Sıyrılıb çıxarsan həsrət içindən –
Tökülər həsrətim ayaqlarına.
Nura, səadətə çevrilərəm mən,
Qonaram alnına, dodaqlarına.
Bəxtəvər-bəxtəvər gülümsəyərsən…
Tutaram əlini ovuclarıma.
Bir az yanaqların solub deyəsən,
Saçların bir azca uzanıb amma.
Yenə səhərəcən qalarıq oyaq,
Səadət tökülər sənin gözündən.
İlahi, görəsən mən səndən qabaq
Necə yaşamışam bu yer üzündə?!
Dayanıb lap yaxın – nəfəs-nəfəsə
Əlinə, gözünə baxaram elə.
Gülüb pıçıltıyla deyərsən nəsə,
Boğaram sözləri öpüşlərimlə.
… Sonra dan sökülər – oyanar hamı…
Mənimsə bədənim – yanar bir ocaq.
Yenə səndən mənə – dolu külqabı,
Bir də otaq dolu tüstü qalacaq.
***
BU YOL
Bu yol görən hara gedir, ilahi…
Enişəmi, yoxuşamı, düzəmi?
Bizəmi – Təbrizəmi?
Məbədə getmirsə, hara gedir bəs?
Daha əldən düşdük, yorulduq daha,
Daha getmək olmur – təntiyir nəfəs.
Bu yolu kim gedib birinci dəfə,
Kim salıb bu yolu, bu yol kimindi?
Əyər oğulsansa, bir addım da at,
Əyər hünərin var, geri dön indi.
Nə geri qayıtmaq olur, nə də ki,
Nə də ki, irəli yerimək olur.
Sərilib qalmısan, atam-qardaşım,
Topla son gücünü qalx, ayağa dur.
Bu ulu dünyanın min bir yolu var:
Ot basmış yolu var, təzə yolu var.
Vəzifə yolu var, qeyrət yolu var,
Koroğlu yolu var, Həmzə yolu var.
Bu yol görən hara gedir, ilahi!..
Daha taqətim yox, titrəyir dizim.
Bu nə sayaq yoldu, necə yoldu ki,
Aparıb bir yana çıxarmır bizi.
İlğımlar görünür gözlərimizə…
Gedirik birtəhər, yixila-dura.
Bilmirik bu yolun harasındayıq,
Bilmirik hayandı, haradır bura.
Gah yandırıb-yaxır cəhənnəm odu,
Gah da döyür bizi şaxta, qar, dolu.
Cənnət öndədirsə, onda deməli,
Cəhənnəmdən kecir cənnətin yolu.
Sağ hanı, sol hanı – caşıb qalmışıq,
Günbatan haradır, gündoğan hara?
Getmək istəyirik qibləyə sarı
Vallah, bu yol bizi aparmır ora.
Dörd yandan cəhənnəm yelləri əsir-
Örtür arxamızca izlərimizi.
Yol deyil, bəlkə də qızıl ilandı
Qıvrılıb, hacansa çalacaq bizi.
Bu yoldursa, hara gedir, ilahi?!
***
SƏNƏ MƏKTUB
O gecə taksi də tapa bilmədik,
Düşdük küçələrə payi-piyada…
Büründük bir dünyü qayğısızlığa,
Sonra heç taksi də düşmədi yada.
Sonra bir dəlisov yağış başladı…
Yadındadırmı?
Sonra bir ilahi baxış başadı…
Sonra o ilahi baxış altda sən
Yumub gözlərini sığındın mənə.
Yumulu gözlərlə dünyaya baxdın,
Yumulu ğözlərlə dünya necəydi?
O nə sayaq gecəydi…
O nə qısa gecəydi, o nə oyaq gecəydi…
O nə xumar geçəydi…
O nə rahat gecəydi, o nə hamar gecəydi…
O gecə növbətci milisoner də,
O gecə yağış da, göylər də, yer də
Necə kövrək idi, ilahi idi…
İlahi, -deyirdim,- məndə baxta bax!
Qalxıb oturduğum sən bu taxta bax!
Sənsə titrəyirdin bir yarpaq təki…
Unudub hər şeyi hey deyirdin ki…
… Bax, elə o vaxtdan düşüb o taxtdan
Payi-piyadayam bu yollarda mən…
Bax, elə o vaxtdan, elə o vaxtdan
Hər gecə üstümə yağışlar yağır-
Yarpaq qarışıq…
Hər gecə yuxumda şimşəklər çaxır-
Diksinib yuxudan baxıb görürəm,
Yenə uzaqlaşır məndən bir işıq…
Bədənim yamyaşdır – su içindəyəm,
Alışıb yanıram – od içindəyəm…
Artıq min ildir ki, islanıram mən –
O yağış altda.
O yağış o odu söndürə bilmir…
Xəbərin varmı?!
Yazıya 1553 dəfə baxılıb