Əslində, bu möhtəşəm ədəbi xəzinənin nə dərəcədə ədalətli formada tərtib edildiyini iddia etmək üçün həm dərin bilikli, həm də bir xeyli cəsur publisist olmaq lazımdır. Amma hər halda hər il nəşr olunan “Avropanın ən yaxşı hekayələri” (“Best European Fiction” –BEF) antologiyası üçün seçilən hekayələr olduqca uğurlu hekayələrdir.
Artıq kitabsevərlər Nobel fondunun Modiano şokundan sonra ədəbi aləmdəki heç bir hadisəyə təəccüblənmədiklərini deyir. Elə bu antologiyada hekayələri yer almış müəlliflərdən bəzilərinin heç öz ölkələrində də tanınmış imza sahibləri olmaması da heç kimi təəccübləndirmədi. Çünki, imzalar tanış olmasa da, hekayələr bütün oxuyanların və ədəbi tənqidçilərin tərifini qazandı. Antologiya ilə bağlı digər mübahisəli məsələ isə olduqca məşhur imzaların hekayələrinə yer verilməməsi idi. Məsələ ilə bağlı “BEF”-in idarə heyətindən gələn açıqlamada “HuffingtonPost”-da belə əks edilib: “Onların hekayəsi onsuz da hər yerdədir. Üstəlik bizim məqsədimiz tanınmışları çap etmək deyil, ən yaxşıları çap etməkdir”.
“BEF” silsilə antologiyalarının nəşrində əsas məqsəd Avropa ölkələrində yaşayıb-yaradan müəlliflərin yaradıcılıqlarını izləyib, illərə meydan oxuyacaq ədəbi ustalıqla yazılmış hekayələrə ingilis dilində həyat verib, onu digər ölkələrin oxucularına tanıtmaq və Avropa ədəbiyyatı xəzinəsinə qatmaqdır. Builki antologiyada 30 müəllifin hekayələri toplanıb.
Hekayələrdə əsas diqqətçəkən məqam isə ən yeni ədəbi trendlərin ilk izlərini daşımalarıdırsa, digər məqam isə Avropanın bütün ölkələrində insanların gündəlik həyat tərzində nəzərə çarpan dərəcədə bədbin, boz, narahat vəziyyətin olması və bunun tamamilə fərqli dillərdə yazan müəlliflərin hekayələrində ortaq cəhət olmasıdır. Antologiyanın ən çox təqdir alan hekayələri arasında Diyeqo Maraninin “Qatara gecikən adam” (“The Man Who Missed Trains” – İtaliya), Con Tumisin “Qəlbin son sözü” (“What the Dying Heart Says” – İrlandiya), Matjaz Brulkun “Hiyləgər” (“Quirky” – Sloveniya), Coanna Uolşun “Ocaq” (“The Fire” – Litva) hekayələri var. Onu da qeyd edək ki, antologiyadakı 30 hekayədən 27-si ingilis dilinə tərcümə olunub
Yazıya 674 dəfə baxılıb