Telman Çiçəkli rayonunda prokuror işləyirdi. Prokuror adı gələndə adamın zəhri yarılır. Amma Telman Kərimbəyli insaflı və ədalətli adam idi. Haqqın nahaqqa verilməsini istəməz, buna imkan yaratmazdı. Polis şöbəsi bəzən ağına-bozuna baxmadan kimi isə tutub basırdı dama. Əgər həmin şəxsin günahı yox idisə, Telman müəllim polis rəisinə zəng edib “İncitməyin filankəsi” – deyirdi. O da bilirdi ki, tutulanı azad etmək lazımdır. Bu xasiyyətinə görə rayonda hamı prokurorun xətrini istəyirdi.
Adi qış günlərindən biri idi. Sırağa gün qar yağmışdı. Havada şaxta olduğundan, yer buz bağlamışdı. Hərə öz qapısının ağzını, iş adamları da dükanlarının, obyektlərinin qapısını qardan, buzdan təmizləmişdilər. Yollar, səkilər isə sürüşkən idi.
Prokuror telefonun dəstəyini qaldırıb kommunal təsərrüfatı şöbəsinə zəng etdi.
-Salam.
Cavab gəldi:
-Salam, yoldaş prokuror. Bizə görə nə qulluq?
-Yol-irz, səkilər buz bağlayıb. Kimi gözləyirsiniz? Gözləyirsiniz ki, hava düzəlsin, gün çıxsın, qar ərisin?
Rəis əl-ayağa düşdü:
-Bu dəqiqə işçiləri səfərbər edərəm. Yollara duz, qum səpərlər, küçələri təmizləyərlər…
Prokuror dəstəyi yerinə qoydu. Bu zaman növbətçi polis nəfəri başı lovlu özünü içəri atdı:
-Yoldaş prokuror…
Polis nəfərinin dayanıb durduğunu, sözünü tamamlamadığını görən Telman Kərimbəyli:
-Danış görək.
-Bilirsiniz, yoldaş prokuror…
Polis nəfəsi yenə də sözünü yarımçıq qoydu.
-Sənə nə olub axı, dilin topuq çalır…
Bu zaman qapı açıldı. Prokurorun müavini Yusif İmanlı içəri girdi. O da həyəcanlı idi.
Prokuror ayağa qaldı:
-Bu gün sizə nə olub?
Yusif İmanlı:
-Hadisə baş verib, – dedi.
Yusif İmanlının işarəsi ilə polis nəfəri otaqdan çıxdı.
-Hadisə baş verib polis şöbəsi məşğul olsun… Nə olub?
-Avtomobil qəzasıdır. Maşın adam vurub?
Prokuror maraqlandı:
-Ölüb?
-Bəli.
-Sürücünü tutub damlasınlar.
-Sürücü tutulub. Həbsdədir. Amma…
-Nə amma?.. Hələ ki prokurorluğa aid bir iş yoxdur.
Müavin çəkinə-çəkinə:
-Əslində prokurorluğa aiddir bu hadisə, – dedi.
Prokuror Telman Kərimbəyli diqqətlə müavininə baxdı, baxışlarını xeyli müddət çəkmədi. “Yəni aiddiyyəti nədir, de, bilək”.
Yusif İmanlı dilləndi:
-Maşın sizin ananızı vurub.
Prokuror yerindən dik atıldı:
-Mənim anamı?
-Bəli, təəssüf. Yolu keçib marketə gedirmiş.
Prokuror həyəcanlı:
-Bayaq dedin. Həyəcanlandığımdan unutdum. Anamın vəziyyəti necədir?
Yusif İmanlı:
-Çox təəssüf.
* * *
Prokuror anasının üçünü-yeddisini verib işə çıxmışdı. Dilxor idi. Səriyyə xanımın faciəli ölümü onu yandırıb yaxırdı. Amma əlindən nə gələcəkdi?! Birdən yadına sürücü düşdü. Soruşub öyrənmişdi. Əslində sürücüdə günah yox idi. Anası qırmızı işıqda yolu keçmiş və qəzaya uğramışdı.
Telman Kərimbəyli polis rəisinə zəng eləyib tapşırdı ki, sürücünü onun yanına gətirsinlər. Az sonra sürücü gəlib çıxdı. Prokurorun işarəsilə polis nəfəri çıxdı.
Sürücü:
-Yoldaş prokuror, xəcalətimdən ölürəm. Demə maşınla vurduğum sizin ananız imiş. Bədbəxt oldum.
-Əyləş… Danış görüm qəza necə baş verib. Əslində ucundan-qulağından eşitmişəm, xəbərim var.
Sürücü danışmağa başladı… O, sözünü tamamlayanda prokuror dedi:
-Sənin təqsirin yoxdur ki. Sadəcə gərək ehtiyatlı olaydın.
Sürücü qulaqlarına inanmadı. Fikirləşmişdi ki, əlli-ayaqlı gedəcək, ömrü-günü həbsxanada keçəcək. Hələ üstünə başqa bir şər də atıb onu orada çürüdəcəklər. Prokurorun yaxşı adam olduğundan xəbəri vardı. Amma daha bu qədər də yox. Axı onun anasının ölümünə bais olmuşdu.
-Evlisən?
Prokuror qəzəbli deyildi. Əksinə mehribanlıqla soruşurdu. Cəld cavab verdi:
-Bəli, yoldaş prokuror.
-Neçə uşağın var?
-Üç.
-Neçə yaşındadırlar.
-Kiçiyinin bir yaşı tamam olacaq.
-Həbsdə neçə gün yatdın?
-Bir həftə.
-Ehtiyatsızlığına görə bir həftə yatmısan…
Sürücünün rəngi ağardı, boğazı qurudu. İndi prokuror bundan sonra neçə il həbsdə olacağını ona deyəcəkdi. “Doğru fikirləşmişəm. Dedim də Məni həbsxanada çürüdəcək”.
Prokuror zəngin düyməsini basdı. Katibə qız içəri oldu:
-İki fincan çay gətir.
Qız gətirdi. Prokurorun işarəsilə fincanın birini sürücünün qarşısına qoydu. Prokuror:
-İç.
Sürücünün boğazaından çay keçərdi?
Prokuror polis rəisinə zəng etdi:
-Allah ölənlərinə rəhmət eləsin. Mənim anam dünyasını dəyişdi. Yeri cənnət olsun. Ona da Allah rəhmət eləsin. Anamı qaytara bilərəm?
Polis rəisinin səsi gəldi:
-Yox, yoldaş prokuror. Səbəbkar cəzasını alacaq, təskinlik taparsınız. Narahat olmayın.
-Yoldaş polkovnik, mən onun tutulmasını istəmirəm. Madam ki, anamı qaytara bilmirəm, onda bir yaşlı uşağı da yetim qoya bilmərəm. Üç uşağı, bir ailəni başsız qala bilməz. Həm də sürücü günahsızdır.
Polis rəisi canfəşanlıq elədi:
-Yoldaş prokuror…
Telman Kərimbəyli onun sözünü kəsdi:
-İşi bağlayın, sürücü buradan öz evinə gedəcək. Ailəsinin başı üzərində olsun.
Prokurorun sözlərini eşidən sürücü ayağa qalxdı, bilmədi sevinsin, yoxsa ağlasın. Nə edəcəyini bilməyən kişi özünü prokurorun üstünə atdı, göz yaşlarını axıda-axıda:
-Allah köməyin olsun! Çox sağ olun!
Prokurorun ayağına düşmək istədi. Telman Kərimbəyli imkan vermədi. Polis nəfərini çağırıb:
-Bu kişini bir maşına oturdub evinə yola sal, – dedi.
Bakı şəhəri, 13.04. 2025-ci il
Yazıya 3 dəfə baxılıb