Kənan Hacı — Bitməyən yolun “Yolçu”su

Kənan Hacı10632618_763881130316061_8122866686272359994_n

Nəriman Əbdülrəhmanlının “Yolçu” romanını fasilələrlə oxudum. Əsər məni sözün əsl mənasında heyrətləndirdi. Bu romanı bütün parametrlərilə ən yeni Azərbaycan nəsrinin uğuru hesab etmək olar. Hər halda mən son iyirmi ildə bu masjtabda, yüksək sənətkarlıqla yazılmış bir əsər oxumamışdım. Bu əsər sanki usta memar əliylə süslənmiş, cilalanmış, mükəmməl arxitekturaya malik möhtəşəm bir binadır.

Mirzə Yusif Tiflisinin ömürdən uzun sürən intizarı romanın hər səhifəsinə hopub. Ömrü yollarda keçən, son nəfəsinə qədər Vətən həsrətiylə alışıb yanan, sevgili Züleyxasına qovuşa bilməyən Mirzə Yusif kim idi? Hələ yeddi yaşında ikən gözünün qabağında evləri yandırılan, ata-anası, qardaş-bacısı öldürülən, təsadüf nəticəsində sağ qalan bu talesiz uşağın qismətində Vətəndən didərgin düşmək də varmış. Yeddi il Görgü ağanın himayəsində yaşayıb Axund Səməndərdən dərs alan Yusif dəyişib İosif olur, oxuyub təhsilini artırmaq istəyi onu Parisə gətirib çıxarır, bu şəhərdə artıq üçüncü dəfə adını dəyişdirməli olur – Josef Qrenyö. Sonra Cozef Tiflisi, nəhayət, Mirzə Yusif Tiflisi kimi ad qazanır. Ömrünün on bir ilini İstanbulda dilmanclıq etməklə keçirir. Sonra yenə yollara çıxmalı olur, karvansaralarda, müsafirxanalarda müxtəlif insanlarla rastlaşır, nə vaxtsa Vətənə qovuşmaq yanğısı onu bir an belə tərk etmir.

 

Yazıçı öz qəhrəmanını Anadolu çölllərindən, Konyadan, Bağdaddan, Ərzurumdan, Nəqşivandan, Qarsdan, Rəvandan, Ərdəbildən, Təbrizdən, Qəzvindən, İsfahandan, Muğandan keçirərək Şəkiyə gətirib çıxarır, eyni zamanda oxucunu tarixin qaranlıqlarına doğru çəkib aparır, Osmanlı imperiyasının, Səfəvi xanədanının, Əfşarlar sülaləsinin əhatə etdiyi nəhəng coğrafi əraziləri qarış-qarış gəzdirir, beləcə, böyük mətləblərdən tutmuş xırda detallara qədər hər şey oxucuya agah olur. “Yolçu” təkcə bir insanın taleyi deyil, həm də Gündoğandan Günbatacan böyük bir ərazini əhatə edən yenilməz bir millətin keçdiyi döyüşlər tarixidir. Nəriman Əbdülrəhmanlı bu əsəri yazarkən XVIII yüzilə adi bütün tarixi mənbələri diqqətlə araşdırıb, o dövrün tarixini, coğrafiyasını, etnoqrafiyasını, adət-ənələrini, yazılı və şifahi dil xüsusiyyətlərini, o dövr insanının həyat tərzini, düşüncələrini mükəmməl səviyyədə öyrənib. Bu əsər çox böyük zəhmət bahasına başa gəlib. Romanı oxuyarkən Azərbaycan dilinin zənginliyi, ədəbi dilin mükəmməlliyi adamı valeh edir.

 

Yolçu10859670_813591672011673_1389892718_nMirzə Yusifin hekayətini oxuduqca sənə elə gəlir ki, obraz kitabdan çıxır, əlindən tutub səni də özüylə birgə yola çıxarır və sən itaətkarcasına ona qoşulub isti-syuq, gündüz-gecə bilmədən çöllərdən keçib gedirsən, gecənin sazağı canına işləyir, günün istisi təpənə döyür, bu intizarın bitməsini istəyirsən, lap Mirzə Yusifdən betər darıxırsan, onun nisgili sənin içinə hopur. Onunla birlikdə sənin də gözlərinə duman çökür, ümidin ətəyindən əlin üzülür, sandıqdakı kitabların, əlyazmalarının üstündə əsirsən ki, çayı keçəndə sel aparmasın. Mirzə Yusif tək bir fərd deyil, həm də bir millətdir, bu millətin dərdi, kədəri, məşəqqətlərilə birgə böyük bir Vətəndir. Onun faciəsi həm də parçalanmış, bölünmüş Vətənin faciəsidir.

 

Yaddaşımızı oyaq saxlamaqdan ötrü bu əsəri oxumağımız vacibdir. “Yolçu” romanı oxucunu çox böyük mətləblərdən hali edir, onun tarixi prosesi dərk etməsinə yardımçı olur. Erməni xəlifəsinin və onun əlaltılarının alban məbədlərinin yazılarını sildirib öz bildikləri kimi yazdırması, kitabların əslini yandırıb  təhrif olunmuş formada yenidən özlərinə sərf etdikləri formada qələmə alması, gəlmələri bizim tarixi torpaqlarımızda yerləşdirməsi romanda təfərrüatıyla, yerli-yataqlı təsvir olunub. Bu kitab keçmişimizi cümlə-cümlə yaddaşımıza qaytarır, itmiş tarixi yaddaşımızı bərpa edir. Mirzə Yusif Tiflisi sanki bizə bələdçilik edir, o, həm də mənəvi dünyamızın səyyahıdır.

Romanın ən təsirli, ürəkgöynədən səhnələri Mirzə Yusifin Tiflisə qovuşmaq yolundakı cəhdləri, hər dəfə də bu cəhdin fələyin qəsdiylə (fələyinmi?!) uğursuzluğa düçar olması məqamlarıdır. Vəba qasırğa kimi Tiflisin başının üstünü kəsdirir, adamlar çəyirtkə kimi qırılır. Dağlılarla haqq-hesab çürütmək üçün yola çıxan Şah qoşunu geri qayıtmaq məcburiyyətində qalır. “…bu boyda fəlakətin ortasında vəbanın Səfəvilərin yurdu Ərdəbilə yaxın düşməməsi də Allahın bir hikmətiydi, Mirzə Kəmaləddin olub keçənləri İlahinin Əfşarlar xanədanından əməllərinə görə qisas almasıyla bağlayırdı”. Əfşarlar Səfəvilərə qarşı çox amansız olmuşdular və Mirzə Kəmaləddinin bu fikrindən aydın olur ki, Əfşarların Səfəvilərə qarşı çıxması həm də Tanrının hökmünə qarşı çıxmaq demək idi və buna görə Tanrı onları cəzalandırırdı.

 

Mirzə Yusif ömrünün son günlərində dünya işığına həsrət qalır. Tale ona son və amansız zərbəsini vurur. Amma Tanrı ona yer üzündəki missiyasını başa çatdırmaq üçün macal və fürsət verir. Ömrünün çox hissəsini elə Mirzə Yusif Tiflisi kimi qürbətdə keçirmiş Nişat Şirvani onun dediklərini yazıya köçürür. Bundan sonra o yollar yorğunu əbədi dincliyə qovuşur və Şəkidə, qaldığı karvansarayın həyətindən dəfn olunur…

 

Ləngərli və ağır təhkiyə üslubu, zəngin təxəyyül və dil arsenalı, tarixi məntiq və ardıcıllığın qorunması, mükəmməl struktur bu romanın sambal və siqlətini artırır. Yazıçının bədii dil sistemi olduqca mürəkkəbdir, amma bu mürəkkəblik üslub aydınlığına, təhkiyənin estetik və emosional təsir gücünü artırmağa xidmət edən mürəkkəblikdir. Əsər oxucudan səbr, təmkin və zəhmət tələb edir.

 

“Yolçu” Azərbaycan ədəbiyyatında hadisə sayılası bir əsərdir. Heç şübhəsiz ki, bu möhtəşəm roman layiq olduğu qiyməti alacaq və ədəbiyyatımızın ən qiymətli əsərlərindən birinə çevriləcək.

 

Yazıya 729 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.