Qubadlının erməni silahlı qüvvələri tərəfindən işğalının 20-ci il dönümünə.
Neçə ildir həsrətin yandırır məni, Ana!
Görə bölə bilmirəm, düzü, illərdi səni, Ana!
Görəsən bu ayrılıq sona çatacaqmı bəs,
Qürubda doğan günəş denən batacaqmı bəs?!
*
Yenə ömür uzunu səni gözləyəcəyəm,
Vaxtımı saya-saya həsrətə dözəcəyəm.
Qanlı-qadalı günlər ömrümə dağ çəkibdi,
Övladın AYDINOĞLU həsrətini çəkibdi.
*
Yollarına boylanıb arayacam səni mən,
Qubalı-Anam mənim, yoruldum gözləməkdən.
Nə vaxt qayıdacaqsan Anam Azərbaycana,
Nə vaxt boylanacaqsan Anam Azərbaycana?!
*
Nə vaxt büsbütün səni görə biləcəyəm mən,
Nə vaxt şəninə çələng hörə biləcəyəm mən?!
Sanma sənsiz ayrılıq mənə asandı, Ana!
Sanma sənsiz ayrılıq mənə asandı, Ana!
*
NƏYİNƏ İNANIM MƏN BU DÜNYANIN?!
*
Hər ömrə bir yağı kəsilibdisə,
Nəyinə inanım mən bu dünyanın?!
İnsanlar zəmi tək biçilibdisə,
Nəyinə inanım mən bu dünyanın?!
*
Yenə biçilmiş zəmi kimidi,
İnsanın kədəri, qəmi kimidi.
Bir səsin yüksələn bəmi kimidi,
Nəyinə inanım mən bu dünyanın?!
*
Dəhşət,qırğınların yolu bilinmir,
Sağı bilinirsə, solu bilinmir.
Dəclənin, Fəratın qolu bilinmir,
Nəyinə inanım mən bu dünyanın?!
*
Qəti fikirləri əsdirəcəksə,
Başımın üstünü kəsdirəcəksə,
Məni doğmalarla küsdürəcəksə,
Nəyinə inanım mən bu dünyanın?!
*
Göz yaşı içində boğulacamsa,
Kədərin içində yoğrulacamsa,
Qəm-qüssə içində doğulacamsa,
Nəyinə inanım mən bu dünyanın?!
*
Onsuz da vədləri hədərdi, hədər,
Əvvəli sevincdi, sonu da kədər.
Elə yaranışdan bu günə qədər,
Nəyinə inanım mən bu dünyanın?!
*
Şerimi eşidən dənim deyilsə,
Buludum deyilsə, çənim deyilsə,
Əzizim deyilsə, mənim deyilsə,
Nəyinə inanım mən bu dünyanın?!
*
Dünyadan böyükdür şairin dərdi
*
Məndən soruşsalar, şairlik asan,
Yoxsa ki, yığılan dərd qədər ağır?!
Duyub-anlamazsan, inan, a quzum,
Şairin gözündən nə həsrət yağır.
*
Əsrlər boyunca, tarix boyunca,
Şairlər qələmin sınadı gəldi.
Gözünə qəm-kədər ələnən zaman,
Yenə cəmiyyəti qınadı gəldi.
*
Axı o neyləsin ömrün mayası,
Əzəldən xəbərsiz belə yoğrulmuş.
Gülsə də, hər üzə körpələr kimi,-
Qəlbində, könlündə kədər doğulmuş.
*
Bulaq tək gözündə coşub-çağlayan,
Nə Kürü, nə də ki Arazı qalır.
Gülməsə, üzünə bu ömür onun,
Həyatın özündən narazı qalır.
*
Onun da dərdini başa düşməli,
Dünyada özünü özü axtarır.
Baxışla qəlbləri ovsunlamayan,
Qayğılı gözlərdə gözü axtarır.
*
Tarixdə sınanmış bir həqiqətdir ki,
Sevməsə, bir qıza salmaz meylini.
Gah düşüb səhraya Məcnunlar kimi,
Axtarır yenə də sadiq Leylini.
*
Yaxşı ki, əzəldən coşan qəlbində,
Nə dovşan, nə tülkü, nə də qurd qalmış.
Dünyanın özündən dörd dəfə böyük,
Bir şair dünyası bu gün yurd salmış.
*
Şair ilhamının coşub-daşması,
Şairin özünə yenə xoş xəbər.
Dünyası qayıdıb gəlsə yanına,
Dağılıb gedəcək gözündən kədər.
*
SƏN MƏNİM QƏDRİMİ BİLMƏDİN, DÜNYA!
*
Mən sənin nəyinə inanmalıyam,
Sən mənim qədrimi bilmədin, dünya?!
Nə vaxtı tökdümsə gözüm yaşını,
Gözümün yaşını silmədin, dünya!
*
Şükür ki, dayaqdı mənə YARADAN,
Seçmədin heç zaman ağı qaradan.
Bir gün dağılassan onsuz aradan,
Sevinci mənimlə bölmədin, dünya!
*
Kəlmənə aldanmaq bilirəm hədər,
Sənə aldanmaq da özü bir kədər.
Yenə yaranışdan bu günə qədər,
De, niyə ölmədin, ölmədin, dünya?!
*
Doğrunu gizlətdin doğru gözündə,
Ucaltdın özünü oğru gözündə.
Həqiqət yox imiş bircə sözündə,
Doğrunu heç doğru görmədin, dünya!
*
Daşlardan başına gərək min dəyə,
Gah dağa çevrildin, gah da kündəyə.
Haqqın yolun tutan mömin bəndəyə,
Sevinc sarayını hörmədin, dünya!
*
Qədəmin atanda yenə də qadın
*
Səhərlər narahat boylanan günəş,
Ovsunlu baxışla yenə oyanar.
Fəqət dodağından bir kəlmə çıxsa,
Bu dünya qayğıya, nura boyanar.
*
Qədəmin atanda yenə də qadın,
İsinir qəlblərdə yad olan hisslər.
Bir anda dərdini qəlbə söyləyir,
Sevincdən, fərəhdən şad olan hisslər.
*
Bir günün sevinci, fərəhi demə,
Alta-alta yazılan şerə dəyərmiş.
Ömrümdə özüm də bilməzdim ki, heç,
Önündə təbiət başın əyərmiş.
*
Keçdikçə ömürdən günlər qatar tək,
Qayğılı gözləri arayır nəsə.
Ürək həssas olur bir uşaq kimi,
Dodaqdan süzülən adi bir səsə.
*
Solsa pianonun üstündə güllər,
Qadın nəfəsindən oyanacaqlar.
Hüsnünə tamaşa etməkdən ötrü,
Gəlib dəstə-dəstə dayanacaqlar.
*
Yolunu gözləyir bu torpaq sənin
*
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
şimallı-cənublu şairimiz Məhəmmədhüseyn Şəhriyarın ruhuna sevgi və sayqılarla!
*
Bağlanan sərhədə dirəklər çəkmək,
O tayın, bu tayın həsrəti oldu.
Ustad Nizaminin böyük heykəli,
Bir qəlbin bir qəlbə hörməti oldu.
*
Üstündən nə qədər ötüşdü illər,
Nə sözün kəsildi, nə də əsərin.
Tökdü göz yaşını əsrlər boyu,
Geniş xatirəli ayna Xəzərin.
*
Tehran da, Təbriz də yanaşı durub,
Yolunu gözləyir, yolunu, şair!
O tay da, bu tay da unudarmı heç,
Bir şair oğlunu, oğlunu, şair?!
*
İnan ki, torpağın ehtiyacı var,
Sənin tək alovlu yanar bir cana.
Bəs niyə qayıdıb gəlmirsən, denən,
“Şairlər torpağı Azərbaycana?!”.
*
Gərək ki, şerinin hər bir kəsəri,
Bir elin-obanın dağ-daşı olsun!
Haraylı şeirin Kövkəb ananın,
Yanaqdan süzülən göz yaşı olsun!
Yazıya 905 dəfə baxılıb