Niyə hələ də cəmiyyətimizdə gender bərabərliyinin pozulması kimi problemlər geniş vüsət alır? Axı niyə, bəzi “kişi” lər özləri hər cür əxlaq dəyərlərinə zidd olan hərəkətləri edib, amma ailə qurmaq üçün saf, az yaşlı, üstəlik hələ bir dəfə də olsun heç kimi sevməyən bir xanım axtarırlar?
Mentalitetimizdə niyə “kişi” olmaq əsas sayılır, “adam” ola bilmək, heç nə, heç bir şey?Niyə yeni doğulacaq qız uşaqlarının cinsiyyətini öyrənən kimi həyatlarına xitam verilir, sanki edam edirlərmiş kimi kəsib məhv edirlər?!
Çönüb arxamızdakı nəsillərə nəzər salsaq, görəcəyik ki, lənətə gəlmiş bu cəhalət dolu düşüncələri beynimizə, hətta ruhumuzun ən diblərinə yeridən elə analarımız, nənələrimiz, babalarımız olub.Bizi bu hala salan, bizdən başqa heç kim olmayıb.
Oğlan uşağı dünyaya gələndən sonra, hərə bir tərəfdən “Kişi baladır bu, buna hər şey olar” deyə-deyə, adamları insanlığına görə yox, cinsinə görə dəyər verməyi lap bu cəmiyyət üçün qanun halına saldıq.Evdə qız uşağı var? Susmalıdır ha, nəbadə evdəkilər söhbət edəndə qarışsın, bir söz desin, eyibdir, qız uşağı hara, kişilərin söhbətinə qarışmaq hara?! Sonra da deyirsiniz ki, ölkəmizdə azad söz hüququ yoxdur.Biz hələ öz içimizdə bir-birimizə azad halda sözümü deyə bilmirik, hansı ədalətdən, hansı demokratiyadan danışırıq?
Qız yükdür, qız uşağı ancaq silməlidir, yumalıdır, süpürməlidir.İnanın ki, bu sferada böyüyən həmin qadınlar belə, bunun yanlış olduğunu bilə-bilə qız övladlarına öz talelərini yaşadırlar.Onlar da elə bilirlər ki, qazanı yaxşı yurdunsa, paltarı dümdüz ütülədinsə, dadlı bir xörək bişirdinsə, səndən xoşbəxti həyatda yoxdur.Halbuki, bu sadaladıqlarım, hər bir insanın öz ehtiyaclarını gündəlik həyatda həll etmək üçündür.Yəni, bu işləri hamı bacara bilir.
Elə əvvəlki yazılarımın birində də qeyd etdiyim kimi, xalq olaraq bu cür sosial, mənəviyyatımızı əzən, əzdirən problemləri biz yaratdıq!
Bu yazını qətiyyən feminizm aurasında yazmıram.Fakt budur ki, bizim olduğumuz cəmiyyətin çirkin görünən üzlərindən biridir belə məsələlər.
Bu, heç bir dövrdə düzəlməyəcək.Təməli əyri qoyulan bir şeyin sonu, istənilən hallarda uçurumdur.
Yazıya 59 dəfə baxılıb