“Vinsent Van Qoq: rəng, xətt və formaların emosional təsiri” mövzusunda açıq dərs keçirildi

WhatsApp Image 2024-01-16 at 17.07.27F.Salmanov adına Şəmkir şəhər tam orta məktəbin 8b sinfində təsviri-incəsənət müəllimi Brilyant Hacıyevanın açıq dərsi keçirildi.

Dərsdə məktəbin direktoru Alidə Hüseynova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri; Sevinc Hüseynli, Pərvanə Mərdanova, Uşaq Birliyi Təşkilatının rəhbəri Səidə Zamanova, dil-ədəbiyyat müəllimi Azadə Rəhimova və 8b sinfinin rəhbəri Səadət Hüseynova iştirak edirdi.

Dünyaca məşhur professor F.Salmanovun adını daşıyan məktəbdəki səliqə-sahman, sinif otaqlarındakı müasir avadanlıqlar, peşəsinə sevgi və məsuliyyətlə yanaşan müəllim heyəti, təmiz və səliqəli uniformalardakı şagirdlər Azərbaycan təhsilinin inkişafından xəbər verirdi.

Uyğun dekorlarla dizayn edilmiş sinifdə dərsin mövzusu məşhur postimpressionist rəssam Vinsent Van Qoqun əsərlərindəki rəng, xətt və formaların emosional təsirinə həsr edilmişdi. Açıq dərsin praktik hissəsi Fikrət Əmirovun, Qara Qarayevin, Üzeyir Hacıbəyovun əsərlərinin sədası altında keçirildi. İlk olaraq müəllim şagirdlərə əvvəlki dərs barədə suallar verdi. Şagirdlərdən Rzayeva Mələk Razim qızı əvvəlki dərs – Rodenin heykəltaraşlıqda istifadə etdiyi ifadə vasitələri və müəllifin “Kale vətəndaşları” əsəri barədə fikirlərini söylədi. Köhnə dərsin mövzusu möhkəmləndiriləndən sonra müəlim yeni dərsin motivasiya hissəsinə keçid etdi. Bu hissədə elektron lövhədə Van Qoqun mənzərə, portret, natürmort janrında çəkilmiş əsərlərindən ibarət videoçarx nümayiş olundu. Müəllim çarxdakı görüntülər və fon musiqisi barədə şagirdlərə məlumat verdikdən sonra ikinci videoçarxı təqdim etdi. Bu çarxda da eyni əsərlər daha hərəkətli, animasiya üslubunda nümayiş olunurdu. Burada müəllimin məqsədi şagirdlərin rəsm kompozisiyası üzərində musiqini səsli görmək bacarıqlarını yoxlamaqdan ibarət idi. Suala keçməzdən əvvəl dərs müəllimi belə bir qeyd etdi: “Elə rəssamlar var ki, onların əsərləri musiqi kompozisiyası kimidir. Məsələn, bu gün əsərlərinə müraciət etdiyimiz Van Qoqun və bizim dahi rəssam Səttar Bəhlulzadənin yaradıcılığına diqqət etsək, ordakı səsi, musiqini də görər, eşidərik”. Sonra o, hər iki rəssamın yaradıcılığı barədə müqayisələr apardı və dərslikdə qeyd edilmiş məlumatlardan başqa, Van Qoqun həyatı və yaradıcılığı, əsərlərinin ümumi kaloriti, janrı, üslubu barədə ümumi məlumat verdi.

Üç qrupa bölünmüş şagirdlərə verilən tapşırıq V.Qoqun “Günəbaxanlar” silsilə əsərlərinin surətini çıxarmaqdan ibarət idi. İlk olaraq müəllim bu əsərləri elektron lövhədə görüntülədi və təhlilinə başladı. Sonra o, Van Qoqun “Kartofyeyənlər” əsərini ekrana gətirərək əsərdə rəng, xətt və formaların emosional təsiri barədə izah verdi, və şagirdlərdən insanlarda bu əsərin hansı təəssürat oyatdığını soruşdu. Əsədova Güleylə Zakir qızı əsərdəki süfrənin kasıblığından, insanların üzgün üz ifadələrindən söz açaraq, əsərin bədbin ruhlu olduğunu dedi. Müəllim şagirdlərin rəng duyumunu daha da zənginləşdirmək məqsədilə soyuq kaloritli “Kartofyeyənlər” əsərindən dərhal sonra özünün Van Qoqa həsr etdiyi, isti rənglərdən ibarət “Van Qoq və günəbaxanlar” əsərinin müzakirəsinə start verdi. Mustafayev Nurlan Ələsgər oğlu əsərin həyatsevərliyindən, insanlara sevinc, sevgi bəxş etdiyindən və Van Qoqa olan böyük sevgidən bəhs etdiyini söylədi. Qabaqcıl şagirdlər – Süleymanova Füruzə Tural qızı, Məmmədova Ümbülbanu İlqar qızı, Zamanova Güllü Asif qızı, Pənahov Ramal Zeynal oğlu əsərdəki perspektivdən danışdı.

Dərsin ikinci hissəsində müəllim şagirdlərə ev tapşırığı olaraq Van Qoqun həyat və yaradıcılığı barədə əlavə məlumatlar öyrənmələrini və esse şəklində təqdim etmələrini söylədi.

Dərs dinləməsi başa çatdıqdan sonra məktəbin direktoru Alidə Hüseynova müasir təlimin bütün mərhələlərini diqqətlə yerinə yetirdiyinə, mövzunun nəzəri hissəsini şagirdlərə dolgun şəkildə izah etdiyinə görə Brilyant Hacıyevaya və bu nümunəvi sinfin rəhbəri Səadət Hüseynovaya öz dərin minnətdarlığını bildirdi.

Açıq dərsdə iştirak edən müəllimlər də incəsənət müəllimi Brilyant Hacıyevadan, bu günkü dərs dinləməsində aktiv iştirak edən sinif rəhbəri Səadət Hüseynovadan, səliqə-sahmanları, dərsə məsuliyyətləri ilə seçilən 8b sinfindən razı qaldıqlarını vurğuladılar. Brilyant müəllim öz çıxışında məktəbin rəhbərliyinə və sinif rəhbərinə minnətdarlığını bildirərək: “Hər bir övlad valideynin güzgüsü olduğu kimi, sinif şagirdləri də sinif rəhbərinin güzgüsüdür” – dedi və “bu gün yetirmələrini öz güzgüsündə bizə saf, təmiz, ləkəsiz təqdim edən müəllimlərlə fəxr edirik”, – deyə,  əlavə etdi.

Sonda dərs dinləməsində iştirak edən şagirdlər müxtəlif təşəkkürnamələrə, təltiflərə layiq görülərək qiymətləndirildilər.

Bu gün səsi respublikanın müxtəlif ali məktəblərindən gələn, Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının, idmanının inkişafında təqdirəlayiq işlər görən, yeniliklərə imza atan F.Salmanov adına Şəmkir şəhər tam orta məktəbinin məzunları Azərbaycan Vətən Müharibəsində, 44 günlük Zəfər tariximizdə də seçilməyi, zəfər tarixinin səhifələrinə adlarını yazmağı bacardılar, İkinci Qarabağ Müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə nizamlanan, döyüşə atılan oğullar uzun illərdir gözlədiyimiz qələbə müjdəsi ilə geri döndülər. Onların arasında torpaqlarımız uğrunda canını fəda edənlər, müqəddəs Şəhid adını qazananlar da oldu. Belə qəhrəman, gələcək nəsillərə örnək oğulların, məktəbin Şəhid məzunları Ayxan Qədimovun, Təbriz Əsgərovun, Mətləb Zamanovun, Telman Qarayevin fotoşəkilləri bu gün məktəb divarlarının bəzəyi, müəllim və şagird heyətinin qürur, and yeridir.

WhatsApp Image 2024-01-14 at 19.59.57 (1)

WhatsApp Image 2024-01-14 at 19.59.58 (1)WhatsApp Image 2024-01-24 at 12.20.35 WhatsApp Image 2024-01-14 at 19.59.58 (2) WhatsApp Image 2024-01-14 at 19.59.58 WhatsApp Image 2024-01-14 at 19.59.59 WhatsApp Image 2024-01-16 at 12.37.15 WhatsApp Image 2024-01-16 at 17.05.52 WhatsApp Image 2024-01-16 at 17.07.27

 

İradə Aytel

 

mənbə: “525-ci qəzet”

Yazıya 89 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.