Rövşən Yerfi — “Lənətə gələnlər” (povestdən parça)

Valentina İvanovnanın yaşı qırx səkkizi ötsə də qırx yaşlı qadına bənzəyirdi. Ürəyi cavanlıq eşqi ilə döyünürdü. Ər tərəfdən bəxti gətirməyən Valentina ilk baxışda kişilərə qarşı soyuq 10006580_284601455040155_5294837386723467412_ngörsənməsinə baxmayaraq, könlünə yatana, zövqünü oxşayana laqeyd də qalmırdı. Onun xüsusilə qarayanız cənublu kişilərdən xoşu gəlirdi. Qızı “Pa – şa” ilə tanış olanda cavan oğlan onun da ürəyini yerindən oynatmışdı. O zaman otuz səkkiz yaşı olan Valentinanın qanının qaynar çağları idi. Tanış olduqları gündən Olyanın oğlanı evə gətirməsinə etiraz etməmişdi. Cavanlıqda öz başına gələnlərdən ehtiyatlanıb qızına bu cənubluya çox da etibar etməməsini, ağılla hərəkət etməsini məsləhət bilmişdi. Paşanın Olya ilə münasibətinin müvəqqəti olacağını güman edib qızından gizlin bir neçə dəfə fürsət düşəndə gənc oğlanı kefləndirib yatağına salmışdı. Sonralar onun Olya ilə görüşlərinin ciddiləşdiyini, ailə qurmaq həddinə çatdığını görəndə qızından çox, ətrafdakı insanların qınağından qorxub, «həvəsdi bəsdi» deyib, Paşadan əl çəkmişdi. Deyəsən, neçə illər keçəndən sonra içki məclislərində sərxoş qadınların Paşanın yataq məharəti haqqındakı söhbətləri onu yenidən günah etməyə sövq etmişdi.

Bir qadın kimi o da Paşanı ilk gördüyündən bəyənmişdi. Onun heç də qızının xoşbəxtliyinə mane olmaq və ya şərik çıxmaq fikri yox idi. Allahın rəva bildiyi anlarda, misqal qədər olsa da qadın xoşbəxtliyini canında hiss etmək ona günah idimi? Nə etsin ki, taleyi özü istəyən tərzdə olmamışdı? Taleyini özündən çox qızını böyüdüb xoşbəxt olmasına həsr etmişdi. Ancaq indi, çəkdiyi acılardan xəbərsiz olan qızı onu başa düşmək istəməyib, tam tərsinə, xoşbəxtliyini əlindən almaq istəyən xain kimi görürdü. Başqalarını da unudub  ən çox öz anasına rəqib, az qala düşmən münasibəti göstərirdi. O gün qızının: -“Ana, sən başa düşürsən nə etdiyini,”- sualına yalnız -“bilərəkdən etmədim, hisslərim məni yoldan çıxartdı,”- cavabını verə bilmişdi…

Bu vəziyyətdə Olya üçün daha bir yerdə onunla yaşaması mümkün deyildi. Hər ikisindən – anasından da, ərindən də incimişdi. Zavallı Olya nə biləydi ki, nigahınadək anası ilə ərinin xəlvəti macəraları olub? Əvvəlcə Paşanı qovmaq, rədd etmək fikrinə düşdü. Sonra uşaqlara görə fikrindən daşındı. Paşa qədər anası da günahkar idi. Hər halda anasız keçinə bilərdi, lakin uşaqlarının xətrinə Paşadan ayrıla bilməzdi. Yaxşısı anasının evindən çıxıb, kənarda kirayə mənzil tutub yaşamaq idi. Belə olanda Paşa yenə Vətənə, el-obasına qayıtmaq söhbətini ortaya atdı. Son illər, o, tez-tez anasını xatırlayıb Olyanı kəndlərinə aparmağa həvəsləndirirdi. Öz anasını, qəsəbəsini atmaq istəmədiyindən çox vaxt ərinə müsbət cavab vermirdi. Amma, yaxşı deyiblər: «Yanlış da bir naxışdı». Anasının onu «arxadan vurması», ötəri də olsa ərinə tamah salması Olyanın fikrini dəyişdirdi. Olanları yaddan çıxardıb anasına olan kinini, nifrətini uzaqda, yeni mühitdə unudaraq Paşa ilə münasibətlərini təzədən qurmaq xatirinə cənuba köçməyə daha etiraz etmədi. Baş vermiş biabırçılığı unutmaq, davam etməsinin qarşısını almaq naminə daim laqeydliklə yanaşdığı, ərinin vətənə qayıtmaq arzusuna razılıq verdi. Olya üçün həmişə “ləçərlər” adlandırdığı qadınların sırasına anasının da qoşulması dözülməz idi…

 

***

 

Paşa qaynanası Valentina ilə olan münasibətdə özünü elə də günahkar saymırdı. O, ilk dəfə Olyagilə gəlib anası ilə tanış olanda münasibətləri tam ciddiləşməmişdi. Düzdür, sevişməyə başlamışdılar, amma evlənəcəklərini tam yəqinləşdirməmişdilər. Bu, təbii bir hal sayılırdı. Azadəlik hökm sürən qəsəbədə kimin kimdən xoşu gəlir sevişir, hətta qeyri-rəsmi olsa da vətəndaş nikahı adı ilə istədikəri qədər birgə yaşayırdılar. Sevmədiyini hiss edən gün münasibətini kəsib ayrıla da bilərsən. Bundan ötrü kimsə kimdənsə nə incimir, nə də vəfasızlıqda qınamırdı.

Tanışlıq günü Olyanın anasının xoşuna gəlməyindən də sevinmişdi. Səhəri günü Valentina onu Olyadan gizlin bir kafedə görüşə dəvət edərkən qızı barədə ciddi söhbət olacağını güman etmişdi. Lakin bağlı kabinetdə bir neçə qədəh şərab içəndən sonra Valentinanın heç də qızına dair deyil, öz şəhvətinə görə çağırdığını anlayanda, “yox” demək istəsə də, onun qəzəblənəcəyindən, sonda Olyanı da itirəcəyindən ehtiyatlanıb etirazını içində saxladı. Sərxoş başla düşündü ki, onsuz da burda müvəqqəti yaşayır, bir gün vətəninə qayıdacaq. Təzə qayda-qanun yaratmaq ona qalıb? Könül sındırıb, pis olmaqdan nə çıxar? Əksinə istəyinə çatandan sonra görüşünün qızından gizlin qalmasını dönə-dönə xahiş edən Valentina qarşısında qula çevrilmişdi.

İki ay ərzində həftədə bir dəfə baş verən bu macəraya, Olyanın hamiləliyi, evlənib bir yerdə yaşamaları son qoydu. Qızının xoşbəxtliyi naminə Valentina gizlin sevişmədən imtina etməli oldu.

Ayağını bu torpağa qoyandan heç bir qadının qəlbinə dəymək istəməyən Paşa üçün Valentina toxunulmaz qadın məfhumunu mənasızlaşdırmışdı. İki oğlu dünyaya gələnədək qadınlara fərq qoyan Paşa Rüstəmdən sonra istənilən qadının rəğbətinə etinasız qalmırdı. O, kimsəni yoldan çıxarmırdı, sadəcə yoluna çıxanlara etiraz etmirdi.

Belə təsadüfi görüşlər hər gün yox, üç-dörd aydan bir, bayramdan-bayrama baş verirdi. Əvvəllər küsüb-inciyən Olya uşaqlar böyüdükcə, Paşanın yüngülayaq xasiyyətinə vərdiş almışdı. Hər dəfə onun yeni macərasıından xəbər tutub əvvəl sorğu-sual edər, sonda günahsızlığını iddia edən ərini hədələyərdi:

– Bu nec əolur, məni başa sal. Nə vaxt çox içirsən, günah səndə olmur, hansısa “prostututka” ilə yatırsan, yenə səndə günah olmur. Məndən başqa kimsənin ürəyinə dəymirsən. Bəs mənə niyə xəyanət edirsən?

– Olya, sən bunu xəyanət hesab edirsən? Əzizim, bu, olsa-olsa ötəri anlardır…

– Eləmi, Pa–şa? Əgər nə vaxt sabilsən ki, məndə başqası ilə ötəri anlar yaşamışam, incimə…

Olyanın hədələrinə Paşa elədə inanmırdı. Çünki, o, düşünürdü ki, hər bir tələbatı ödənilən qadın xəyanət etməz. Bu baxımdan yoldaşına diqqətini heç vaxt əsirgəmirdi ki, kiməsə ehtiyacı olsun. Qayğısı və şirin diliilə hər an könlünü ala bilirdi. Həm də həmişə yaşıdları və rəfiqələri arasında ərli olması ilə öyünənO lyanın ciddi sayılmayan xırda söhbətlərə görə ondan belə asanlıqla əlini üzməyəcəyinə arxayınidi. Ancaq illər ötdükcə nədənsə Olyaya sevgisinin azaldığını, yoldaşını daha çox uşaqlarının xoşbəxtliyi üçün istədiyini hiss edirdi.

Dörd ildən sonra birinci dəfə kəndə gedərkən, anasının hər şeyi atıb, kəndə qayıdıb, yeni ailə qurmaq təklifinə Paşa ciddi yanaşmamışdı. Onun oğlanlarını özgələrə vermək fikri yox idi. Uşaqlarını istəyirsə, onların anasını da ata bilməzdi. Hamılıqla köçməyə isə Olya razı deyildi. O vaxtdan Vətənə qayıtmağı ürəyinə dərd eyləyən Paşa arağa mehrini bir az da artırmışdı. Daim qanı qaraçılığa səbəb olan bu söhbət fəsillər, illər dəyişsə də dilindən düşmürdü.  Hər dəfə vidalaşarkən möhlət istəyən, anasına qayıdacağına söz verən Paşa, sözünə əməl edə bilmirdi.

Olyaya sevgisi azaldıqca şəraba, özgə qadınlarla təsadüfi görüşlərə marağı da güclənirdi. Həmişə yerlilərinə qaynamayıb, özbaşına yaşamağı üstün tutan Paşa son beş ildə xasiyyətini dəyişib istiqanlaşmışdı.  İlk illər yoldaşı ilə bir müəssisədə işləməkdən zövq alırdısa, sonralar Olyanın nəzarətindən canını qurtarmaq üçün, maaşının azlığını bəhanə edib iş yerini dəyişdi. Özünü sərbəst hiss etdikcə, qadınlara çoxalan ehtirası qalan ömrünü əyləncə ilə keçirməyə sövq edirdi. Ürəyini sıxan tənhalıq, qəriblik ağrısını yalnız belə yolla unutmağa çalışırdı. Hərdən yerliləri ilə bir yerə yığışıb yeyib içər, vətəni xatırlayıb, dərd-sərlərini bölüşərdilər. Heç onlardan da özünü xoşbəxt hiss edən yox idi. Vətəndaş nigahı adı ilə yaşadıqları qadınların evlərində qonaq olduqlarını duyan bu kişilərin gözlərin də gizlin nisgil yatırdı. Doğma yurd nisgili. Bir çoxu isə ailəsini Vətəndə özbaşına qoyub qazanc arxasınca gəlmişdi. Ailəsə adətini qazanca dəyişənlər düşdükləri mühitə uyğunlaşdıqca qazanclarının bir hissəsini eyş-işrətə sərf etməklə gələcəkdə onları nifrətlə xatırlayacaq nadan törənən övladlar böyüdürdülər. Artıq bu nifrət özünü onillərdə göstərməkdə idi. Xüsusilə ətraf qəsəbələrin bazarlarında işləyən yerliləri arasında üstü açılmayan qətllərlə öldürülənlərin ilbəil çoxalması onlara qarşı pisləşən münasibətdən xəbər verirdi.

Paşanın kənar qadınlarla macəraları sırasında Olyanın yaxınlarından birincisi kişibaz olan dayısı arvadı Veronika ilə baş vermişdi. Gizli qalan bu görüşü məclislərin birində həmin qadının sərxoş vəziyyətində rəfiqələrinə danışması onunla “yatmaq” istəyən tanışlarının sayının artmasına səbəb olmuşdu. Paşa yazıq nə etməliydi, qara qarğalar içində ağ qarğaya dönməliydimi?

Fürsət düşən kimi eşitdiklərinə əmin olmaq istəyən Olyanın xalası, əmisi qızı, rəfiqəsi, daha kimlər qısa sərgüzəştlərlə tədricən Paşanın qeyri-adi siyahısını zənginləşdirdilər. Beş-alt ıi ləvvəl Paşa başına belə bir işin gələcəyini fikirləşsəydi, heyrətindən qulağını çəkərdi. Lakin, indi ətrafındakı şəraitin təsirindən elə dəyişmişdi ki, olanlar ona adi münasibətlər kimi görünürdü. Fikrincə təlaş keçirməyə heç bir əsas yox idi. Hər şey insanların öz könlü, istəyi ilə baş verirdi. Əgər, o, Olyanın da kiminləsə sevişdiyini bilsəydi, daha dəhşətə gəlməzdi. Əlbəttə, qəlbinə dəyərdi, ancaq bunu cinayət, ya da bədbəxtlik saymayıb, bir söz demədən boşanardı. Az bir qisim də qanuni nigahı olan, əksəriyəti subay, ya da vətəndaş nigahında yaşayan bu insanlar içində boşanmaq adidən də adi idi. Olyanın ondan ayrılmaq istəməməsinin səbəblərindən biri, bəlkədə yaxınlarının Paşadan ötrü əldən-ayaqdan getməsi idi. Üzdə nə qədər hirslənsə də, qanı qaralsa da, ürəyində çoxlarının həsrət çəkdiyi belə qanuni əri olması ilə öyünürdü.

Həyatda hər şeyin müvəqqəti olduğunu bilən, bu gündən sabaha yetərli ümidi olmayan Paşa təbiətin ona bəxş etdiyi cavanlıqla bağlı üstün xüsusiyyətlərinin də bir zaman sona yetəcəyini başa düşür, yaşamaqdan bacardığı qədər zövq almağa cəhd edirdi. Bu sayaq kefli günlərininbirində Olyanın işdə ləngiyəcəyini güman edən Valentinanın yenidən, gözləmədiyi halda onun qucağına atılmasını Paşa ağlına heç cürə sığışdıra bilmirdi. On il keçəndən sonra görən hansı hisslər vadar etmişdi ki, o, özünə qoyduğu qadağanı pozmalı olmuşdu. Həmin gün içdiyi şərabın təsiriidi, yoxsaPaşanın «yataq fəallığına» dair qulağına çatan söhbətlər idimi coşdurub ağlını alan? Vəziyyətin acınacaqlısı ondaydı ki, Valentina təşnəsini söndürməyə çalışarkən işdən həmişəkindən tez qayıdan Olya mənzilə girib onları cinsi “fəaliyyət” anında tutmuşdu. Qəzəblənmiş Olya bildiyi ən pis söyüşlərlə onları acılayıb təhqir etdi. Acığından ağlayanOlya üç gün heç biri ilə danışmadı. Utandığından dərdini kimsəyə danışıb, açıb ağartmadı. Paşa özgə evdə kirayədə qalmaqdansa kəndə, evlərinə qayıtmaq üçün Olyanı dilə tutmağa başladı. Olyanın razılaşması ildən çox çəkdi.

Axır vaxtlar Paşanı darıxdıran səbəblərdən biri də ötən qış yaxınlıq etdiyi qadınlardan Marina adlı birinin SPİD-dən ölməsi şaiyəsi idi. Deyilən şaiyə həqiqət də ola bilərdi. Nəzərə alsa ki, Marina ilə son görüşü elə də çox yox, yarım il əvvələ təsadüf edir, onda ola bilsin həmin xəstəliyə bəlkə, o, da yoluxubmuş. Gəl ki, qanını yoxlatmağa, şübhələrinə son qoymağa iradəsi çatmırdı. Birdən təsdiqlənərsə ki, ehtimal deyil, həqiqətən həmin xəstəliyə yoluxub, xeyri nə olacaqdı? Bilsə fikir çəkməklə daha da ölümünü tezləşdirəcəkdi. Çıxılmaz vəziyyətə düşüb dərd eləməkdən, ölümünü gözləməkdən savayı nə edə biləcəkdi? Özünə bu torpaqda gömülməyi heç arzulamırdı. «Gəzməyə qərib ölkə, ölməyəVətən yaxşı», nə qədər doğru fikir imiş, – düşünürdü. Öz obasında,torpağında ölərsə onu xatırlayan olacaqdı, oğulları böyüyüb xatirəsini yaşadacaq, ata mülkünə sahiblik edəcəkdilər. Burda, yadlar içindəisə unudulacaqdı, uşaqları da onun yox, özgə millətin oğullarına çevriləcəkdilər. Belə günahlarla dolu həyatın belə də sonluğu olmalı idi. Yubanmadan olanlara tövbə edib öz torpağına, əvvəlki həyatına, əxlaqına qayıtmalı idi. Şərəfsiz ölüm arzulamırdı özünə. Bəlkə, Allah yurduna dönüşünə görə günahlarını bağışlayıb, ondan adi insan ömrünü əsirgəməyəcəkdi? Əvvəlki Paşaya dönmək çətin deyildi, ona yalnız çoxi çməyi mane ola bilərdi. Əgər içməyi azalda bilsəydi…

 

***

 

 

 

 

Yazıya 824 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.