Kimsə bilməz, bilməzlər balıqların, dənizlərin göz yaşları olduğunu. Quşlar da xəbərsizdirlər göy üzünün, insanın və Tanrının göz yaşlarıından. Ən gözəl şeirlərin, ölümlərin və ayrılıqların ayaq izlərinə yazıldığını, aşiqlərin özlərini ay işığından asıb həyatdan köçdüklərini də bilən yoxdur, yox. Qanlı savaşların şeytan əməli, insan qəlbinin üsyanı olduğunu, hər mələyin köksündə bir iblisin yatdığını da bilən azdır. “Ayrılaq”, – dedi gözəl qız sevdiyi oğlana və ayrıldılar. Hekayələrdə olduğu, şeirlərdə yazıldığı kimi. Ən çox birlikdə dəniz kənarında gəzməyi, qağayıları seyr etməyi sevərdi, ancaq olmadı. Son ümidini də öldürdülər, qoparıb atdılar ürəyindən. Bağçası olan bir ev, balaca uşaqlar, bir sözlə, hər kəsin xəyalında canlandırdığı bir həyat arzuladı, fəqət olmadı. Daha böyük xəyalların ayaqları altında qaldı onun xəyalları. “Görəsən heç sevmişdimi onu ürəyinin coğrafiyyasında dövlət quran o gözəl?” Ən çox düşündüyü bu idi. Ancaq sualına cavab tapa bilmədi. Az- çox tanıyırdı bu həyatı, insanlara da bələd idi. Sevgi – böyük şəhərlərdə eyş-işrət içərisində yaşamaq, bahalı maşınlara minməkdi onlar üçün. Ən çox oxunan yazarlar da aclıq və sevgisizlik məngənəsində boğulur, ölürdülər. Ömründə bir kitabı əvvəldən sonacan oxumayanlar isə dünya gözəllərinə sahib olur, zənginləşir, ən gözəl evlərdə yaşayır, həyatdan kam alırdılar. Bax, belə bir həyatdı onun yaşadığı. Dəniz kənarındakı balaca bir qəsəbədə böyük xəyallar qurmağın bədəlini indi çox acı ödəyirdi. Sevdiyi qız bahalı maşında, möhtəşəm bir evə gəlin köçdü, gözlərinin qarşısında. Əlindən nə gələrdi? Özünü dənizə atmağa da gücü, iradəsi çatmadı. İnsan bəzən çox acizləşir, miskinləşir. Hər axşam bu balaca qəsəbədə batan Günəş ertəsi gün sübh çağı tezdən bütün dünyanı aydınlatmaq üçün doğurdu. O da yenidən doğa biləcəkdimi?! Bax indi tək düşündüyü bu idi. Dünya yəni bu qədərmi mənasızdı, fanidir, bu qədərmi hər şey ucuzdur? Bu suallar az qala onun ağlını başından alacaqdı. Artıq ayaqları bədənini daşıyacaq qədər qüvvətli deyildi. Hər səhər tezdən qalxır, nəfəsi kəsilənə, gücü tükənənə qədər dənizin sahilində qaçır, sonra da yarıqaranlıq otağındakı masanın arxasına keçib kitablarını oxuyurdu. Hər kitabı yenidən, dönə-dönə vərəqləyirdi. Beynini yoran sualların cavabını sanki kitablarda tapmaq istəyirdi. Bu yolla çəkdiyi dərin acılardan yaxa quryarmaq istəyirdi. Fəqət həmin kitabları da insanlar yazmışdı. Odur ki, Allahın göndərdiyi kitabları da oxudu. O müqəddəs kitablarda da ölüm vardı, ayrılıq vardı, acılar vardı, sızıltılar vardı. Zəkəriyyənin doğrandığından, Yəhyanın başının kəsildiyinaən, İsanın çarmıxa çəkildiyindən danışırdı həmin kitablar. Anladı ki, Allahın elçilərinə daş atanlar ona heç vaxt gül atmayacaq. Hələ insan övladı bədənə bürünməmişdən öncə Allaha söz vermişdi. Dünyada ona qul olacaq deyə. Ancaq dünyanın gözəlliklərini görüncə vədini unutdu. Allaha bixələf çıxan nə gözləlardan nə uma bilərdi ki? Heç nə. Fəqət həmin insanlardan intiqamını almaq istəyirdi. Qaşları çatıldı, alnı düyünlədi. Günlərlə, aylarla düşündü. Hər səhər qaçmaqla ayaqlarını gücləndirdi. İndi ayaqları onun sözünə baxırdı, onu daşıya biləcək halda idi. Çoxlu kitab oxumaqla beynini gücləndirdi. Daha bədənini idarə edə bilirdi. Artıq qərarını vermişdi. Yazacaqdı, dünyanın ən gözəl əsərin həyat verərcək, hər kəsi məftun edəcək, ən böyük mükafatları qazanacaqdı. Şana-şöhrətə çatacaqdı. Bir gün bu balaca qəsəbədən gedəcəyinə qərar vermişdi. Axı bu insanlar böyük şəhərdə nə görmüşdülər? Yerindən duran ora qaçırdı. Onun sevgilisi də böyük şəhərin həsrətində idi. Yuxularında görürdü iri şəhərin gözılliklərini, özəlliklərini. Bu xəyalların qanadlarında yalnız böyük şəhərdə yaşadığı üçün birisinə ərə getdi.
Bəli, yazacaq və bir gün çox zəngin olacaqdı. Bilirdi insanların pula sitayiş etdiyini, Allaha qulluq edənləri azadlığa çağırıb, özlərinin isə nəfslərinə qul olduqlarını. Bu insanlardan intiqam almağın tək yolu zəngin olmaqdı. Beləcə başladı yazmağa. Böyük hekayələri uzun fikirlərlə yazmağı xoşlamırdı. Hələ ki, roman yazmaq onun üçün bir işgəncə idi. Səbri çatmazdı uzun-uzadı yazmağa. Başladımı, bitirmədən qalxmazdı masasından. Yenə elə edəcəkdi, ancaq bu dəfə günlərcə yazmalı idi, gecə-gündüz demədən, yuxusuz gecələr keçirərəkdi. Özünə söz vermişdi. Bütün bədənin bürüyən zəhərin barmaqlarının ucundan kağıza necə axdığını duyur, dayanmadan yazırdı. Sanki düşmənlərindən intiqam alır, yazdığı hər söz bu həyata, sevgini nifrətin qucağına əyləşdirdikləri bu dövrana, dolanışığa, yalana, vəfasizlığa onun üsyanı idi. Günəş batandan sonra yorğunluq hiss etsə də, masadan qalxmirdı. Qəribə idi. Bədəni yorulduqca sanki beyni daha yaxşı işləyir, düşüncələri qol-qanad açırdı. Bir süvari düşmən kralını necə qovurdusa, o da sözləri cilalayır, qələbəyə yaxınlaşırdı. Dayanmadan qaçmalı idi boz küheylan, bəlkə çatlayacaqdı bu yolda, ancaq çatacağı yer ölümdən gözəl olacaqdı. Afərin belə ölümə. Bu kövrək düşüncələrlə gecəsini gündüzünə qatdı. Yazdı, yazdı. İndiyə qədər oxuduğu sevgi hekayələrindən ən gözəlini qələmə alırdı. Fəqət burada acı çəkən o, çox sevən, canından çox sevən deyildi. Ona gözəl bir ölümlə unutdurdu yaşadığı acıları, sonra cənnətdə təsvir elədi onu, ən sevgilin-ən gözəlin hüzurunda. O az sevəni isə uzunca yaşatdı, sözlərində. Evləndi, uşaqları oldu, Allah-taala ona şöhrət hər şey – var-dövlət, pul, şan-şöhrət, hörmət, nüfuz verdi ona. Ay keçdi, il dolandı. Bir gün ömrünün payızı gəldi. Yavaş- yavaş. Heç bilmədi nə zaman gəldi. Amma gəldi. O ormanlarda yalnız ağaclar olur (?). Hanı yazın yaşılında məğrurca, tək başına dayanan, kimsəyə ehtiyac duymadan yaşayacağını düşünən, fəqət payızın acı romantikasında beli bükülən, qış gəldiyi zaman isə torpağa başa əyən….
Bax onun da taleyi belə oldu. Tək başına qoydu ömrünün payızında. Hər şeyi vardı, ancaq tənha bir ağacdı o, ömür adlı ormanda. Yaşadıqca yaşadı, ölmək üçün çox dua etsə də, yaşadı. Alnındakı qırışları artdı, beli büküldü, lakin yaşamaqda davam etdi…. Onun hər anını, hər peşmanlığını yazdı, sevgilərin ən gözəlini yaza bilməsə də, acıların, peşmanlıqların ən böyüyünü yaza bildi, bunu bacardı. Ətrafda olanlara qısa həyat mənasız gəlirdi, ancaq o, uzun bir həyatın acılarını qələmə almaqla insanlara dərs vermək istəyirdi. O, ölümün son olmadığını, sadəcə bir başlanğıc olduğunu, ölmək üçün belə yalvaranların olduğunu və ən nəhayət, bu həyatın o qədər də uzun sürmədiyini, lakin bəzən hər anının əsrlərə tay tutulduğunu, insanın ölmək üçün yalvardığını, ancaq ölümün belə son olmayıb, hesabın davam edəcəyini anlatmaq istəyirdi. Artıq bitmişdi hekayə olan bu roman. Başı yavaşca masasına düşdü. Xöşbəxtdi, elə bu an ölə bilərdi, ancaq görəcəyi işlər bitməmişdi. Roman çap ediləcək, mükafat qazanacaq, o büyük şəhərdəki evi alıb buralardan gedəcəkdi… Romanı çap etdirmək üçün pul lazımdı, pul tapa bilmədi. Nə qədər axtarsa da, ancaq olmalıydı, bu roman çap edilməli, o, insanlardan intiqamını almalı idi, böyrəyinin birini satıb romanını çap etdirdi. Qısa zaman kəsiyində məşhurlaşdı roman. Kitab oxumağı sevən hər kəs oxudu yazdıqlarını, xarici dillərə tərcümə edildi, mükafatlara namizəd göstərildi, hətta mükafatlar qazandı.. İndi pulu vardı, böyük şəhərdə istədiyi evi satın ala bilərdi. Çox düşündü, çox daşındı: nə etsin, necə etsin? Şöhrətlidir, varlıdır, nüfuzludur, sayılıb-seçiləndir. Bəzi yaramazlardan qisasını almışdı. Fəqət məqsədinə çatmaq ərəfəsində fikrindən vaz keçdi. O, böyük şəhərdəki evi ala bilərdi. Lakin ora köçsəydi, orda həyatla vidalaşsa idi, o, insanlardan deyil, insanlar ondan intiqamını almış olacaqdı. Bu, səbəbsiz deyildi. Onların istəyi kimi yaşamaq, onlara məğlub olmaq idi…
Yazıya 1095 dəfə baxılıb