Bütün zamanların ən yaxşı insan sərraflarından Müsyö de Balzaka
Uca boy yad kişi köynəyinin yaxasın düymələyə-düymələyə dilləndi: Razı qaldın? Yatağın bir küncünə qısılan Könül dinmədi. Onun ala gözləri bir nöqtəyə zillənib yol çəkirdi, bütün bədəni isə, qan tərə batmışdı. Alnından puçur-puçur tər axırdı… O bütün varlığı ilə müqavimət göstərsə də, yaddaşından Zeynəblə Səlimin məsum baxışların qova bilmirdi… Hərarətin şiddətindən od tutub yanır, güc bəlayla qırıq-qırıq nəfəs alırdı… Yad kişi sifətinə dağılmış gur saçlarına iki əlli sığal çəkib bic-bic qımışdı: Neylək gələn dəfə elə eliyərəm hər şey ürəyincə olar! Daha sonra gümrah və özündən razı bir ədayla: yaxşı, mən getdim, hələlik – deyərək otaqdan çıxdı… Qapının ardından qırıq-qırıq səslər gəlirdi: … bəyəndin? Az əla… hə utancaqdı?… ə düzələr… hə də birinci dəfədi…
Nərgiz otağa girər-girməz: Az ağlıyırsan? Hmmm, kül başına, görürsən necə kişidi?! … Onsuzda o başı batmışdan sənə ər olmaz…
Könül qonşusu “xallı” Nərgizin evindən çıxıb taqətsiz halda aşağıya – öz mənzillərinə endi… Baş barmağın qapı zənginə basıb qapı açılanadək elə yerindəcə var-gəl edirdi… Onun bütün varlığın əsəbqarışıq gərginlik bürümüşdü. Qapının arxasında yarı yuxulu solğun bənizli bir qız uşağı göründü. O əsnəyərək dilləndi: Mama hardaydın?
Azzar mama, çər mama çəkil görüm?! – Könül əliylə uşağı itələyib içəri keçdi. Uşağın dodağı qaçdı, için çəkə-çəkə gedib yatağına girdi… O bu cür davranışla sanki bütün olub-bitənləri pərdələmək istəyirdi…
Balaca Səlim arxası üstə uzanıb əlləri göylərə açılı vəziyyətdə yuxuya dalmışdı. Gözləri Səlimə sataşan Könül bir müddət duruxdu, ona elə gəldi ki, tamam yad bir yerdədi, nə bu bir otaqlı kasıb mənzil, nə də ki, bu uşaqlar onun deyildi sanki… Otaq başına fırlanırdı Könülün. Mədəsində və ağzında kəskin turşuluq hiss edirdi, ard-arda bir neçə dəfə gəyirdi, bir az rahatlasa da, ürək bulantısı keçmirdi, başı gicəllənə-gicəllənə özün mətbəxə verdi, üzünə su vurdu… Lakin ürəyi özünə yer tapa bilmirdi, sərsəm halda mətbəxdən balkona çıxdı. İliyə işləyən fevral şaxtası onun bədənin titrətdi, bir neçə dəfə asqırdı, vücudu gizildədi, yavaş-yavaş özünə gəlməyə başladı…
Göy üzü dupduruydu, göydən bir dilim ay asılmışdı… Könül dərin köks ötürdü, ona elə gəldi ki, əlin uzatsa aya çata bilər, o qədər alçaqdaydı ay. Lap Azərlə evləndikləri gecəni xatırladı, Könüllə Azərin toy gecəsi də göy üzü belə tərtəmiziydi, bircə dilimdə ay varıydı, qovun kimi şipşirin ay, ancaq o gecə payız gecəsiydi, ayın dilimi isə, yekəydi Könülün Azərə ürcah olduğu o gecədə. Həmin gecə Azərlə Könülün bir-birinə olan sədaqət andına bu köhnə balkon da şahid olmuşdu. Bir də həmin gecə Azər dava salmışdı ki, “… Bu saat yengə çıxıb getsin, yoxsa onu da gəlinə qatıb…” Könülün yaddaşından yığın-yığın xatirələr gəlib keçdi. Bu bir otaqlı mənzildəki nəvaziş dolu isti günləri andı, daha sonra bu balaca otaqlı mənzilin belə qızdıra bilmədiyi aralarına düşən soyuqluqları, və yenə Zeynəblə Səlim hərlənib-fırlanıb onun gözü önündə dayandılar.
Binanın qarşısında işə düşən maşının gur işığı Könülü fikirdən ayırdı… O otağa keçəndə gördü ki, uşaqlar gərdişi dünyadan xəbərsiz uyuyurlar… Balaca qırmızı yorğanı başına çəkən Zeynəbin bədəni astaca qalxıb-enirdi, Səlimin isə dodaqlarına xəfif təbəssüm qonmuşdu…. Könülü qəhər boğdu, gözləri doldu, istədi uşaqlara yaxınlaşsın, bacarmadı…
İşığı söndürdü, elə əynindəki paltarla da yatağa girdi, hönkürdü, hönkürdü, Ürəyin boşaltdı, Gözlərinə yuxu getmədi… Gecədən xeyli keçəndən sonra isə yaraşıqlı yad kişiylə keçirdiyi dəqiqələr yadına düşdü, vücudunu məlun bir ehtiras bürüdü, ehtirasın verdiyi sərsəmlik içində özünə haqq qazandırmaq üçün səbəblər axtarışına çıxdı. Və şübhəsiz, Azərin vecsiz sifəti gözləri önündə canlandı. Ürəyinin dərinliklərində “Nərgiz düz deyir: ondan mənə ər olmaz, Allah bilir indi hansı cəhənnəmdə zəhərlənir… Gör, nə qədər vaxtdı bir yerdə olmuruq… əcəb eliyirəm… o bütün günü orda-burda, onnan-bunnan, bir də… bir də eliyəcəm…
İntiqam qarışıq “haqlı” səbəblər mırıldanıb qurtardıqdan sonra Könül yad kişiylə görüşəcəyi anın xiffətini çəkdi…
Yazıya 1020 dəfə baxılıb