Var-dövləti yerə-göyə sığmayan müdrik və ağıllı bir hökmdarın iki əkiz oğlu böyüyürdü. Hələ ad qoymamışdı onlara.” Adı əməllərinizə görə özünüz qazanacaqsınız. -demişdi hökmdar. – Beş il vaxt verirəm, gedin insanların arasına, onlarla qaynayıb-qarışın. Ürəyinizdən nə keçirsə, necə düşünmək, nə etmək lazımdırsa, onu da edin. Ancaq bilin ki, gözüm həmişə üstünüzdə olacaq. Ancaq həqiqət, düz danışmaq sizin silahınız, əməliniz olacaq. Yalana aramızda yer yoxdur. Unutmayın ki, yalanla bir yolu bir dəfə getmək olar, qayıtmaqsa olmaz! Beş ildən sonra qayıdıb gələndə hər şeyi gözünüzdən oxuyacaq, keçdiyiniz o ellərdə buraxdığınız izləri, əməlləri oranın müdrikləri, ağsaqqalları, ağbirçəklərindən soracam. İndi gedə bilərsiniz! Yolunuz həmişə açıq, ürəyiniz Sizi uzaqlara, xoş əməllərə sarı aparacaq işıqlı, təmiz arzularla dolu olsun! Bilin ki, övlad həmişə ataya baş ucalığı gətirəndə atanın da ömrü uzanır. Atanın xeyir-duası övlad üçün hər an uğur gətirir…”
İki qardaş, beləcə sağollaşıb yola çıxdı. Adları hələ bilinməyən qardaşlardan biri Gündoğana, o biri isə Günbatana tərəf yola düşdü. Düz beş ildən sonra, bax, elə bu yerdə görüşüb, atamızın hüzuruna çıxarıq!-düşündülər. – Bəs hədiyyəmiz nə olacaq?! Hər iki qardaş susdu. Sanki sirlərini biri-birilərinə vermək istəmədilər. Ataları önündə seçilmək, fərqlənmək üçün ürəyindəkiləri ürəklərində saxladılar. Şirin-şəkər nağılların yüyrək dili kimi, az getdilər, üz getdilər, dərə -təpə, düz getdilər, elləri-ellərə, ölkələri-ölkələrə caladılar. Gah soyuğa-sazağa düşdülər, gah oda-közə atılıb qorda bişdilər.
Günlər keçir, aylar dolanır, illər bir-birini qovurdu. Qardaşlar getdikləri yerlərdə iqlimdən-iqlimə adlayır, adamların içində dolaşır, dərdlərini dinləyir, sevinclərini bölüşürdülər. Biri dərdlinin qolundan yapışır, göz yaşlarını silir, qaranlıq otağına işıq, darısqal, uçuq-sökük evinə rahatlıq gətirirdi. Boş təknəsini çörəklə doldurur, həyatına ruzi, bərəkət gətirirdi. Soyuqda dillənən evlərə istilik, nimdaş geyimlilərə geyimini verirdi. Onların ağlamaqdan, kədərdən, sıxıntıdan sovulmuş gözlərindəki işıqdan minnətdarlıq töküləndə ürəyi dağa dönürdü. Ümid həyatdır, yaşamaq-yaratmaq eşqidir insanın. Onu ki, insana qaytardın onda insan dağ ürəkli olur. Qurumuş çaylara su gətirir, bulaqların gözünü açıb irmaqlandırır. Uca dağların döşündən süzülüb tökülən göz yaşı kimi dup-duru sular gen dərələrin qucağını doldurur. Sellər, sular çağlayır. Minillikləri yorub yola verən dağlar, göz işlədikcə uzanıb gedən düzlər çiçək-çiçək ürəyini insanlara açır. Çobanlar sürülərini allı-güllü yaylaqlara haylayır.Tütəkdə çaldıqları “Çoban bayatısı”nın həzinliyində səhərin yuxusunu dağıdır. Günəş qızılı telləri ilə gecədən şeh qonmuş çiçəklərin yanağından öpüb mirvari kimi muncuq-muncuq boynundan asır. Gündoğana gələn oğul sanki günəş kimi doğmuşdu insanların üzünə. İnsanlar axın-axın çöllərə çıxmışdı, torpaqla danışırdı, torpaq kitabının yazılmamış səhifələrinə uğur dastanı yazırdı. Məktəblərdə səs-səsə verib körpə fidanlar boy atır, elmin, sənətin işığı müharibə, qan-qada nə olduğunu bilmədən insanları ədalət dolu bir aləmə aparırdı. Ağıllı, müdrik hökmdarın bu oğlu onları gördükcə sevincindən özünə yer tapmır, insanları sevib əzizləyir, hər günü bir xeyirlə açıb onların sabahına, taleyinə müjdə kimi calayırdı. Yaratdıqları hələ bəs etmirdi ona, yorulmadan çalışır, əlləşirdi. İnsanlar əl açıb yaradana dua edir, verdikləri nemətə, gözəlliklərə görə sonsuz dərəcədə minnətdarlıq bildirirdilər. Kürsü davası getmir, başçılar nəyisə daldalayıb oğurlamır, övladlarına halallıq öyrədirdilər. Qanun şahlıq taxtında oturub mürgüləyirdi. Hansısa murdarlıq, qanun pozuntusu yox idi, axı! Başçılar da başqaları kimi çörək yeyir, sadə geyinib, qoruqçusuz adamlar arasında gəzirdi. Heç kimdənsə gizli kənarda arvad da saxlamır, əyyaşlıq da etmirdilər. Rüşvət, bəxşiş də silinmişdi lüğətlərdən! Yerlibazlıq, qohumbazlıq nə olduğunu kimsə bilmirdi. Hamı başını ağağı salıb, insanlığını yaşayır, Allahın verdiyi qırıq bir ömrü yaxşılıq içində başa vurması ilə tanınırdı. İnsanların ömrü uzanır, qəbirəstanlıqlar da “qonaqları” üçün darıxırdı. Din adamlarının dilində təkcə bir “Allah” kəlməsi bitmişdi. Daha dini nağıllar, əfsanələr də uydurulmurdu. Şəhidlər, qazilər də gəlmirdi evlərə! Analar beşik başında övladlarını oxşayır, laylalar gümüşü Ay işığına bürünüb gecəli-gündüzlü pəncərələrdən otaqlara axırdı… Bunları ağıllı, müdrik hökmdarın oğlu düşünüb yaratmışdı. Bir kərə də olsun heç kiməsə hökmdar oğlu olduğunu deməmişdi. Çox sadə idi, sadə olduğu qədər də ləyaqətinə bürünüb öz insan ömrünü yaşayırdı.
Günbatana gedən oğul özünü heç əziyyətə salmamışdı. Özü kimi adamları başına yığıb öz aləmini yaratmışdı. Gün-günorta yerindən durub, tənbəl-tənbəl gərnəşirdi. Heç üzünə su vurub, günəşi də saymadan süfrə başına qaçırdı. İşə gedənin, zəhmət təri tökənin haqqına əlini uzadırdı. Düşünmürdü, bu kiminsə payı, haqqıdır axı?! Yaxşısını, yağlısını yeyib, yavanını, boşunu özündən uzağa itələyirdi. Darıxıb usananda it boğuşdurur, cavanları başına yığıb min-min natəmiz hoqqalardan çıxırdı. Qadınlara, qızlara söz atdırır, şər-şəbədə qoşdururdu. Gecələr cavanları maskalandırıb yol kəsdirir, evləri soydururdu. Uşaqları dilənçiliyə öyrədib yollarda otuzdururdu. Hər yığılan qəpiyin də oyan-bu yana daldalanmasına yol vermirdi. Küçəbə-küçə, şəhərbə-şəhər gəzib daldalandığı qoçu dəstəsi ilə qorxu yaradır, ala-bəzək şəkilləri ilə qəzetlərdə, jurnallarda özünə tərif deditdirirdi. Cib müxalifəti yaradır, rüşvətlə hərəsinə bir partiya adı qondarırdı. Nə bilim, sarımsaq, sirkə, soğan partiyası. Hər şeyi saxtalaşdırır, insanları insanlıqdan çıxarıb manqurtlaşdırırdı. Sözə baxmayanları ayaqlarından asdırıb, gözlərinə qan çilənənə qədər, qusub qələt etdiyini deməyənə qədər göydə saxlayırdı. İstədiyini qabağa çəkir, millət vəkili edirdi. Tərifin dəyəri ucuzlaşır, lap şoru çıxır, bulanıq su kimi axırdı. Televizorlar yalan püskürür, analoqu olmayan inkişaf nağılları uydururdu. Dövlətlər sərhəd tanımır, qanun boş və mənasız kağız parçasına dönüb ayaqlar altına atılırdı. Çaylarda qan su yerinə axırdı. Gücü, qolu zor olan dövlətlər qanun adından danışırdı. İnsanların işıqlı, rahat evlərini dağıdıb çadır-çadır düzülmüş “şəhərciklərə” yığırdılar. Guya xeyirxahlıq edib iylənmiş, qoxlanmış, vaxtı çoxdan keçmiş humanitar yardım nağılları, əfsanələri uydururdular. Addımbaşı günahsız insanların haqqı tapdalanır, dəyəri bir qəpiyə belə dəymirdi. Şər, böhtan dünyanı cənginə alır, qaranlığa bürüyürdü. Hökmdarın günbatandakı oğlu hər gün boş bir şey fikirləşir, dünyanı qan çanağına döndərirdi. Onun ağılsız düşüncəsindən, yerə-göyə sığmayan ədalətsizliyindən təbiət də bezirdi. Vulkan-vulkan püskürür, zəlzələlər yeri-göyü oynadır, çaylar, dənizlər quruyurdu. Bol məhsullu tarlalar boş düzəngaha çevrilir, torpaqlar dəli küləklər ağzında sovrulur, insanlar tənbəlləşir, əl işdən soyuyur, ağılsız, düşüncəsiz insanlar başa keçirdi. Ölkələr talanır, insanlar axın-axın öz yerindən, yurdundan qovulurdu. Guya “Ərəb baharı”, “Misir baharı”, daha nə bilim hansı baharla dünyanı bəzəyəcək, gözəlləşdirəcəkdilər. Beləcə, ağılsızların, dünyaya kal gəlib kal gedənlərin əlində dağılır, dağılırdı dünya!..
Beş ilin tamamında hökmdarın oğulları onun hüzuruna qayıtdılar. Əməllərinə görə ad almalı idilər. Danışdılar, neylədiklərini, nə qazandıqlarını, yaşadıqları həyatdan nə öyrəndiklərini birər-birər ovuclarına qoydular. Ağsaqqallar, ağbirçəklər şahid olub gördüklərini açıqladılar. Allah böyük idi, göylərin əngin qatından hər şeyi görürdü. Nəyisə gizlətmək, yalan demək, nəyisə uydurb dəyişdirmək mümkün deyildi. Gündoğandan gələn oğul, bəs atasına hansı hədiyyəsini gətirmişdi? Heç vaxt kəsilməyən və əskilməyən ellərin alqışını. Bu atanı sevindirir, ürəyini dağa döndərirdi. Ata bilirdi ki, elini, yurdunu sevəni, el də sevib əzizləyir. El sevgisindən böyük və uca sevgi də ola bilərdimi?! Ata bu oğlunu bağrına basıb, üzündən, gözündən dönə-dönə öpdü. Bu mənzərə günbatandan gələn oğulun ürəyindən heç də olmadı. ”Axı o, neyləyib, hansı qiymətli hədiyyəni gətirib ki?! Yəqin atam səhv edir, mənim hədiyyəmi görəndə yanıldığını da başa düşəcək!..” -deyib özünə haqq qazandırmağa, təsəlli verməyə çalışdı. Ata əlini oğlunun çiyninə qoyub: “Sənə Halal adı verirəm, oğul”-dedi.-Çalış həmişə həyatda halallıq yolu tut, ondan böyük, ondan qüdrətli heç nə yoxdur! Halal olanları bəndə sevdiyi kimi, Uca Allah da sevir! Bir insanı Allah sevirsə, yüz pislik də gəlsə, ona bir zərrə də toxundura bilməz! Yolun uzaq, çətin olsa da, heç vaxt yolundan dönmə! İnamına söykən, əqidənlə, inamınla işığa sarı yeri. Ürəyi işıqla, xeyirxahlıqla dolu insanların taleyi də gözəl olar. Qoy həmişə gözəllik, səadət nəsibin olsun, oğlum mənim! Ədalət, insanlıq, azadlıq yoluna çiçək kimi səpilsin!..”
Günbatana gedən oğul çox özündən razı və ədalı şəkildə atasının qabağına yeridi. Təzim etməyi və onun əllərini öpməyi də unutmuşdu. Barmaqları ilə çırtma formasında işarə verib ucadan: “Gətirin! Gətirin!..”-dedi.-Bir qədər kənara çəkilib arxasıyla gələn adamları qabağa buraxdı. Onlar iki iri sandığı yerə qyub qapağını açdılar. İçərisi qızıl, ziynətlə dolu idi sandıqların. Oğul belə düşünürdü ki, atası şaşıracaq və onu da qardaşı kimi bağrına basacaqdı. Ancaq təəssüf ki, elə olmadı. Atası belə şeyləri çox görmüşdü. İl xoş gələndə xəzinəsinin aşıb-daşdığı vaxtlar da çox olmuşdu. Əliaçıqlıq göstərib yetim-yesirə, kasıb-kusuba payladığı vaxtlar da az olmamışdı. Həmişə də düşünmüşdü ki, dünya malı müvəqqəti bir şeydir, gələr də, gedər də. Ona aldanmaq ağılsızlıq, əbəsdir. O şey ki, bu etibarsız dünyada səni aldadır , özünlə o axirət dünyasına aparmaq mənasız sayılır, onda onu yığıb əzizləməyə dəyərmi? Axı neynirəm o qızıl teşti ki, bir gün içində qan qusam. Bax, bu sandıqlardakı sərvət sanki qızıl ilan kimi qıvrılmışdi, ya qorxunc əjdaha kimi ağzından od püskürüb indicə aləmi yaxıb-yandıracaqdı. Hökmdar qəzəbini gizlədə bilmədi: “Bu sənin hünərinlə, alın tərinlə qazandığın deyil, oğul! Başqasının haqqını yemək, onun bəxtinə , taleyinə düşən işığı oğurlayıb, həyatını qaranlıqda boğmaq deməkdir. Mən dedim axı, gözüm həmişə üstünüzdə olacaq. Nə edibsən, bu beş ili ömründən necə ötürübsən hamısını yaxşı bilirəm. Ev yıxmaq, başqasının haqqını yemək, heç də kişilikdən deyil. Mən səni göndərdim ki, həyatın hər üzünü görüb nəticə çıxardasan. Həyat başqasının haqqını yemək deyil, ən çətin məqamda, darda, sıxıntıda olanı duyub Allah vadəri kimi işığa dönüb taleyinə calanmaqdı. Bunu bacaranlara , bu ruhda yaşayanlara xeyirxah deyirlər. Xeyirxahlar heç vaxt öz evində ölmürlər. Onların həyatı həmişə yollarda keçir. Bu yol Allah yoludur! Bu yolu tutub getdinsə, mənim üçün rəhmət, savab qazandıracaqsan. Ancaq mən səni bir ata kimi alqışlaya bilmirəm, adsız qoyub atalıq haqqımı da bundan sonra üstündən götürmək istəmirəm. Öz vicdanınla tək-tənha qalıb mənim nə dediyimi anlayana qədər sənə Haram adı verirəm! Get öz içindən gələn haramlığınla yaşa. Ancaq unutma ki, bu yolun sonu yoxdur, uçurumdur. Mənə bəxşiş, hədiyyə kimi gətirdiyin zir-zibillərini də özünlə apar! Məni duyanda, nə dediyimi anlayanda tövbə daşının üstündə oturub bir də önümə çıxarsan. Atalar övladlar üçün yanan olur, övladlar həyatda səhvə yol verəndə bu səhvlərin əzabı yaman olur!.. Hə-əə, sonda məndən sənə bir ata öyüdü, sırğa kimi qulağından asıb həmişə yaddaşında saxla: “ Adın Haram olsa da, bundan sonra heç vaxt əməlin haram olmasın!..”
Ağıllı, adil hökmdar düşünürdü, insanın mayası nədən yoğrulubsa, taleyi də, gələcəyi də elə o kök üstə boy atır. İnsanın taleyini dəyişdirmək, onun düşüncəsini dəyişdirmək qədər heç də asan deyil. Mən iki övlad göndərdim, dedim dünyada yaxşı əməl qoyub, yaxşı ad alın. Gündoğandan günbatana qədər dünyanı, külli-aləmi verdim onlara, dənizlər , okeanlar kimi çalxalandı dünya. Birində gözəllik yaratdılar, birində talan! Axı niyə, niyə bu gen dünya insanlara bəs etmir, hamısı insan olub, insan kimi niyə yaşamaq istəmir?! Başqasının haqqını yeyən bəs nə vaxt düşünəcək ki, o oğurladıqların sənin deyil, başqasının haqqıdır?!
Hökmdar səbrlə oğlanlarını dinləyib, içindəki müəmmalı düşüncələrlə ayağa qalxdı. Ürəyində özü-özündən soruşdudu: ” Görəsən, ədalət tərəzisinin pərsəngi harda pozulub ki, belə naqislik və namərdlik yaranıb?” Sarayındakı ipək pərdələrlə örtülmüş pəncərəni açaraq uzaqlara baxdı. Ağlı-qaralı dünya öz işindəydi, insanlar qarışqa kimi qaynaşır, buludlar axıb gedir, dağlar sıralanıb bir-birinə söykənir, zirvə əllərini çənəsinə dayaqlayıb zamanın nəbizini yoxlayır, zamansa aşağıda gurultu qoparan çayın köpüklü suları kimi durmadan axıb gedirdi.
Bakı şəhəri, 18. 01. 2026.
Yazıya 3 dəfə baxılıb









