Onu Azərbaycanda, elə ondan kənarda da yaxşı tanıyırlar. Bu, Sovet İttifaqı Qəhrəmanı, görkəmli alim, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, EA-nın Şərqşünaslıq İnstitutunun direktoru Ziya Bünyadovdur. Həyatı az qala əfsanəyə cəsarət rəmzinə çevrilmişdir.
Yaşının yetmişi keçməsinə baxmayaraq, o, yenə yaraşıqlı, şux qamətli, mütəhərrik, cəlbedici – bir sözlə cavandır. O zaman, müharibə başlayanda cəbhəyə gedən iyirmi yaşlı leytenantın necə olduğunu isə özünüz təsəvvür edin.
Gələcək qəhrəman Astarada doğulmuş, uşaqlıq və gənclik illəri Göyçayda keçmişdir. 1939-cü ildə orada orta məktəbi bitirmişdir. Görünür, elə o vaxtdan hərbçi olmaq arzusu ona dinclik vermirdi. Elə buna görədir ki, özünü iki yaş “böyüdərək” 1939-cu ildə Bakı piyada məktəbinə daxil olur və müharibə ərəfəsində oranı bitirir. 1941-ci ilin mayında leytenant Bünyadov Moldaviyanın Benderı şəhərində vzvod komandiri kimi xidmətə başlayır. Müharibəni də elə orada qarşılayır.
… 1941-ci ilin 22 iyun günü həyatı həmişəlik iki yerə ayırdı – müharibəyə qədərki və müharibədən sonrakı dövrlər. Qəfil bombardmanlar, qarmaqarışıqlı, çaxnaşma və bunların nəticəsi kimi geriyə çəkilmənin faciəli, ağrılı-acılı günlərin, hədsiz, əksərən də mənasız itkilər başlandı. Ziya da bir qrup döyüşçü ilə rastlaşdıqları faşist desantçıları ilə döyüşə-döyüşə geri çəkilirdi.
Ucdantutma geri çəkilmənin bu qarmaqarışıqda bir çoxları dərhal, bəziləri isə sonradan ordudakı cürbəcür xüsusi şöbələri çək-çevirinə məruz qalırdılar. Onlar döyüşçülərin nə üçün və hansı şəraitdə geri çəkilməsinə, yaxud əsir düşməsinə o qədər də məhəl qoymur, bildiklərini edirdilər. Bu baxımdan zabitlərin, ələlxüsus yuxarı komandir heyətinin taleyi daha acınacaqlı idi.
Ziya Bünyadov bu “asıb-kəsmədən” ötüşdü – iş elə gətirdi ki, o nəinki mühasirədən çıxdı, həm də polkun bayrağını xilas etdi. Əsgəri şərəfin quru söz olmadığı həmin dövrdə bu, böyük iş idi.
Beləcə geri çəkilə-çəkilə Şimali Qafqaza (taleyin acı hökmü ilə indi əsl müharibə gedən, səhər-axşam cəbhə xəbərləri alınan – keçmiş cəbhəçi bunları eşitdikcə ürəyi qövr edir) – Mozdoka, Qroznıya çatdılar.
Burada əsl böyük vuruşmalarda iştirak etdi, gözlənilməz həmlələrə getdi, düşmənin əlinə keçməsin deyə neft anbarlarını partlatdılar.
120 nəfərdən ibarət rotaya başçılıq etdi. Döyüşçülərin yarıya qədəri Saratovdan gəlmişdi – Volqa donanmasının matrosları idi. Mərmi partlaması nəticəsində yaralandı. Qəlpə indi də başındadır.
Şimali Qafqazda Ziya Bünyadov az qüvvə ilə qeyri-bərabər döyüşə girməli oldu, 17 nəfərlik dəstə düşmənin 15 tankını vurdu. Bu misilsiz nəticəyə görə ona bir həftəlik məzuniyyət verdilər. Müharibənin başlanğıcında, istirahət, məzuniyyət anlayışının ağlasığmaz olduğu bir vaxtda məzuniyyət verilməsini bir anlığa təsəvvürümüzə gətirsək, Ziyanın və döyüşçü dostlarının göstərdikləri hünərin qiyməti aydın olar.
Sonralar belə döyüş epizodlarının, hadisələrin nə qədər olduğunu Allah bilir, lakin qırx birinci ilin yay, payız və qış günlərini Ziya heç vaxt unutmur.
Leytenant Bünyadovun xidmət etdiyi 5-ci hava desant korpusu çox keçmədən 9-cu qvardiya korpusu kimi yenidən təşkil olundu. Korpusa fəxri qvardiya adı verilməsində Ziyanın da xidməti az deyildi.
Almanların irəliləməsinin qarşısı alındıqdan sonra korpusun şəxsi heyəti qatarla Potiyə, oradan da Tuapseyə göndərildi və 18-ci ordunun tərkibinə daxil oldu. Amansız döyüşlər gedirdi, almanlar noyabrın 7-dək Tuapseni tutmaq istəyirdilər.
Bünyadovun xidmət etdiyi polk 1943-cü ilin yanvarında Tuapsenin şimal-qərbindəki Şabanovsk aşırımını keçdi. O, ikinci dəfə ayağından yaralandı.
Cərrahiyyə əməliyyatı zamanı düşmən tibb-sanitariya batalyonunu top atəşinə tutdu, binanın bir hissəsi tamamilə dağıldı, bəzi yaralılar çarpayıda, cərrahiyyə stolu üstündə, həkimlər və şəfqət bacıları öz iş yerində həlak oldular.
Ziyanın isə bütün bunlardan xəbəri yox idi – narkozdan uyumuşdu. Həkimlər onun ayağındakı qəlpəni çıxarmağa macal tapmadılar. Qəlpəni… düz iyirmi beş il sonra, sülh dövründə çıxardılar.
Yarası sağaldıqdan sonra Ziya ehtiyat polku ilə Taqanroq yaxınlığına göndərildi. O zaman burada da qızğın döyüşlər gedirdi.
Qeyri-adi hadisələr də olmuşdu, yüksək rütbəli komandirlə deyişdiyinə görə bir ildən çox cərimə batalyonuna düşmüşdü. Orada başı bəlalar çəkmişdi. Qorxu bilmədən vuruşurdu, dəliqanlılıqla fikirləşirdi ki, heç bir güllə onu tutmaz, həyatının əsas hadisələri hələ irəlidədir. Doğrudan da tale bu igidə qıymadı.
Müharibədən iyirmi beş il sonra Vladimir Vısotski “cərimə batalyonları hücuma keçir…” yazanda yəqin ki, Ziya Bünyadov kimiləri nəzərdə tutmuşdu. Həqiqətən də ən qorxulu, ölüm-dirim döyüşləri, ən təhlükəli işlər cərimə batalyonlarına tapşırılırdı. Təsadüfi deyil ki, həmin batalyonların döyüşçüləri özlərini ölümə gedən adam adlandırdılar. Onların arasında hər cürəsi – cəzalandırılmış zabitlər də, əsl cinayətkarlar da, müxtəlif taleli başqa adamlar da vardı. Uzun müddət bu adamlarla bir yerdə xidmət edərkən, son tikəsini onlarla bölüşdürərkən, həlak olmuş yoldaşlarının meyitlərini döyüş meydanından çıxararkən Ziya Bünyadov əmin olurdu ki, məhz belə mühitdə hər şeyin əsl qiymətini verməyi bacarırlar.
Buna görə də ona – atıcı batalyonun komandirinə cərimə rotasına başçılıq etmək təklif olunanda boyun qaçırmadı. Rotanı qəbul etdi və oddan-alovdan keçmiş 670 döyüşçüsü ilə birlikdə igidlikdə vuruşdu. Həm də çalışırdı ki, hər bir cəncəlli işdə, hər bir çətinlikdə onlarla yanaşı olsun. Hücum zamanı səngərdə oturmur, irəlidə gedirdi, düşünürdü ki, əgər özün arxada olsan adamları düşmənin güllə yağışı altında ayağa qaldırıb həmləyə apara bilməzsən.
Kapitan Ziya Bünyadov özünün 213-cü rotası ilə Pilitsa çayı sahilində gedən döyüşdə də iştirak etmişdir. Məşhur Visla-Oder əməliyyatının epizodlarından biri olan bu döyüşdə göstərdiyi igidliyə görə də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür…
Vuruşma başlanmazdan əvvəl 1-ci Belorusiya Cəbhəsinin komandanı marşal G.Jukov bütün cərimə rotaları və batalyonlarının komandirlərini yanına çağırdı. O, Ali Baş Komandanın adından əməliyyatın əhəmiyyətini izah etdi və hər bir bölməyə konkret vəzifə tapşırdı.
Bünyadovun rotasına verilən tapşırıq çox mürəkkəb və təhlükəli idi: düşmənin üçqat müdafiə xəttini yarıb Pilitsa çayı üzərindəki 80 metr uzunluğu olan körpünü tutmaq! Həm də körpü salamat qalmalı idi, almanlar isə onu minalamışdılar.
213-cü rotanın döyüşçüləri əvvəlcə körpünü etibarlı müdafiə edən alman batareyasının heyətini qırdılar. Çayın o biri sahilindəki almanların diqqətini cəlb etməmək üçün – əgər körpü üçün real təhlükə yarandığını hiss etsəydilər, almanlar onu mütləq partladacaqdılar – onları səssiz-səmirsiz, xəncərlə, bıçaqla aradan götürmüşdülər.
O zaman rotanın yeddi yüzədək döyüşçüsündən cəmi 47 nəfəri sağ qaldı, lakin tapşırıq yerinə yetirildi, tanklar salamat qalmış körpüdən keçib hücumu davam etdirdilər. Sağ qalan 47 nəfərin hamısı ordenlə təltif olundu. 24 yaşlı Ziya Bünyadova isə 1945-ci il fevralın 27-də Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Bünyadovun rotasının daxil olduğu 5-ci zərbə ordusuna Berlinin gələcək məşhur komendantı Nikolay Erastoviç Berzarin komandanlıq edirdi (o zaman Stalin demişdi: “Berlini kimin ordusu tutarsa, onun komandanı da komendant olacaqdır”. Berlini isə Berzarinin ordusu tutdu). General müharibədən sonra Almaniya yollarında mənasız ölümün qurbanı oldu.
Yeri gəlmişkən qeyd edək ki, Ziya Bünyadov məhz 5-ci ordunun komandanı Berzarinin rəhbərliyi altında Dneprin keçilməsində, 1944-cü ilin avqustunda Kovel əməliyyatında iştirak etmişdir. Qəhrəman adına layiq görüləndən əvvəl Qırmızı Bayraq, Vətən müharibəsi ordenləri, “İgidliyə görə” medalı ilə təltif olunmuşdu. “Qırmızı Bayraq” ordenini Berlinin yaxınlığındakı yüksəklik uğrunda gedən döyüşlərdə almışdı.
O zaman müharibə özünün sonuncu izini qoydu – ağır mərminin partlamasından aldığı kontuziyadan sonra uzun müddət danışa bilmirdi.
Ümumiyyətlə, Berlin uğrunda gedən döyüşlər bəlkə də ən amansız, ən ağır döyüşlər idi, həqiqətən “heç kim ölmək istəmirdi”, axı müharibənin qurtarması bu gün sabahlıq idi. Lakin ölüm əsgərləri burada da haqlayırdı. Ziya Bünyadov deyir ki, şəhərin kənarından Sileziya vağzalına çatanadək rotanın yeddi yüz nəfərlik şəxsi heyətindən cəmi yeddisi sağ qalmışdı.
Müharibə qurtardıqdan sonra Ziya Bünyadov Berlinin ən məşhur rayonlarından sayılan Pankova rayonunun komendantı oldu.
Burada vardı adamlar, artistlər, rəssamlar, diplomatlar və başqaları yaşayırdı.
O, əhalinin ərzaqla təmin olunması, onların istirahətinin təşkili (sovet komendantları hətta bununla da məşğul olurdular) üçün cavabdeh idi. Hər işə əl atırdı: xüsusi müəssisələrin işləməsini təşkil edirdi, qadınlardan ibarət caz orkestri yaratmışdı. Ehtiyacı olan, əldən düşmüş adamların hamısını yeməklə təmin edirdi. Onun yanına hər gün adamlar gəlir, dərd-sərlərinə əlac istəyirdilər. Sonralar, Berlində komendant işlədiyi bütün müddətdə (1946-cı ilədək) elə həmin adamlar göstərdiyi diqqət və qayğıya görə ona minnətdarlıq etməyə gəlirdilər.
… Nəhayət Vətənə dönmək vaxtı gəlib çatdı. İndi həyatda hər kəs öz yerini tapmalı idi. Ziya da tapdı. Moskva Şərqşünaslıq İnstitutuna daxil oldu, qurtardıqdan sonra Azərbaycanın daimi nümayəndəliyində işlədi, paytaxtda təhsil alan azərbaycanlı tələbələrlə məşğul oldu. Bir neçə ildən sonra Bakıya qayıtdı. Özünü elmə həsr etdi. Lakin bu, ayrı söhbətin mövzusudur…
Сб. Ağır sınaq illəri. – Bakı, Vətən, hərbi nəşr, 1995 – 176 s.
Yazıya 893 dəfə baxılıb