Gözlərinin dərinliyində boğulduğum, baxışlarında həbs olduğum, nəfəsinin atəşində yandığım dəyərlim…
Amma bunu bilmirsən…
Bəlkə də görüşlərimizdə hiss etmisən, sevgi dolu baxışlarımdan, quruyan dil-dodağımdan, ya da qızarıb-pörtən sifətimdən…
Amma büruzə vermirsən…
Hər axşam sənsizliyin yalnızlığı gecənin zülmətiylə birləşib məni ağuşuna alınca, öz-özümə söz verirəm: – İlk fürsətdə etiraf edəcəm mənimçün nə qədər dəyərli olduğunu…
Amma görüşdüyümüzdə gözəlliyinin cazibəsinə qapılır, saatlar, hətta günlər öncəsindən əzbərlədiyim eşqnaməmi unudur, müəlliməsinə hazırlıqsız yaxalanan uşaq kimi özümü itirir, udquna-udquna qalıram…
Sənsiz keçən günlərimdə hər mesaj səsində səksənərək telefonun ekranına zillənən gözlərim ümidsizliklə qırpılır və – yazmayacaq, – deyə dodaqaltı deyinib köks ötürür, bir bilsən mesajının önizləməsinə baxıb gülümsəməyi nə qədər özlədim, canın yanmasın, – deyə özümlə danışır, çatdığım qaşlarımın altından qıyılmış gözlərimi məchula zilləyərək: – Niyə də yazmalıdır axı, – deyə donquldanır, öz-özümə söz verirəm:
– İlk fürsətdə gözlərinin içinə baxıb söyləyəcəyəm, mənim üçün nə qədər dəyərli olduğunu…
Amma görüşdüyümüzdə hər şey təkrarlanır və şən qəhqəhələrini izləməklə yetinirəm, bir də dəniz kimi dalğalanan saçlarını…
Və özümlə bacarmıram, nəinki etiraf etmək, heç gözlərinin içinə baxa bilmirəm…
Və niyə bu qədər aciz olduğumu da bilmirəm…
Yəqin sənin gözündə dəyər dərəcəmi bilmədiyimdən…
Bilsəydim, cəsarətlənərdim…
Amma bilmirəm…
Hər halda sən mənim dəyərlimsən…
Uğruna öləcək qədər sevdiyim…
Ya da öldürəcək qədər…
Nə fərq edər ki?…
Bəzən parkda, ağacların altında gəzişdiyimizdə, ya da dənizin kənarında qumların üstündə əl-ələ tutub qaçdığımızda kiçicik ləpələr sanki bizi çağırırlarmış kimi ayaqlarımıza toxunub dənizə doğru çəkilir…
Anidən dayanıb səni özümə çəkirəm və yerində fırlanıb yıxılmamaq üçün sinəmə yaslanırsan…
Astadan əsən küləyin təngiyən nəfəsinlə qarışıb qulaqlarıma pıçıldadığı məhəbbət simfoniyasını dinləyə-dinləyə saçlarını oxşayır, əllərimi yanaqlarında gəzdirir, barmaqlarımla ətli dodaqlarına toxunuram…
Və küləyin uçuşdurduğu saçlarını toplayaraq yanağındakı çökəyə öpücük qonduracaqkən telefonuma gələn zəng, ya da küçədə bağırışan səyyar satıcıların boğuq səsi ayırır məni xəyallarımdan.
Lənət olsun! – deyə qıcadığım dişlərimin arasından fısıldayıb oturduğum yerdəcə ayaqlarımı qarnıma çəkir, alnımı dizlərimə söykəyərək xəyallarına qayıtmaq istəyən uşaq saflığıyla gözlərimi bərk-bərk yumur, dua edirmiş kimi astaca pıçıldayıram: – Sən mənim dəyərlimsən…
Uğruna öləcək qədər sevdiyim…
Ya da öldürəcək qədər…
Və öz-özümə söz verirəm:
– Bu qəlb bu sinədə döyündüyü sürəcə xəyallarımda yaşadacam səni…
Yazıya 385 dəfə baxılıb