Nurəddin ƏDİLOĞLU – Unudulmaz Tovuz səfəri (fotolar)

…Böyüklüyündən – kiçikliyindən asılı olamyaraq doğma Azərbaycanımızın hər bir güşəsi heyrətamiz gözəlliyə malikdir… Bir an təssəvvür edək ki, doğulub boya-başa çatdığımız VƏTƏN əzəmətli, qalın cilidli KİTABA bənzəyir və biz bu dərin məzmunlu, oxunaqlı kitabı vərəqlədikcə onun hər səhifəsində yeni-yeni gözəlliklərlə tanış oluruq!

… Azərbaycanı sevmək və onun hər bir güşəsini gələcək nəsillərə sevdirmək hamımızın vətəndaşlıq borcudur. Vətənpərvərlik anlayışı da məncə, elə dədə-babalarımızın bizə əmanət qoyduğu  YURDUMUZU yaxşı tanımaqdan və  tantmaqdan başlayır… Vaxtilə Azərbaycanın təbiətinə heyran olan bir səyyah səfər qeydlərində yazıb ki, Allah Azərbaycanı cənnət qədər gözəl yaradıb. Amma bütün xalqların ora axışıb gələcəyindən ehtiyat edərək hər kəsə öz Vətənini şirin edib…  Doğrudan da çoğrafi mövqe, əlverişli iqlim baxımından yurdumuzun bu qədər gözəl bir məkanda yerləşməsi Tanrının bizlərə böyük lütfüdür…

Qədim Oğuz diyarı Tovuz  özünün füsunkar və ecazkar gözəllikləri və görkəmli elm, dövlət xadimləri,qələm adamları,torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəmanları, el sənətkarları, istedadlı gəncləri ilə bizim VƏTƏN  KİTABINA həkk olunan zəngin səhifəsidir.

 İyunun 7-də Azərbaycanın bu dilbər güşəsinin Azaflı, Qandallar, Çeşməli, Qaralar, Muncuqlu kəndlərinə səfərimiz Tovuz Xeyriyyə Cəmiyyətinin qurucularından biri, hazırda TXC-nin vitse-prezident kimi fəaliyyət göstərən, “Tərəqqi” medallı Çingiz Abbasovun təşəbbüsü və başçılığı ilə başladı. Yola düşməzdən əvvəl paytaxtın  Xətayi rayonunda əslən Tovuzun Çeşməli kəndindən olan  Vətən müharibəsi Qəhrəmanı kapitan Ceyhun Həsənovun  adını daşıyan küçədə şəhidin xatirəsinə ucaldılan memorial abidəni ziyarət etdik.

…Səfər yoldaşlarımız Azərbaycanın əməkdar müəllimi, professor Yusif Əhmədov, görkəmli şair Musa Ələkbərli, Fərman Laçınlı, Elşən Ağstafalı ilə səhər tezdən həmişə görüşdüyümüz “Gənclik” parkından və Xəzərin neft qoxuyan sahillərindən uzaqlaşıb yola düzəldik. Yusif müəllimlə Musa Ələkbərli  Çingiz əminin  idarə etdiyi «CİP» maşınında,  Fərmanla mən  Elşən bəyin maşınında əyləşib üzü Tovuza tərəf gedirik. Yolboyu ölkəmizin gözəlliklərinin şahidi olduqca adamın  qəlbində xoş duyğular baş qaldırır.  Eyni zamanda  Bakıdan şəhər və kəndlərə uzanan yolların sağ və sol tərəfində  şəhid şəkillərindən ibarət lövhələri görəndə qürür hissi keçirirsən.  Allahdan torpaqlarımızı yağı caynağından qurtaran, Vətən uğrunda canını fəda edən bu igid, cəsur oğullara rəhmət diləyirik…

…Ucardan keçəndə yol kənarındakı bağlı-bağatlı “Nar” restoranına döndük, burada səhər yeməyimizi yedikdən sonra yola düzəldik..

Yolüstü Şəmkirin Daşbulaq kəndində Fərmanın ağsaçlı anası Sona xalaya baş çəkirik…  İsmayılovlar ailəsi 1992-ci ilin yazında Laçın rayonu  erməni silahlı qüvvələri tərəfindən işğal ediləndə  əvvəlcə Ağdamda, sonra Şəmkirin Daşbulaq kəndində məskunlaşıb. Sona xalanın indi 85 yaşı var. Bizi səmimi qarşılayan Sona xalanın çay süfrəsinə dəvətindən heç birimiz  imtina edə bilmirik. Süfrəyə hər cür naz-nemət, təzə-tər mer-meyvə, çərəz gətirilsə də, adama bir fincan çay içəndən sonra yolumuza davam etməyə qərar verdik…

Azaflı  kəndindən keçəndə Azərbaycanın əməkdar mədəniyyət işçisi Aşıq Mikayıl Azaflının  məzarını ziyarət edirik. Burada  ölməz sənətkarın 100 iliyində Çingiz Abbasovun təşəbbüsü  və maliyyə dəstəyi ilə qoyulan  lövhənin önündə şəkil çəkdiririk. İnana bilməzdim ki, vurtut  iki gün sonra ustad aşığın yazıb-yaratdığı  və bu ocaqda onun yolunu davam etdirən oğlu Aşıq Hakimin  ifasında şeirlərini, aşıq havalarını dinləmək xoşbəxtliyini də yaşayacağam.

…Qandallara qədər uzanan yol  bir neçə mənzərəli, yamyaşıl kəndlərdən keçib gedir. Əsrik-Cırdaxandan keçəndə qarşıda gedən Çingiz müəllim maşının pəncərəsindən əlini çıxarır və bizə -arxasıca gələnlərə bir evi  göstərir.  Mənzibaşına  çatandan  sonra  öyrəndim  ki,  o  bizə əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin təbricə desəm, Azərbaycan  poeziyasına şimşək kimi çaxaraq, doğma Əsrik çayıtək kükrəyərək gələn Məmməd İsmayılın evini göstəririmiş… Qoşa kəndindən keçəndə  isə qeyri- ixtiyarı cəfakeş qələm dostumuz, imzası Türk dünyasında tanınan və sevilən Əkbər Qoşalını xatırladım.

Sonra Çatax kənd inzibati ərazi dairəsində olan Pələklidən ötüb keçdik.

Bu da Qndallar kəndi… Yerli  sakinlərin məlumatlarına görə, yaşayış məntəqəsinin təməli çarizm dövründə Qazax mahalında qaçaqlıq etmiş  qıpçaq türk soyundan olan Qandal Alı adlı şəxs tərəfindən qoyulmuşdur. O, ədalətsiz çar idarəçiliyinə qarşı mübarizə aparan, sadə xalqın müdafiəçisi kimi tanınan bir şəxs olmuş və bölgədə üsyankarlıq ruhunun simvoluna çevrilmişdir. Digər tarixi mənbələrdə qeyd olunur ki, bu yaşayış məntəqəsinin təməlini qoyub bura köç etmiş Qandal Alı və onun qohumları, xristian qıpçaq türklərinin soyundandır. Qıpçaq türklərinin bir qolu olaraq, əsasən XI-XII əsrlərdə Qafqaza köç etmiş və Qazax-Tovuz ərazisində məskunlaşmışlar. Əvvəllər hərbi xidmət məqsədilə bu əraziyə gəlmiş bu tayfa, zamanla yerli əhali ilə qaynayıb-qarışmış, lakin türk kimliyini və tarixlərini unutmamış qoruyub saxlamışdırlar.Bu nəslin nümayəndələri yaşadıqları torpaqlarda sülh, əmək və azadlıq ideyalarını təbliğ etmiş, sosial və mənəvi baxımdan cəmiyyətin fəal üzvlərinə çevrilmişlər. Beləliklə, Qandalar adı yalnız coğrafi bir məkanı deyil, həm də mədəni müxtəlifliyi, tarixi yaddaşı və qəhrəmanlıq ruhunu təmsil edən bir simvol olmuşdur. (Mənbə: Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 14)

Ulu babası Nazarın Qandallarda 1792 -ci ildə köçüb gəldiyini bildirən Çingiz müəllim  atasının vəsəyyitinə əməl edib  bir neçə  il əvvəl babası Qara Musanın yurdunda yaraşıqlı ev tikib. “Kəndin bu hissəsi Nazarlılar məhəlləsi adlanır.” -deyir. O, buradan bizə qarşıdakı iki dağı göstərib deyir:  – Baxın, bu tərəfdəki Müsəlləh dağıdır, dədə-babadan (kompas olmayan zamanda) bu dağın ən hündür yerində Təyə daşına baxıb salavat çevirər, toyuq,  mal-heyvan kəsəndə qiblə kimi  üzü bu dağa dayanardılar. O biri dağ isə Kərbalayi dağıdır. Onun zirvəsində  Azərsel və Bakselin mobil rabitə qüllələri yerləşir. Hər iki dağın arasından baxanda  lap uzağda başı qarlı Şahdağ görünür.

…Günorta çağı Çingiz müəllim bizi kəndin iki sinədəftər ağsaqqalı ilə tanış edir; Mayil kişi Dədə Ələsgərdən üzü bəri aşıq poeziyasının demək olar ki, bütün  görkəmli  saz-söz  ustadlarının qoşma, gəraylı, müxəmməs, ustadnamələrini, hətta  bir çox dastanlarını əzbər bilir. Bu 85 yaşlı kişinin yaddaşı adamı mat qoyur. Təqaüddə olan Dilqəm Həsənov əvvəllər tarix fənnindən dərs deyib, Qandallar kəndinin məktəb direktoru olub. Kəndin tarixindən, keçmiş şagirdlərindən, Çingiz müəllimin xeyirxahlığından, qohumcanlı insan olduğundan  maraqlı söhbətlər edir və arada şeir də deyir. Çox keçmir ki, Yusif müəllim də Məmməd Aslanın SÖZ dünyası ilə söhbətə qoşulur və ardınca şair Sücaətin demək olar ki, seçmə şeirlərini əzbərdən,  həm də özünəməxsus qiraət üslubunda söyləyir:

 

Deyin, dustaqları buraxacaqlar,

qoy qəm bozartmasın üzün anamın.

Deyin, qırılacaq zülmün zənciri,

birtəhər başını yozun anamın.

***

Zəhər gizlənibmiş aşımın altda,

Bir dərya var imiş qaşımın altda…

Yastıq daşa dönür başımın altda,

Burda hardan alım dizin anamın?

***

Taleyi şil-şikəst, fikri sağ oldum,

Sevinci bir zərrə, dərdi dağ oldum.

Gah əsir, gah xəstə, gah dustaq oldum,

Qoymadım quruya gözün anamın.

***

Talanmış ömürdü, gündü, neyləyim,

Baxtımın çırağı söndü neyləyim.

Sevinci fəğana döndü, neyləyim,

Söhbəti nəğmədən həzin anamın.

***

Sücaət, etdilər talan ömrümü,

Kor olsun daşlara çalan ömrümü.

Talanan talanıb, qalan ömrümü

Ömrünün üstünə yazın anamın.

 

…Oxuculara və sonradan bizə qoşulan səfər yoldaşlarımızın nəzərinə çatdırmaq istəyirəm ki, Biologiya elmləri doktoru, professor Yusif  Kərəm oğlu Kəlbəcərin itkisinə yanıb-yaxılan, fəqət sağlığında uzaqgörənliklə

 

                Bir gün gülə-gülə qayıdacaqdı

            Ağlaya-ağlaya köçən Kəlbəcər…

 

deyən rəhmətlik Sücayət Yunus oğlu ilə əmioğludurlar. Dağdan ağır dərd çəkən şairin ölümündən 18 il sonra Kəlbəcər rayonu işğaldan azad edildi. Tovuzun təbiətini zənginləşdirən dağların hüsnünə baxdıqca Yusif müəllim köks ötürüb: “Bu dağlar  bizim Kəlbəcər dağlarına bənzəyir” deyir.

***

Qandalların axşam mənzərələrini seyinə dalarkən  bir anlıq gördüm ki, iki dağın arasından təzə-təzə boylanan ay ətrafa nur səpir… Və elə o məqamda  vaxtilə bizim “Çağırış” qəzetinin şənbə səhifəsində ara-sıra şeirləri dərc olunan rəhmətlik Nəhmətin  (səhv etmirəmsə, soyadı Adıgözəlov idi) bu misralarını xatırladım:

 

Bu dağ Baba dağa bənzər, 

Bu dağ onun qarısına

Ay da nəvə kimi girib,

Qocaların arasına…

***

Baba dağdan bulud keçdi..

Nənə dağa kölgə düşüdü,

Yarısını çən örtmüşüdü

Valeh oldum yarısına…

 

Bu şeirin üçüncü bəndini unutmuşam. Görünür ki, Nəhmət öz kəndlərindən  Mişardağla Yanardağa  boylananda  qoşa dağın arasında ayı seyr edəndə bu  möhtəşəm tablonu şeirə çevirib…

***

…Ertəsi gün sübh tezdən Fərman, Elşən və mən Kərbalayi dağına qalxdıq. Elşən kəkotu yığır, Fərman dağın zirvəsindən  aşağıda görünən mənzərələri telefonun kamerasına çəkir və “Gənclik” parkında voleybol oynadığımız dostlara salam göndərir.  Mən də buradan ağcabədili Vəlini, şəkili Əhmədi, zaqatalalı Tahiri, Qərbi Azərbaycandan olan  baba dediyimiz Vəli kişini salamlayıram. Dağda çoxlu yemişan ağacı və  kolları var. Buradan  Çeşməli, Qədirli, Mollalar, Qandallar, Böyükqışlaq kəndləri, Buzlu Dərəsi  və başqa yerlər ovuc işi kimi görünür.

…Bir azadan üzü aşağı enirik,  onu deyim ki, dağdan enmək  mənə  dağa qalxmaq  qədər çətin gəldi. Çingiz müəllimgilin həyətinə çatanda onun Kürdəmirdən gəlmiş qonaqları ilə – Akif, İlyas və Babəklə tanış olduq. Akif Nuhuyev və əslən Lahıcdan olan İlyas Ələkbərovla  Çingiz müəllim 14-15 ildir ki, dostluq edirlər. Qırx yaşlı aşıq Babək Şakirli isə Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri olmuş, məlahətli səsi, təkrarolunmaz ifası ilə bu gün də ehtiramla xatırlanan Aşıq Şakir Hacıyevin nəvəsidir.

…Günorta çağı Babək dəstəmaz alıb, namaz qılandan sonra bağda qonaqlar üçün  quraşdırılmış  küləfərəngiyə gəlib sazını köynəkdən çıxarıb  çalıb- oxumağa başlayır. Bu dəfə qonaqlar üçün aşılmış süfrənin başında Çingiz Abbasovun əmisi ağsaqqal  Heydər kişi əyləşib.  Vaxtilə  daxili işlər orqanlarında çalışan Heydər kişi də şəhərdən bir-iki günlüyə  doğma yurda dincəlməyə gəlib.  Məclisin tamadası qonaqları bir-birinə təqdim edir. Sədəfli sazın könülləri titrədən sədaları altında Çingiz əminin işarəsi ilə Şaiq bəylə  gənc Aqilin gətirdiyi naz-nemətlərdən dadırıq. İlk sağlıq  hörmətli el ağsaqqalı  85 yaşlı Heydər kişinin şərəfinə deyilir. Sonra Yusif müəllim və Musa Ələkbərli bizi bu gözəl təbiət qoynuna gətirən və aramızda dostluq körpüsü  yaradan Çingiz müəllimin şərəfinə sağlıq söyləyirlər.

…Sağlıq növbəsi mənə çatanda üzümü Aşıq Babəkə tutub deyirəm:

 

Aşıq mizrabı vur tellər aparsın,

Sazının səsini yellər aparsın,

Vəfalı dostlara can qurban edək,

Qoy vəfasızları sellər aparsın…

 

Sonra sazın həzin sədaları altında həyatdan nakam köçmüş həmyerlim, böyük Üzeyir bəyin tələbəsi olmuş Mir Kazım bəy Aslanlının – Sarəngin  1945 -ci ildə qələmə aldığı  “Tomris” mənzum dramından  “Çalğı və mey”  şerini dedim:

 

Var bir əfsanə qədimdən, guya ki,

Çalğı gənc oğlan imiş, həm də zəki.

Mey  isə bir qız imiş -şux dilbər,

Sevişirmiş bu cavan  aşiqlər.

Çalğı  sazda, mey isə camda imiş,

Ehtiras, sevgi isə canda imiş…

Bir dəfə cam düşərək parçalanır,

Mey axır, çalğısa hicranə yanır.

Yanır  hey çalğı o dəmdən bəriyə,

İnləyir,  dərd  ilə, “ah,  sevgi”  deyə

İndi, dostlar, sözümün vardı canı,

Yaradır sevgi fəqət xoş zamanı…

 

Beləcə sazlı -sözlü məclisimiz axşam düşənəcən davam edir…

***

… İyunun 9 -da  Fərman, Elşən və mən Müsəlləh dağına qalxmaq üçün səhər tezdən  Əsrik çayı üzərində Cingiz müəllimin tikdirdiyi körüpünü maşınla keçirik. Yeri gəlmişkən, qeyd edim ki, el arasında Abbas körpüsü adlanan bu körpüyə səfər yoldaşımız  Musa Ələkbərli şeir də həsr edib. Yarım əsrdən çox dostluq etdiyi Çingiz Abbasova xitabən yazdığı həmin şeirdə Musa müəllim bu körpünü imana, dinə abidə və  qəbiristan yolunda savab körpüsü  adlandırır. Deyir ki, bu körpü meşələr sultanı məğrur atasının adıyla ağıza, dilə düşəcək:

 

Qandallar kəndində Abbas körpüsü,

Zaman ötüşsə də qalacaq yadda.

Oğuldan ataya miras körpüsü,

Rəhmət ünvanıdır bu gün həyatda.

 

…Biz də  xeyirxah əməlləri ilə nəsildən – nəsilə  körpü olan Çingiz müəllimə Allahdan  cansağlığı,  el-obanın yaddaşına yaxşı adam kimi köçən atası Abbas kişiyə rəhmət diləyib körpüdən keçib Qandallar kənd qəbiristanlığının yaxınlığında maşınımızı saxlayırıq. Aşağı enib dar çığırların birindən yamacında al-qırmızı lalələr, sarıçıçək bitən dağa qalxmaq istəyirik. Amma güclü şeh olduğundan dağa çıxmaq fikrindən vaz keçib  çayın yatağına enib əl-üzümüzü yuyuruq. Bu zaman Çingiz müəllim zəng edib bizi səhər yeməyinə çağırır. Süfrəyə bal, qaymaq,  pendir, süd, yumurta soyutması və  bir şüşə  moruq dadı verən konyak qoyulub.  Beşimiz – Yusif müəlim, Fərman, mən, Akif, İlyas Çingiz müəllimin və digər  içməyən yoldaşlarımızın sağlığına badə qaldırıb nuş edirik…

Mən ağsaqqallardan izn  alıb rəhmətlik Sabir Almazovun “Sağlıq” şeirinin yadımda qalan misralarını deyirəm.

Sıxsın piyaləmə şehini otlar,

Qoy şərab içməsin şəbnəm içməyən.

Doldursun badəmə günəşi  dostlar,

İçirəm günəşin sağlığına mən.

***

Altımız yer olsun üstümüz səma,

Bitəyin dağlarda bir lalə kimi.

Ömrümüz qalmasın təki yarımçıq,

Yarımçıq içilmiş piyalə kimi…

 

..Səhər yemeyindən sonra o, bizi  Çataq  tərəfə –  rəhmətlik atası Abbas kişinin meşəbəyi olduğu əraziləri göstərməyə apardı. Sirli-soraqlı tarixlər yola salmış Murğuz dağ silsiləsinin ətəyində yerləşən meşələrdə  çoxlu fındıq və qoz ağacları var.  Qoz ağaclarının çoxu  Abbas kişinin meşəbəyi olduğu ərazilərdə əkilib. Yamacda -vaxtillə xırman kimi  istifadə  olunan  yamyaşıl meydançada Çingiz müəllim nə vaxtsa istirahət guşəsi yaratmaq, gecələmək üçün kotteclər tikdirmək fikrinə düşüb. Yaxınlığdakı bulağa  isə illər əvvəl bura gələn  dost-tanışları “Çingiz bulağı” deyiblər. Buralarda meşənin dərinliyində çoxlu adsız-unvansız bulaqlar çoxdur. Təkcə turistlər üçün ən çox sayılıb – seçilən Əsrik dərəsində 36 bulaq var…

Əbəs yerə  YouTube kanalında “Bura vətəndir! – Əsrik Cırdaxan” sənədli filminə baxan  izləyicilərdən biri yazmayıb ki: “Cənnəti görmək  üçün ölmək deyil, Tovuzda yaşamaq lazımdır”

***

…Həmişə “Ürəyi vətən, dost, xeyirxahlıq duyğuları ilə döyünən Çingiz müəllim” (Məmməd İsmayılın fikridir)  adətü üzrə qonaqlarını Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olan Tovuz döyüşlərinin qəhrəmanların xatirəsini ehtiramla yad etməyə dəvət edir. Biz də  yol kənarında şəhidlərin şəkilləri vurulmiş lövhələrnn önündə dayanıb, onların ruhuna  dönə-dönı dualar oxuyuruq.

Böyük Qışlaq kəndində şəhidlər şəkilləri vurulmuş guşənin önündə  Babək Şakirli ucadan “Fatihə” verir. Yaxınlıqdakı şəhidlər bulağından su içəndən sonra  əyrü-üyrü dağ yolu ulə üzü yuxarı -Qaralar kəndinə qalxırıq. Burada Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edən, Vətən Müharibəsində, Murovdağ döyüşləri zamanı şəhid olmuş Mustafa  Dadaş oğlu Qasımovun məzarın ziyarət etdik.  Babək yenə “Fatihə” verir. Şəhidin ruhuna oxuduğumuz duadan sonda Musa Ələkbərli hamımıza üzünü tutub deyir:

-Ziyarətiniz qəbul olsun!  Xoş oldu ki, Çingiz qardaşım bizi bu şəhidin ziyarətinə gətirdi.  Şəhidlərin adı bizim ürəyimizin tac damarından keçir. Şəhidlər bizim qürur mənbəyimiz, dikələn qəddimizdir… Allah bütün şəhidlərimizə rəhmət eləsin…

Mustafanın sinə daşına iki bəndlik  şeir yazılıb.  Bir bəndini güclə oxudum, çox doluxsundum.  Səsim işəridən elə titrədi ki…

Qisasın alındı, qələbə çaldıq,

Torpağı şərəfsiz düşməndən aldıq,

Amma ki, biz sənsiz dünyada qaldıq,

Bayraqdan kəfəni geyən qardaşım,

Ruhun şad olsun Şəhid qardaşım.

 

…O gün  şəhidin  qazi atası, Birinci Qarabağ döyüşlərinin iştirakçısı Dadaş Qasımovla da görüşdük. Onu da qeyd edim ki, kəndin ən uca yerində salınan qəbiristanlıq sərhəd bölgəsinin yaxınlığındadır.  Çingiz müəllimin dediyinə görə, bu dağlardan o tərəf Qərbi Azərbaycanımız  -Göycə gölü, Göyçə mahalının Toğulca, Ağbulaq, Ardanış, Çəmbərək və başqa yaşayış məntəqələri yerləşir. Böyük Qışlaq bölgəsinə daxil olan Qaralar kəndi  isə Qara kişinin adı ilə bağlıdır. Çar dövründə Qazax qəzasında yaşamış qaralar nəslinin adı ilə də əlaqəndirilir.  Amma yazılı mənbələrdə göstərilir ki,  XV əsrdən sonrakı nəsil şəcərəsinə söykənən söyləmələrə görə, Qaryagindən, indiki Füzuli rayonunun Qoçəhmədli kəndində bəylik titulları əllərindən  alınmış beş qardaş olub. Təqiblərə məruz qalan  üç qardaşın öldü-qaldısından xəbərsiz iki qardaş — Qara və Qoç Əhməd qaçıb, Tovuzun ərazisinə sığınırlar və burada Qaralar kəndini salıb məskunlaşırlar.

Dağlar qoynundakı  gözəl, bənzərsiz  mənzərələri  seyr etdikcə səfər yoldaşımız professor Yusif Əhmədov yenə heyrətlə: – Vallah bu dağlar mənə Kəlbəcəri xatırladır, -deyir və  böyük həvəslə uca dağları, dibi görünməyən dərələri telefonunun yaddaşına köçürür.

Qəlyanına astaca qullab vuran Babək də cuşə gəlib,  Vətənin, dağın, düzənin, gülün, çiçəyin və ümdəsi  insan aşiqi olmuş babası Aşiq Şakirin gəraylıya köklənmiş şeirlərindən birini oxuyur.

… Sonra dağa qalxdığımız dar yolla üzü aşağı enirik, Babək  bizim maşına əyləşir. Fərmanla İlyas, Babək arxada ötürüblar, ordan-burdan söhbət edirik…  Necə olursa  Babək deyir ki, Kürdəmirdə aşıq sənətini davam etdirən yeganə adamam. Amma  mənə öz sənətimlə bağlı mədəniyyət sahəsində bir iş tapılmır ki, tapılmır, regional mədəniyyət  idarəsinə, hətta nazirliyə müraciət etmişəm.  Düzü, ona  təsəlli  üçün deməyə  adam söz tapmır. Ötən əsrin ortalarında Babası Aşıq Şakir 34 yaşında  Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdi,  bu gün  “Telli sazım”ı, “Nə bağ bildi , nə də bağban”ı, “Şirvan şikəstəsi”ni  babası kimi ifa edən  nəvə Aşıq Babək Şakirlinin işsiz qalması heç doğru deyil…

Bir azdan Çingiz müəllim  bizi  XX əsr Azərbaycan aşıq sənətinin qoca qartalı  Mikayıl Azaflının  oğlu Aşıq Hakim Azaflı ilə görüşdürür.   Muncuqluda gənc Aşıq Babək saz çalır, qoca Aşıq Hakim oxuyur… Səsi də, özü də atasına elə  oxşayır ki!..   Tovuzda təbiətin memar “əlinin”  yaratdığı  bütün gözəlliklər Aşıq sənətinin incəlikləri ilə qovuşaraq çox  dolğun və  unudulmaz bir aura yaradır.  Adam belə xoşbəxt anı  təkrar  yaşayacağına  inanmır…

Sonra məclisə  Göyçə aşıq məktəbinin davamçıları Aşıq Məmmədlə Aşıq Muğdad təşrif gətirirlər…   Bir azdan  qara zurnanın səsi dağlarda əks- səda verir.  İlahi,  zurna oynaq  təranəsi ilə dünyanın gözəlliyini vəsf edir, insanı xoş duyğulara, həyat eşqi ilə yaşamağa səsləyir: “Dünya yaşamalı dünyadır, qardaş ,  öpüb oxşamalı dünayadır, qardaş”-deyir. (Arif Fərzəli) … Fərman, Babək, mən meydana atılıb rəqs edirik. Ətrafımızdakı  adamlar kimi  sanki ağaclar da rəqs edirlər. Bu tərəflərdə xeyir- dualar içində belə bir dua da var:  “Hər gününüz qara zurna səsi ilə, saz səsi ilə keçsin, dostlar!”

… Daha sonra  könül rübabımız dilə gəlir: “Mahmudun ləminə” qalxırıq, Mikayıl Azaflının,  Aşıq Şakirin, Sarəngin, Məmməd Aslanın, Böyükxan Pərvizin,  Musa Ələkbərlinin, Arif Fərzəlinin şeirləri qanad açır göy üzünə…

Yox, qardaş, bu ssenarini nə Çingiz Abbasov yazıb, nə Musa Ələkbərli, nə də bəndəniz…  Elə  bu saat, elə bu an bu ssenarini ANA təbiət bədahətən yazır…

Sən adilsən! Sən ətalətlisən! Sən böyüksən! Sən qonaqpərvərsən!  Sən ucasan ANA təbiət! (Zəlimxan Yaqub) Sənin qoynunda saz dinləmək, qara zurnanın sədaları altında rəqs eləmək, mahnı oxumaq, şeir demək nə böyük səadətmiş…

..Süfrəyə yerli sakinlərin ağac göbələyi dediyi  yemək gətirilr. Ağacda təbii şəkildə yetişən bu göbələk növü dadı ilə fərqlənir. Zarafatla  Fərmana deyirəm ki, dağlar oğlu, əvvəlcə sən  bunun dadına bax, mən belə  göbələk növü yeməmişəm. O, sarımsaqlı qatığı yeməyin üstünə töküb ləzzətlə yeyir.  Sazlı-sözlü məclisimiz axşam düşənəcən davam edir.

…Unudulmaz anlar yaşadığımız Muncuqludan zəngin təəssüratla ayrılıb Qandallara dönürük… Axşamüstü  Elşənin maşını ilə gözəl təbiət mənzərələri ilə Qandallardan seçilməyən qonşu  Çeşməli kəndinə pətək balı almağa gedirik. Bizə Şaiq bəy bələdçilik edir. Tovuzun ən ucqar dağlıq ərazisində yerləşən Çeşməlidə peşəkar arıçılar çoxdur. Hər tərəfi dağ-dərə, çəmənlik olan kənddə və ətrafda müxtəlif çiçəklər bitən geniş çəmənlik sahələr burada arıçılığın inkişafı üçün əlverişli imkan yaradır… Çox  keçmir ki, arıçı Rizvanın həyətinə daxil oluruq. Rizvanla görüşüb tanış oluruq, öyrənirik ki, o, pətək balını 50 manata satır.  Fərman özünü balın kamil bilicisi kimi aparır, Rizvana çoxlu suallar varir. Deyir ki, ağız dadına çox  güvənir, yaylaq, çiçək, meşə ballarını ləzzətinə görə bir-birindən ayıra bilir. Rizavan da arıçılığın qayğılarından  uzun-uzadı söhbət edir, həm də şövqlə deyir ki, xalis balın əldə olunması üçün arıları ətrafdakı çiçəklərdən sızan şirədən -nektar toplayırlar. Balın qoxusu, dadı və ya rəngi nektarın toplandığı çiçək növünə görə dəyişir. Rizvan  nektarın  hardan  toplandığını hətta arı pətəyinin çərçivələrinə  qeyd etdiyini də bizə göstərir…

Rizvanın həyətdə oynayan  kiçik nəvəsi Uğur da qaça-qaça  gəlib bizimlə görüşür. Mənim diqqətimi həyətin bir küncündə kömürlə qaynadılan sarı samovar cəlb edir.  Ürəyi arı ailəsi barədə söz-söhbətlə dolu olan Rizvandan Bakıda mənimlə qonşu olan çeşməli Aydın Həsənovu soruşuram. Çox yaxşı tanıdığını bildirir. Deyirəm ki, Aydının oğlu – Vətən Müharibəsi Qəhrəmanı kapitan Ceyhun Həsənov haqqında kitab yazmışam. O,  44 günlük müharibənin ilk günü Füzuli döyüşlərində şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunub. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Xətayi rayonunda kapitan Həsənov Ceyhun Aydın oğlunun adına küçə verilib.  Həm də Bakı şəhərindəki 48 saylı tam orta məktə kapitan Ceyhun Həsənovun adını daşıyır. Əmisi Balakişi də bu kənddə yaşayır. Rizavan deyir ki, elə  bizim  Çeşməli kənd tam orta məktəbi də Ceyhunun dayısının –  birinci Qarabağ müharibəsində şəhid  olmuş Məstan Novruzovun adını daşıyır. Məktəbin qarşısında onun xatirəsinə abidə ucaldılmışdır. Sonra o bizi evə dəvət edir, süfrəyə ləzzətli samovar çayı, şan balı, xama, yuxa, bir litirlik şüşə qabda meyvə araqı gətirilir. Fərman arağın dadına baxıb: “Gavalı arağıdır” deyir.  Bənzərsiz ətri olan bu içkidən ev sahibi ilə bahəm nuş edirik. Ömümdə ilk dəfə meyvə arağını bal ilə içirdim. Elşən isə maşını idarə edəcəyinə görə içmədi…

Qonaqlıq  iki saata yaxın çəkdi. Rizvan  bizim Çingiz müəllimin qonağı olduğumuzu eşidəndə  dedi: – Deyiblər ki, yaxşı igidin adını eşit, üzünü görmə. Mən o kişini bir dəfə də görməmişəm, amma eşitmişəm ki, xeyriyyəçidir, qəbiristanlığa yol çəkdirib,  çay üstündə körpü saldırıb. Şəhid və qazi ailələrinə yardım edir. Allah ondan razı olsun! Kəndə -baba yurdunda şadlıq evi tikdirib, ordan heç bir qazanc götürmür. Qazilərin toyunu öz hesabına edir…

Sonra səliqə ilə ofset kağızına bükdüyü bal ilə dolu şan çərçivələrdən birini Şaiqə verib dedi: “Bunu Çingiz müəllim pay verirəm…”   

Biz də ondan bal alıb Qandallara geri döndük. Gecə Akif, İlyas, Babək Şaiqgilə  yatmağa getməyə hazırlaşanda səhər erkəndən Kürdəmirə dönəcəklərini söyləyib  bizimlə xüdafizləşdilər. İlyas zarafatla: – Mən votçapda “Çingiz xan qrupu” yaradacağam, -dedi, –  hamınızı bəri başdan o qrupa qoşulmağa dəvət edirəm… İnşallah qismət olar,  bir də görüşərik…

Onlar da, biz də tanışlığımıza görə  Çingiz müəllimə  dönə-dönə təşəkkür etdik… Şair Avdı Qoşqarın təpirincə desək, Çingiz müəllim həqiqətən də təpərli kişidir! Həm də Tovuzun tanınmış adamlarının  yorulmaz  tərənnümçüsüdür…  Qandallarda olarkən  Çingiz müəllim  bizə  “Mən bu zamana sığmazam” adlı  kitab hədiyyə etdi.  Kitab  Azərbaycanın dövlət xadimi, Azərbaycan SSR Prokuroru və Azərbaycan Respublikasının ədliyyə naziri, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasının sədri (2001–2025) İlyas Abbas oğlu İsmayılovun şərəfli ömür yolundan bəhs edir. Kitabın müəllifi Ələmdar Məmmədov  ömrünün  böyük bir hissəsini  prokurorluq orqanlarında  keçirib, hətta gənc yaşlarında (1977-83 illərdə) bizim Masallıda rayon prokurorunun köməkçisi və daha sonra böyük köməkçisi vəzifələrində çalışıb.

Bəli, sağlığında Müstəqil Azərbaycan dövlətinin ən yüksək kürsülərində yeri görünən, “Qanun olmayan yerdə əxlaq ola bilməz”  söyləyən  İlyas İsmayılovun haqqında ürək sözlərimi  mən də ötən ay  Bakıda Qafqaz Biznes Mərkəzində Ədalət Partiyasının IX Qurultayında qonaq qismində çıxış  edərkən demişəm. Məhz ölkədə yerlibazlığa, regionçuluğa, tayfaçılığa son qoyacaq  yeganə qüdrətli şəxsiyyət İlyas İsmayılov idi.  Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun qarşısını yalnız və yalnız yerlibazlıq, regionçuluq,  klan, tayfa təfəkkürünə son qoymaqla nail olmaq olardı…

Deyirlər, kədərlə sevinc qardaşdır. Tovuzda olduğumuz  günlərdə dəfələrlə ali məktəb müəllimim, sonralar aramızda tələbə -müəllim dostluğu yaranan professor  Nəsir Əhmədlini,  tədqiqatçı -jurnalist kimi  əməyimi qiymətləndirmək  üçün mədəniyyət nazirliyinə məktub ünvanlayan, Jurnalistlər üçün tikilən binadan mənə də mənzil ayrılmasına  təşəbbüs göstərən böyük türk sevdalısı Qənirə Paşayevanı da xatırladım. Bir də Azərbaycan mətbuatının tanınmış siması, “Tovuz Xeyriyyə Cəmiyyəti”nin mətbuat katibi Ramiz Hümmətovu… Allahdan onrlara  – İlyas İsmayılova, Nəsir Əhmədliyə, Qənirə xanıma, Ramiz bəyə rəhmət dilədim… Bizim  müasir cəmiyyətimizdə həmişə ehtiyac duyulan belə saf insanların yeri görünür və  bundan sonra da  görünəcək.

…İyunun 10-da  səhər tezdən  Qanddalar  kəndindən  çıxdıq, Çeşməli kənd inzibati ərazi dairəsinə daxil olan Güvəndikdə şəhidlərin şəkilləri vurulmuş lövhənin yaxınlığında maşınlardan endik. Şəhidlərin  ruhuna dua oxuyub  yola düşdük   Tovuz və Gədəbəy rayonlarını  arasında yenidən qurulan və  yaxın gələcəkdə bir neçə kəndi əhatə edəcək yolla  üzü  Gədəbəyə – Musa Ələkbərlinin  ata-baba yurduna yola düşdük…   Təzə çəkildiyinə görə yolda  təktük maşın gözə dəyirdi.

Saratovka yolunda  bir məktəbli oğlanı görcək, Elşən maşını saxladı.  Oğlan elə bil  bunu gözləyirmiş, kənd məktəbinə kitablarını təhvil verməyə getdiyini bildirdi. Yeddinci sinifi bitirmiş  bu oğlan  bizə rast gəlməsəydi,  bir kilometirdən çox yolu paypiyada getməliydi. Məktəbə az qalmış  əlində əsa tutumuş ortayaşlı bir kişini də maşına götürdük. Dedi ki, ayağı çox bərk ağrıyır, kəndin mərkəzinə getmək üçün bayaqdan maşın gözləyir. Sonra əlavə etdi ki, evdə darıxır, kəndin mərkəzinə nard, damino oynamağa, “vaxt öldürməyə” gedir.  Dediyi  yerdə Elşən maşını saxladı.

Bir az yubandığımız üçün  Çingiz müəllimin maşını bizdən xeyli uzaqlaşmışdı. İstəyirdim ki,  zəng edəm, amma Qızıl Torpaq kəndini ötüb keçəndə uzaqdan  Çingiz müəllimin göy “CİP”i göründü. Zəyəmçay üzərindəki körpüdən keçib Ataxal  tərəfə döndük.  El arasında İnəkboğan deyilən Zəyəm çayı Xınna dərəsi boyunca axır. Xınna  dərəsi  haqqında yerli sakinlər arasında bir əfsanə danışılır.  Deyilənlərə görə, qədimlərdə gözəl və ağıllı bir qızı sevmədiyi zəngin bir adama ərə vermək istəyirlər. Qızın toy günü əl-ayağına xına qoyurlar.  Amma qız  evdən qaçıb bu dərəyə sığınır. Arxasıca gələn atlı dəstəsini görəndə qız üzünü göyə tutub deyir:

 

Tanrı, məni quş elə,

Qanadı gümüş elə.

Eldə rüsvay eləmə,

Dağda günü xoş elə,

Daşlara yoldaş elə…

 

Tanrı da onun yalvarışını eşidib, qızı  dağ kəkliyinə çevirir . O vaxtan dimdiyi və ayaqları qırmızı olan bu quşa xalq arasında xınalı kəklik deyirlər. Xınalı kəkliyin adına mahnılar da qoşulub… Elə bil  ölməz ruhu Yanardağın zirvəsində dolaşan Sarəngin də sağlığında bu rəvayətdən xəbəri varmış:

 

Dağlar, sizə gəldim deməyə dərdimi dağlar,

    Cananı aşiq itirib sizdə soraqlar…

 

…Xınna dərəsi Tovuz rayonuyla Gədəbəy rayonunun arasında yerləşir. Əvvəllər Çanaqçı dərəsi deyilən bu ərazi tarixə “Xınna dərəsi” adı ilə düşmüşdür.  Deyilənlərə görə, “xınna” sözünün mənası “xınna” yox, hun tayfalarının adı ilə bağlıdır. Sonralar bu söz təhrif olunaraq “hunna”, “xınna” kimi işlənmişdir.

… Şahdağ silsiləsinin ətəyində Ataxal kəndi görünür. Maşınlardan düşüb söhbət edə-edə  Zəyəm çayının sahilindən  Musa Ələkbərlinin ata-baba  ocağına  boylanırıq.  Bu an  mənə elə gəlir  ki, 75 yaşının zirvəsində ulu Göyyurd dağlarından, zümrüd meşələrdən, büllur bulaqlardan ötrü qəribsəmiş müdrik şairin qəlbindən həzin notlar üstündə köklənən bu misraları keçir:

 

Yuyundum xatirə yağışlarında,

Dünyanın pak, təmiz uşağı oldum.

 

…Geri dönəndə  Haçaqayaya və  başqa dağ mənzərlərinə  baxa-baxa düşünürım ki,  bəzən  həyatda elə adamlara rast gəlirik onlar dünyanın hər yerindən – gözəlliklərindən ağız dolusu  danışırlar. Amma  doğma vətənimizin belə dilbər güşələrində bir dəfə də olmayıblar.

Vətən aşıqi Musa Ələkbərli əbəs yerə demir ki:

 

Sevginə köklənib ürəyim, canım,

Nə qədər ömrüm var, eşqinlə yanım.

Sənə qurban olum, Azərbaycanım,

Məni gözlərindən uzağa qoyma!

 

…Bir azdan Qovlar qəsəbəsindən ötüb keçirik.  Şəmkirdə nahar yeməyindən sonra yollarımız ayrılır. Çingiz müəllimin maşını Bakıya  şütüyür. Biz -Elşən, Fərman, mən Daşbulağa dönüb yenə Sona xalaya baş çəkirik,  o, Fərmandan  Bakıdakı  nəvələrin  kənd sovqatı yollayır.  Kürdəmirdə dayanıb yol kənarındakı  Qarabağ kafesində  çay içirik.  Bu zaman  Yüsif müəllim  zəng edir: -Biz Bakıya çatanda sizi  gözləyəcəyik -deyir.

Bu dəfə Fərman sükan arxasında oturur…

…Bakıda Yusif müəllimin təşəbbüsü ilə Xəzərin mənzərələri görünən “Vişnəli” restoranında şam edirik. Hamımız Çingiz müəllimin şərəfinə sağlıqlar deyirik. “Sağ olun ki,  Çingiz müəllim, dörd günlük Tovuz səfərində bizə  xoş anlar yaşatdınız!”

Musa müəllim gözəl sağlıq da desə, səhhətinə görə şərab içmir.

Mən də ayağa qalxıb  Mirkazım bəyin “Sağlıq” şeirinə azacıq dəyişiklik edərək

üzümü ustad şairə  -Musa Ələkbərliyə tutub deyirəm:

 

   Burdakılar hamısı sağ olsun, içək,

   Al şəraba dost qonaq  olsun, içək!

   Şənliyə rövnəq gətirir badələr,

  Könlümüzə qəm iraq olsun, içək!

  Qoy hamı qalxsın ayağa mey ilə,

  Xoş günümüz  böylə ağ olsun, içək!

  Pis günümüz  qoy belə  keçsin bizim,

  Ortada şadlıq çıraq olsun, içək!

  Şadlıq ilə yəmtaraq olsun, içək,

  Sizdə də USTAD, maraq olsun, içək!

 

Beləcə maraqlı və unudulmaz Tovuz  səfərimiz başa çatır.  Allah hamınıza  doğma Azərbaycanın gəzməli-görməli yerlərinə  dostlarla belə səfərlər nəsib etsin!

P.S: Səfər təəssüratlarımı bir nəfəsə yazdım, ömür möhlət versə, bu yazı üzərində bir daha işləyəcəyəm.

13-15 iyun 2025-ci il

Tovuz səfəri

Yazıya 29 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.