Gülüstan arvad başılovlu, təşviş və təlaş içində özünü Məmməd babaya çatdırdı:
-Baba, ölmüşəm, yerdən götür.
Baba təəccüblə ona baxdı:
-Nə olub, ay arvad, sağ-salamatsan. Niyə ölürsən?
Şahpəri arvad irəli yeriyib Gülüstan arvadı sakitləşdirməyə çalışdı:
-Özünü ələ al.
Məmməd baba dayanıb gözləyirdi.
Gülüstan arvad sözə başladı:
-Bizim kişi, başı batmış Ələsgər Rusiyətə alverə getmişdi. Tutub damlayıblar. Xəbər göndərib ki, onu qurtaraq. Mən arvad xeylağı əlimdən nə gəlir? Doğulandan bu kənddən çıxmamışam. Uzağı rayon mərkəzində olmuşam. Uşaqlar da o yaşda deyil. İndi biz nə təhər Rusiyətə gedib onu qurtaraq? Deyir: pul lazımdır. Verim, canımı qurtarım.
Məmməd baba:
-Mənlik nə iş? Pul lazımdır? – deyə soruşdu.
Gülüstan arvad tez:
-Pul yox, kömək lazımdır?
-Nə kömək? – Bunu Şahpəri arvad soruşdu.
Gülüstan arvad dedi:
-Ələsgər deyən pulu düzəltmişəm. beş min manatdır. Rusiyətə gedib ona çatdırmaq lazımdır. Mən getməyinə gedərəm, amma kənddəki kişilərdən, qohum-əqrəbadan kimə dedimsə, boyun qoymadılar getməyə.
Məmməd baba:
-İndi nə demək istəyirsən?
-Razı olsaydın, səninlə gedərdim, oğlum Ramil də bizə qoşular.
-Mən?
-Bu kənddə xeyirxah bir səni gördüm. Ona görə üstünə gəlmişəm. Məni naümid qoyma. Yalvarıram!
Şahpəri arvad Məmməd babanın üzünə baxdı. İstədi desin ki, razı olma. Amma dili gəlmədi. Fikirləşdi ki, qoy baba özü qət etsin.
Məmməd baba ağır-ağır:
-Əl uzatmaq, kömək eləmək Əlidən gəlir. İmam Əlidən. Hamı gərək adil ola. Mənim köməyimə ehtiyacın varsa, etiraz edə bilmərəm. Allah yanında günahkar olaram. Gedin, hazırlaşın.
Gülüstan arvad dua edə-edə getdi. Məmməd baba da hazırlıq işləri görməyə başladı.
Bakıya qatara bilet aldılar. Oradan da Rusiyətə bilet alacaqdılar. Məmməd baba özü ilə iynə-sap götürdü. Şahpəri arvad:
-İynə-sapı neynirsən, ay kişi? – deyə soruşdu.
Məmməd baba:
-Ehtiyat igidin yaraşığıdır.
Şahpəri arvad baxa-baxa qaldı. O sözlərin mənasını başa düşmədi. Başa düşmədi ki, iynə-sap nə zamandan igidin yaraşığı olub.
Dörd nəfər idilər. Məmməd baba, Gülüstan arvad, oğlanları Ramillə Ramiz. Birinin 15, o birinin 13 yaşı vardı. Kupeyə bilet götürmüşdülər.
Qatar yola düşəndə Məmməd baba Gülüstan arvaddan soruşdu:
-Pul hardadır?
-Nə pul?
-Ərini qurtarmaq üçün apardığın pul.
Gülüstan arvadın key-key baxdığını görüb:
-Sən arvad xeylağısan, pulu itirərsən, pulu mənə ver.
Gülüstan arvad əlini yaxasına apardı. Bir topa pulu Məmməd babaya uzatdı. O da pulu pencəyinin içəri cibinə qoydu. Sonra pencəyini çıxarıb iynə-sapla cibinin ağzını tikməyə başladı.
-Hə, indi arxayın oldum ki, aparan olmaz.
Əlqərəz, yıxılıb yatdılar. Məmməd baba ehtiyat etdiyindən elə pencəkdə yerinə uzandı. Az sonra onu yuxu apardı.
Səhər tezdən oyanan kimi əlini cibinə atdı. Əli boşa getdi. Tez baxdı. Pencəyinin cibini kəsib pulu aparmışdılar. Məmməd baba ufuldayıb çökdü.
Gülüstan arvad, Ramillə Ramiz onun başının üstünü aldılar:
-Baba, nə olub?
-Nə olacaq evimiz yıxılıb.
Onlar da bildilər ki, pul oğurlanıb.
Gülsənəm arvad üzünü cırıb dağıtdı:
-Day deyən başımıza daş düşüb də. Kişi orada – Rusiyədə qazamatda çürüyəcək.
Məmməd babanın donub qaldığını görüb:
-Baba, “evimiz yıxılıb” nədir? Bizlik burda iş yoxdur. Pul səndə olub. Dünən nə əcəb məndən alıdın bə? Deməli, bizim yox, sənin evin yıxılıb. Pul sənin zavalına gəlib. Bizi yuxuya verib pulun dalından keçmisən. İynə-sap da bir oyun imiş. Yəqin iynə-sapdan başqa özünlə qayçı da götürmüsən.
-Nə qayçı?. Qayçı-filan yoxdur.
-Pencəyin cibini kəsib pulu buralarda kimə isə vermisən. Yəqin qayçını da həmin adama ötürmüsən, ya da vaqonun pəncərəsindən atmısan.
Məmməd baba yaxasını dağıtmağa başladı:
-Ay Gülüstan, insafın olsun. Bu mənim çantam, bu mənim şalvarım, bu köynəyim, bu pencəyim. Gəlin, baxın, pul məndə nə gəzir. Oğurlayıblar.
Məmməd baba çox təəccübdə idi, mat qalmışdı. Axı o pallı-paltarlı, pencəkdə yatmışdı. Bu oğrular nə zaman kupenin qapısını açıblar? Onun cibini necə kəsib pulu aparıblar o baba bundan xəbər tutmayıb? Nə biliblər ki, onun üstündə, cibində bir o qədər pul olub? “Bu nə-sirri-xudadır?”
Qatar artıq Bakıya çatmışdı. Boş əllə Rusiyətə necə gedəydilər? Kor-peşman bir də geriyə qayıtdılar.
Gülsənəm arvad əl çəkmək bilmir, pulunu tələb edirdi. Durduğu yerdə işə düşən Məmməd baba mal-qarasını, xalça-palazını satıb onun beş min manatını qaytardı.
Şahpəri arvad ərini danlamaqda idi:
-Başına nə gəlirsə, sadəlövhlüyündən gəlir. Gör kənddəki kişilərdən kimsə Rusiyətə getməyə razılıq verdi? Bircə sən bu işə qol qoydun. Bircə ağıllı sən çıxdın! Bu bir. İkincisi, Gülüstan arvad bilə-bilə ki, pulu sənin cibindən oğrular götürüb. Pencəyini də kəsib, yararsız hala salıblar və bu işdə sənin günahın yoxdur, iki ayağını bir başmağa dirədi ki, onun beş min manatını verəsən. Heç qəpiyindən də keçmədi.
Məmməd baba:
-Düz deyirsən, arvad. Ürəyimlə bacara bilmirəm, -dedi.
Bakı şəhəri, 25 mart 2021-ci il
Yazıya 254 dəfə baxılıb