Elnarə Ələsgər – Yarım Simitlik gün (hekayə)

Bu gün qonağım Mery idi.

Yarım saatlığına Günəşin istisini birlikdə bölüşdük. Hətta dükandan aldığım iki simitdən birini də. Dadlı idi – şirin və təzə. Mery  də bəyənmişdi, o qədər bəyənmişdi ki, az qala əlimdəki son tikəni də yesin. Deyəsən, uzun zamandır o  da heç nə yemirdi. Bir çox insan kimi…

Yedikcə razılıq əlaməti olaraq mənə toxunurdu. Xoşuna gələn təkcə simit deyildi, deyəsən. Məni də sevməyə başlamışdı. İkimiz də bir qədər doyduqdan sonra günəşi izlədik. Səmanı, ətrafı, düşünən fikirləri, yeriyən beyinləri…

Sanki bir qarışıqlıq vardı – hisslər. Çaşdırırdı düşüncələrimi. Mery də çaşbaş qalmışdı. Bilmirdi, sevinsin ya yox. Sevinirdi, çünki bir az da olsa qarnı doymuşdu. Amma bu müvəqqəti idi.  Bir azdan aclıq onu yenə  bir çox insanın qapısına möhtac edəcəkdi.

Bəli, möhtac olacaqdı insanlara. İnsanlar kimi…

Ancaq o bilmirdi ki, insanlara bir parça çörək verən çətin tapılır. Versələr də bu qarşılıqsız olmur, adətən. Düşünən canlıların onlardan fərqi də elə budur. Möhtaclıq insana çox şeylər etdirir.

Bunları Mery bilsə, məni anlasa, nəsə dəyişərdimi? Bəzən elə bil başa düşürdü məni. Bəlkə də sadəcə elə göstərirdi.  İnsanlar kimi. İnsanlar da səni anladıqlarını çox vaxt başlarını yelləyərək sübut etməyə çalışırlar. Amma nəyi?

Qəribədir, düşüncələrim məndən qabaq yeriyirdi. Deyəsən, dəli oluram…

Mery təəccüblə, yumşaq baxışlarıyla baxırdı mənə. Hələ ki, onunla hər şey qaydasındadır. Yola gedirik. Əslini axşama yaxın biləcəm, o da vaxtım olsa.

Niyə axşam? Çünki aclıq onu birazdan məndən başqasına aparacaq. Bəli, kaş əlimdən bir şeylər gəlsə. Başqa qapını döyəcək, mıyıldayacaq, bir parça çörəkdən ötrü dəridən qabıqdan çıxacaq. İnsanlar kimi…

Yenə tapacaq çörək, amma kimsə ona səsindən bezdiyi üçün, kimsə öz savabı üçün, kimsə də göstərməlik üçün çörək verəcək. İnsanlar kimi o da müvəqqəti doyacaq. Sabaha isə Allah kərimdir. İnsanlar da elə doyur. Bəzilərinin qarınları, bəzilərinin gözləri. Doymayan tək şey nəfsləridir. Onu doyurmaq çətin…

Günəş yerini soyuğa verməyə hazırlaşır. O da bu günlük bizi isitməkdən doyana oxşayır. İkimizi də yuxu basır yavaşdan. Mən də acmağa başladım.

Yavaşdan tərpənim. İkimizin də gediləcək yerləri, görüləcək işləri var.

Bəli, belə Mary… Bu günü bölüşdüyümüz üçün təşəkkür edirəm. Günəş, sən və simit – sizləri sevirəm. Bir gün də  ömründən belə getdi. Deyəsən, gedən ömür tək səndən getmir, məndən də gedir.

Yazıya 49 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.