Siz heç aşiq oldunuzmu? Mən olmadım.
Amma, sevdim. Birini sevdim. Kiçik xəyalları var idi. Xəyallarını sevdim. Amma, ayrıldıq. Sevgiyə rəğmən ayrıldıq. Ayırdılar bizi.
Qoruyub saxlaya bilmədik sevgimizi.
Uzun illər sevgiyə inanmırdım. Onunla qarşılaşana qədər. Mən onun sadəliyini sevmişdim. Evdən çıxandan bəzənməyən, kosmetika vurmayan sadəliyini. Heç unutmaram. Aprel ayı idi. Filmə baxmağa getmişdik. Gözümü ondan çəkə bilmirdim, fikrim kinoda deyil də, məhz onda idi. Bir insan necə də müqəddəs olarmış ki. Adi öpüşmə səhnəsində gah gözlərini yumar, gah da digər yerə baxardı. Bax mən belə bir qızı sevmişdim.
Sevmək nədir mən onunla öyrəndim. İncir Reçelində deyilən kimi onu məhz toxunmadan sevməyi öyrəndim.
Gecə-gündüz danışardıq. İnternetdən sms-ə, sms-dən telefon zənglərinə keçərdik. Həmin vaxtlar kasıb idim. Tez-tez mesaj göndərmək üçün balansımda pul olmazdı. O isə məndən küsüb inciyərdi. Düşünərdi ki, onu unutmuşam, saymıram. Amma, hər gecə yatmazdan qabaq mütləq barışardı. Çünki, o küsülü yata bilən insan deyildi. Bax belə xarakteri var idi.
O vaxtlar çox ağır xasiyyətim var idi. Məni məhz olduğum kimi qəbul etmişdi. Çox nadir hallarda belə insanla rastlaşmaq olar. Mən isə onu qoruyub saxlaya bilmədim. Bəlkə də həyatımın ən böyük səhvini etdim.
Ayrıldığımız vaxtdan illər keçib. Bir şəkli belə məndə qalmayıb. Simasını unutmuşam. Bəlkə də küçədə qarşılaşsaq tanımaram. Yalnız xatirələrim qalıb. Bəlkə də elə məhz o xatirələrdir, məni xoşbəxt olmağa qoymayan.
O gün yaşadıqları binanın qarşısında adını qışqırırdım. Çarəsiz idim, göz yaşlarım dayanmadan axırdı. Birdən əlini çiynimə qoyduğunu hiss etdim. Qulağıma pıçıltı ilə dedi. “Bəzi eşqlər vardır, intiqamla bəslənir. Bəzi eşqlər vardır, ayrılıqla güclənir. Bəzi eşqlər isə göz yaşı ilə böyüyür. Üzülmə, bağırma, savaşma. Artıq qəbul etmək zamanı. Bəzi eşqlər vardır ki, xoşbəxt sonluqla bitməz. Bizimki elə bir eşq idi.” Həmin an yuxudan ayıldım. Göz yaşlarım hələ də axırdı.
Mən hər gün, hər saat ölürəm. Onu düşündükcə, xatırladıqca. Sonunda məhv olacağımı bilərək. Hər dəqiqə bir az da. Ölümə daha da yaxınlaşıram. Bəlkə də elə o vaxt ölmüşdü ruhum. Bizi ayıranda. Sadəcə bədənim ölümə yaxınlaşır. Heç üzülməyə dəyməz, nə vaxtsa bir yerdə olacağıq. Lənətlənmiş dünyadan, murdar cəmiyyətdən çox uzaqda.
Yazıya 910 dəfə baxılıb