Qərib MEHDİ — Bilyard şarı

Qerib-Mehdiyev  Görkəmli recissor, əməkdar incəsənət xadimi Hüseyn Sultanovun əziz xatirəsinə


Keçən əsrin 50-ci illərində Hüseyn Sultanov Gəncə Dövlət Teatrının baş rejissoru vəzifəsini tuturdu. O, bir sıra səhnə əsərlərinə quruluş vermişdi. İllər keçsə də, onun yozumunda Hüseyn Cavidin «Şeyx Sənan» və Nazim Hikmətin «Kəllə» pyeslərinin maraqlı səhnə təcəssümü yadımdan çıxmır. Fikrimi ona görə birinci şəxsin dilindən səsləndirirəm ki, o dönəmdə mən də teatrda işləyən, kütləvi səhnələrdə «urrey» deyənlərdən biriydim. Bu təmas mənə müxtəlif xasiyyətli səhnə ustalarını yaxından müşahidə etməyə imkan yaradırdı.

H.Sultanov təkcə rejissorluq istedadına görə deyil, şəxsiyyətinə, davranışına görə də həmkarlarından seçilirdi. Çərçivəsiz hərəkətlər, şit zarafatlar, boşuna vaxt öldürmək, ziyafət və qadın düşgünlüyü ona yad idi. Tovuzda doğulan, Moskvada ali rejissorluq təhsili alan sənət adamının qabiliyyətini Respublika miqyasında da qəbul edirdilər. İnsani münasibətlərdə xoşladığı nəsnə sözübütövlük, zəhləsi getdiyi hal isə ikiüzlülük idi. Sonralar onu Bakıya Gənclər Teatrının baş recissorluğuna, oradan da Azərbaycan KP MKya məsul vəzifəyə irəli çəkdilər. 
Və bir də Gəncə teatrında çevikliyi ilə daha çox seçilən, zamanında bunun bəhrəsini görən Sərvət Dümbəliyev vardı (adı şərtidir). Dümbəliyev müxtəlif rəngli saplardan toxunan ölçüsüz üst geyiminə oxşayırdı. Elə ölçüsüz olduğuna görə də bütün vəzifəlilərin əyninə gəlirdi. Mətbuatda «ikili standartlar», «ikili vətəndaşlıq» terminlərinə tez-tez rast gəlirik. Dümbəliyevin xasiyyətində də ikilik – yuxarılara yaltaqlanmaq, aşağılara xoruzlanmaq xüsusiyyəti möhkəm yuva salmışdı. Ona istedadsız adam demək düzgün olmazdı. Dümbəliyev səhnədə özgənin, həyatda öz sözləri ilə yaxşı oynayırdı. Üzdə bir söz, arxada başqa söz deməyin mahir ifaçısı idi. Sənətdə yüksək rütbəyə çatmışdı. Uğurlarının hamısı da ikili mövqeyindən qaynaqlanırdı.

Sərvət bəyin hobbisi də maraq doğururdu. O, qızğın bilyard oynayanlardan sayılırdı. Bir şarı neçə deşiyə salmağın ustası idi. Boş vaxtlarında geniş foyenin bir tərəfində yerləşdirilən bilyard oyunçularının hay-küyü kəsilməzdi. Bu yarışmalarda çox vaxt Dümbəliyev teatr çempionu olurdu. Çünki bir daşın müxtəlif deşiklərə girməyinin sirrini yaxşı mənimsəmişdi. 
Sərvət bəy Hüseyn Sultanova münasibətdə də tutduğu yoluna sadiq idi. O, baş rejissorun üzünə təriflər yağdırar, arxasında kölgəsini qılınclayar, nalayiq sözlər deməkdən çəkinməzdi. Xüsusilə, şəxsi mənafeli işini aşırmaq istəyəndə tərifini ikiqat eləyərdi. Ürək dolusu deyirdi:
– Hüseyn müəllim, siz Gəncə Teatrının Stanislavskisiniz. Sənətdə siz Azərbaycanın məşhur rejissorlarından Mehdi Məmmədova, Adil İsgəndərova, Tofiq Kazımova tən gəlirsiniz. Təbiətdə isə sizi yalnız çoxəsrlik, nəhəng Xan çinara bənzətmək olar.
Arxada dediklərindən qətiyyən utanmırdı: 
– Hüseyn Sultanov «dubdur!» Hissiz, duyğusuz, yaradıcılıq axtarışlarından məhrum bir kötük! İstənilən anda dediklərimi sübuta yetirə bilərəm.
Sən demə, bunların hamısını baş rejissor bilirmiş. Nədənsə üstünü vurmurmuş. Elə bil zamanını gözləyirmiş.
Bir gün yenə bilyard üzrə yarışma gedirmiş. Baş qəhrəman Sərvət Dümbəliyev də oyunçular arasında. Elə bu ara Hüseyn Sultanov foyedən keçib iş otağına gedirmiş. Hörmət əlaməti olaraq iştirakçılar oyunu dayandırıb baş rejissora yol verirlər. Hüseyn bəy səslənir: 
– Oyunçu aparsın! Məşğuliyyətinizdən qalmayın, davam edin.
Sərvət Dümbəliyev bu anın özündən də istifadə etməyə çalışır. O, yaxşı bilir ki, ilıq su ürək bulandırsa da, ilıq söz rəhbərlər üçün şəfaverici bir dərmandır. 
– Hüseyn müəllim, mənim haqqımda qəzetə məqalə hazırlayırlar. Sənətim hamıya bəllidir. Xahiş edirəm, şəxsi keyfiyyətlərim haqqında bir neçə söz deyəsiniz. Sizin sözlərinizə böyük ehtiyacım var. Zarafat deyil, bu sözləri Gəncə Teatrının Stanislavskisi deyir.
Hüseyn Sultanov mənalı halda qımışır:
– Onda gərək aydınlaşdırıcı bir imtahandan keçəsən?
Bir əlində bilyard şarını, o birində kiyi tutan Dümbəliyev şəstlə dillənir:
– Mən sizə həmişə imtahan verməyə hazıram. Əminəm ki, cavablarım yüksək qiymətə layiq görüləcək.
Hüseyn bəy müsahibinin əlindəki bilyard şarına işarə edərək:
– Sərvət bəy, elə cəmi-cümlətanı bircə sual verəcəyəm. Əlində tutduğun bu şarın üzünü mənə göstər, – deyir.
Gözlənilməz sual, həm də onun qəribəliyi Dümbəliyevi çaşdırır. Aktyor əlindəki şarı çox oyan-bu yana çevirir, onun üzünü tapmağa çalışır, ancaq cəhdinə nail ola bilmir. Acizanə dillənir: 
– Hüseyn müəllim, bu şarın üzünü müəyyənləşdirmək müşkül məsələdir.
Baş rejissor Dümbəliyevin ikili münasibətindən qətrə-qətrə yığdığını birdən əndərir:
– Bax, sən də bu şar kimisən. Sənin də üzünü müəyyənləşdirmək müşkül məsələdir.

Yazıya 821 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.