“ÜRƏK YAMAN ŞEYDİR” – Çingiz Abbasov yazır…

275385140_2972337233096948_2624143590304879715_n

2022-ci ilin əvvəlləri idi. Ramiz Hümmətovun redaktoru, İradə Aytelin müəllifi, mənim koordinatoru olduğum “Polad ürəklər” layihəsi çərçivəsində Tovuz rayonunun Pələkli kəndinə Şəhid Aqil Əliyevin ziyarətinə getmişdik. İlk olaraq iki dost, iki döyüş yoldaşı və Cənnət qonşuları olan Şəhid Aqil və Şəhid Həsən Ayvazovun uyuduğu müqəddəs məzarlığa üz tutduq. Tovuzun dağlıq ərazisində yerləşən kəndin qəbirstanlığına getmək üçün yağışlı-çiskinli havada yoxuşla qalxmaq lazım idi. Maşınla getmək mümkün olmadığından, piyada üzüyuxarı addımlamağa başladıq. Ramiz Hümmətov yolun yarısına qədər getdikdən sonra özü kimi ağır salğalı bir daşın üzərində oturdu və əli ilə “siz gedin” işarəsi verdi. Tövşüyür, çətinliklə nəfəs alırdı. Onu ilk dəfəydi elə görürdüm. Dedim, “yaxşı, Ramiz, sən burada gözlə, salamını o müqəddəs oğullara çatdıraram”. İçimdə bir narahatlıq baş qaldırdı. Nə olursa-olsun Ramiz bizi yarıda buraxmazdı. Şəhidlərimizin sorağıyla 400 km yol qət edən, Əsrik dərəsinin şəhidlərinin əksəriyyətinin ziyarətində olan, çəkilişlər edən Ramiz 400 metr yolu yeriyə bilmədi. Ziyarətdən döndük, Ramiz yenə də həmin daşın üzərində oturmuşdu…  Bu gün də Ramiz gözlərim onündə eləcə canlanır – Tovuz dağlarının başında, ağır salğalı bir daş üstündə, ağır batmanlı oturuşuyla…

Ramiz Hümmətovu 1988-ci ildən tanıyıram. İlk olaraq bizi Tovuz torpağı yaxınlaşdırmışdı. İkimiz də Tovuzda doğularaq, Bakıda çalışırdıq. O zamanlar Ramiz kompüter mərkəzində, mən Həmkarlar Şurasında işləyirdim. Müəyyən sənədləri, bukletləri Ramizə verirdim çap edirdi. Ondan sonra “Tovuz Xeyriyyə Cəmiyyəti” yarandı və biz ikimiz də cəmiyyətin sıralarında yer alaraq, eyni amal uğrunda – Azərbaycan torpaqlarının müstəqilliyi, bütövlüyü, elm, sənət, idman, saz-söz adamlarının təbliği, qorunması uğrunda fəaliyyətə başladıq.

“Tovuz Xeyriyyə Cəmiyyəti”nin sifarişi ilə Ramiz Hümmətovun tərtibat verərək ərsəyə gətirdiyi kitab və jurnalları saydıqca bitirmək olmaz. Aşağıda adlarını sadaladığım dəyərlilərimizin yubileyləri ərəfəsində, anım günlərində “Tovuz” qəzetinin xüsusi buraxılışları olan jurnallar çapdan çıxırdı. Professor Qəzənfər Paşayevin, Professor Museyib Museyibovun, Akademik Bəhrəm Əsgərovun, Professor Cəfər Quluzadənin, jurnalist Bəhruzər Rüstəmovun, Şair İsa Cavadoğlunun, Şair Elman Tovuzun, Şair Maarifin, Şair Musa Ələkbərlinin, Aşıq Mahmud Məmmədovun, Novruz Həsənovun, Aşıq Əlixan Niftəliyevin, Aşıq Əkbər Cəfərovun, Sadıq Elcanlının, fəlsəfə elmləri üzrə doktor Əlixan Məmmədovun, Əkbər Qoşalının, korifey futbolcular Müzəffər Qasımov və Akif Fəttahovun, Namazəli Məmmədovun, Qənirə Paşayevanın, “Tovuz Xeyriyyə Cəmiyyəti”nin (20 illiyi münasibətilə) yubileyi və anım günlərinə həsr edilmiş jurnallar məhz Ramiz Hümmətovun əməyinin bəhrəsidir.  Bu jurnalların arasında mənim də 70 illik yubileyimə həsr edilmiş buraxılış var. İndi sadalayacağım kitablar da “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sifarişi ilə Ramiz Hümmətovun əməyinin bəhrəsi olaraq tarixə düşdü: “Bizi Qandallara aparan yollar”, Polad Həşimovun xatirəsinə həsr edilmiş “Tovuz döyüşləri”, Tovuzun adlı-sanlı ziyalılarından ibarət “101 Tovuzlu”,  “Məmməd İsmayıl-80”, Nəsir Ağayevin “Şeirlər”, Seyid Hənifə “Şeirlər”, Aşıq Qədir “Qərəvəlilər”, “Tovuz futbolu-100“, “Ağalar Bayram-65”, Şəhid leytenant Aqil Məcidovun həyatından bəhs edən “Leytenant Məcidov” və çapını görmək qisməti olmayan, üzərində işlədiyi kitablar – “Seyfəddin Əsəd-70”, Fəlsəfə elmləri üzrə doktor Mayıl Məhərrəmovun hazırladığı tibbi dərslik, İradə Aytelin müəllifi olduğu, Şəhid baş leytenant Elməddin Nəsibovun həyat və döyüş yollarına həsr edilmiş roman və bir çox bilmədiyimiz kitablar Ramiz Hümmətovun masasında yarımçıq qaldı…

Ramiz Hümmətov çox həyatsevər adam idi. Heç vaxt onun dilindən “ölüm” kəlməsi eşitməzdin. Nəinki ölüm, “yoruldum”, “bezdim” və s. kimi neqativ kəlmələr də ona yad idi. Cəmiyyətimiz nə zaman bir işə başlamaq istəsə (kitab, jurnal, qəzet çapı, anım tədbirləri üçün xüsusi buraxılışlar və s.) Ramiz o saat əl-ayağa düşər, həvəslə, maddiyyat ummadan işə başlayardı.  Onu da qeyd edim ki, Ramiz Hümmmətov təkcə dizayner, redaktor kimi deyil, eyni zamanda publisist jurnalist kimi də fəaliyyət göstərirdi. Bizim cəmiyyətin hazırladığı kitab və jurnallardakı müsahibələrin, reportajların, kiçik məqalələrin bir çoxunun yazarı Ramiz özü idi.

Ramiz həm də süfrəsi açıq, ocağı qonaq-qaralı kişi idi. Onun çalışdığı Azərbaycan Nəşriyyatının əməkdaşları, qəzet, kitab dərc etdirən yazarlar, dostlar-tanışlar mənim bu fikrimə dəstək olar ki, Ramiz iş yerində də gələn qonağına süfrə açar, ac yola salmazdı.

Ramiz Hümmətovla çox səfərlərimiz olub. 44 günlük müharibədən sonra səfərlərimiz daha da sıxlaşdı. Biz “Tovuz Xeyriyyə Cəmiyyəti”nin xəttiylə kənd-kənd ev-ev dolaşdıq, müqəddəs şəhid ailələrində, onların anım günlərində iştirak etdik, Birinci və İkinci Qarabağ döyüşlərində – Azərbaycan Vətən Müharibəsində qəhrəmanlıqlar göstərmiş, qazi olmuş, müqəddəs şəhid adını qazanmış oğullarımızdan söz açmaq, onların həyat yollarını gənclərə örnək etməkdən ibarət olan “Polad ürəklər” layihəsini gerçəkləşdirdik. Layihəmiz həm televiziyada, həm də sosial şəbəkələrdə yayımlandı və ölkəmizlə yanaşı, dünyada yaşayan azərbaycanlılar müqəddəs oğullarımızın keçdiyi ömür yolundan xəbərdar oldular. Bütün bu səfərlərimizdə Ramiz ətraflı, məzmunlu, dəyərli çıxışlarıyla oğul itirmiş ailələrə təsəlli olurdu. Ramiz bir növ bizim danışan dilimiz idi, ürəyimizdəki sözlərə həyat verirdi. Ramiz Hümmətovun qəfil və nakam ölüm xəbərini eşidən həmin ailələr mənə zəng edərək kədərləndiklərini söylədilər. Tovuz şəhərindən Baş Leytenant Elməddin Nəsibovun, Leytenant Aqil Məcidovun, sərhəd kəndi olan Qaralardan Xüsusi Təyinatlı Qüvvələrin Şəhidi Mustafa Qasımovun, Çatax kəndindən Şəhid Eltac Əlizadənin, Pələkli kəndindən Şəhid Aqil Əliyevin və Şəhid Həsən Ayvazovun, Əyyublu kəndindən Vahid Qurbanovun, Ağstafa rayonunun Şəhidi Xaləddin Cəlilovun, Şəhid Kəramət Şəbəyevin, Şəhid Asəf Məmmədovun, Qazaxdan Şəhid Sərxan Mustafayevin, Gədəbəy Şəhidi Şamxal Əlizadənin və bir çox Qazi və Şəhid ailələrinin üzvləri zəng edərək Ramiz Hümmətov barədə xoş sözlər söylədilər, ruhuna rəhmətlər dilədilər….

İsti bir yay günündə çəkiliş qrupumuz və  Ramiz Hümmətov, Şair Musa Ələkbərli, Avdı Qoşqar, İradə Aytel, Kamal Qurbanov, Şair Bəhlul Ataxallı, Qiyas Nazarlı, istedadlı operator Gündüz Şahvələdov və Gürcüstandan olan ziyalı dostlarımızla Qazax şairlərinin ziyarətinə yollandıq. Aslan Kəmərlinin məzarı önündən başlayan ziyarətimiz İkinci Şıxlıda başa çatdı. Biz həmin gün Ağamalı Sadiq Əfəndi, Məmməd Dəmirçioğlu, Akif Səməd, Eldar Nəsibli, Osman Sarıvəlli, Babək Qurbanov və bir çox dünyasını dəyişmiş söz sənətkarlarının, söz azmanlarının məzarlarını ziyarət etdik. (Youtube “Şairlər vətəni bizim tərəflər”). Maraqlısı odur ki, hansı şairin qəbri önündə dayandıqsa, Ramiz həmin şairin şeirlərini əzbərdən söylədi. Bir insanın yaddaşına bu qədər şeirin sığışması hamımızı heyran qoymuşdu. Onu da deyim ki, Ramiz folklorumuzu, xüsusən də aşıq ədəbiyyatını çox gözəl bilirdi. Son yüz ilin hansı aşığının adını çəksən, Ramiz onun barəsində məlumat verirdi. Filan aşıq solo ifaçıdır, filankəs ustad aşıqdır, filankəs ən zil səsli aşıqdır, filan aşıq filan ildə filan havanı ifa edib və sair, və ilaxır… Onun bu qədər məlumatlı olması, ən çox da Tovuz ədəbiyyatına, mədəniyyətinə, folkloruna, sənətkarlığına, toponimlərinə, coğrafiyasına, idmanına, hətta mətbəxinə də bu qədər yaxın olması, bu qədər öyrənməsi, sevə-sevə təbliğ etməsi insanı qürurlandırırdı.

Ramiz Hümmətovun fəaliyyəti təkcə kitab, jurnal çapları ilə deyil, eyni zamanda, dəyərlilərimiz haqqında çəkilən videoroliklərə etdiyi redaktorluğu ilə də seçilirdi.  Sosial şəbəkədə, Youtube-də onun əməyinin bəhrəsi olan “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədri Musa Süleymanovun, cəmiyyətin sədr müavini Namazəli Məmmədovun, futbol korifeyimiz Müzəffər Qasımovun, doktor Mayıl Məhərrəmovun və mənim həyat və yaradıcılığımızdan bəhs edən videoçəkilişlər yer alıb.

Ramiz Hümmətov, sözün həqiqi mənasında məclislərin bəzəyi idi. Onun maraqlı söhbətləri, duzlu-məzəli replikaları, xüsusən də pantomim təcnisləri ifa etməsi məclisdəkiləri heyran qoyurdu. Akif Səmədin, İsmayıl Sadıqlının, Məmməd İlqarın, Məmməd Dəmirçioğlunun və bir çox şairlərin demək olar ki, külliyatını əzbər bilirdi. Məmməd İlqarın bir pantomim təcnisi var – “Belə elə”. O təcnisi hər adam nə ifa edə bilməz, nə də olduğu qədər başa düşə bilməz. Ramiz mimika və jestlərlə həmin pantomim təcnisi tamaşaçıya elə dəqiqliklə çatdırırdı ki, şeirdəki dərinliklə yanaşı, Ramizdəki incələmə qabiliyyətinə heyran qalırdıq. Dostların ad günlərində, mükafat aldıqları xoş zamanlarında və s. Aşıq Hüseyn Qaraxanlının evinə, öz aramızda “Bunker” adlandırdığımız saz-söz ocağına toplaşardıq. Divarları folklor nümunələri, musiqi alətlərimiz və xiridarlarımızın şəkilləri ilə bəzənmiş ocağa səsimiz sözümüz yayılardı. O səslərin, sözlərin arasında ən gur, şaqraq olanı isə Ramiz Hümmətovun səsi idi… Azaflı Mikayılın 90 illik yubileyindən, bu günlərdə Rəşid Behbudov adına mahnı teatrında baş tutan Aşıq Hüseyn Bozalqanlının 160 illik yubileyindən, Tovuz Mədəniyyət evində keçirilən Aşıq Əkbər Cəfərovun və Aşıq Əlixan Niftəliyevin yubiley mərasimindən və s. tədbirlərdən hələ uzun illər Ramiz Hümmətovun odlu-alovlu, sözlü-şeirli çıxışlarının səsi gələcək…

22 dekabr 2023-cü il mənim yaddaşıma ən unudulmaz gün kimi həkk olundu. Həmin gün bizi şair dostumuz Musa Ələkbərlinin qardaşı Bəhlul Ataxallı qızının toyuna dəvət eləmişdi. Ramiz Hümmətov başda olmaqla, şairlər, Ramiz Qusarçaylı, Mübariz Məsimoğlu, Musa Ələkbərli, Qızıl Məmməd, Ayaz Arabaçı, Bəhlul Göyyurd, Kamal Faxralı, Qiyas Nazarlı və mən bir masa başına toplaşmışdıq. Məclisin yarısı olardı, gördüm Ramizin rəngi avazıyıb. Dedim, “Ramiz, istəyirsən 100 qr vur, solğun görünürsən”. Ramizdən əvvəl masadakılar etiraz etdilər, dedilər “Olmaz, onun ürəyində stend var”. Toyda nə Ramiz, nə də Ayaz Arabaçı içki içmədi, sadəcə çay içdilər.  Toyun sonuna yaxın bizə söz verdilər. Şairlər məclisiydi, hamının ürək sözləri misralar, qafiyələr üzərində qurulmuşdu. Orada Ramizin çıxışı, şeir səsləndirməsi hamıdan seçilirdi. Hətta dostlar “Şair olmayasan, amma bizdən çox şeir biləsən” deyərək, zarafatlar etdilər. Məclisdən çıxdıq, Ramizi  evlərinə yola saldım. Səhərisi gün 23 dekabrda 9:00-da Ramizə zəng elədim. Seyfəddin doktorun 70 illik yubileyi münasibətilə kitab hazırlayırdı. Dedi işdəyəm, doktoru gözləyirəm. 12:00-da yenidən zəng elədim, dedi doktor gəlib, gücləndirilmiş rejimdə işə başlayırıq. İdman İnstitutunun prorektoru Nazim müəllim Ramizin tələbə yoldaşıdır. O da saat 18 üçün Ramizi qonaqlığa dəvət eləmişdi. Moskvadan, Ordubaddan, Lənkərandan tələbə yoldaşları gəlmişdi.  Söz verib ki, kitab var, bitirib gəlirəm. Saat 19:00-da Nazim müəllim bir də zəng edib ki, Ramiz səni gözləyirik. Saat 20:00 da işlərini bitirib doktorla çayxanaya gediblər çay içməyə. Orada bir anın içərisində Ramiz quş kimi uçub gedib…

Ramiz Hümmətovdan yazmaq lazım gələndə ilk bu cümlə yadıma düşdü “Ürək yaman şeydir”. Lap çoxdan oxumuşdum Əkrəm Əylislinin bu hekayəsini, hətta unutmuşdum da. Ramizin hamıdan yaxşı olan, hər şeydən böyük olan ürəyi yamanlıq elədi Ramizə. Yarıyolda qoydu Ramizi… Ürək yaman şeyiymiş…

35 illik yol yoldaşım, dostum Ramiz Hümmətov haqqında nə qədər danışsam da, sözüm bitməz. Ancaq bir həqiqət də var, dərd elə bir dağdır ki, onu yaxından görmək mümkün deyil. Dərdə boylanmaq üçün bir az kənarında durmaq lazımdır. Dərdin, ağrının kənarı isə zamana tabedir. Zamanla yaramız qaysaq tutur, zamanla dərdə baxa bilirik. Mən Ramiz haqqında indi, bu tezlikdə, bu yaxından danışa bilmirəm. Yaramız qaysaq tutsun, yenidən üz-üzə gələrik, Ramiz, yenidən danışaram səndən…

Mən öz adımdan, dostlarımız adından, Azərbaycan Auditorlar Palatasının əməkdaşları, xüsusən də rəhbəri olduğum Ağsaqqallar Şurası adından, elim-obam adından Ramiz Hümmətovun ailəsinə dərin hüznlə başsağlığı verir, bu qəfil, vaxtsız ölümə kədərləndiyimizi bildirirəm.

Allah sənə rəhmət eləsin!

Ruhun şad olsun! Necə ki, varlığın ətrafındakıları şad edirdi.

Allah sənin ailənə və yaxınlarına səbr versin!

Sözümə Ramizin çox sevdiyi, bütün məclislərdə ifa etdiyi Məmməd İlqarın təcnisiylə yekun vururam. İnanıram ki, bu təcnis Ramizin ruhunu şad edəcəkdir:

 

Ay gözü göyçəyim, gözün hardadı –

Dən salıb saçıma dərdin dən, belə…

Yeriyən, danışan ölüyəm sənsiz –

Kim ölər mənimtək dərdindən belə?..

 

Dərd oxuna nişangahdı sinəm də,

Dərd əlindən ha gizlənəm, sinəm də.

Nə dərd desən yuvalanıb sinəmdə –

Bir bala sərçənin dərdindən belə…

 

Tapşır gözlərinə ilqara gəlsin,

Qiyma ki, ay qara, il qara gəlsin.

Gələn dərdin Məmməd İlqara gəlsin –

Neynər dərdli kəsə dərd indən belə?!.

 

Çingiz Abbasov, “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini, “Tərəqqi” medallı auditor

296075203_3071831336480870_6521945045099247910_n 295845134_3071831266480877_2320321818899906988_n

WhatsApp Image 2023-12-26 at 20.02.47
275248475_2972337379763600_1522018185856062805_n 119584720_2583742055289803_181339352810404967_n 87171687_2759960234098138_8887624307203637248_n 75196375_3434527099920749_1131491872657637376_n 56707542_2169995203331159_5036674763238408192_n 56666783_2169995196664493_6051068892351037440_n 26804803_2045768669034346_9191052117131820233_n 11844968_1435422693455084_448918182807068691_o 11838679_1435377456792941_2642470933432439816_o 11802683_1435375933459760_8264818854451891631_o 11782506_1435422080121812_3643042200889742736_o 11779895_1435377916792895_4212020260085842698_o 87171687_2759960234098138_8887624307203637248_n 75196375_3434527099920749_1131491872657637376_n

Yazıya 77 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.