21 Azərlə bağlı “Ədəbiyyat qəzeti”nin xüsusi sayını hazırlamaq qərarına gələndə, yadıma atam İmamverdi Əbilovun hədsiz zəngin kitabxanasında gördüyüm bir kitab düşdü. Rayona gedib kitab rəfindən “Cənubi Azərbaycan şairləri” adlanan həmin kitabı götürüb vərəqlədim. 1950-ci ildə nəşr olunub. Titul səhifəsinə əski əlifba ilə belə bir avtoqraf yazılmışdı: “Unudulmaz dostum, yəni ilk görüşü ilə məni öz həqiqi kommunist sifətinə xas olan xüsusiyyətilə məftun edən yoldaş İmamverdiyə tarixi mübarizə günlərimizdən nümunə olan bu kitabçanı yadigarlıq içün təqdim edirəm. İsmayıl Cəfərpur. 20.07.51”
İmamverdi müəllimin o zaman 24 yaşı vardı, raykom katibi idi. Yəni hələlik kommunist idi. İki-üç ildən sonra Kommunist Partiyası sıralarından xaric ediləcəkdi. İsmayıl Cəfərpurla yaxın dost idilər. Özündən eşitmişdim, Cəfərpurla Universitetin Kolodeznıy küçəsindəki yataqxanasında 18 saylı otaqda bir yerdə qalmışdılar. İsmayıl Cəfərpurun 1951-ci ilin iyulunda yazıb dostuna bağışladığı bu kitab əsl tədqiqat predmetidir. Kitabdan, xüsusən, 21 Azər hərəkatının iştirakçısı olmuş şairlərin bir qisminin şeirlərini təqdim edirəm. Çünki bu şeirlər 21 Azər hərəkatının gerçəkləşdiyi günlərdə yazılıb və hərəkatın ruhunu olduğu kimi əks etdirir.
Azər TURAN
Əli Fitrət
1890-cı ildə Təbrizdə ruhani ailəsində doğulmuş və gənc ikən mürəttiblik etdiyi zaman şeir və ədəbiyyatla maraqlanıb, ilk əsərlərini yazmağa başlamışdır. Uzun müddət Culfa – Təbriz dəmir yolunda xidmət etmişdir. 1945-ci ildən başlamış, Cənubi Azərbaycanda milli azadlıq hərəkatının ən mübariz döyüşçülərindən olub və buna görə də Tehran hökumətinin hiddətini qazanmışdır. İran ordusu xaincəsinə Cənubi Azərbaycana soxulduqdan sonra Fitrət həbs edilmiş və zindanda öldürülmüşdür.
Vətən eşqində
Mənə, naseh, bu növlə başlama bihudə əfsanə,
Vətən eşqində mən ollam bu gün şuridə divanə.
Həqiqi aşiqəm, yox zərrəcə eşqimdə nöqsanım,
Məramım çox gözəl, eşqim müqəddəs, pakdır qanım.
Qocaman dağ kimi möhkəmdir, sabit əzmü imanım,
Məni seyli-həvadis tərpədəmməz indi bir yanə.
Nə mən Vamiq kimi Üzradan ötrü eylərəm əfqan,
Nə Sənanam, olam tərsa, çıxam mən tutduğum yoldan,
Nə Məcnunam, gəzəm vəhşilər ilə çöldə sərgərdan,
Cahanda nəqs aşiqdir billəh sirrini biganə.
Mənim yarım diyarımdır, dəxi bir özgə yarım yox,
Vətəndən qeyri aləmdə mənim məhru nigarım yox,
Vətən məftunuyam, dildə odur səbrü qərarım yox,
Məhəbbət camını nuş etmişəm peymanə-peymanə.
Vətən uğrunda can vermək mənə eyni səadətdir,
Vətən mehrin ürəkdə bəsləmək fəxrüşərafətdir,
Görərsən onları ki, dəhrdə sahib-şəhamətdir,
Girirlər qanlı dəvayə vətən eşqində mərdanə.
Bizə əcdadımızdan irsdir namus ilə qeyrət,
Bizə qalib gələmməz cəngdə aləmdə bir millət,
Tutub əfaqı baxsan diqqət ilə bizdə hürriyyət,
Batıb bu yolda çox ali hünər sahibləri qanə.
Dilim azər, elim azər, məkanım Azəristandır,
Əgər min canım olsa, hər biri bu namə qurbandır.
Mənə bu Azəristan indi, billəh, baği-rizvandır,
Əgərçi döndərib zülm ilə zalim etdi viranə.
Rəqibə, ey səba, məndən yetir bu mətləbi indi,
Söylə: “Ey bimürüvvət, səndə nə din və nə ayindir.
Hamı yerdə bu dil müstocibi-tərif, təhsindi.
Cahan nifrət edər sən başlayan bihudə böhtanə.
Bizə bu dil qalıb əcdadımızdan yadigar, anla,
Təmamən bu dil ilə eylərik biz iftixar, anla.
Əgərçi məstsən, ol bircə saət huşiyar, anla.
Gələr, bir gün səni Fitrət çəkər bir payi-divanə.
Cəfər Kaşif
Cəfər Məmmədzadə Kaşif 1894-cü ildə Cənubi Azərbaycanın Mamağan qəsəbəsində kəndli ailəsində doğulmuşdur. Uzun müddət Tbilisidə yaşamış və öz şeirləri ilə mətbuatda iştirak etmişdir. 1945-ci ildə Cənubi Azərbaycanda başlanmış milli azadlıq hərəkatının mübariz əsgəri kimi yorulmaq bilmədən irtica əleyhinə qələm yürüdən Kaşif 1947-ci ilin əvvəllərində Tehran cəlladları tərəfindən vəhşiyanə surətdə qətl edilmişdir.
Əl çəkin!
Tutiyi-təbim gəzir bağda hərasan, əl çəkin!
Qoymarıq bayquş ilə dolsun gülüstan, əl çəkin!
Söyləyin Seyid Ziya xain dəyişsin caməsin,
Dəsti-istibdaddə oynatmasın çox xaməsin.
Hərzəvü hədyan ilə doldurmasın ruznaməsin,
Oldunuz biz millətə tarixi düşman, əl çəkin!
Etməyin zəhmətkeşə dünyanı zindan, əl çəkin!
Qoy Hüseyni, Fatəmi də vicdanın satsın pula,
Qışqırıb ruznamədə çəkin bizi əyri yola.
Əzmimizdən dönmərik, gər bu cahan bərbad ola.
Təşneyi hürriyyətik, ey qövmi-nadan, əl çəkin!
Müstəbidlər qətlinə var bizdə fərman, əl çəkin!
Kəbətək hörmətlidir xəlqə Azərbaycanımız,
Bu müqəddəs torpağa qurban yazılmış canımız,
Qurtuluş fikrindəyik, möhkəmləşib imanımız,
Azərilər bir daha olmaz pərişan, əl çəkin!
Möhtəkirlər bizləri etmişlər təlan, əl çəkin!
Fikrimiz azadəlikdir, malikik xoş niyyətə,
Yadların qəyyumluğu lazım deyil biz millətə,
Həqqdən ilham alıb qoyduq qədəm hürriyyətə,
Olmuşuq hər fərdimiz bir mərdi-meydan, əl çəkin!
İstərik daim quraq ədl ilə divan, əl çəkin!
Girmişik meydani-eşqə bir rəvi iman ilə,
İrticanı əzməyə and içmişik vicdan ilə,
Xalqımız baş qaldırıb haqsızlığa üsyan ilə,
Qoymarıq qüssə edə biçarə dehqan, əl çəkin!
İstərik el qalmasın yoxsul və üryan, əl çəkin!
Azəristan ölkəsin sanma bu gün başsız bədən,
İnqilabın atəşi fövran edir hər guşədən.
Xalqımız hiddətlənir sən etdiyin bu fitnədən,
Yandırar axır sizi bu odlu tufan, əl çəkin!
Tazə dünya qurmağa bizdə var imkan, əl çəkin!
Məmmədbağır Niknam
1922-ci ildə Təbrizdə dəmirçi ailəsində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmış və kibrit fabrikində işləməklə həyatını təmin etmişdir. Şəxsi təhsil vasitəsilə savadlanıb. İran ordusuna əsgər çağırıldığı zaman qışlada zabitlərin oğurluq və cinayətlərini şeirlə tənqid etdiyi üçün dəfələrlə döyülüb, həbs edilmişdir. Rza şah taxtdan düşdükdən sonra ictimai işlərdə, xüsusilə, həmkarlar təşkilatlarında fəaliyyət göstərmiş və Azərbaycanda Milli Hökumət quruluşunda əldə silah iştirak etmişdir.
Niknam 1946-cı ilin dekabrında Tehran cəlladları tərəfindən vəhşicəsinə öldürülmüşdür.
Al günəş
Nə gözəl al günəş doğdu təbiət,
Məhv olub, büsbütün dağıldı zülmət.
Xalqımız göstərib böyük şəhamət,
Qurub ölkəmizdə milli hökumət.
İnsanlar zülmdən tapıbdır nicat,
Azaddır yaşamaq, azaddır həyat.
Yar olub həmişə həqiqət bizə,
Odur ki, yol tapıb səadət bizə.
Zalımdan alalı amansız qisas,
Məzlumlar olublar qüssədən xilas.
Üzləri saralan, solan yetimlər,
Gözləri yaş ilə dolan yetimlər
Könüldə xüraman yaşayacaqlar,
Bir böyük vəzifə daşıyacaqlar.
Bir də olmayacaq xətər dünyada,
Azad yaşayacaq bəşər dünyada.
Vətənim nə qədər olub bəxtiyar,
Görünür gözümə təzə bir bahar.
Baş verib lalələr, qızıl qönçələr,
Baxdıqca şad olar könül, dincələr.
Gələcək nəslimiz, körpə uşaqlar
Göz açıb görəcək azaddır diyar.
Mərhəba, dünyada bu xoş niyyətə!
Döndərib mənim də kədərim, qəmim,
Azadlıq olacaq yarü həmdəmim.
Yaşasın qəhrəman Azər övladi!
Tarixdə şöhrəti, adı var, adı.
Azəroğlu
Balaş Azəroğlu milli azadlıq hərəkatının yetirdiyi qüdrətli və istedadlı şairdir. O 1921-ci ildə anadan olmuşdur. İlk şeirlərini faşizm əleyhinə yazmış və Cənubi Azərbaycanda inqilabi şeirləri ilə məşhur olmuşdur.
O qürub etdi…
Xalqımızın alovlu inqilabçı, mübariz oğlu Firidun İbrahimiyə ithaf
Bahar gecəsidir… Havalar sərin,
Yenə də intizar yumub gözlərin.
Yatır dərdli Təbriz, yaralı Təbriz,
Yatır yurdumuzun maralı Təbriz.
Ölüm yuxusuna getmişdir şəhər,
Yatır lal küçələr, dilsiz küçələr.
Nə bir quş səslənir, nə dinir insan,
Həyat zəncirlənmiş dodaqlarından…
Sönür göy üzünün kiçik şamları,
Sürüyüb ardınca bu axşamları,
Zaman addımlayır durmadan bir an,
Ay dağlar dalına keçmişdi çoxdan.
İndi narın-narın əsən bir nəsim
Gətirir şəhərə sübhün müjdəsin.
Dilsiz gecələri hər təhlükədən
Güdüb qorumaqçün keşiyin çəkən…
Odur, ilk axşamdan yatmış pasiban
Sübhün nəfəsilə qalxır yuxudan.
Fənər işığına çəkilib bir-bir
Diqqətlə var-yoxun gözdən keçirir.
Demək, o, qurtarmış vəzifəsini,
Taxıb tüfənginə sərnizəsini,
Tələsik-tələsik addımlayaraq,
Qaranlıq içində əriyib gedir.
İlk dəfə sükutu o pozur ancaq,
Qanundan çıxana o, cəza edir…
(Bu hal az olmamış dünyada təkrar:
Pozsun qanunları qanun qoyanlar).
Sonra darğaların gəlir fit səsi,
Uzaqdan göylərə hürən it səsi.
Az keçmir müəzzin çəkir “əssəlat!”
Bax, belə başlanır Təbrizdə həyat…
Bu gecə bilmirəm, zindanda nə var:
Təlaş içindədir yenə ajanlar.
Kimsə yatmamışdır axşamdan bəri,
Sayıb intizarla dəqiqələri
Vaxtın çatmasını gözləyir hamı,
Zindan az görməmiş belə axşamı…
Budur, gecə yarı gözlənilmədən
Otağın qapısı açılır birdən.
Qalxır cavan məhbus, qəlbində həycan,
Gecə sübhə yaxın… Tüfəngli dəjban
Nizami əfsəri, dövrə ajanlar…
Demək, verilmişdir artıq son qərar!..
Nə etmək! Düşünür…
– Buyurun, ağa! –
Söyləyən əfsəri başdan ayağa
O süzür… Təzədən:
– Gəlin sabah siz,
Nə qədər istəsəz, düşünərsiniz…
Fəqət, bir kəlmə də demədən cavan
Ağır addımlarla çıxır otaqdan…
Yenicə ağarır üfüqlərdə dan,
Odur gördüyünüz o cavan oğlan
Durmuş dar ağacı önündə artıq.
(Bəzən də işığı boğur qaranlıq…)
Fəqət o, təmkinli, o, indi məğrur
Ölüm saatını gözləyib durur…
– Yəqin vəsiyyətiz, bir sözünüz var?
Daha çəkinməyin, deyin, yazsınlar.
Əgər olmasaydı kibrik, inadın,
Bəlkə də, bəlkə də bağışlanardın.
Taqsır özündədir…
– Unutma, sərkar,
Acizdir dünyada bağışlananlar!
Yazın! Bu ellərin oğluyam mən də,
Ömrüm yad əllərdə düşdü kəməndə!
Mən bahar qurmağa çalışdım, fəqət,
Pozdu növrağımı vaxtsız fəlakət…
Yazın ki, bu ölüm iftixarımdır!
Bu mənim əhdimdir, etibarımdır!
Ölürəm üzüm ağ, vicdanım təmiz,
Şərəfli ölümlə fəxr edirik biz.
Ölənlər torpağa düşür, mən yenə
Qalxıram bir ömrün ülviyyətinə!
Çün yüksək olmuşam sizlərdən hər an,
Yüksəkdir məsləkim məramınızdan.
İndi də ucaldır öz əlim məni,
İradəm, imanım, əməlim məni!
Yazın!.. Yox… əliniz gəlməyir sizin,
Onsuz da qəlbinə ana Təbrizin
Yazılır bir gəncin son vəsiyyəti;
sizin etdiyiniz hər cinayəti
Yazır üfüqlərə qanlı şərəflər,
Yazır doğan günəş, açılan səhər,
Budağından qopan hər yarpaq yazır,
Siz yazmırsınızsa, bu torpaq yazır…
Artıq işıqlanmış, göyün rəngi qan,
Günəşin ilk düşən şüalarından
Qızarır lalətək ruhsuz bir bədən,
Saralmış bir çöhrə, bəyaz bir kəfən…
Bu gün yuxusundan erkən duranlar
Görürlər Təbrizdə iki günəş var:
biri qürub edib köçür dünyadan,
Yerinə başqasın qaldırıb zaman.
İndi el bu sirri düşünüb bilir:
Təbrizin günəşi sönməyəcəkdir!
Aşıq Hüseyn Cavan
1905-ci ildə Cənubi Azərbaycanın Qaradağ mahalının Gərməduz kəndində doğulmuşdur. Əvvəlcə atası ilə kənd təsərrüfat işlərində çalışmış, sonralar məlahətli səsi, xoş təbi və aşıqlıq istedadına malik olduğu aydınlaşınca, uzun müddət Şimali və Cənubi Azərbaycanda xalq arasında aşıqlıq etmişdir. 1945-ci ildə Cənubi Azərbaycanda Milli demokratik hökumət qurulduğu zaman Aşıq Hüseyn bu hərəkatın müğənnisi olub, söz və sazı ilə azadlığı tərənnüm etmiş və Milli Hökumət tərəfindən xalq artisti adı almışdır. Aşıq Hüseyn Tehran hakimləri tərəfindən təqib edildiyi üçün yurdunu tərk etmişdir.
Fədailər
Bir soraq gətirdi könül tərlanı,
Təbrizin dövrəsin aldı fədai!
Sel kimi kəndlilər kəsib hər yanı,
Şir kimi meydana gəldi fədai.
Verdilər canların yelə, sazağa,
Batdılar səngərdə toza, torpağa,
Saraldı yağılar, döndü yarpağa,
Düşmənin bağrını dəldi fədai.
Hirslənib aslanlar girdi meydana,
Yağının bağrını döndərdi qana,
Qurdu muxtariyyət mərd-mərdana,
Zalımı taxtından saldı fədai.
Qoç kimi, kəndlərdən gələn cavanlar,
Qorxmaz ölümündən heç qəhrəmanlar.
Koroğlutək nərə çəkən oğlanlar
Coşdu, meydanlara doldu fədai.
Çəkildi dümanlar, göründü dağlar,
Bəzəndi bağçalar, bəzəndi bağlar,
Güldü elimizə bu gözəl çağlar,
Öz milli haqqını bildi fədai.
Şad oldu vətənin oğul, qızları,
Soldu xainlərin qara üzləri,
Açıldı millətin bağlı gözləri,
Tarixdə yadigar qaldı fədai.
Gördüm cəlladların gəlmir nəfəsi,
Coşqun ürəklərin artdı həvəsi,
Səsləndi aşıqlar, ucaldı səsi,
Şövq ilə sazların çaldı, fədai!
Əli Tudə
Əsli Ərdəbil mahalındandır. 1924-cü ildə doğulmuşdur. İlk əsərlərini 1941-ci ildə Sovet Ordusu İrana gəldikdən sonra yazmışdır. İnqilabi hərəkatın gənc mübarizlərindəndir.
Sənin gözlədiyin gün gələcəkdir
Sən, ey Səttarxanın ana torpağı!
Danış dərdlərini, aç, danış mənə.
Könlüm dolansa da bütün oylağı,
Sənin taleyinə bağlanır yenə…
Həsrətlə baxıram… indi bu yerdə
Daha görünməyir dostlar, tanışlar.
Qanlı meydanlarda, dar küçələrdə
Nə isə axtarır qəmli baxışlar…
Odur zindanlarda minlərcə insan
Dilində azadlıq, qolunda zəncir,
Uzun gecələrdə yatmayıb bir an,
Hey kömək gözləyir, kömək gözləyir…
İndi Vaşinqtonun qoca dəllalı
Təbriz bazarında nə alır?
– Vicdan!
Şah satır namusu, arı, iqbalı,
Öz əlilə verir dollara qurban.
Dahilər böyüdən bu qocaman yurd,
Gör indi kimlərin seyrangahıdır?!
Səhərlər üfüqdə toplanan bulud
Min yazıq ananın könül ahıdır.
Bu ah əridəcək böyük bir dağı,
Bu ah daş zindanı titrədəcəkdir.
Ey vətən torpağı, vətən torpağı!
Sənin gözlədiyin gün gələcəkdir!
Ellər ordu çəkib hey qatar-qatar
Döyüşə çağırır hər zaman məni.
Odlu ürəyimdə bir muradım var,
Odur bu həyatda yaşadan məni.
O nədir? Ey vətən, sənin bayramın,
Sənin son nicatın, son qurtuluşun,
Qoy şeirin, sənətin, təbin, ilhamın
Səsini eşitsin qəsbkar qoşun.
Mənim bu arzuma bir xəyal kimi
Şahənhaş gülərsə, qoy gülsün, nə qəm?!
Mən öz istəyimi istiqbal kimi
Həyat yollarında gözləyəcəyəm…
Saçlarım ağarsa təzə qar kimi,
Bu, nöqsan deyildir, hökmi-zamandır…
Fəqət, bu dünyadan intizar kimi,
Ürəyi nisgilli getmək yamandır.
Bilirəm mən bunu, bilirəm, yəqin,
Sabah gurlayanda haqqın nəğməsi
Bu qartal baxışlı fədailərin
Şanlı cəbhələrdən gələcək səsi…
O vaxt dağılacaq şahın növrağı,
Tacı da, vaxtı da əziləcəkdir…
Ey vətən torpağı, vətən torpağı!
Sənin gözlədiyin gün gələcəkdir!
Ayağa qalxaraq beş milyonluq el
Silah götürəndə bir nəfər kimi,
Alagöz qızların geyinib şinel
Sənə and içəcək bir əsgər kimi.
Dumanlı Təbrizin qəhrəmanları
Düşmənin köksündən keçdikcə bir-bir
Qorxulu Tehranın şah salonları
Təpiklər altında titrəyəcəkdir…
Qaçqınlar, sürgünlər, qullar, əsirlər
Bunu duyacaq ki, bir qurtuluş var.
O ağır qandallar, paslı zəncirlər
Ovuclar içində ovulacaqlar.
Zindanda çürüyən qan qardaşımız
Ömürlük çıxacaq Qəsri-Qacardan.
Min pənahsız qadın, min günahsız qız
İntiqam alacaq bir hökmdardan.
O zaman hər oba, hər el, hər oymaq
Sənin ədalətli hökmünü dinlər.
Sonsuz qəzəbindən qurtarmayacaq
Sənin cəlalını talan edənlər.
Yenə Səttarxanın zəfər bayrağı
Başımız üstündə yüksələcəkdir.
Ey vətən torpağı, vətən torpağı!
Sənin gözlədiyin gün gələcəkdir!
O bayraq qürurla dalğalandıqca
Milyonlar baxacaq hüsnünə bir-bir.
Ömrünü zillətlə keçirmiş qoca
Kəsib qarşımızı söyləyəcəkdir:
– Dostlar! Bu bayrağı ucadan asın,
Zaman dəyişdikcə köhnə mühiti.
Obalar, oymaqlar, qoy alqışlasın
Hər igid əsgəri, mərd mücahidi.
Hər şah bir qanun da gətirdi bizə,
Haqqın o qanunla boğuldu səsi.
Daha görünməsin gözlərimizə
Şahın, şahzadənin mücəssəməsi.
Analar eşidib ajan sözünü,
Gecə öz evində etməsin təlaş.
Lüğətdən pozunuz “hicran” sözünü,
Həsrətdə qalmasın bacıya qardaş. –
Bunu görəcəkdir bu el, bu oymaq,
Tarix yazacaqdır ötən anları…
Bəxtiyar nəslimiz unutmayacaq
Səadət uğrunda axan qanları.
Min çiçək dəstəsi, min gül yarpağı
Şəhidlər qəbrinə səpiləcəkdir.
Ey vətən torpağı, vətən torpağı!
Sənin gözlədiyin gün gələcəkdir!
Hökümə Billuri
Hökümə xanım İbrahim qızı Billuri 1927-ci ildə Zəncanda doğulmuşdur. İlk şeirlərini orta məktəbdə oxuduğu zaman yazmışdır. Milli azadlıq hərəkatında bir fədai kimi iştirak etmişdir.
Xatirə
Tarixi yenidən varaqlayaraq
Yaxın keçmişimi duydum dərindən.
Yenə hiss elədim qəlbimdə vüqar,
O keçmiş günləri düşündükcə mən.
Üç il bundan əvvəl xatırımdadır,
Ölkəm al geyinib yüksəlirdi, bax!
Ellər “bayram”, deyib şadlıq edərkən,
Komamda əyləşib, qarşımda çıraq…
Səadət nəğməsi qoşurdum mən də
Öz ana dilimdə fədailərə.
Görüb qüdrətini ana vətənin
Umud bəsləyirdim doğan səhərə.
Azər oğulları, azər qızları
Birlik qazandılar vuruşmalarda.
Nurlu tellərini yaydıqca günəş
Nura qərq olurdu bizim diyar da.
Zülmət bir kölgətək uçub gedərək,
Özüylə apardı şərri, fəsadı.
Rüşvətin, terrorun və quldurluğun
Silinib, bilmərrə qalmadı adı.
Analar körpəsin oxşayan zaman
Onu öz dilində tərənnüm etdi.
Sevib, əzizləyib basdı bağrına,
Qəlbindən ellərin kədəri getdi.
Yaxşı yadımdadır: qoca atamı
Başqa bir qocanın təbrik etməsi.
– Əbədi bir həyat duyuram! – dedi, –
Hər an eşidərkən zəfər nəğməsi.
Haman səadəti, haman ağ günü,
A dostlar, yaradaq yenə vətəndə.
Açaq xalqımızın bağlı dilini,
O günə söz qoşum şeirimlə mən də.
O şərəfli keçmiş bir həqiqətdir,
Bu gün bizlər üçün olub xatirat.
O günkü səadət qayıtsın gərək,
Yenidən qurulsun şərəfli həyat.
O günə inanıb yaşayıram mən,
Çün ölməz arizu, dəyişməz məram.
Bilirəm, qəhrəman xalqımız yenə
Şən həyat uğrunda edəcək qiyam.
Səməd Afiyət
1921-ci ildə doğulmuşdur. İlk şeirlərini inqilabi hərəkata həsr etmişdir.
Gəncliyin səsi
Könlümün telinə toxunsa mizrab
Nə mələkdən deyər, nə də ki, yardan.
Min dastan bağlayar, yazar min kitab
Bizim gənclikdəki gücdən, vüqardan.
Gəncliyin qüvvəti biləklərdədir,
Almasdan saf olur, qılıncdan iti.
Kökü dərindədir, ürəklərdədir,
Silinməz şöhrəti, sönməz qüdrəti.
Firidun – yurdumun qəhrəman oğlu
Düşmənin gözünə ox oldu batdı.
Xalqımın sevimli, mehriban oğlu
Gəncliyin başını ərşə ucaltdı.
Əzəldən zəfərə bağladı ürək,
Dolların hökmünə o əyilmədi…
Altında durduğu üç çarpaz dirək
Onun gur səsini boğa bilmədi.
Donmadı təbəssüm dodaqlarında
Ölüm ilgəyinə keçəndə başı.
Bəlkə də səsləndi qulaqlarında
Gələcək günlərin qələbə marşı.
İgid fədaiyə qara irtica
Neft səpib od vurdu, əylənsin bir az…
O, enməz başını saxladı uca:
Duysunlar, gəncliyi sındırmaq olmaz.
Onun alovları keçdi vulkanı,
Titrədi Mərənddən Nyu-Yorka kimi…
Yerindən oynadı zülmün ərkanı,
London, Paris, Madrid, de Qasper Rimi…
Soyuq məzarı da oldu bir məşəl,
Günəş batan vaxtlar o təkcə yandı…
Dağıldı hər yana şüası tel-tel,
Qızardı üfüqlər, nura boyandı.
Mübariz cavanı kəsəndə qurban
Murdar qədəmlərə daşqəlbli cəllad,
O dedi: – Ucadan eşitsin cahan,
Kəsəmməz nəslimi qəzəbli cəllad!
Tökülən qanımın hər qətrəsindən
Bir igid fədai yetirər torpaq.
Mənim qisasımı alanda vətən
Bu al köynəyimi edəcək bayraq.
Yurduma boz duman çökəndən bəri
Dolanır üstündə ölüm kölgəsi…
Pozur gülşənimi düşmən əlləri,
Çapılır, talanır Babək ölkəsi. –
“Azadlıq” deyənə tuturlar divan,
Qaranlıq zindanlar dolur, boşalır.
Zülmün pəncəsinin altında insan
Mərdliklə aləmi heyrətə salır…
Yenə də Təbrizdə hökm edir Tehran,
Oxunur üzlərə şahın fərmanı.
Bu vaxt güllələnən bir dəstə cavan
Tərənnüm eyləyir xoşbəxt dövranı.
Dəmir cərgələrtək olur bir divar,
Milli sürud səsi düşür meydana.
Düşmənin üzünə deyirlər onlar:
– Biz qurban oluruq Azərbaycana.
Ömründən az qalır sənin də ancaq,
Buludlar dağılır, doğacaq günəş.
Bizim bu göylər də parıldayacaq,
Qatı qaranlığı boğacaq günəş…
Adımız qalacaq keçdikcə zaman,
Döndükcə gülşənə müqəddəs vətən,
Şairlər yazacaq min dürlü dastan
Gəncliyin eşqindən, iradəsindən.
Mədinə Gülgün
1926-cı ildə doğulmuşdur. Cənubi Azərbaycanda başlanmış milli azadlıq hərəkatının fəal iştirakçısı olmuş və 1945-ci il dekabr üsyanında silahlı fədailər dəstəsində olmuşdur.
Sənindir
Ey vətən, ey mənim qəlbimə hakim,
Həyatım, varlığım inan, sənindir.
Məndən kim ayırar səni, söylə, kim?
Əzəldən demişəm: bu can sənindir.
Sənsiz nə gül açar, nə bülbül ötər,
Nə bahar müjdəsi gətirər səhər.
Səninlə üzümə gülümsər zəfər,
Vermişəm qəlbimi, hər an sənindir.
Sənsən ürəyimə min qüvvət verən,
Bəzən qəmləndirən, bəzən güldürən,
Sənin, fəqət, sənin vurğununam mən,
Bu könül, iradə, vicdan sənindir.
Mən sənin adını eşitdim əzəl,
Tay olmaz hüsnünə hələ bir gözəl,
Mən bir pərvanəyəm, sənsə bir məşəl,
Alsa da qəlbimi duman, sənindir.
Bir gün əlimizi atıb silaha
Yenə son qoyaraq fəryada, aha,
Zalımın dövranı qurtarmış daha,
İndi fürsət sənin, zaman sənindir.
Duyuram, həyatın acıdır, acı,
Fəqət, zalımlardan umma əlacı.
Düşər ayağına şahların tacı,
Bilərlər söz sənin, divan sənindir.
Bir səhər günəşdən nur alar üzün,
Dəyişər donunu bu çölün, düzün.
Açarsan əlinlə qəlbimi özün,
Görərsən hər an var nəhan, sənindir.
Açıb pəncərəmi hər səhər erkən
Nəğmə bəstələrəm sənə, ey vətən!
Öpərəm sinəndən dönə-dönə mən,
Deyərəm: – Gül, vətən, dövran sənindir!
Cəfərpur
İsmayıl Qəhrəman oğlu Cəfərpur 1925-ci il mart ayında Səlmas mahalının Sədəqiyan kəndində doğulmuşdur. Cənubi Azərbaycanda milli demokratik hərəkatda iştirak etmişdir.
Qaranlıq gecə
Nə qaranlıq gecədir, qorxuludur,
Yol tapıb könlümə sonsuz vəhşət.
Hər tərəf fitnə və şərlə doludur,
Artır hərdən bu baxışdan möhnət.
Qara zindana dönübdür Təbriz,
Geyinib əyninə matəm donunu.
Qəm, kədər kasəsi olmuş ləbriz,
Təyy edir get-gedə böhran yolunu.
Eşidilmir o şirin nəğmələri,
Səs salır hər tərəfə bayquşlar,
Saralıb güllərinin qönçələri,
Sanki gülzarı susuz qoymuşlar.
Köhnə qəbristana dönmüş bu şəhər,
Nədən olmuş bu gözəl şəhr xarab?
Hanı keçmişdə olan mənzərələr?
“Kimsə yoxdur, – ürəyim verdi cavab:
– Sakit ol, qalx ayağa, şəhri dolan,
Anlayarsan niyə viranə qalıb.
Duyacaqsan bunun israrından,
Kim bu gülzarı bu əhvala salıb”.
Qalxıram mən o qaranlıq gecədə,
Gəzirəm hər tərəfi sərgərdan.
Halə, qəm hiss olunur hər yerdə,
Talanıb evlər, olubdur viran.
Bir yıxıq daxmaya düşmüş güzərim,
Yüksəlir göylərə bir nalə səsi.
Parçalanmış bu güzərdən ciyərim,
Daxmadır, ya ki müsibət qəfəsi!?
Daxil oldum qapısız daxmaya mən,
Qanlı bir mənzərə gördüm orada.
Bir qadındır, məni gördükdə həmən
Səslənib:
– Get, nə gəzirsən burada?
Get, ajan, get! Yenə gəldin buraya?
Cümlə əmvalımı etdiz tarac.
Elimi, yurdumu satdız dollara,
Bizi qullar kimi etdiz hərrac.
Öldürübsüz ərimi, qardaşımı,
Bir mənəm, üç yetimim, bir daxma.
Sanmayın sadə mənim göz yaşımı,
Sizə nifrət edirəm: get, baxma!..
– Mən ajan yox, bacıcan, partizanam,
Gülmərəm, gülməsə bu qəmli çəmən.
Dərdinə, bil ki, ürəkdən yananam,
Geymişəm ölkəmin uğrunda kəfən.
Silgilən göz yaşını, ağlama çox,
Göz yaşı dərdinə etməz çarə.
Bizlərə icz yaraşmaz, yox, yox!
Azəri qızları etməz nalə.
Bu yaxınlıqda olar bir tüğyan,
Təməlindən yıxılar fitnə, fəsad.
Qoparar od kimi ellər üsyan,
Qurular ədl ilə bir tazə busat.
Bir günəş aləmi nurun saçacaq,
Qurtararsan bu ağır möhnətdən.
Nə ajanlar, nə bu dövlət qalacaq,
Vətənim qurtulacaq zülmətdən.
Mənbə “Ədəbiyyat qəzeti”
Yazıya 12 dəfə baxılıb









