İrqi, dini, etnik, cinsi təəssübkeşliklər bəşəriyyətin düçar olduğu ən ağır xəstəliklərdir. Onlar Bəşəriyyəti içindən parçalayır, müxtəlif insan qrupları arasında “etimadsızlıq və inamsızlıq maneləri” yaradır, Allahın insanların ruhunda yerləşdirdiyi nəcib və xeyirxah keyfiyyətlərin üzə çıxmasına imkan vermir.
Mən bu gün irqçilikdən danışmaq istəyirəm. İrqçilik – irqin insanın xüsusiyyətlərini və qabiliyyətlərini müəyyən etdiyinə inanmaqdır. O, xurafatların ən amansızıdır. Əsrlər boyu irqi xurafat köləliyə, milyonlarla günahsız insanların öldürülməsinə, xalqların və millətlərin qətliyamına səbəb olub.
Çox təəssüflər olsun ki, bu gün də dünyada irqi ayrı-seçkiliyin qurbanları vardır.Corc Floyd, Breonna Taylor və Əhməd Arberinin taleyi irqi ədalətə ehtiyacı yenidən gündəmə gətirib. 2020-ci ilin may ayında, 46 yaşlı qaradərili Corc Floyd, ağdərili polis məmuru tərəfindən qətlə yetirildi. Polis məmuru Floydun fəryad edib rəhm diləməsinə və göz yaşlarına əhəmiyyət verməyib boğazını doqquz dəqiqə ərzində dizi altında sıxıb onu öldürdü.Bu ürəkağrıdan qətl ABŞ-da etirazlara səbəb oldu. İrqlərarası nifrəti yenidən qızışdırdı. Düşünmək olar ki, irqi xurafatı düşüncələrdən silib atmaqdan və gələcək nəsillərin bu xəstəlikdən qurtulmasından ötrü illər, hətta onilliklər lazımdır. Görən hansı vasitələrlə insan cəmiyyətində irqçilik meyillərinin qarşısnı ala bilərik? Öz tərcübəmi sizinlə bölüşmək istəyirəm.
Bir neçə il əvvəl, mən kiçik olanda valideynlərim məni bazar günləri “uşaq dərslərinə” aparırdı.Dərslərin məqsədi uşaqların öz həmyaşıdları ilə ünsiyyət qurmasına imkan yaratmaq, həm də onlara xeyirxahlıq, ədalət, mərhəmət, qarşılıqlı yardım və əməkdaşlıq kimi mənəvi keyfiyyətlərə yiyilənməyi öyrətmək idi. Dərslər bir neçə hissədən ibarət idi:əvvəlcə müəllim bizə bir ibarətamiz hekayə oxudu və biz onu müzakirə etdik.Sonra qrup şəklində qarşılıqlı yardım və əməkdaşlığı yaxşılaşdıran oyunlar oynadıq. Xor ilə mahnı oxuduq. Son hissə şəkilçəkmə və rəngləmə idi. Belə baxanda burada qeyri-adi bir şey yoxdur, elə deyilmi?
Müəllim böyük vərəqdə dairə çəkdi. Bu Yer kürəsi idi. Bundan sonra dairənin ətrafında əl-ələ tutan insanları çəkdik və onları rənglədik: ağ, sarı və qara. Şəkil müxtəlif irqlərə və millətlərə mənsub insanların birliyini simvolizə edirdi. Biz şəkildəki konsepsiyanı müzakirə etdik.
Bu şəkil mənim yaddaşımda əbədi həkk olundu. “Uşaq dərsləri”ndəki məşğələlər mənim və yaşıdlarımın düşüncəsində dərin iz qoydu. Bəli, hər kəs fərqlidir. Lakin adi bir şəkil bizdə belə bir düşüncə yaratdı ki, kim olmağımızdan, dəri rəngimizdən və etnik mənsubiyyətimizdən asılı olamyaraq, bir ortaq cəhətimiz var: biz insanıq və bir ananın –Yer kürəsinin övladlarıyıq. Necə ki, bir yazıda deyilir: “Dünya bir Vətəndir, bütün insanlar onun vətəndaşıdır”.
İnanıram ki,Yer kürəsində irqi, dini, etnik, cinsi xurafatların olmadığı, dünyada birliyin, dosluğun və əbədi sülhün qələbə çalacağı gün gələcək. Bundan ötrü insanların düşüncəsi, bir birinə münasibəti dəyişməlidir. Bu mümkündürmü? Əlbəttə, mümkündür. Bunu hətta adi şəkillə də etmək olar.
Muradzadə Ayan
Bakı –Avropa liseyinin
10-cu sinif şagirdi
Yazıya 135 dəfə baxılıb