşları öz avamlıqlarına gülüşdülər.
Mahir Kamilin boynunun kökündən bir şapalaq vurub:
– Qadası, sənin adın bundan belə cinçi qaldı, – dedi və gənclərin qəhqəhələri yanvar ayazında açıq pəncərədən keçib küçəyə yayıldı.
Yazıya 298 dəfə baxılıb