GƏLİN GEDƏN QIZ
Yenə bəzənmişdi çöllər, çəmənlər,
Ən gözəl çiçəklər açmışdı o gün.
Səadət içində bütün sevənlər,
Sanki bir-birini qucmuşdu o gün.
Lalə yanağına bal arıları,
Bəhərin dərməyə gəlib qonurdu.
Atəş allahının nur şüaları,
Onun baxışında cilalanırdı.
Ananın can payı, atanın ərki,
Qardaşın baş tacı hara gedirdi?
Əynində ağ-appaq gəlinlik bəlkə,
Sevgisiz dünyaya üsyan edirdi?
Rəngli dodaqları susqundu yenə,
Alınmış qaşları çatılmış nədən?
Cilvəsi sığmazkən çölə-çəmənə,
Eşqmi üz döndərdi bu bənövşədən?
Gedirdi yam-yaşıl otları basıb,
Qəlbini bir küncə atıb gedirdi.
Titrək vücuduyla o gəlin susub,
Ona baxanları heyran edirdi.
Həyatın ən gözəl mövsümü idi,
Dağdan uca idi vüqarı onun.
Bir başqa dünyaya gəlin gedirdi,
Belə qeyd edirdi eşqinin sonun.
Oxilaf çıxmışdı eşqə, sevgiyə,
Qəlbi çırpınırdı susuzbalıqtək.
Gözəllikvermişdiağ gəlinliyə,
Özü qəm çəkirdi, qəmətək-ətək.
Sanki bürünmüşdü bir qəm sehrinə,
Yamaclar ahəstə, çöllə rahəstə.
Bütün arzuların səpmişdi yenə,
Əzərək keçdiyi otların üstə.
Atdığı hər addım onu yorurdu,
Qüssəyə çəkirdi cığırı, izi.
Batan bir gəmidə ləngər vururdu,
Necə kükrəyirdi həssas sinəsi.
Eşqə ümidlərin daşlara vurdu,
Ölümə gedirdi, yox başqa seçim!
Özünə bir zülmət haraylayırdı,
Xınalı əllərin gizlətmək üçün.
CANIM
Eşqə açıb qucağını,
Qəm sarayı tikdi canım.
Bu sevgiyə acığını,
Göz yaşıyla tökdü canım.
Ağrıdan yapdım özümü,
Doğradım, çapdım özümü.
Səhrada tapdım özümü,
Bir içim su çəkdi canım.
Bir od vardı nəfəsimdə,
Bir özgəydi həvəsim də.
Bədən adlı qəfəsində,
Öz içinə çökdü canım.
Gecələrim eşqə acıb,
Ulduz-ulduz çiçək açıb.
Gözlərimdən çıxıb qaçıb,
Dan yerini sökdü canım.
DÖYDÜ QAPIMIZI
Döydü qapımızı qarlı qış yenə,
Qorxmuruq, onsuz da buz tutub bizi.
Bəlkə də Allahın xəbəri yoxdu,
Nəzər tutub bizi, göz tutub bizi.
Nə evdə ocaq var, nə çöldə odun,
Nə mən gileyliyəm, nə sən narazı.
Hanı ağuşunda uyuyan qadın,
Səni qızındıran o zalım qızı?
Bilirəm, gecələr soyuqdur sənə,
Üşüyür ayağın, üşüyür əlin.
Qar yağır sükutun buz sinəsinə,
Dinmirsən, buz tutur ağzında dilin.
Yenə bahar qalıb qapı dalında,
Qış alıb əlinə hökmünü hazır.
Bir soyuq ümidin qanadlarında,
Nə yatağın qızır, nə canın qızır.
YER TAPMADIM
Elə bivaxt yandı canım,
Ağlamağa yer tapmadım.
Özgələrdən nə gözləyim?
Özümdə hünər tapmadım.
Ha yalvarım, ha yaxarım,
Torpağa gedir axırım.
İstədim şeir çağırım,
Gizləndi şeir, tapmadım.
Biryerhanı çıxım gedim?
Ömrü sənə dərdm iedim?
Hər şəhərdə səni gördüm,
Birsənsiz şəhər tapmadım.
Dən yaranıb döyülməyə…
Söz yaranıb deyilməyə…
Eh, qarşında əyilməyə
Dizimdə təpər tapmadım.
Yazıya 956 dəfə baxılıb