Byram günlərinin bitməsinə hələ iki gün qalıb. Obaşdan oyanıb inkir-minkir kimi kəsib başımın üstünü, sayır:
– Kombi xarab olub, usta çağır. Gör özün düzəldə bilsən, lap yaxşı, usta pulu cibimizdə qalar. Bazara da getmək lazımdır. Evdə mer-meyvə, ərzaq qurtarıb, uşaqlar yazıqdı, arıq şeydilər, meyvəsiz qalmasınlar. Toyuq-cücənin də dəni bitib. Nağının “pekap”ıynan get, iki “meşok” al, gətir. Evin qabağındakı taxta-tuxtanı, köhnə şaxları çəpərin yanına daşımaq lazımdır. Bir aydır, tökülüb qalıb orda, əl-ayağımıza dolaşır. Hinduşkaları da bazara göndər, Tamaşa xala satacaq, özünə demişəm, qırx manatdan aşağı vermə. Piy-palan saxlamışam, çim-yağdırlar. Hərəsinin bir ləyən əti olur. O itin də zincirinin yerini dəyişmək lazımdır, arxa tərəfdə tutdan aralı- çəpərin yanına bağla. Mən də bostanda işləyəcəm. Bir dünya yır-yığış işi var. Allah haqqı, ölürəm, hamısını eliyə bilmirəm. Bu neçə günü bir az iş-gücə əl at, nə olar.. Mən də canam də..
Az qaldı, dəli olam. Siyahının uzunluğu gözümü qaraltdı. Bu nədir e ? Rayondan canım qurtarmadı də. Heyif deyilmi şəhər.. Əli-ayağı quru, get işə, gəl evə, yuyun, ye, yat. Səhər dur, arın-arxayın yenə get işə. Buraya çatanda düşüncələrim haçalandı. Hər gün beləmi? Eyni günlər adamı yormazmı? Şəhərin teatrı, konsertləri, gəzintisi də var axı. Yenə hövsələm qaçdı. Rayona neçə dəfə artistlər gəlib. Konsertə getməkdən ötrü arvad ilan dili çıxarıb, ayağımı da qoymamışam. Bir dünya pul verim, nədi-nədi gedib oxuyanı canlı görəcəm. Hər gün televizorda göstərirlər də.
Durub geyindim. Həyətdə toyuq-cücənin, hinduşkaların səsi bir-birinə qarışmışdı. Uşaqlar görünmürdü. Görünür, anaları ikisini də iş dalınca buyurub. Evdə işlər bir-birinə qarışanda, anamın sözü olmasın, tutumla gilasım birdən yetişəndə idarəni yadıma salıb təskin oluram. Bu idarə işi olmasaydı, neyliyərdim, görən? Noolsun e, pulu azdır. Ev onsuz da ötüşür birtəhər. Çarə, çıxış yolu axtarmağa başladım. Balkondan baxıb həyətdə o yan-bu yana iş dalınca yüyürən arvadımı görəndə dərindən nəfəs alıb “puff” edərək geri çəkildim. Elə işgüzar görkəmi vardı ki zalım qızının. Düşündüm, görən, bu, anasının qarnında doqquz ayı necə dözüb? Gərək soruşam, arvad neçə aylıq doğub bunu. Bu vurhavurda ağlıma gələn fikir lap mənasız göründü. Köhnə kreslonun üstünə çöküb bir az əsnədim, gərnəşdim. Könülsüz-könülsüz qalxıb əl-üzünü yumağa getdim. Hamamın qapısını açanda gördüm, dəstək yerində durmur, laxlayır. Bu da bu yandan çıxdı. İndicə başlayacaq: “Qapının dəstəyi qırılıb, düzəlt”. Bir dəstəkdən ötrü bir ay danışacaq. Bu xarabada niyə hər şey qırılır- tökülür, bilmirəm. Geri qayıdıb vintaçanı götürdüm, boşalmış şrupları bir-bir bərkitdim. Dəstək kip oturdu yerinə. Sevindim. Həvəslə yuyunmağa başladım. Boz-bulanıq güzgüdə sifətimə baxdım. Aydın görünmürdü. İdarədən çıxanda yolum çilçıraq mağazasının qarşısından düşür. Böyük güzgüsü var. Hərdən girib elə-belə baxır, üzümə diqqət edirəm. Orda sifətimin bütün cizgiləri aydın görünür. Zaman keçdikcə üzümdə artan qırışların, saçıma düşən dənin artdığını görəndə içimi qüssə bürüyür. Hamamın güzgüsündə bunları görə bilmədiyim üçün qanım qaralmırdı. Yeni güzgü almaq ağlıma da gəlmir.
Balkona keçib stolun üstünə nəzər saldım. Hər şey səliqəsiz halda dar-dağınıq tökülüb qalmışdı. Şənbə, bazar günləri də belə olur. Mahirə də, uşaqlar da obaşdan oyanıb çaylarını içir, iş dalınca gedirlər. Mən hamıdan axıra qalıram . Mahirə çaydan-çaynikin üstünü dəsmalla bərk-bərk örtür ki, soyumasın. Bilir ki, isitməyə ərinəcəm, soyuq içəcəm. Onun qayğıma qalmasına, çayı isti saxlamasına həmişə sevinirəm. Özümə çay süzüb stəkana üç qaşıq “pesok” tökdüm, dəli kimi çaqqaçaqla qarışdırmağa başladım. Bu, məndə vərdişdir. Mahirə həmişə danışır: “Hər işdə tənbəl, astagəl adamsan, çayı qarışdıranda niyə dəliliyin tutur, bilmirəm”. Onun bişirdiyi yuxanın arasına pendir, yağ qoyub dürməklədim. Pendir yağdan fərqlənmir heç. Elə ləzzətlidir. Görən, hardan, kimdən alıb bunu? Yadıma düşdü, keçən ay yalvardı ki , işdən gələndə yolüstü dön Burnel Əhmədgilə, pendir demişəm, onu da götür. Dönmədim. Pulum az idi, ayın sonuna da hələ çox vardı. Dönsəydim, gərək pulunu da verəydim. Əhmədin arvadından da zəhləm gedir. Pazaq qoyun kimi elə arıqdır. Danışanda ağzının cəvcələrini tüpürcək basır. Bunu düşünəndə pendirdən iyrəndim. Dürməyi bir kənara qoymaq istədim, ancaq Mahirə deyinməsin deyə qırıqlayıb həyətdəki toyuqlara atdım. Ac hinduşkalar cəld tərpənib bir uduma yuxa qırıntılarını uddular, toyuqlar ora-bura şığıyıb qalan kiçik qırıntıları dənlədilər.
Dürməyi təkcə yağla tutub şirin çayımı iki-üç uduma başıma çəkdim. Geyinib tənbəl-tənbəl həyətə düşdüm. Arvadımın səsi evin arxasından gəlirdi. Deyəsən, Turanı – böyük oğlumu danlayırdı:
– Dədən kimi nataraz iş tutma. Gül kimi qab düzəltmişəm. Xurmaları elə qopar ki, yerə düşməsin. Bir-bir yığ səbətə.
Uşaq bir naqolay iş tutanda mənə oxşadır, yaxşı işlərini isə özünə. Səhər sadaladığı işlər gözümə dururdu. Evin arxasına keçib soruşmaq istədim ki, hansından başlayım. Ayağım həyətə tökülmüş köhnə taxta-tuxtaya, quru şax-şəvələ ilişdi, büdrəyib valaylamağa başladım. Yıxılmamağa çalışaraq qollarımla havanı yarır, birtəhər dayanırdım. Ayaqlarımı qoymağa rahat yer tapa bilmədiyimdən birdən taxta-tuxtanın üstünə yıxıldım. Dik başıyuxarı dayanan mismar qolumu üzüaşağı cızdı. Birtəhər ayağa qalxaraq əlimə doğru axan qanı silib taxta yiyəsinin yeddi arxa dönənini yad elədim. Səsimə Mahirə evin arxasından qaçaraq gəldi. Qolumun qanını görüb həyəcanla:
-Booy, sən niyə durduğun yerdə yıxılırsan? Gör qolunu nə günə qoydun. Gərək yod-zad vuraq, çirkləyər yoxsa.
Cəld evə tərəf qaçıb tappatupla pillələri çıxdı. İki dəqiqə keçməmiş pəncərədən boylanıb:
– Qafar, yod yoxdu e, qurtarıb. Turana pul ver, gedib aptekdən alsın,-dedi.
Əlimi cibimə salmaq istəyəndə birdən duruxdum. Aptek uzaqdır, bəlkə, gedib Tahirədən – yaxınlıqda yaşayan tibb bacısından alsın, noolacaq ki. Aşağıdan yuxarı səsləndim:
– Az, qoy getsin, Tahirədən alsın. Onlarda həmişə ehtiyat olur.
Söz ağzımdan çıxan kimi dalağım sancdı. Mahirə Tahirəni çox qısqanır. Adı gələndə cin atına minir. Toyumuzdan bir xeyli sonra orta məktəbdə Tahirəni sevdiyimi sinif yoldaşımdan eşitmişdi. Neçə gün günümü göy əskiyə düydü: “Adım onun adına oxşadığı üçün mənimlə evlənmisən. Mahirə, Tahirə – b1ircə hərf fərqi var”. İndi hərdən “Mahirə” də deyəndə ürəyim üzülür ki, birdən çaşıb “Tahirə” deyərəm.
O, pillələri düşdü. Yanıma gəlib gözünü qıyaraq üzümə baxdı, sakit və ciddi səslə:
– Hə, nədi, Tahirə düşdü yadına yenə? Xalxın avadına gedib nə deyəcək uşaq? Deyəcək ki, dədəmin “yenə yada düşdü bizim sənəmlər”i tutub, hə? Aptek dura-dura uşağı camaatın evinə niyə göndərirsən? Tahirənin də adını elə əziz-əziz çəkirsən ki, elə bil pişik sığallayırsan. Utanmaz! – dedi.
Onun birdən-birə qəzəblənməyi, Tahirəni qısqanmağı beynimin qurdlarını tərpətdi. Qolum da bərk acışırdı, bu da bir tərəfdən. Əlimi atıb yerdən bir şax qırığı götürüb üstünə cumdum:
– Onun adı çəkiləndə niyə ölürsən? Min ilin söhbətini utanmrsan, təzələyirsən? Mənə yod lazımdır, Tahirə yox. Onu görmək istəsəydim, elə özüm gedib istəyərdim də, ta uşağı niyə göndərirdim.
Üstünə qıcanmağım, əlimdə çubuğu bərk sıxmağım Mahirəni lap təbdən çxardı. Bildim ki, qiyamət qopacaq. Döyüşə hazır vəziyyət aldım.
– Hə, gəl, döy, döy məni. Kimin üstündə? Bir qatır şortunun üstündə? Gərək onu alaydın, qalaydın oğul-uşaqsız, onda deyəydin Ta-hi-rəə, -bunu deyəndə ağzını elə əydi, sifətini bir günə saldı ki, bilmədim güləm, ya hirslənəm, – Yadından çıxmır də, zor deyil ki, çıxmır. Barmağımın onunu da şam eləyib tutam gözünə, yenə qədrim bilinmir. Hələ bir ağac götürüb üstümə qıcanır. Nankorun biri nankor.
Səhər tezdən onsuz da qanım qaraydı. Bu səbəbsiz dava-şava da bir tərəfdən. Düşündüm, görən, övladsız Tahirə ilə əri xoşbəxtdir, ya mən uşaqlarla, arvadımla xoşbəxtəm? Görən, hansımız taledən daha çox yarımışıq? Eşitmişdim, əri onu yağ içində böyrək kimi saxlayır, ancaq arvadağız adamdır.Tahirə öz bildiyini eləyir, ər də ev-eşikdə qulluqçu kimidir. Qaynanası nə qədər çalışıb, Tahirəni boşada bilməyib. Bizdən bir az yuxarı gözəl ev tikdirib köçdülər ora. Camaat daha Tahirənin əməllərinə öyrəşib, tənə-zad da eləmir. Elə-belə, xısın-xısın danışırlar, küçədə-bacada görəndə də kamali-ədəblə salamını alır, halını soruşurlar. Əlqərəz, əlimdəki şaxı yerdəkilərin üstünə vızıldatdım. Evə qalxmaq istəyəndə Mahirə arxamca:
– Hara gedirsən? Bunları daşı, tök evin dalında çəpərin dibinə. Çörək bişirəndə lazım olur. Odun tapılır bu xarabada? Yaxşı ki, papam ordan-burdan tapıb gətirir, -deyə qışqırdı. Sonra qeyri-ixtiyari şaxın lap böyüyündən hirslə yapışıb sürüməyə başladı.
Əlimi yelləyib evə qalxdım. Getməyə yer axtarırdım. Açıq pəncərədən Mahirənin səsi gəlirdi. Ötəri baxdım, həmin böyük budağı evin arxasına tərəf sürüyür, o birilər də ilişib şaxa, hamısını çəkib aparırdı. Arıqca bir şeydir. Hirslənəndə elə güclü olur, məəttəl qalıram. Bir dəfə divanı təmir etməyə usta gəlmişdi. Nə qədər çalışdıq, divanı küncdən bəri çəkə bilmədik. Mahirə elə hey deyir, “jurnalnı”nı bəri çək, sonra divanı qaldırın. Mən də fikir vermirəm. Birdən elə hirslə cumdu , “jurnalnı”nı bir tərəfə itələyib ikiəlli yapışdı divandan, bayaqdan iki kişinin tərpədə bilmədiyi divanı çəkib qoydu evin ortasına. Ustanın gözü kəlləsinə çıxdı. Arvadımın qırımını görüb mən də dinmədim, ancaq matım-qutum qurumuşdu. O vaxtdan bildim ki, bu qız hislənəndə necə güclü olur. İndi də yarım saat keçməmiş həyətdəki bütün taxta-tuxtanı, şax-şəvəli deyinə-deyinə daşıyıb həyəti təmizlədi. Birdən xatırladım ki, işin biri qurtardı, qaldı o birilər. Sevindim. Bu dəm mobil telefonun zəngi məni fikirdən ayırdı. Ekranda iş yoldaşım Əlabbasın adını görəndə srağagünkü söhbətimiz yadıma düşdü. Açdım:
– Ə, hardasan? O günü demədim, “Söyüdlü kafe”də nərd atmağa yığışacağıq? Dur, tərpən, hamı gəlib, təkcə sən yoxsan, – dedi.
“Yaxşı”, – deyib telefonu söndürdüm. Bir həftəydi, çimmirdim. Hamama keçib kranı açdım, amma su isinmədi ki, isinmədi. Hə, axı səhər deyirdi, kombi xarab olub. Geyinib bayıra çıxdım. Usta çağırmağa nə qədər pul lazımdı. A səni zhrimara qalasan, hara tərpənirsən, pul…
Həyətə düşüb Mahirəni səslədim:
– Az, bu hinduşkların babatlarını seç, özüm aparıb satacam.
O, bostandan qaçaraq gəldi. Cücüləyb hinduşka-toyuğun hamısını həyətə yığdı. On dəqiqə keçməmiş səkkiz hinduşkanın ayağını bağlayıb yan-yana yıxdı. Qaldı Nağının furqonlu “Moskviç”ini çağırıb quşları bazara aparmaq. Zəng etmək istəyəndə yadıma düşdü ki, Nağının oğluyla ağızlaşmışam. Telefonu oğlu götürsə, neyləyəcəm. Mobil telefonla da zəng vursam, kişi zənəyin biridir, bir saat çənəsinin altına salacaq, bütün konturum zay olacaq. Yenə Mahirəni səslədim:
– Konturum qurtarıb, qalx evə, Nağıya zəng vur, gəlsin qapıya.
O, sevincək pillələri quş kimi qalxdı. On dəqiqə keçməmiş Nağının “pekap”ı qapıda tırıldayırdı. Hinduşkaları maşına yığanda Mahirə yenə bərk-bərk tapşırdı:
– Sən Allah, özün satsan, əlli-altmış manatdan ucuz vermə. Tamaşaya da versən, pulunu nağd al, sonra çəm-xəm eləyəcək, uzadacaq. Alınca zəhləmiz töküləcək.
Qaş-qabağımı töküb işgüzar görkəm alaraq:
– Az, yaxşı ta, bildik. Get işinlə məşğul ol, – dedim.
Yol uzunu dinmədim ki, Nağıya “pas ötür”məyim, danışıb başımı xarab eləməsin. Zalım oğlu danışanda hər kəlməbaşı “zad” deyir, hövsələdən çıxıram. Bir xasiyyəti də var, maşın kimin evinin yanından keçsə, o adam haqqında mütləq bir “istoriya” danışmalıdır. Yeni tikilmiş iki-üçmərtəbəli evləri görəndə yenə qəfildən:
– Ə, sən öl, o zad özünə bir zad tikdirib, adam baxanda zadı açıq qalır, – dedi.
“Zad”ın birini qismən(ev), üçüncünü tam(ağzı) başa düşdüm, birinci zad isə heç aydın olmadı. Sual verməkdən özümü güclə saxladım. Maşın qaynatası Məhəmmədəli kişinin evinin yanından keçəndə başladı:
– Sən öl, zamana xarabdı. Camaat öz zadını görmür, başqasına ağıl öyrədir. Bir qələtim vardı. O günü arvada çatdırıblar, evdə zaddı-qırğındı. Qaynatam arvadıynan gəlib haya. Qaynanam elə hökküldüyür, az qalır, məni öldürə. Arvadım da mər-mər məliyir, iraq uşaqların canından, elə bil zadı ölüb. Qaynanam bir xeyli danışdı, danladı, əsəbimdən ölürəm. Kişi də, zaddı, mısıb durub bir kənarda, dinmir. Birdən arvad cumdu ərinin üstünə ki, sən niyə dinmirsən, bir söz də sən de də, dilni niyə udubsan? Kişi mənə qayıdasan ki, Nağı, sən bu yaşında həyatının ən böyük bağışlanmaz zadını-səhvini eliyibsən. Odlanmadımmı.. Dedim:
– Ə, nə qoqezdənirsən e, zaddı, sən guya uşaqsan elə? Yadındadı, o ili gölün qırağında qalmışdın lümlüt? Rus qızlarını aparıb yeyib-içmişdiniz, sonra da giribsən gölə çimməyə, qızlar bütün paltarlarını, pul-paranı götürüb getmişdilər. Birinin zadıynan zəng vurdun, pal-patar gətirib səni ordan qurtardım. İndi maa deyirsən, bağışlanmaz səhv eliyibsən?
Booy, bunu demdəmmi, arvadım da, qaynanam da məni boşlayıb cumdular kişinin üstünə. Didiyini çıxardılar.
Yaxşı ki, Nağı bununla da mövzunu bağladı, ta gerisini gətirmədi. Biz bazara çatanda Əlabbas yenə zəng elədi:
– Qafar, hardasan? Bayaqdan gözlüyürük, gəl çıx də.
Ürəyim atlandı. Bildim ki, oyunun qızğın vaxtıdır. Hinduşkaları lap ucuz versəm də, yenə axşama ancaq satardım. Tamaşanı axtarıb tapdım. Piştaxtanın dalında iki qadınla laqqırtı vururdu. Məni görən kimi yaxına gəlib:
– Mahirə demişdi. Neçəsini gətirmisən? Baxım görüm nətərdi, babatdılarmı? -deyib maşına yaxınlaşdı. Hinduşkaların birini götürüb əlində samladı, döşünü-budunu əlləyib köklüyünü yoxladı və:
– Bəh-bəh, pərmuda saxlayıb, qəşəngdir, – dedi, – elə dediyi qiymətə də götürəcəm. Daşı, gətir, piştaxtanın böyründə “setka”lı qəfəslər var, yığaq ora.
Hinduşkaları daşıdım yanına, o da ayaqlarını açıb saldı qəfəsə. Sonra əlini xalatının cibinə salıb bir dəstə pul çıxardı. Üç yüz iyirmi manatımı verib:
– Axşama “Söyüdlü kafe”də yığışasıyıq. Könlün istəsə, gəl. Qiyamət olacaq, – dedi və dəyişmiş baxışlarıyla üzümə baxıb sırtıq-sırtıq elə pis irişdi ki, ətim ürpəşdi. Heç nə demədim, pulumu cibimə qoyub uça-uça “Syüdlü kafe”yə qaçdım. Nərdin şaqqıltısı, “şeş-beş”, “dütdülü”, “çaharlar”, “yeganədü” səsləri uzaqdan eşidilirdi. Dörd nəfərdilər, mənimlə olduq beş. Bir neçə tas çırpdıq, sonuncu oyunu uduzan qonaqlıq verməliydi. Finala mənimlə bizim şöbənin müdiri Firidun qalmışdıq:
-Fedya, görək Marsa kim uçacaq, sən, ya mən? – dedim, – Səni “pramoy” raketlə göndərim, bir get gör, oralarda nə var, nə yox, – deyib nərdi həvəslə özümə tərəf çəkdim.
Otuz beş yaşa çatsa da, hələ evlənməyən Firidun zərləri qoşalayb atdı. Oyun davam edir, daşlar sıra ilə qarşımı kəsdikcə hövsələdən çıxırdım. Bir neçə ələ istədiyimi versəydi, vəziyyətdən çıxa bilərdim. Az qalırdım, zərləri qoşalayıb taxtanın üstünə qoyam.. Ürəyimdə: “A Tanrı, bircə şeş-qoşa versənə. Sən Allahlığın, bircə dəfə, bircə dəfə şeş-qoşa… Di hə, gözünə dönüm, nooldu axı, ver görək..”, – deyə Allaha yalvarırdım. Aha, budur, Firidun Marsa məni göndərdi. Dilim-ağzım qurudu. Di gəl beş nəfərin qonaqlığını ver görüm, necə verirsən. Həmişə özümə söz verirəm, yekə-yekə danışmayım, olmur. Əlimi cibimdəki üç yüz iyirmi manatın üstünə çəkib sığalladım.
Əlabbas qanımın qaraldığını görüb qulağıma pıçıldadı:
-Ə, qorxma, uşaqlar bilməsin, araq məndən. Çalışacam, çox uzağa getməsinlər.
Bir az toxdadım, amma nəsə özümü bir cür hiss elədim.
– Bu, kişilikdən deyil. Uduzmuşam, özüm də ödəyəcəm. İşin olmasın, – dedim.
Xülasə, nərdi ortadan yığışdırdılar. Yemək və salatlar, kompotlar stolun üstünə düzüldükcə cibimdəki pulların arıqlayıb nazildiyini hiss eləyirdim. Araqların ağzı açıldı, qədəhlər dolub- boşaldı, sağlıqlar deyildi. Hamı bir-birini tərifləyir, marçamarç öpür, məclis uzanırdı. Başım dumanlı olsa da, hələ sayıqlığımı itirməmişdim. İstəyirdim, toyuqlara dən almağa, hamamı düzəltdirməyə pul qalsın. Bir az da Mahirəyə qalsın, bəlkə, nəyəsə ehtiyacı var. Birdən Mahirəyə elə yazığım gəldi, başladım hönkür-hönkür ağlamağa. Yoldaşların ikisi artıq getmişdi, mənimlə üzbəüz oturan Fərrux da (iş yoldaşım) qoşuldu mənə. O niyə ağlayırdı, bilmədim. Pulları çıxarıb Əlabbasa verdim, dedim, get, hesabı ver. Bir azdan Əlabbas əlində bükülmüş pulla geri qayıdıb qulağıma pıçıldadı:
– Arağın pulunu özüm verdim. Tut arağıydı. Tamaşa özü çəkir, gətirib burda satdırır. Köpəkqızının çəkdiyi araqdan olmaz da. Gördün, nə gedirdi. Al, bu da yüz doxsan manatın.
Pulu bürmələyib soxdum cibimə. Ayağa qalxıb qapıdan çıxmaq istəyəndə Tamaşanın bər-bəzəkli, üzündə bir kilo boya kafenin arxa tərəfinə keçdiyini gördüm. Əlabbasa:
– Bir də buralara ayağımı qoymaram. Deyəsən, burda pis işlərlə məşğul olurlar,- dedim. O qızarıb bir söz demədi. Dükanların bağlanan vaxtıydı, özümü çatdırmalıydım. Əvvəlcə, iki-üç kisə taxıl alamağı fikirləşmişdim, amma indi bir kisə alıb Nağıya zəng vurdum:
– Gəl bazara – taxıl-zad satılan tərəfə. Gözlüyürəm, – dedim.
Nağı elə bazara yaxınmış, beş dəqiqə keçməmiş özünü yetirdi. Köməkləşib kisəni maşına qaldırdıq. Araq məni bərk tutmuşdu, evə çatana kimi mürgülədim. Amma arada Nağının “zad”la dolu söhbətini qulağım çalırdı. Darvazaya çatanda yükü yerə düşürüb qayıtdı. Evin aşağı mərtəbəsindən anbar kimi istifadə edirik, dəni ora çatdırmalıydım. Səndələyə-səndələyə kisəni anbara tərəf sürüdüm. İt hənirimi alıb atılıb-düşməyə, yaltaq-yaltaq zingildədəməyə başladı. Kisəni bir az sürüyəndən sonra dincəlmək üçün dayandım, itin yanına gedib başını sığalladım, böyür-başını dürtmələdim. İçdiyimi hiss eləyən heyvan birdən ciddiləşdi. Görünür, həm də yumruqlarım ağrıtdığı üçün zingildəməyinə peşman olmuşdu. Yuvasına qaçmaq istəyəndə zinciri ayağıma dolaşdı, dəydim yerə. Əllərim, üst-başım itin zibilinə bulaşdı. Ödüm ağzıma gəldi, yediklərimin hamısını qaytardım. Əllərimi ota, torpağa, çəpərin taxtasına sürtüb təmizlədim, qayıdaraq kisəni sürüməyə başladım. Tez çəkib aparmaq, qalxıb yuyunmaq istəyirdim. Kisə yerdə nəyəsə ilişdi. Qəfildən çəkəndə bir cırıltı səsi gəldi, deyəsən, cırılmışdı. Böyrü üstə yıxıb bu biri üzünə döndərdim, anbara qədər ölüm-zülüm apardım. Birdən bərkdən qışqırdım:
– Ma-hi-rəə!!
O, pəncərədən boylanıb tez də geri çəkildi, bir dəqiqə keçməmiş yanımda bitdi:
– Oy, Allah, sən saxla, noolub, Qafar? Niyə bu gündəsən? – sonra araq iyini alıb, – Allah bəlanı verməsin, bu nədir belə, harda içmisən? – dedi, – Üstün-başın toz torpağın içində, yıxılmısan? Hinduşkaların pulunu neylədin bəs?
Əlimi qaldırıb çırtma ilə boğazıma vurdum:
– Hinduşkaların pulu getdi içəri şəhərə, bildin, içəri şəhərə… Əlabbas yaxşı oğlandır, arağın pulunu özü verdi, bir kəlmə dinmədim, bircə kəlmə də. Bilirsən niyə, Mahirə, ona görə dinmədim ki, puldan uşaqlara bazarlığa, sənə də qalsın, bir də toyuq-cücəyə taxıl alım, kombini düzəltdirim. Bildin, bir kəlmə dinmədim ha, bax nərddə uduzuğum qonaqlığın araq pulunu Əlabbas verəndə sənə görə din-mə-dimm. Andıra qalmış bircə əl şeş-qoşa versəydi, uduzmazdım. Bircə əl.. Vermədi də, neyliyim.. Əlini sal, cibimdə qalan pulları götür, pis gündəyəm, əlimi vurmayım o pula.
Mahirə yazıq-yazıq üzümə baxdı, sonra pulu yavaşca çıxardı. Cırılmış kisədən anbaracan iz salmış taxılı görəndə:
– Deyəsən, toyuqların sabahkı dənini indidən səpmisən,- deyə gülümsədi, – Səhər hindən çıxan kimi daraşıb dənləyəcəklər, ta mənə dən səpməyə ehtiyac qalmayacaq. Gəl, çıx yuxarı, yuyun, çirk-pasını tök görək.
Mahirənin bu xasiyyətindən xoşum gəlir, içdiyimi başıma qaxmaz, dava-dalaş salmaz. Əslində çox içən deyiləm, ayda-sayanda bir dəfə ola, ya olmaya. İçəndə də gəlib uşaqlarla, Mahirəylə mazaqlaşar, zarafat edərəm. Pillələri valaylana-valaylana qalxıb hamama girdim. Əvvəlcə sərin suyla, sonra ilıq suyla çimib rahatlandım. Birdən yadıma düşdü, axı kombi işləmirdi, su necə isinib. Hamamdan çıxan kimi soruşdum:
– Mahirə, kombi işləmirdi axı, kim düzəldib bunu?
– Özüm usta çağırdım, düzəltdi, ta səni gözləmədim. Pulunu da qardaşım Rusetdən göndərmişdi, sağ olsun, günorta qaçaraq gedib poçtdan aldım, ondan verdim. Gəl, heç olmasa bir stəkan rəngli çay iç, başın ayılsın.
Çarpayıya uzanıb:
– İçmirəm, – dedim, – gəl otur yanımda, qoy sənə baxım, ürəyim sakitləşsin.
O yavaşca çarpayının qırağına çökdü. Əllərindən tutub dodaqlarıma apardım:
– Sən mənim “şeş qoşa”msan, Mahirə, – deyə pıçıldadım.
21 dekabr 2023-cü il
Yazıya 28 dəfə baxılıb