İnsan həyatı üçün kirayə ev qədər ikinci təhlükə İŞİD-dir. Birincisi kirayə evdir. Ələlxüsus da ki, pulun yoxdusa, tanımadığın adamlarla kirayələməyə məcbur olduğun kiçik, havasız və təmirsiz bir otaq. Dar cibinə görə, tutduğun otaq şəhərdaxili avtobuslara oxşayır. Bütün maddi imkanların məhdudlaşdıqca, uzun illər sıxılıb içində qalırsan. Gələn gedir, sənsə avtobus sürücüsü kimi oranı tərk edə bilmirsən. Bütün ev sahiblərinə nifrət edirəm. Ev sahibləri otağa gələnin kimliyini müəyyən etmədən gətirib soxur yanına. Bilmirsən adam terrorçudur, kamikadzedir, satanistdir, müsəlmandır, yəhudidir, xristiandır, Bəşər Əsədin adamıdır, yoxsa dost. Son 8 ildə o rayon, o kənd olmasın ki, oraların sakinləri mənimlə eyni otağı bölüşməsinlər. Nə düşünə bilirsən, nə yaza, nə yediyindən ləzzət alırsan, nə yaşamaq istəyirsən. Həm onlardan zəhlən gedir, həm özündən diksinirsən, həm də ev sahibini boğazlayıb cəhənnəmə vasil etmək istəyirsən. Həm onlara, həm də özümə yazığım gəlir. Başa düşürəm ki, imkansızlıqları ucbatından mənim kimi vasvası birilə eyni otağı bölüşdüyünə görə, onların da məndən zəhlələri gedir. Zibil. Hər şeyin belə olacağını bilsəydim, doğulmazdım. Doğulub ya doğulmamaq insanın əlində deyil. Heç kəsin seçmək şansı yoxdur. Yalnız sənin dünyaya gəlməyini başqaları istəyir. Bu haqsızlıqdır.
Son bir neçə ayda intihar haqqında bu qədər düşünməmişdim. Ölmək istəklərim artıdqca həyata dair qorxularım da azalır. Artıq yolda hansısa avtomobilin güdazına gedəcəyim məni maraqlandırmır.
Susmaq istəyirəm. Lakin ay sonunda ev sahibi və kredit borcumun olduğu banklar məni danışdırmağa məcburdur edirlər. Məni yaşamağa dirəyən bir neçə səbəbim var. Özümdən sonra onları düşünürəm. Onlar olmasaydı keçməzdim yarım metr kəndirdən. Sallayardım özümü tavandan ipə düzülmüş tütün kimi.
Bir gün susarkən donmaq istəyirəm, danışmamaq üçün. Və beləcə ölmək.
Bütün günü bir sualı beynimə yük eləmişəm: “Mən neynəyəcəm?”.
Özümə nifrətim edirəm. Gündə sındığım hər mm bütün arzularımın üzərindən xətt çəkir. Onlara arzu da demək olmaz, heç vaxt böyük arzularım olmayıb. Uşaq vaxtı hərə bir istəyinin arxasınca qaçanda mən əlimdə kitab ən böyük bədbəxt olmağın xəyallarını qurardım. Həyatın ən yoxsulu, ən səfalət içərisində yaşayan adamı olmağı arzulamışam. Belə də arzu olar? Səfeh!
Yadımdadır 7-ci sinifdə oxuyanda “Bir qış günü” adlı kiçik hekayə yazmışdım. Ədəbiyyat müəllimim Ceyran hekayədən xeyli təsirlənmişdi. Bu məni sevindirmişdi. Qərar verdim, ya jurnalist olacaqdım, ya da yazıçı. Və mən gələcəkdə çoxlu içib yazacaqdım. Beynimə belə yerimişdi ki, bütün yazıçıların hamısı içir. Səfeh uşağın səfeh arzuları – bax budur. Zəhrimar. İndi get yaşa o darmadağın həyatında, yaşaya bilirsənsə əgər. İndi nə yaxşı jurnalistəm, nə də yazıçı ola bilmişəm. Heç biri deyiləm. Nə də istədiyim qədər içmək üçün pulum var.
Gündə 5 dəfə borclandığım dükan sahibinin qarşısından keçdikcə, tüpürürəm o günə. 30 qəpiklik çörəyi, 60 qəpiklik siqareti borca yazdırmaq dəhşətdir. Dükan sahibinin eynək altından narazı baxışları içərisində qızğın tavaya atılmış ət kimi qovrulub bircə damcı qalmaq əzabdır axı. Lənətə gələsən!
İndi başa düşürəm ki, “Bir qış günü” adlı sərsəmləməm gətirdi məni bura. Hekayələrdə, romanlarda, filmlərdə o dükan və ev sahibləri əsərlərin baş qəhrəmanlarını borc üçün qovduğunu izlədikcə, bu qədər nifrət etmirsən. Əsl həyatda isə həmin o qəhrəmanların taleyini yaşamaq çox ağırdır. Mən və mənim kimilər nəinki kiçik bir şeirin baş qəhrəmanı, heç vergülü belə deyilik. Ümumiyyətlə hesabda yoxuq.
Bu ağrı deyil, bu kədər deyil, bu həyatın dibi də deyil. Bu bir yığın zibil problemin içərisində çürüməkdir.
Ağlamıram, nə də şikayət etmirəm. Heç kəs düşdüyüm bu vəziyyətə görə məsuliyyət daşımır. Günah məndədir. Ki, bu dünyaya gəlməməli idim. Gəlmişdimsə, ağrılarımı dərk etdiyim gün də çəkib getməli idim. Bu kredit borcuna girib üzük almaqdan xeyli qabaq baş verməliydi. Ayaq açıb yerdiyim günə min lənət.
Ayaqqabımın yanları süzüldükcə, şalvarımın dizləri yeyildikcə, saçlarım gurlaşdıqca qorxuram. Haradan tapacam bu problemlərin həllini? Evlilik günümü düşündükcə isə ən pis formada özümdən iyrənirəm. Neynəyəcəm? Bu gün maddi sıxıntılar ailə dağılmalarının kökündə duran əsas tezisdir. Çox güman ki, bu cür davam etsə, həmin tezisə istinad edənlərdən biri də mən olacam.
Problemlər hər gün bir az daha əydikcə, ən kiçik ideyası üçün belə ən sərt mübarizədən çəkinməyən və özümə ideal seçdiyim Çe Qevaradan utanıram. Ayıb olsun, mənə!
Yazıya 1183 dəfə baxılıb