Koroğlu metrosunun yanında tıxaca düşdük. Üzü gecəyə gedir, yağı güclənir, günün yorğunluğu, evə tez çatmaq arzusu insanların aqressiyasını daha da artırırdı…
İki dəfə bu situasiya ilə üzləşmişəm. İkisində də səbəb bir olub: Koroğlu körpüsündə intihara cəhd. Kimsə probleminin həli üçün Koroğlu körpüsünə çıxıb intihar performansı sərgiləyir, onlarla adam da tıxacda gözləyib əziyyət çəkir…
Az adam tapılar ki, problemi olmasın. Körpüyə çıxıb intihar hədəsiylə problemi həll etmək ilk başdan pis örnək oldu. İlk intihar cəhdindən sonra kasıblıqdan cana yığılmışların analoji addımı ata biləcəyini düşünmək lazımıydı. Düşünmək və bir tədbir görmək!
Bir körpünü insanların intihar məqsədindən xilas etmək o qədərmi çətin işdir? Təhlükəsizlik tədbirləri görmək bu qədərmi mümkünsüzdür?
***
Evimizin arxasında 3-4 nar, xurma, armud ağacı var. Meyvələri yetişib və yadımızdan çıxıb qalıb ağacda. Dörd-beş gün öncə evin arxasında şaqqıtı səsi eşitdik. Gördük nimdaş paltarlı bir oğlan döyükə-döyükə meyvələri yığıb qoyun-qoltuğuna, hasardan aşıb qaça bilmir. Atam tez bayıra çıxdı. Meyvə oğrusu “qənimətləri” yerə tökdü. Amma atam onları yerdən yığmağı xahiş etdi. Və onunla necə deyərlər, psixoloji söhbət apardı. Oğlan çox utanmışdı. And içdi ki, evdə yeməyə heç nəyi yoxdu, iki uşağı var, acından ağlayırlar. Dediyinə görə, özü “qul bazarı”nda dayanır. Neçə gündü, iş olmadığından evə pul apara bilməyib. Evdən bir torba gətirdik. Bağda nə meyvə vardı, hamısını yığdıq torbaya. Bir az da başqa ərzaq əlavə etdik. Heç almaq istəmirdi. Yalvarır, ağlayırdı ki polisə deməyək. Kirayədə yaşadığı ünvanı dedi. Heç maraqlanmadıq da.
İki gün öncə darvaza döyüldü. Həmin oğlanıydı. Əlində iki torba mer-meyvə gətirmişdi bizə. Hərəkətinə görə dönə-dönə peşmançılıq keçirdiyini bildirdi, üzrxahlıq elədi. Sovqatını almadıq təbii ki. “Halal xoşun olsun, apar evinə” dedik. Payını da götürüb getdi. Gedə-gedə arxaya baxıb “Bezmişəm. Belə getsə mən də özümü Koroğlu körpüsündən atacam”-dedi… “Balalarına kim baxacaq bəs? Canına heyfin gəlmir?”-bu məzəmməti də nənəm elədi.
***
Ölkədəki iqtisadi inkişafdan-zaddan danışanları qul bazarları ilə yaxşı-yaxşı tanış eləmək lazımdı. Ordakılar da bu ölkənin vətəndaşlarıdı. Yeni iş yerlərinin açılması, ölkədəki yoxsulluğun aradan qaldırılması ilə bağlı sevinə-sevinə məlumat verənlər hesablasınlar, görək, o qul bazarlarının daimi sakinləri nə qədər azalıb?
***
Bunun bir yolu olmalıdı. İşsizliklə, yoxsulluqla düz-əməlli mübarizə aparmırlarsa, heç olmasa o körpünü intihar şoularından xilas etsinlər. Yerdə qalanlara çox pis örnək olur. Adamlar o körpünü son ümid istinadgahı kimi fəth edir…
Qafqaz.info
Yazıya 546 dəfə baxılıb