AKİF ABBASOV – NARINCINI İSTƏYİRƏM

 

BANU və BABASI ŞƏKİL

(hekayə)

Anası Banuna başa salırdı:
-Atanla, babanla, nənənlə gəzməyə çıxanda nəsə aldırma. Bu, yaxşı vərdiş deyil. Başa düşdün?..
Banu başı ilə təsdiq edir. Eyni zamanda öz-özünə fikirləşirdi: “Niyə, nə üçün? Burada nə var ki?
Anasına qulaq assa da, onunla razılaşsa da, bəzən onun sözlərini yadından çıxarırdı. Uşaq idi də hələ. Arada üzünü babasına tutaraq:
-Açif baba, həyətə düşək? Yutalam alaq?
Banu yumurtaya yutalam deyirdi. Uşağın da öz dili var.
Onlar həyətə düşən kimi Banu babasını mağazaya – Azərin marketinə sarı çəkirdi. Baba:
-Əvvəlcə gedək yellənçəkdə yellən, evə qayıdanda yutalam alarıq.
Banu babasının qolundan dartaraq:
-Yutalam alaq.
Gedib “Kinder” alırdılar. Şokolad qatı ilə örtülmüş oyuncaq yumurtanın içərisindən oyuncaq çıxırdı. Banu şokolad qatını tezcə çıxarırdı ki, görsün hansı oyuncaq olacaq. Şokolada marağı yox idi. Ata-anası ilk günlərdən onun şokoladı yeməsinə icazə verməmişdilər. Köhnə ola bilərdi, uşağa ziyanı dəyərdi. Banu da həmin şokolada maraq göstərmirdi. Nəyi məsləhət bilirdilərsə, onu da yeyirdi.
Altı ay keçmişdi. Bir neçə ay sonra Banun üç yaşı tamam olacaqdı. Artıq sərbəst danışır, əvvəllərdə olduğu kimi adamın əlindən çıxıb qaçmırdı. Sakitcə babasının, ata-anasının, nənəsinin əlindən tutub addımlayırdı. Gəzintiyə çıxanda da özü nəsə istəmirdi.
Yenə babası ilə gəzməyə çıxmışdılar. Baba nəvəsinə müraciətlə soruşdu:
-Səninçin nə alım?
-Heç nə.
-İstəmirsən baba səninçin bir şey alsın? Oyuncaq, peçenye…
-İstəmirəm.
-Ana deyib heç nə istəmə?
-Ana deyib.
Baba və Banu gəzə-gəzə gəlib oyuncaq mağazasına çatdılar. İçəri girdilər. Rəngbərəng toplar vardı. Baba soruşdu:
-Sənə top alım?
-Varımdır. İstəmirəm.
-Bax, görürsən bu balaca top rezindən asılıb. Rezini əlində tərpədəndə top qalxıb düşəcək.
Rezinə bənd edilmiş top Banuda maraq oyatdı. Baba onu aldı.
Çölə çıxdılar. Yer yaş idi. Yağış yağmışdı. Baba dedi:
-Gözlə top yerə dəyməsin. Gəl bir az rezinini yığaq.
Bir qədər gəzinəndən sonra Banu babasına dedi:
-Babacan, mən bu topu istəmirəm.
-Niyə, balacan? Bayaq dedin istəyirsən.
-Narıncı top istəyirəm.
Onlar mağazaya qayıtdılar. Baba satıcı qıza müraciətlə:
-Uşaq şıltaqlığıdır. Narıncı topu istəyir. Dəyişmək olar?
Satıcı qız:
-Olar, dayı, niyə olmur? İndi almısınız. Belə gözəl qızın da xətrinə dəymək olar?
O, Banunun başını sığallayaraq bir-bir topları ona göstərməyə başladı:
-Bunu?
-Yox.
Bunu?
-Yox.
-Bax bu narıncıdır axı.
-İstəmirəm.
-Elə isə, özün göstər. Hansını?
Banu barmağı ilə işarə edərək:
-Bax onu istəyirəm.
Baba və satıcı qız baxdılar. Bir qədər yuxarıda mismardan iki təkərli kiçik bir araba asılmışdı. Uşaqlar qolundan tutaraq onu sürürdülər. Baba satıcı qıza:
-Zəhmət olmasa, onu verin. Bir şeyə bükün ki, palçıqlı yolda sürməsin.
Satıcı qız onu bükdü. Baba pulunu verdi. Satıcı qız:
-Bu topu qaytarırsınız?
-Yox, qalsın.
-Dəyişim?
-Ehtiyac yoxdur. Səbəbkar bu araba imiş. Bayaq uşağın gözü qalıb, amma utandığından babasına deməyib.
Banu və babası araba ilə topu götürüb çıxdılar. Baba dedi:
-Banu, gözəlim, yer yaşdır. Küçədə sürsən, palçığa batacaq. Evdə sürərsən.
Cavabında Banu dedi:
-Baba, uşaqlar həyətdə sürürlər.
Baba Banunu bağrına basdı, onun məntiqinə heyran qaldı.

 

Yazıya 856 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.