Fidan — Puç olmuş ümidlər

Fidan

    Fidan

Küləkli, tutqun bir payız səhəri idi. Ağacların yarpaqları saralaraq tökülür və bir lazımsız  xəzəl parçasına dönüşürdü. Təbiət, sanki sarı don geyinirdi. Göy üzündə  qara buludlar getdikcə çoxalırdı. Hiss olunurdu ki, möhkəm yağış yağacaq. Belə də oldu. Narın yağış yağmağa başladı. Yer üzü sanki günahlardan, acılardan yuyularaq bu yağış vasitəsi ilə təmizlənməyə çalışırdı.

Mənsə bir daracıq yerdə – siyirmədə qaranlığın içində bunları sadəcə eşidirdim, lazımsız idim, ta ki bu günədək. Bunları mənə eşitdirən 50 yaşlı bir qadın idi. O, artıq 30 il idi ki, təbiəti, həyatı kənardan sadəcə bir pəncərə arxasından izləyirdi. Bu gün də o  həmişəki kimi qara libasda idi. Birdən siyirməni çəkib məni astaca götürüb baxdı və gözləri doldu, dedi:  “30 il öncə…” O, bu sözləri deyib məni  çantasına atdı və yenə də məni  qaranlığa həbs etdi. Əslində mən 30 il qaranlıqlarla dolu bir ömür sürsəm də bir gün haçansa işığa, nurlu həyata çıxacağıma ümid edirdim. İndi bilirdim ki, bu qaranlıq artıq 30 il sürməyəcək. Belə də oldu. Qadın məni çantadan çıxaranda o artıq bir məzarın başı önündə idi. Onun soyuq , acı göz yaşından bir damla  üzərimə düşdü. O an sanki çox üşüdüm, bədənim tir-tir əsdi. Sanki əcəl anımın yetişdiyini hiss edirdim. Bəlkə də, bu göz yaşlarının içində olan acıların, nisgillərin təsiri idi. Mən özlüyümdə bu andan yanmağa başladım. O məni torpağa sancdı və dedi: “Aydın, yadındamı? Bu şamı 30 il öncə tanışlığımızın 1 ilində sənlə bərabər almışdıq…. Dedin ki,  tanışlığımızın 30-cu il dönümündə bu şamı tort üzərində yandırarıq. Ancaq, Tanrı elə həmin gün bizi ayırdı. 30 ildir ki, ayrıyıq. Tək otağıma qapanmışam. Hər kəs elə bilir ki, ruhi xəstəyəm, dinmirəm, danışmıram. Bu gün sənlə həm bərabərliyimizin, həm də ayrılığımızın 30 ilidir. Bu şamısa tort üzərində yox sənin məzarın üzərində yandırıram. Hər şeyi tək yaşadım. Yalnız, yalnız səni sənsiz yaşaya bilmirəm. İnan, bu hissləri tək qəlbdə daşıya bilmirəm daha.” Və o məni bir kibrit dənəsi ilə yandırdı. Mən ağlayaraq yanıb əriyirdim.  Ona görə yox ki, yanırdım… Mənim libasım qırmızı rəngdə bərli-bəzəkli idi.  Çünki mən xoşbəxt anlar üçün yaradılmışdım. İşığıma hər zaman sevinc göz yaşları axıdılmalı və ya  sadəcə xoş günlər qeyd olunacaqdı. Kiminin toy şamı, kiminin ad günü , kimininsə bayram şamı olaraq şən günlərin alovu olacaqdım. Ən azından öz içimdə bu cür ümidlərlə 30 il gözləmişdim, tək bununla özümə təsəlli vermişdim. Bəs indi necə olacaqdı? Mənimlə bərabər ümidlərim də yanırdı… Odumdasa yanan vardı, pərvanə – məhz elə o qadın… O, bir qədər ağladıqdan sonra bu məzarı tərk etdi. Mənsə yenə də tək qaldım. Ancaq bu dəfə zülmətlər içərisində yox, işıqlı dünyada öz alovum və göz yaşımla tək, tənha…  Bu an mənim ömrümün ən kədərli çağı idi, zərif qəlbimin kobud dünya əlində sanki uşaq oyuncağına çevrildiyini hesab edirdim. Ömrümün bu cür tənha, qaranlıqlar içərisində, sonda isə acı göz yaşlarıyla bir məzar torpağına qarışmasında  günahkar kim idi görəsən, tale, yoxsa bu qadın?  Bəlkə də mən özüm….

 

Yazıya 688 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.