(İncəsənət İnstitutunun professoru, Əməkdar artist Ağalar Bayramovun Ramiz Hümmətovun hüzn mərasimindəki çıxışından…)
Dedilər, qonşuda öldü bir nəfər,
Dünya qayğısıyla doluydu, getdi.
Ağlaşma qurdular,
şivən çəkdilər.
Toydan yaranmışdı,
Yas qoydu, getdi…
Dünyaya gələndə…
Onun bir tikə
Nə dərdi, qayğısı, nə qəmi vardı.
Dünyadan gedəndə… özüylə birgə
Elə dünya boyda dünya apardı…
Yox-yox! Anasından doğulmur insan,
Doğulur fikrindən, arzularından.
İnsanı böyüdür dərdlər, qayğılar
Axı, hər insanın öz dünyası var!..
Ürəklər dəryadır… Onun hər günü
Doludur…
Nə qədər məddi, cəzri var.
Bir qəlbin bir günlük təlatümünü
Yazmağa nə qələm, nə kağız çatar.
Batıb doğmasıyla günəşin hər gün
Min günəş doğulur, min günəş batır.
Yerə ayağını asta bas, düşün –
Torpağın altında dünyalar yatır.
Torpağın altında yatır nə qədər
Arzular,
Fikirlər,
Dərdlər,
Əzablar.
Yatır ilk ümidlər, son düşüncələr,
Yatır yazılmamış min-min kitablar.
Gəldiyi kimi də getmir gedənlər,
Vəhdətdir həm məndə, həm səndə dünya,
Deməyin, qonşuda öldü bir nəfər,
Gələndə zərrəydi, gedəndə dünya.
Bu şeiri ölməz şairimiz Bəxtiyar Vahabzadə illər əvvəl yazıb. Sanki indi yazıb və məhz Ramiz Hümmətov üçün yazıb. Çünki Ramiz Hümmətov da dünya qayğısıyla dolub gedənlərdəndir…
Ramiz Hümmətov gedəndə özüylə qoşmaları, gərayılıları, cığalı təcnisləri, dastanları… Azərbaycan poeziyasını apardı. Mən Çingiz Abbasova minnətdarlığımı bildirirəm ki, 14 il əvvəl məni Ramiz Hümmətovla tanış elədi. Mən Ramizdən öyrənirdim. İncəsənət İnstitutunun professoru, Əməkdar artist olan mən Ramizdən öyrənirdim. Ramiz sözün ətəyindən tutub qaldıra bilirdi. Ramiz insanların 99 faizinin etdiyi kimi sadəliyi oynamırdı, Ramiz başdan ayağa sadə idi.
Mən 7-8 ildir bilirəm Ramiz Tovuz rayonundandır. Mənim üçün region söhbəti yoxdur. Ramiz Tovuz torpağına, böyüdüyü Qaraxanlı kəndinə, elə-obaya şərəf gətirdi. Ramiz bilirdi poeziya nədir, söz nədir, bayatı nədir. Sinədəftər idi Ramiz. Xaqanidən danışanda Xaqanidən deyirdi, Nizamidən danışanda Nizamidən deyirdi, Həsənoğludan danışanda Həsənoğludan deyirdi… Dilindən düşmürdü Məmməd Arazın, Məmməd İlqarın, Məmməd İsmayılın misraları. Məmməd İsmayılın Allah canını sağ eləsin, onun yubiley mərasimi keçirilirdi, yığışmışdıq bir yerə. Ramiz ayağa durdu, yubilyara “səni təbrik edirəm”, – demədi, birbaşa Məmməd İsmayılın misralarını söyləməyə başladı. Bu, şair üçün ən böyük mükafat idi. Evə çatan kimi Ramizə zəng etdim, dedim, “Ramiz, qurban olum, o şeiri tez mənə göndər. Sonra o şeiri efirlərdə, sosial şəbəkələrdə səsləndirdim. İndi bu gün Ramizin dəhanından gələn həmin şeiri səsləndirməyi özümə borc bilirəm:
Bir dəfə torpağa toxum səpilir,
Bir dəfə saralır zəmi, bir dəfə.
Bir dəfə dünyaya gələn nə bilsin,
Bir dəfə sevəcək cəmi, bir dəfə.
İkinci sevgidən etmə gileyi,
Atılan ox kimi uçma hədəfə.
Ömründə insana ən əziz şeyi,
Bir dəfə verilir, cəmi bir dəfə.
Sən ay iki başlı məna axtaran,
Günün günortası qul olma kefə,
Bir dəfə səhv edir minaaxtaran,
Ömründə bir dəfə, cəmi bir dəfə.
Çalış çaldığını çal sarı simdə,
Bu kibrit çöplərtək düzülmə səfə.
Yüz dəfə can vermə, gələn ölüm də,
Bir dəfə gələcək, cəmi bir dəfə.
Qəfildən gəldi bu ölüm. Mən həmin günü Qubada əziz dostumuz Ramiz Qusarçaylının anadan olmasının 65 illiyinin aparıcısı idim. Fasilədə Çingiz Abbasovdan Ramizin dünyasını dəyişdiyi xəbərini eşitdim. Elə bil, qolum qırıldı… Elə bil qanadlarım qırıldı… Özümə gələ bilmədim. Ramiz Qusarçaylı soruşdu ki, Ağalar müəllim, nə olub? Demək istəmədim, amma əhvalım söyləyirdi içimdəkini. Şair bir də soruşdu ki, nə olub? Dedim, Ramizi itirdik… Sinəsi sözlə dolu dostumuz bizə vida etdi… Tovuz torpağından mənim dostlarım çoxdu. Ramiz Mirzəyev də dünyasını dəyişəndə elə bil qolum qırılmışdı…
Adətən deyirik ki, Allah vaxtsız qəm qismət eləməsin. Qəm, əlbəttə, olacaq. Amma vaxtsız qəm adamı yandırır. Necə ki, Dədə Ələsgər deyirdi: “Heyif cavanların gül əndamları // Mara, mura qismət oldu dünyada”…
Ramiz mənim yubileyimə kitab hazırlayırdı. Mənim haqqımda yazılan yazıları – Məmməd İsmayıl, Məmməd Araz, Məmməd Aslandan üzübəri yazılmış şeirləri bir araya gətirirdi. Addımbaşı deyirdi ki, Ağalar müəllim, kitab çapa hazırdır. Bayaq dostumuzun yarımçıq qalan işlərindən söz düşüb, fikirləşirəm ki, mənim əlim gəlməz gedib o kömpüterin yaddaşına baxım. O yazıları da Ramiz özüylə torpağa apardı…
Ramiz Yunis Əmrədən misal gətirərdi deyərdi ki, Ağalar müəllim sözün qüdrətinə bax,
Qarnın yardım qazma ilə, bel ilə,
Üzün cırdım dırnaq ilə, əl ilə,
Yenə məni qarşıladı gül ilə,
Mənim sadiq yarım qara torpaqdı.
O sadiq oğul o ana torpağa qovuşdu. Mən inanıram ki, Ramizi sevənlər çoxdur. Onu tanıyanlar ölməz xatirəsini heç vaxt unudan deyil.
Ramiz Haqq yoluna dönən, Haqqa tapınan adam idi. Bu dünyada ən çətin şey ləyaqəti qorumaq, bir də Haqqa tapınmaqdır. Ramizin 4-5 il bundan qabaq danışdığı bir əhvalatı söyləyəcəyəm. 1979-cu ildə Amerikanın Çikaqo şəhərində bir polkovnik 14 yaşlı nəvəsiylə gedirmiş. Birdən 200-300 metr aralıda bank qarət etmiş banda ilə polis arasında atışma olur. Polisin gülləsi təsadüfən gəlib polkovnikin nəvəsinə dəyir. Polkovnik uşağı qucağına götürürür. Polislərin komandiri gəlir, güllə atan polisi səhv atdığına görə qandallayır. Polkovnik qışqıra-qışqıra deyir: Buraxın onu! O günahkar deyil, buraxın! Sonra da hönkür-hönkür ağlayır və başına gələn əhvalatı danışır. Deyir, mən 29 il bundan qabaq kapitan rütbəsində Vyetnamda döyüşürdüm. Bizə xəbər verdilər ki, Vyetnam kəndlərindən birini partizanlar mühasirəyə alıb. Mən aftomatın bütün darağını qarşıma çıxan günahsız 14 yaşlı vyetnamlı qızın qarnına boşaltdım. İndi həmin güllə 29 ildən sonra gəlib Çikaqoda mənim 14 yaşlı nəvəmi tapıb. Bu hadisə “İzvestiya” qəzetində dərc edilib. Qəzet Ramizdəydi, mənə verəcəyini söz vermişdi… Ramiz bu əhvalatı danışandan sonra dedi, Ağalar müəllim, Həccə, Məşhədə, Kərbəlaya ziyarət var ha, bu odur. Bu xristian millətidir, amma gör nə qədər Haqqa tapınan adamdır ki, öz günahını etiraf eləməyi bacarır. Kişi olan kəs etiraf etməyi bacarmalıdır. Rəhmətlik Hüseyn Arifdən misal gətirirdi ki, oğlu Arif dünyasını dəyişəndən sonra şair bir etiraf edib. Deyib ki, ova getmişdim, orda bir dağ kəli vurdum. Kəl ölmədi, dağ aşağı yumarlana-yumarlana parçalandı. Ondan sonra Hüseyn Arif bir şeir yazır. Şeirin bir misrasını Ramizin dili ilə söyləyirəm:
Bir dağ kəli yaraladın zirvədə,
Hüseyn Arif, bu ah səni tutasıydı, tutdu da.
Ramizin xarakterində yalmanmaq, yaltaqlanmaq yox idi. Ramiz az danışardı, amma saz danışardı. Bu yaxınlarda Çingiz Abbasovun təşkilatçılığı ilə Yeni Günəşlidə, öz aramızda “Bunker” adlandırdığımız saz-söz ocağında bir araya gəlmişdik. Dedi, Ağalar müəllim, Məmməd Arazın həmrəylik günüylə bağlı yazdığı misraları de, o şeir mənim ürəyimə sarı yağ kimi yayılır. Dedim, Ramiz, baş üstə! Xalq şairi Məmməd Araz 1989-cu il 31 dekabrda yazdığı bu misraları bu gün Ramizin hüzn mərasiminə toplaşmış bacı və qardaşlarıma deyirəm. Elə bilək ki, bu şeiri Haqq dünyasındakı Məmməd Araz yox, Haqq dünyasındakı Ramiz yazıb:
Amandı, qoruyun bir-birinizi.
Qoymayın soyuya Arazı Kürdən.
Kim atdı, kim satdı birliyinizi-
Papağı gildəndi,
Qafası küldən…
Elə son anda da sonsuz güc ara,
Sən nəfəs-nəfəsə, səs-səsə gursan.
Aradan su keçdi-yarğandı ara,
Alasız, talasız birliyi bir san!
Yoxsa əl tutanın yıxanın qədər,
Qorxma, yaxşıların biri min adam!
Gəzib igidlərlə qədəmbəqədəm,
Yaxşılar ordusu yaradacağam.
Ziyasız olanlar ziyanı dandı,
Yox üzüqarası “qara kütlənin”.
Bir az gec inandım,
Yaxşı inandım:
Dişləri pis kəsmir ağlı kütlərin!
Amandı, qoruyun bir-birinizi!
Döyüş nə ağıdır, nə də meyxana,
Ağlağan qatlanar,-
Qatlanan sınar!
Beş gün əlinizə düşən meydana
Kürnəş bağlayanlar yığışmasınlar!
Bu hansı ağıllı başdan başlanıb?
Bu sel görünəndən daha dərindir.
Bu çələng taclardan uca başların,
Bu sümük xalqına hürənlərindir!
Yaltaq da alçaqdır, alçaq da yaltaq,
Çoxları itləşdi bir yalaq üçün.
Qoyun beləsini duza, saxlayaq,
Sabah beləsinə şapalaq üçün.
Hünər zamanın da qəddini gərir,
İgidlər ərləşir ərgən çağında.
Xəyanət selinən, yelinən gəlir,
Ədalət gələndə quş caynağında!
Amandı, qoruyun, bir-birinizi!
Qolu itənlərə qol olanların.
Çəkici, orağı qorunmalıdır,
Özgə ümidinə qor olanların
Öz ümid çırağı qorunmalıdır!
Mən də hər çağrışa dönüb baxmaram,
Önümdə dağ durur,
Arxamda dərə.
Mən də hələm-hələm bayraq taxmaram
Göyümdə göyərən göydələnlərə.
Baxın, bir baxışla kim bunu anlar,
Düşmən qılıncında-bu dost əlidir!
Təbrikə, təhrikə mahir olanlar
Güdaza verməyə səriştəlidir.
İlahi, nə çoxmuş çayır kimilər!
Ayıqlar qütbündə ayıq kimilər…
Amandı, qoruyun birliyinizi!..
Mən isə deyirəm, Ramizin xatirinə, onun ürəyindən süzülüb gələn Məmməd Araz misralarının ideyası xatirinə, amandır, qoruyun bir-birinizi! Qarşıdan Yeni il gəlir, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir, qoruyun bir-birinizi. Bir-birimizi qoruyaq. Düz yolda olmayanı düz yola hidayət edək, bilməyəni başa salaq…
Ramizin ruhu qarşısında baş əyirəm. Nə qədər varam, Ramiz mənim qəlbimdə yaşayacaqdır. Adam var evdən gedir, adam var, eldən gedir. Bəli, Ramiz qardaşım eldən gedib.
Onun ailəsinə, qardaşlarına, Tovuz elinə, dostlara, sizin hər birinizə dərin hüznlə başsağlığı verirəm!
Allah rəhmət eləsin!
Yazıya 200 dəfə baxılıb