Bir təfəkkürün epik bioqrafiyası, yaxud akademik Nizami Cəfərovun 65 yaşına lirik yubiley notları – Rüstəm KAMAL

Rüstəm KAMAL

Azərbaycanda elə şəxsiyyətlər var ki, onların yaşı təqvim ilə deyil, daşıdıqları arxetiplə müəyyən edilir.

Mən təxminən 30 ildir ki, akademik Nizami Cəfərovu “Müdrik Qoca” arxetipinin daşıyıcısı kimi tanıyıram. Müdriklik, Ağsaqqallıq, Səbirlilik bu arxetipin təzahür formalarıdır.

80-ci illərin sonlarında qürbət eldə universiteti bitirib Vətənə gəlmişdim. “Ədəbiyyat və incəsənət” qəzetində daim onun məqalələrini oxuyurdum.

Xəyalımda onun bioqrafiyasını da uydurmuşdum. Hətta Zəlimxan kəndinin topoqrafiyasını canlandırmışdım…

İlk ciddi tanışlığım “Füzulidən Vaqifə” kitabı ilə oldu. N.Cəfərovun bu  yaşıl üzlü, göyçək kitabı ədəbi camiədə sözün yaxşı mənasında səs-küy qaldırmışdı. Ədəbiyyat İnstitutunda müzakirəsi yadımdadır. O, Azərbaycan İntibahını XVIII əsrlə, Vaqiflə bağlayırdı. Onun dərin qənaətinə görə, Azərbaycan İntibahının obrazı milli mifoloji təfəkkürə qayıdışla mümkündür. XI-XII əsrlər mədəniyyətində və İntibahında isə bu hadisə müşahidə olunmur…

Akademik Nizami Cəfərov çağdaş Azərbaycan humanitar fikrinin ən güclü qələm və söz sahiblərindən biridir. N.Cəfərovun filoloji (kulturoloji) yaradıcılığı öz dərinliyi, özünəməxsus daxili sistemliliyi ilə, məntiqi və bütövlüyü ilə fərqlənir. Təbiidir ki, bu böyük alimin yaradıcılıq stixiyası yalnız “universitet diskursu” ilə məhdudlaşmır.

Azərbaycançılıq ideologiyası, Azərbaycan mədəniyyətinin etnik obrazının bərpası onun yaradıcılıq strategiyasıdır. Bu bəlkə də Nizami Cəfərovun bir etnokulturoloji layihəsidir ki, özünün nəzəri anlamları, üslub formulları, estetik kateqoriyaları məntiqi cəhətdən əsaslandırılır.

N.Cəfərovun sistemşünaslığında sosial-mədəni, ədəbi-tarixi və geosiyasi diffeninsiallaşma bərpa prinsiplərindən biridir. Tarixi differensasiya və təşəkkül-formalaşma prosesləri tarixi prosesin iki qütbü, iki halqasıdır. Onun ədəbiyyat tarixinə differensial və sistemli yanaşması klassiklərin yaradıcılıq tipologiyasının mənşəyini və poetikasını anlamaq baxımından gərəkli və maraqlıdır.

O, araşdırmalarında Azərbaycan etnokulturoloji sisteminin coğrafi, tarixi lokallaşma  hüdudlarını müəyyənləşdirir, oğuz türklərinin yayılma areallarını  konkretləşdirir.

Akademik N.Cəfərov mükəmməl tarixi təfəkkürə və güclü etnocoğrafi intuisiyaya malikdir. Demək olar ki, onun bütün ədəbi-nəzəri təhlilləri  etnocoğrafi, yaxud etnotarixi təməllər üzərində qurulur.

Nizami müəllim bir insan (və vətəndaş kimi!) tarixi gerçəkliyə nə qədər praqmatik yanaşsa da, tarixin fenomologiyasına daha çox inanır, ona daha çox bağlıdır. Xalqın ruhu, etnosun mənəvi enerjisi (potensiyası) onun üçün maddi mövcudluqdur ki, türklərin coğrafi-mədəni, tarixi məkanında (“türk kosmosunda”) bu gün də yaşamaqdadır.

Bu yubiley günündə alimin bir nəzəri istiqamətinə də diqqət yetirmək istərdim. O da janr-üslub məsələsidir. N.Cəfərovun araşdırmalarında janr – üslub ierarxiyası eyniləşdirilir. Onun fikrincə, hər bir ədəbi janr həm də dilin üslubi imkanları-estetik çevrəsini müəyyənləşdirir. “Janr-üslub” qarşıdurmasının vəhdəti öz növbəsində, Azərbaycan şeirinin obrazlılığını təmin edir. Akademik  əminliklə bildirir ki,  ədəbiyyat tarixi üslubların, yəni düşüncə tərzlərinin qarşılaşması, estetik konsepsiyaların üz-üzə dayanmasıdır. Mətnin üslubu həm də müəllifin mənsub olduğu bölgənin üslub landşaftını ifadə edir. Yazı mənbələrinin üslubiyyəti ilə regional mənsubiyyəti arasında müəyyən uyğunluq mövcuddur.

Üslub tarixi modusdur, yəni üslubi yetişdirən zamandır. İstənilən tarix o cümlədən ədəbiyyat tarixi istisnasız olaraq üslub tarixidir. Üslubu olmayan ədəbi-bədii, geyim, memarlıq və s. toplumun tarixi mahiyyət kəsb edir. Düşünürəm ki, bu problem tədqiqatçıların diqqətini çəkəcəkdir.

Nizami Cəfərov dilçi və ədəbiyyatşünas olmaqla yanaşı, görkəmli eposşünasdır. Azərbaycan türk insanının epos təfəkkürünü, dil təfəkkürünü bərpa etməklə türk etnosunun obrazını yaradır. Arxaik türk eposları, onların coğrafi arealları, epik dilin prototürk qatları, dini motivlər, mifoloji dəyərlər sistemi onun bərpaçılıq işinə yarayır.

“Kitabi-Dədə Qorqud” poetik sisteminə orta əsrlər türk etno-mədəni məkanının “epik islamın” təkamülü kimi baxması xüsusən “Xanım hey” kitabında eposdakı müraciət formalarını dini-ideoloji, ritual-mifoloji səviyyələrdən, sistemli şəkildə nəzərdən keçirməsi ciddi nəzəri-metodoloji məsələlərdən biridir.

Epik düşüncə və təhkiyə tərzi onun elmi üslubuna da, yazılarının strukturuna elə dərindən yansıması janrını dəyişməsini şərtləndirmişdi. Ömür təcrübəsindən və mental xarakterindən gələn epik müdriklik yalnız gündəlik davranışında elmi deyil, çıxışlarında, xatirələrində aydın hiss olunur. O, müdrik hekayəçi-təhkiyəçidir. Nizami müəllimin yazıçılığı genetik sənətdir, yəni mənsub olduğu nəslin və mahalın epik təfəkküründən gəlir. Nizami Gəncəvidən tutmuş S.Vurğuna, N.Həsənzadəyə, İ.Şıxlıya, İ.Hüseynova, Elçinə, Anara qədər klassiklərimizin yaradıcılığını türk “epos potensiyası” kontekstində təhlil eğməsi də bu üzdəndir.

Uşaq vaxtı babasına “Koroğlu” dastanını (bu gün də bu dastanı sevir!) oxuması, görünür, söyləmə-təhkiyə təcrübəsini formalaşdırıb. Onun alim obrazının ən görümlü, yaddaqalan cəhəti müdrik yumorudur. Məhz incə yumor onun ədəbi-fəlsəfi ümumiləşdirmələrinə, təhkiyəsinə, canlı danışığına ayrıca ovqat-intonasiya zənginliyi gətirməklə yanaşı, gerçək personajların (bu söhbətlərin bir obyekti mən də olmuşam) psixoloji portretini tamamlayır. Məsələn, görkəmli yazıçımız və alimimiz Mir Cəlala həsr etdiyi məqaləsində onun aforistik, duzlu deyimlərini böyük məhəbbətlə ipə-sapa düzərək və əsərlərini təhlil edərək maraqlı, sevimli müəllim-yazıçı obrazını yaratmağa nail olub.

Akademik Nizami Cəfərovun epos texnikası, elmi üslubuna fərqli qavrama tərzi gətirir. İ.Şıxlıya, H.Arifə, T.Hacıyevə, A.Axundova həsr rounmuş xatirələri avtobioqrafik nəsrin səmimi, gözəl nümunələridir.

Nizami Cəfərov çağdaş Azərbaycan filoloji humanitar məkanında ayrıca davranış tipii və düşüncə obrazı  deməkdir. Bu filoloji davranış tipi onun mənsub olduğu, tədqiq etdiyi xalqın mədəniyyətindən və yüksək düşüncə – yaşam əxlaqından gəlir.

…Nizami qağamın hamıya olduğu kimi, mənə də çox yaxşılığı keçib, xeyirxahlığı  çox olub – heç vaxt unutmadım…

Doktorluq dissertasiyamın müdafiəsində opponentlik etdi – şərəf duydum. Sonralar həmin opponent rəyini məqalə kimi “Ədəbiyyat qəzeti”ndə çap elədi – sevindim.

Məndən bir neçə yaş böyük olsa da, onu həmişə mifik obraz kimi (tam səmimi deyirəm!) kimi qəbul etdim.

Gizlətmirəm, siyasi, ideoloji, etnokulturoloji yazılarını incələyib bir kitabça yazmaq fikrində olmuşam. Hələ onun müdrik gülüşündən – “xoxma”sından (“xoxma” qədim yəhudi dilində müdrik gülüşü bildirir) danışmıram. Axır ki, bu yaxınlarda “Akademikin gülüşü” adlı bir yazını qaraladım…

Biz, qazaxlılar, böyüklərimizə hörmət əlaməti olaraq “qağa” deməyi çox sevirik. Hətta bu sözün etimoloji yozumuna – “kağan” sözündən yarandığına inanmışıq. Nizami Cəfərovun adı gələndə “qağa-kağan” sözlərinin assosiativ yaxınlığı yaranır.

Dostlar bilir ki, mən ona “Nizami kağan” deyirəm…

Bilmirəm, qulağına çatıbmı?

Mənbə: “Ədəbiyyat qəzeti”

Yazıya 13 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.