Hamımızın tanıdığı Tofiq Hüseyn

Həmişə “böyük qardaşım” deyə ehtiram bəsləyirdim,  uzun illər mətbuat sahəsində çalışan Azərbaycanın Əməkdar jurnalisti Tofiq Hüseyn bu gün  ömrünün səksəninci pilləsinə qədəm qoyur. Öz müasirlərinə və  gələcək nəsillərə xitabən: “Məni unutmaqdan asan asan nə varki” deyə sorğu-sual edən qələm dostumuzun imzası Azərbaycan  oxucusuna, eləcə də yaxın-uzaq dost- tanışlarına ötən əsrin altımışıncı illərindən həm də istedadlı şair kimi yaxşı bəllidir. İnsan qəlbinin sarı siminə toxunan poeziya dünyasından heç bir umacağı olmayan şairin aid olduğu ədəbi nəslin  nümayəndələrindən olan rəhmətlik Tofiq Abdin yazırdı: “Mən bilmirəm, Tofiq Hüseyn… şeir dünyasında vuruşan neçə milyon şeir yazan insanlar arasında boy verib görünmək istəyində olub olmayıb, özünü ifadə eləmək üçün… dostumuzun bir iddiası var ya yox, amma bütün şeirlərində bir iddiasızlıq var ki, bu onun dostları arasında xüsusi bir yer tutmasına böyük bir amil olmuşdur…”

…Mən özüm də əyalətdə yaşayanda imzasına heyran olduğum, şeirlərini əzbər bildiyim bir çox  şair və yazıçılara paytaxta köçəndən sonra  yaxından bələd olduqca gördüm ki,  onların bir çoxunun  populyarlığı və tanınması  elə Tofiq Abdin  demişkən şansa, bəxtə və bir də əlahəzrət vəzifəyə bağlı bir iş  imiş… Və  belə qənətə gəldim ki,   yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşən barmaqla sayılası qədər qələm adamları  var  ki, onlardan biri də Tofiq Hüseyndir.

Sevinirəm ki, ədəbi fəaliyyətə 1964-cı ildə, yəni 18 yaşında  ADU-nun “Lenin tərbiyəsi uğrunda“ qəzetində dərc olunan “Yarpaq” şeiri ilə başlayan Tofiq Hüseyn  bizim doğma Masallımızın Muğan bölgəsində, Məmmədxanlı kəndində dünyaya göz açıb. 1965-cı ildə o vaxt gənclərin sevimlisi olan, Azərbaycanın görkəmli  şairi  Xəlil Rza Ulutürkün “Uğurlu yol”u ilə bizim rayonun “Çağırış” qəzetində dərc olunan şeirləri ədəbi iştimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Xəlil Rza Ulutürk gənc şairi oxuculara belə  təqdim edirdi: “ Mən Tofiqin yaradıcılığını bir neçə ildir ki, izləyirəm. O, həmişə axtarır, öyrənir, öz poetik səviyyəsini yüksəltməyə çalışır. Onun misralarında klassik Azərbaycan şeirinin, xüsusilə S.Vurğunun poeziyasının dərin qatlarından süzülüb gələn bir işıq parlamaqdadır. Bu yazılarda müasir gəncliyin fikir və arzuları çırpınır, Azərbaycan təbiətinin ətri duyulur…”

İllər sonra ən sadiq bəndəsi olduğu  SÖZLƏ bağlı düşüncələrini  oxucularla  bölüşəndə Tofiq Hüseyn yazırdı: “Dünya sözlə var olub. Sözün qədrini bilənlər dünyanın hikmətini anlayıb, həyatın gözəlliklərini duyub, başa düşüb, öz ömürlərini mənalı yaşayıblar…”

…O, 1967-ci ildə Azərbaycan Dövlət Universtitetini bitirəndən sonra təyinatla Əli Bayramlı (indiki Şiravan) şəhərinə  göndərilib və burada çıxan “İşıq” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. Sonra şöbə müdiri, məsul katib vəzifələrində işləyib. Bakıya dönmək üçün böyük  imkanları olsa da, məhz əyalətdə  yaşamağa, yazıb-yaratmağa üstünlük verib. Çox sonralar müsahibələrinin birində “Mərkəzdən uzaq yaşamağın ən böyük çətinliyi gündəmdə olmamaq, çoxluq tərəfindən tanınmamaqdır” desə də,  Tofiq müəllim gənc yaşlarından respublikamızda tanınan  və həmişə sevilən söz adamlarından biridir.  Ədəbiyyat aləminə Sabir Rüstəmxanlı,  Seyran Səxavət, Nüsrət Kəsəmənli, Məmməd İsmayıl, Töfiq Abdin  və başqaları ilə  eyni dövrdə gəlib. Sovet dövründə  “İşıq” qəzeti redaksiyasında Tofiq Hüseynlə birlikdə çalışan mənim tələbə yoldaşım Rasim Qaraca  illər sonra “Seçilmiş adam” essesində  “saçları qar tək ağ,  gözləri dalğın” həmkarımız barədə  yazırdı: “Bəlkə də tanrı özü onu (yəni Tofiq Hüseyni -N.Ə.) “sovet şairi” titulunu daşımaqdan qorumuşdu… Əyalət şairi olmaq sovet şairi olmaqdan daha şərəfli idi.”

…Ötən il Şabranda  yazıçıların istirahət evində dincələrkən çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndəsi  Seyran Səxavətlə demək olar ki, hər gün  görüşür, həmsöhbət olurduq.  Bir dəfə Seyran müəllim Tofiq Hüseynin bir şeirini əzbər söylədi. Üstəlik özünəməxsus şəkildə dedi  ki, Tofiq  həm də çox yaxşı, canlara dəyən oğlandır.  Mən onun haqqında  belə fikirləri başqa qələm yoldşlarımdan da eşitmişəm. Bir neçə il  əvvəl ABŞ-ın Mçiqan ştatında yaşayan  cəfakeş qələm dostumuz  Elman Eldaroğlu yazmışdı ki, “Tofiq Hüseyn sıradan bir şair deyil. Şəxsiyyəti ilə yaradıcılığını tamamlayan sanballı kişilərdəndir…”

Bəli, “Yaxşı şair ola bilərdim, ola bilmədim” desə də Tofiq Hüseynin ədəbi yaradıcılığı  Azərbaycanın  görkəmli söz ustaları Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Tofiq Bayram, Cabir Novruz, Qulu Xəlilli, İlyas Tapdıq, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Tofiq Abdin, Əjdər Ol və başqaları tərəfindən müxtəlif qəzet və jurnallarda yüksək qiymətləndirilib.

Onu da qeyd edim ki,  Tofiq Hüseyn müstəqilliyin bərpasından sonra  -1991-cı ildə yeni yaradılan Hacıqabul rayonunda “Hacıqabul” qəzetinin ilk baş redaktoru vəzifəsində çalışıb. 1993-cı ildə “Həyat”qəzetinin cənub bölgəsində, 1997-cı ildən  isə “Respublika” qəzetinin Muğan-Şirvan bölgəsində xüsusi müxbiri kimi jurnalistlik fəaliyyətini davam etdirib. Mətbuatda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına və   “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.   Xalq şairi Sabir Rüstəmxanlının təbirincə desəm, Azərbaycan qəzetçiliyində, jurnalistikasında Tofiq Hüseynin xüsusi yeri var. “Onun yazdığı publisist yazılar jurnalistikamızda önəmli yer tutur. Bu gün onun yetişdirdiyi xeyli şagirdləri var”

Tofiq müəllim  bəzən şair-yazıçılar arasında mətbuat səhifələrində gündəmə gələn şəhərli-kəndli və ya şəhər nəsri,  kənd nəsri kimi  məsələlərdən söz düşəndə deyir ki: “Yazıçı yazıçıdır, harada yaşamasından asılı olmayaraq hansı istedadlıdırsa, onu irəli çəkmək lazımdır…”

Bir də deyir ki,  SÖZ həmişə təkcə şeirdən, məclislərdə deyilən uzun-uzadı sağlıqlardan, boğazdan yuxarı, yaxud boğazdan aşağı təriflərdən ibarət olmur. SÖZÜN acı, qurdlu, qəfil atılan atmaca tərəfləri də var.

Məni aldatmaqdan asan nə var ki,

Vaxt olub uşaq da aldadıb məni.

Bu qoca dünyada təbiət sanki

Elə aldanmaqçün yaradıb məni.

 

-deyən şair dostum onu da etiraf edir ki,  həyatda ən böyük səhvi- adamlara inanmağı olub.  Deyir ki, “Bilməmişəm, adamlara inananlara sadəlövh kimi baxırlar. Sadəlövhü aldatmaq isə su içmək qədər asan işdir…”

Bir də deyir ki, adama cani-dildən qulaq asmaq, dinləmək  gözəl şeydir. Dinləmək, qulaq asmaq bacarığı isə hər adama müəssər olmur. Bu, daxili mədəniyyətdən, intellektdən, bir az uzağa getsək, hətta ailə tərbiyəsindən irəli gəlir…

Üz-gözündən təbəssüm əskik olmayan  Tofiq müəllimi yeddi il əvvəl ömür-gün ortağının dünyadan köçməsi çox sarsıtdı. Qədim Muğan cəngavərinə bənzəyən şairin yeddi ildir ki, şerlərinə də kövrəklik hakim kəsilib…

Dəfələrlə  onunla  Bilgəhdəki kardioliji sanatoriyada görüşmüşəm.  Maraqla söhbətlərinə qulaq  asmışam.  Həmin söhbətlərin bəzisini  sonralar publisistik yazılarında qələmə alıb:  “Pislikləri tez bir zamanda unuduram, yaxşılıqlar isə illər boyu yadımdan çıxmır, ürəyimdə dolanır. Bir zaman əlimdən tutan, hayıma yetib, qayğıma qalan insanın nurlu çöhrəsi ömür boyu xəyalımdan silinmir. Əlim çatanları axtarıb tapır, əlim çatmayanların xatirələri ilə baş-başa verirəm…”

…Bir neçə gün əvvəl  Tofiq müəllimlə  telefonla  danışdıq. Otən ay  doğma  Məmmədxanlı kəndinə getdiyindən, orada  qohum-əqrəba ilə”paxla şənliyi”  təşkil etdiyindən söhbət açdı.  Yarızarafat yarıciddi dedi ki,  Göyçayda “Nar bayramı”,   Lənkəranda  “Çay, çəltik, sitrus” festifalı, Gədəbəydə, Astarada “Yayalaq”, Cəlilabadda “Çiyələk festifalı” keçirilirsə,  niyə də  bizim doğma Masallıda  paxla  şənliyi keçirilmsin?”

Son vaxtlar sosial şəbəkələrdə qısa, lakonik aforizmlərini paylaşır. Yazır ki,  “Şərəfsiz adam bir fənd işlədib şərəf və ləyaqətini məhkəmədə sübut etməyə çalışar.” “Uğursuzluqlar insan üçün ən böyük dərsdir” və s. Tofiq müəllim zövqlə geyinməyi,  Azərbaycan təbiətinin gözəl güşələrini gəzməyi və  keçmiş  dost-tanışlarını ziyarət etməyi çox xoşlayır.  Haqlı olaraq arada məni də ərklə qınayır: “Ay insafsız Muğanlı, niyə  bir dəfə  Şirvana – mənə baş çəkməyə gəlmirsən?”

Gələcəyəm, Tofiq müəllim, vallah, gələcəyəm…

 

Şükür ki, gördün bu yazı,

Tofiq, götür dindir sazı.

Özün hamıdan narazı,

De, səndən kim razı qalıb.

 

Əziz qaraşım Tofiq müəllim, Sizdən razı qalanlar çoxdur,  sevdiyiniz dost-doğmaların  həsrətini çəkən yaşınız ötüşməyib hələ də… Sizə  möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram. İnşallah 80 yaşınızı ürəyiniz istədiyi kimi qeyd edərik.

Adınıza və şəxsiyyətinizə böyük ehtiramla

Nurəddin ƏDİLOĞLU,

06.06.25.

Yazıya 23 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.