Pərvanə Bayramqızı – Birgünlük saxtakarlar

Özümüzünkülər belə deyirlər: “Ər arvad saxlamaqda üç şeydən özünü saxla­malıdır:

Birinci – arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgi­sindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bil­məsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.

İkinci – ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının, mayasının bir qismini ondan gizli saxlamalıdır.

P.S. (Üçüncünü köçürməyə ərinirəm).

Nəsrəddin Tusi. “Əxlaqi-Nasiri”

Tusinin “öyüdü” ilə yetişən nəslin qadınla rəftarını bir çox Azərbaycan ailələ­rində, ictimai yerlərdə hamımız görürük. Ömür yoldaşından sevgisini gizlədən kişi ailəsini necə xoşbəxt edə bilər? O ailədə istilik olarmı? Bu cür ailələrdə uşaqlar fə­rəhsiz böyüməzlərmi? Həmin öyüdün təsiridir ki, müasir dünyanın tələbinə kö­nülsüz tabe olanlar məclisdə: “Qadın başımızın tacıdır”, – deyib gedirlər arvad­larını “təpikləməyə”. Birgünlük saxtakarlar il boyu səmimi olurlar.

İl boyu təhqir olunanlarsa bir günün təbriki üçün yaşayırlar və… hər şeyi o təbrikə bağışlayırlar.

Qadın buna alışıb. Elə bilir ki, kişi bu cür düşünməkdə haqlıdır. Amma hərdən özünün xəbəri olmadığı heysiyyət hissi üsyan edəndə ərinə xəlvətcə qarğamaqla ürəyini boşaldır.

Azərbaycan qadınını xoşbəxt etməyə nə var? Həmişə qışqıra-qışqıra təhqir edən əri kobud sözləri bircə dəfə səsinin tonunu aşağı salıb desə, qadın sevinəcək: “Kişi yaxşılığa doğru dəyişib”, – deyib məmnun olacaq.

“Ədəbli kişi qadınlardan danışmaz, onlar barədə sual verməz və onlara salam da yollamaz. Onlar kişinin kölgəsidir, hətta çox vaxt onlar belə kölgədə özlərini yaxşı hiss edirlər. Bu da yaxşı və ağıllı bir işdir. Bizdə bir zərbi-məsəl var: “Qadının ağlı toyuq tükü qədərdir”. Ağlı olmayan məxluqlara nəzarət etmək lazımdır. Yoxsa həm öz başlarına, həm də başqalarının başına bəla gətirərlər. Mənim fikrimcə, bu, ağıllı qaydadır”.

Qurban Səid. “Əli və Nino”

Bu da belə.

Özgənin A.S.Makarenkosu isə:

“Tutaq ki, siz özünüzə geridəqalmış bir arvad seçibsiniz. Hər şeydən əvvəl ay­dınlaşdıraq, görək geridəqalmış arvad nə deməkdir? Siz qəzeti sürətlə oxuyur­sunuz, o isə sizdən yavaş oxuyur. Ona savad öyrədin. Lakin iş bunda deyildir. Uşaqların tərbiyəsi üçün sizin arvadınızın sizə nisbətən nə qədər inkişaf etmiş ol­duğu o qədər də əhəmiyyətli deyil. Elə etmək lazımdır ki, sizin arvadınız da, uşaq­larınız da həyatdan razı olsun. Qoy o öz həyatı üçün sevinsin. Hərgah siz arvadınızı öz səviyyənizə qaldırırsınızsa, elə qaldırın ki, bu ona zövq versin, lakin “mənim səviyyəm yüksəkdir, qalx, mənə çat”, – deyə düşünsəniz, heç bir tərbiyə işi ola bilməz. Qoy o, şadlıqla yüksəlsin, qoy bu ona həzz versin, hərgah siz bunu sevinclə əldə edə bilmirsinizsə, onu qaldırmayın, ancaq qoy o, dolğun insan həyatı sürsün. Qoy yüksəkdə duran şəxs öz yüksəkliyi ilə çox güvənməmək və bunu addımbaşı gözə soxmamaq üçün özündə mətanət tapsın. Qoy o bütün davranışı ilə arvadını sevindirsin, o zaman arvad bu sevinc içində boy atacaq, inkişaf edəcəkdir. Mənim “Tərbiyənin sirri” adlı bir novellam var. Sirr ondan ibarətdir ki, kişi həmişə arva­dına səadət vermək istəyir və ona görə onların övladları çox gözəl uşaq olurlar. Ər arvadına, arvad isə ərinə xoşbəxtlik arzuladığı hər yerdə uşaqlar yaxşı olurlar. Əl­bəttə, burada söhbət iki ağıllı adam haqqında gedir. Zehnin müəyyən bir həddi var ki, valideynlər bu səviyyədən aşağı düşməməlidirlər, hər hansı bir xoşbəxt, lakin səfeh adam yaxşı uşaq tərbiyə edə bilməz. Müəyyən zehni səviyyə – ağıl, idrak, fəallıq, diqqət olmalıdır”, – deyir.

Özünüz fərqləndirin.

Ədalət hissi vacib olduğu üçün mütləq qeyd etməliyəm: dözülməz insanların cinsi olmur.

Bütün günahları təkcə kişinin, yaxud da qadının üstünə atmaq doğru yanaşma deyil. Tündməcaz kişi də var, qadın da. Mənfi xüsusiyyəti bir cinsə aid etmək ob­yektivlikdən uzaqdır. Amma çoxluğu kişinin dözülməzliyi təşkil edir. Deyingənlik qadınlara məxsus xüsusiyyət kimi qəbul edilsə də, səhərdən axşamacan hər işə qarı­şan, hər şeyin üstündə narazılıq edən, hər şeyi əyri görən kişilər də az deyil. Evlə­nir, ata evində əzizlənən bir qızı öz evinə gətirir. Əzizləyirmi? Xeyr! Qeydə qalmağı, qayğını ondan umur. Xörək bişirməyi, paltar yumağı, özü ilə bərabər valideynlə­rinin də qulluğunda durmağı tələb edir. “Uşaqları da böyüt, üstəlik nəsil-nəcabə­timin nazı ilə də oyna”, – deyir. “Hünərin var, kiməsə qaş-qabaq elə”. Amma qayın­ata da, qayınana da, ər də ona acıqlana bilər. Hələ uşaqlara pis şəkildə sərbəstlik verib anaya qarşı çıxaran atalar da var. Qadının ömür yolu buradan bəllidir.

Fiziki işlərin ağırlığından, fərəhsiz ailə həyatından, istəklərinin qəlbində ölmə­sindən getdikcə təravəti, şuxluğu, şənliyi itən qadında oynaq-əzələ xəstəlikləri baş­layıb osteoxondroz əldən salanda kişi ekranda seyr etdiyi balerinaları göstərib de­yir:

– O da sənin kimi arvaddır, gör necə çevikdir?!

Qadının ömürlük zəhməti bir kəlmə ilə heçə çevrilir. İl boyu daşıdığı mənəvi-fiziki yük heç kəsin gözünə görünmür. Qarışqatək torpaqda can qoyan qadını yal­nız özü üçün yaşayan təminatlı qadınlarla müqayisə etməklə qədirbilməzliyini təs­diq edir.

İndi bir dilli-dilavər qadın qabağa çıxıb deyəcək: “Aslanın erkəyi, dişisi olmaz”.

Birgünlük bayramla başımızı yozmağa çalışmayın. Martın təkcə səkkizi yox, doqquzu da, onu da, belə lap hamısı bizimdir.

Qadınları bu gün – müvəqqəti məmnunluq günü münasibətilə təbrik etmirəm. Onların il boyu sevincli anlar yaşadıqlarını, həyatlarının ürəkləri istədiyi kimi oldu­ğunu bilib təbrik etməyi arzulayıram. Mətndə özünə aid heç nə tapmayan bəyləri isə əsl insan olduqları üçün alqışlayıram.

 

 

Yazıya 16 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.