Akif ABBASOV – GİZLƏNPAÇ

AKIF ISTANBUL 5(hekayə)

         İyirminci və iyirmi birinci yüzillilklərin ən böyük faciələrindən biri.   2023-cü ilin fevral ayı. Gecənin bir aləmi. Sanki göylərin Yerə acığı tutmuşdu. Acığını isə heç bir dövlətin işinə qarışmayan, bütün xalqlara məhəbbəti olan Türkiyəyə tökdü. Böyük səhvə yol verdi. Ölkənin 10 vilayətini darmadağın etdi, daşı daş üstə qoymadı.

Hündür mərtəbəli binalardan əsər-əlamət qalmamışdı. Uçaraq yerdə daş-kəsək olmuşdu. Dağıntılar altından Zübeydə adlı bağça yaşlı bir qız və onun anası çıxarıldı. Neçə müddət iri daşların, parçalanmış beton piltələrin altında ac-susuz qalaraq ölümlə əlləşən ana ilə  balanın gözlərində qorxu və ümidsizlik vardı. Az sonra bu qorxu və ümidsizlik yoxa çıxdı. Ana da, balaca Zübeydə də özlərinə gəldilər.

Zübeydə üzünü anasına tutaraq:

-Anacan, yaxşısanmı? – deyə soruşdu.

Ana qızını bağrına basaraq:

-Yaxşıyam, həyatım, yaxşıyam – dedi. -Şükür ki, sağsan. Sən yaxşı ol!

Zübeydə anasını öpərək dilləndi:

-Anacan, sən yaxşı ol ki, mən də yaxşı olum!

Ana da qızını öpüb:

-Zübeydəcan, sən də gərək yaxşı olasan ki, mən yaxşı olum. Sənsiz mən necə yaxşı, necə xoşbəxt ola bilərəm?!

Ana-bala bir-birinə sarıldılar. Zübeydə dönüb xilasedicilərə baxdı. Onlar da bu şirindil, yaraşıqlı qızı söhbətə tutdular:

-Məktəbə gedirsən?

Zübeydə başını yellədi:

-Mən hələ balacayam. Necə gedim? Məni bu yaşda  məktəbə götürməzlər.

Qız xilasedicilərdən soruşdu:

-Biz haradayıq? Evdəyik?  Bizim evi kim uçurub? Siz bizim evə necə girmişiniz?

Xilasedici:

-Sizin evi biz uçurmamışıq. Evinizə pəncərədən girmişik.

Zübeydə təəccüblə əvvəlcə anasına, sonra xilasedicilərə baxdı:

-Pəncərədən? Mən gizlənmişdim?

Xilasedici onun sözlərindən istifadə edərək söhbətini davam etdirdi:

-Hə, sən gizlənmişdin. Gizlənpaç oynayırdıq.

Zübeydənin dili açıldı:

-Mən tək deyildim. Ananla mən daşların altında uzanmışdıq. Gizlənmişdik ki, bizi tapa bilməyəsiniz. Yaman qaranlıq idi. Az qalırdın boğulasan. Hava yox idi. Anama demək istəyirdim ki, bura gizlənmək üçün yaxşı yer deyil, gəl duraq. Amma nə deyə bilirdim, nə də tərpənə bilirdik. Qorxmayım deyə gah gözlərimi yumurdum, gah  da açıb qaranlığa baxırdım. Siz də bizi tapa bilmirdiniz. Niyə?

Xilasedici tez:

-Axır ki, tapdıq, – dedi.

Zübeydə şən:

-Yaxşı ki tapdınız, – dedi. -Daşlar anamı da, məni də sıxırdı. Ac idik, susuz idik. Evimizdə anam məni yedisdirmək istəyəndə ərköyünlük edir, yemirdim. Burada isə yaman acmışdım, amma yemək tapılmırdı. Durmaq istəyirdim, dura bilmirdim, qışqırmaq istəyirdim, qışqıra bilmirdim, anamı qucaqlamaq istəyirdim, əlim çatmırdı… Bir də gizlənpaç oynamayacağam.

Xilasedici onun saçlarına tumar çəkdi:

-Zübeydə, gizlənpaç yaxşı oyundur. Bundan sonra da oynayarsan. Amma çox qaranlıq, gizli yerlərə getmə. Yaxşı?

-Yaxşı.

Ana qucağında balaca Zübeydə xilasedicilərə təşəkkür edib ayrıldı.  Zübeydə də onlara əl elədi.

Yaşadıqları binadan əsər-əlamət qalmamışdı. Ana binanın dağıntılarına baxıb göz yaşlarını axıtdı və hərəkətə gəldi. Doğmalarından xəbər tutmalı idi.

Bakı, 13 fevral 2023-cü il

Yazıya 36 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.