Günay Səma Şirvan “ Körpələr evindən məktub “layihəsi haqqında bir neçə kəlmə
yazar, publisist
Müasir dövrdə intellektual insanın həyatında sosial şəbəkələri mütərəqqi rolu danılmazdır. Burada cəmiyyətin ön düşüncəli insanlarının yığışdığı, maraq və dünyagörüşünün daim inkişafda olduğu müxtəlif qrupların varlığı isə hörümçək misallı şəbəkələrdən vaxt itirmədən və dəyərli faydalanmaqda mayak rolu oynayır.
Belə qruplardan biri “Azərbaycan dili və ədəbiyyatı müəllimləri birliyi qrupu”dur. Sosial şəbəkədə artıq iki ildir ki,fəaliyyət göstərən qrupun ətrafında Azərbaycanın müxtəlif regionlarinda və xaricdə yaşayan savadlı müəllimlər birləşmişlər.Burada, müxtəlif zamanlarda qrupun yaradıcısı Günay Qənbərovanın “Ən yaxşı hekayə”, Əli Quliyevin “Mənim kitabxanam”, Ülviyyə Əvəz Əliyevanın “Mənim əl işim”, Aytən Qasımovanın təşkil etdiyi “Mənim şəkillərim” və ” Körpələr evindən məktub” yarışmaları keçirilmışdir. “Mənim şəkillərim” və ” Körpələr evindən məktub” yarışlarının sonunda Lənkəran şəhərində yerləşən “Osman Mirzəyev adına qarışıq tipli uşaq evi”ndə sığınacaq tapmış 52 valideyn himayəsindən məhrum uşağa yardım toplanmış və bir qrup müəllim tərəfindən sovqat şəklində ünvanına çatdırılmışdır.
Kultur.az-ın media dəstəyi ilə sizə təqdim olunan “Körpələr evindən məktub” layihəsi daha çox cəmiyyətə,insanlara, valideynlərə, uşaqdan böyüyə hər kəsə SOS-dur. Bütün iştirakçılara təşəkkür edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
Təminə ƏSGƏRLİ –ANAMA
Aşiq, kədərdi, neynim,
Ömrüm hədərdi, neynim.
Bir anasız yetiməm,
Acı qədərdi, neynim…
Uşaq evi deyirlər bura. Mən də uşağam, bura başqa uşaqlar kimi həm də mənim evimdir. Burada çarpayım var, pal-paltarım var, pis- yaxşı yeməyim də var. Yəni, bir evdə mən yaşda uşağın nəyi olursa, mənim də var. Hər şeyim yoxdur, düzdür. Məsələn, üstündə futbolçuların, bahalı maşınların şəkli olan dəftərlərim yoxdur. Papağım köhnədir, gödəkcəmin də qolları qısadır. Afət müəllim deyir ki, gödəkcə qısalmayıb, mən böyümüşəm. Təzə çantam da yoxdur. Nə olsun, Eminin, Rüfətin də yoxdur. Elə bilmə ki, mən buna görə sevinirəm. Yox. Sadəcə özümə təskinlik verirəm ki, ürəyi hər istədiyi şey olmayan uşaq bir mən deyiləm.
Bir də… anam yoxdur mənim. Yıxılanda heç kim qanayan dizimə baxıb ufuldamır. Gecə üstüm açıq qalanda yorğanı kürəyimə çəkən olmur. Papaq qoysam da, qoymasam da, başım həmişə üşüyür: ana əli dəymir. Sərxanın da anası yoxdur, amma şəkli var. Yastığının altında saxlayır, bir dəfə mənə də göstərib. Hər gecə səni çoxlu-çoxlu düşünüb yatıram ki, heç olmazsa, yuxumda görüm üzünü. Amma nədənsə həmişə Sərxanın anasını görürəm.
… Heç tanımadığın şəhərdə çaşıb qalmısan? Bax, mənim ANA sözüm eləcə çaşıb qalıb. Elə bil heç kimi tanımır. Hara getsin, kimə üz tutsun, bilmir… Axı sən nə vaxt gələcəksən, ana? Gələndə heç nə gətirmə, bircə özün gəl. Banan da istəmirəm, kabab da… Gəl, heç olmasa, görüm səni.
Hər gün məktub yazıram sənə… məktəbdən, özümdən, uşaqlardan. Üstünə də yazıram: ANAMA… Afət müəllimə verirəm ki, sənə göndərsin. Heç nə demir, götürür. Amma bilirəm ki, o da mənim kimi səni tanımır, məktubu hara, kimə göndərəcəyini bilmir… Amma mən yenə də yazıram. Bu məktubu da Afət müəllimə verəcəyəm.
…Bir neçə gündən sonra axır çərşənbə olacaq. Nağıllar kitabında oxumuşam ki, o gecə səhərə yaxın bir vaxtda ağaclar bir anlıq başını yerə qoyur, sular da axmır, dayanır. Bax, həmin an nə istəsən, arzun yerinə yetir. Mən… sənin gəlməyini istəyəcəyəm, ANA!…
Yazıya 924 dəfə baxılıb