Günay Səma Şirvan “ Körpələr evindən məktub “layihəsi haqqında
yazar, publisist
Müasir dövrdə intellektual insanın həyatında sosial şəbəkələri mütərəqqi rolu danılmazdır. Burada cəmiyyətin ön düşüncəli insanlarının yığışdığı, maraq və dünyagörüşünün daim inkişafda olduğu müxtəlif qrupların varlığı isə hörümçək misallı şəbəkələrdən vaxt itirmədən və dəyərli faydalanmaqda mayak rolu oynayır.
Belə qruplardan biri “Azərbaycan dili və ədəbiyyatı müəllimləri birliyi qrupu”dur. Sosial şəbəkədə artıq iki ildir ki,fəaliyyət göstərən qrupun ətrafında Azərbaycanın müxtəlif regionlarinda və xaricdə yaşayan savadlı müəllimlər birləşmişlər.Burada, müxtəlif zamanlarda qrupun yaradıcısı Günay Qənbərovanın “Ən yaxşı hekayə”, Əli Quliyevin “Mənim kitabxanam”, Ülviyyə Əvəz Əliyevanın “Mənim əl işim”, Aytən Qasımovanın təşkil etdiyi “Mənim şəkillərim” və ” Körpələr evindən məktub” yarışmaları keçirilmışdir. “Mənim şəkillərim” və ” Körpələr evindən məktub” yarışlarının sonunda Lənkəran şəhərində yerləşən “Osman Mirzəyev adına qarışıq tipli uşaq evi”ndə sığınacaq tapmış 52 valideyn himayəsindən məhrum uşağa yardım toplanmış və bir qrup müəllim tərəfindən sovqat şəklində ünvanına çatdırılmışdır.
Kultur.az-ın media dəstəyi ilə sizə təqdim olunan “Körpələr evindən məktub” layihəsi daha çox cəmiyyətə,insanlara, valideynlərə, uşaqdan böyüyə hər kəsə SOS-dur. Bütün iştirakçılara təşəkkür edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
Zakir HƏSƏNOV — ÜNVANINI GƏZƏN MƏKTUB
Salam əziz və mehriban atam! Düz dörd ildir ki, beləcə, pəncərədən yolda şütüyən maşınlara baxıram… Nəhayət,çox götür-qoydan sonra sənə bir məktub yazacağımı qət etdim.
Əzizim ata! Ağlım kəsəndən səndən və nənəmdən başqa doğma görmədim… Ətrafı dərk edəndən sonra “Bəs mənim niyə anam yoxdur?” sualıma cavabın dünyamı alt- üst etdi…
Nənəmin və sənin mənə anlatdığından başa düşdüm ki, anam məni dünyaya gətirəndə dünyasını dəyişibmiş… Çox- çox sonralar dərk etdim ki, tez-tez əlimdən tutub məni apardığın,ətrafındakı güllərə qulluq etdiyin yer anamın qəbri imiş… O vaxtdan doğmalarımın sayı üçə çatdı: NƏNƏM, SƏN, ANAMIN QƏBRİ…
Nənəm öləndə mənim doqquz yaşım var idi…
Hamısı yadımdadır… Hər gecə mənim yatdığıma əmin olandan sonra yatağında burnunu çəkib ağladığın… Məndən gizli paltar dolabından nənəmin yaylığını götürüb ətrini ciyərinə çəkdiyin… Hamısı yadımdadır…
Eh,ay ata! Heç bilirsən onda ürəyimdən nə keçirdi?! Kaş ki anam öləndə ağlım kəsəydi… Bir bilsən, necə ağlayardım?! Kaş ki anamın yaylıqlarından birini mənə saxlaya idiniz… Kaş ki….
Əzizim ata! Sən məni qonşulara tapşırıb maşınla qazanc dalınca gədəndə mən özümü tərbiyəli və ağıllı aparırdım ki, qoy Səriyyə xala məni daha da çox istəsin. O, məni çox istəyəndə bağrına basıb saçıma sığal çəkərdi… Bu mənim çox xoşuma gələrdi. Bu sığal,bu tumar mənə nənəmi xatırladardı…
Düzü, mən heç istəməzdim ki, sən məni evdə tək buraxıb qazanc dalınca gedəsən. Amma başa da düşürdüm ki,sən hara isə tələsən əmiləri daşıyırsan ki, bizə çörək və paltar alasan…
Eh,ay ata! Bir bilsən, o gecə ağlamaqdan neçə gün gözümün şişi,başımın ağrısı çəkilmədi… O gecə ki… O gecə ki sən qəza keçirdin… O gecə ki sağ olan sonuncu doğmamı da itirdim… …Sonra məni Səriyyə xalagil bura – Kimsəsizlər evinə verdilər…
İndi mənim on dörd yaşım var. Burada çoxlu qardaşlarım və bacılarım var. Onlar yaxınlarına tez-tez məktub yazırlar… Dostlarım hər məktub yazanda, mən pəncərədən şütüyən maşınlara baxıram…
Bax beləcə, böyüməyimi gözləyirəm… Gələcəkdə kim olacağımı bilmirəm… Amma mənə çörək qazanan,qoxusu burnumda qalan benzin qoxulu əllərinə and olsun ki,böyüyəndə maşın sürməyəcəyəm!!!
Oğlun Mətin.
Yazıya 1008 dəfə baxılıb